Bu yaxınlarda Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının tərbiyə işləri üzrə prorektoru,
iqtisad elmləri namizədi, dosent Həmid Ənvər
oğlu Zeynalovun 70 yaşı tamam oldu. Həmid Ənvər
oğlu Zeynalov 1940-cı il sentyabrın 25-də
Azərbaycanın qədim şəhərlərindən biri olan
Dərbənddə dünyaya göz açmışdır.
Həmid
müəllim 1957-ci ildə yeddiillik məktəbi, 1959-cu
ildə fəhlə-gənclər axşam məktəbini, 1961-ci ildə
isə Bakı Sovet Ticarəti Texnikumunu
bitirmişdir.
H.Zeynalov 1961-1968-ci illərdə Bakı Ticarət
Kulinariya Peşə Məktəbində təlimatçı və direktor
müavini vəzifəsində çalışmışdır. 1967-ci ildə
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib
iqtisadçı ixtisasına yiyələnmişdir. O,
1968-1974-cü illərdə ümumittifaq ticarətin
konyunkturası və əhalinin istehlak mallarına
olan tələbatını öyrənən elmi-tədqiqat
institutunun Azərbaycan filialında baş elmi işçi
və şöbə müdiri vəzifələrində işləmişdir.
Həmid müəllimin təşkilatçılıq qabiliyyəti nəzərə
alınaraq o, 1974-cü ildə Bakı Sovet Ticarəti
Texnikumunun direktoru vəzifəsinə təyin
olunmuşdur. 1981-ci ildə o, Dövlət Ticarət və
İstehlak Kooperasiyası İşçiləri Həmkarlar
İttifaqı Azərbaycan Respublika Komitəsinin sədri
seçilmiş, 1983-cü ildə Turizm və Ekskursiya
Azərbaycan Respublika Şurasının sədri təyin
edilmişdir.
Həmid müəllim müxtəlif vəzifələrdə işləməklə
yanaşı, elmi-pedaqoji fəaliyyətini də davam
etdirmiş, 1989-cu ilin mayında Moskva Sovet
Ticarəti Qiyabi İnstitutunun elmi şurasında
dissertasiya müdafiə edərək iqtisad elmləri
namizədi alimlik dərəcəsini almışdır.
1989-1993-cü illərdə Həmid müəllim Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Ticarət və
məişət xidməti şöbəsində aparıcı mütəxəssis,
referent vəzifələrində çalışmışdır.
1993-cü ildə Azərbaycan Respublikası Təhsil
Nazirliyinə işə qəbul edilən H.Zeynalov on altı
il İqtisadiyyat idarəsinin (şöbəsinin) müdiri
vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq
sərəncamı ilə H.Zeynalov 2005-ci ildə Azərbaycan
təhsilinin inkişafında xidmətlərinə görə
"Tərəqqi" medalı ilə təltif edilmişdir.
Həmid müəllim 2009-cu ilin oktyabrından
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında
tərbiyə işləri üzrə prorektor vəzifəsində
çalışır, elmi-pedaqoji fəaliyyətini davam
etdirir.
H.Zeynalov eyni zamanda yaxşı ictimaiyyətçidir.
O, 1994-cü ildən "Dərbənd" xeyriyyə cəmiyyətinin
sədridir.
Həmid müəllim gözəl ailə başçısıdır, bir oğlu,
iki qızı, dörd nəvəsi vardır. Övladlarından biri
elmlər doktoru, ikisi isə fəlsəfə doktorudur.
Həmid müəllimə möhkəm cansağlığı, ailə səadəti
arzu edir, elmi-pedaqoji fəaliyyətində uğurlar
diləyirik.
Arif MURADOV,
Nəcəf NƏCƏFOV,
Azərbaycan Respublikasının əməkdar müəllimləri |