Noyabrın
22-də Azərbaycan Dillər Universitetinin (ADU)
Heydər Əliyev adına muzey-lektoriyasında
"Azərbaycanda Şifahi və Yazılı Tərcümənin
Tədrisi Sahəsində İslahatlar" adlı layihə
çərçivəsində "Koordinasiya görüşü" keçirildi.
Milan, Hacəttəpə, Esseks, Strasburq
universitetlərinin professorlarının qatıldığı
tədbirdə ADU-nun beynəlxalq əlaqələr üzrə
prorektoru J.Qəribova üç gün davam edəcək
"Koordinasiya görüşü"ndə layihənin idarə
olunması ilə əlaqədar bir sıra məsələlərin
müzakirəsini, universitet nümayəndələri arasında
müxtəlif administrativ bölgülər və digər
əhəmiyyətli məsələləri iştirakçıların diqqətinə
çatdırdı.
Tərcümə fakültəsinin dekanı V. Hacıyev
fakültənin bir neçə müəllimi ilə Hacəttəpə və
Strasburq universitetlərinə səfər etdiklərindən
və orada tətbiq olunan tədris proqramı
(syllabus), Hacəttəpə Universiteti ilə Strasburq
Universiteti arasında mövcud əlaqələr haqqında
geniş məlumat aldıqları barədə söhbət açdı.
Tərcümə fakültəsi haqqında ətraflı məlumat verən
V.Hacıyev növbəti tədris illərində tələbələrin
Hacəttəpə Universitetinə bakalavr dərəcəsi və
Strasburq Universitetinə magistr dərəcəsi almaq
üçün gedəcəklərini söylədi.
Bildirildi ki, Azərbaycan Dillər Universiteti
2005 və 2006-cı illərdə TEMPUS layihələrinin
iştirakçısı olub. Adıçəkilən bu layihədə isə
Azərbaycan Dillər Universiteti sadəcə partnyor -
iştirakçı deyil, layihənin rəhbəri
(koordinatoru) kimi çıxış edəcəkdir. Bu,
Azərbaycanın təhsil idarəçiliyində zəngin
beynəlxalq təcrübə əldə edilməsinə, islahatların
daha da inkişaf etdirilməsinə və Azərbaycan
təhsil sisteminin dünya təhsil sisteminə
inteqrasiyasına təkan verəcəkdir. Bütövlükdə
layihədən 230-dan artıq tələbə, 350 nəfərədək
professor - müəllim heyəti və 30-dək inzibati
heyət yararlana biləcək. |