Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi,
inkişafının təmin olunması istiqamətində bir
sıra ciddi addımlar atılıb. Məktəbdə müasir
tədris-təlim prosesinin qurulmasında həlledici
faktorlardan biri olan keyfiyyətin idarə
olunması məsələsinə xüsusi yer verilir. Təlim
keyfiyyətinin yüksəldilməsi bilavasitə
müəllimlərin fəaliyyəti və tədris prosesini
müasir tələblərə uyğun qurması ilə bağlıdır.
Rəhbərlik etdiyim Qax şəhər 2 nömrəli orta
məktəb-liseydə bu məsələ daim diqqətdə
saxlanılır. Məktəbdə 2 kompüter kabineti var,
məktəb İnternet şəbəkəsinə qoşulub, 6
informatika müəllimindən 3-ü Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi
tərəfindən keçirilən müsabiqədə I-III yerləri
tutub. Təhsilin keyfiyyətinin monitorinqi
aparılır. Bircə faktı demək kifayətdir ki,
martda keçirilmiş pedaqoji şura ərəfəsində
komissiyanın hazırladığı plana uyğun olaraq
38-45 saat dərs dinlənilmiş, fənn birləşmələri
xətti ilə 8 müəllimin nümunəvi dərsləri təşkil
olunmuş, qarşılıqlı dərs dinləmələrinə geniş yer
verilmişdir. IX-XI siniflərdə sınaq
imtahanları keçirilmiş, digər siniflərdə isə
yazılı və şifahi yoxlamalar aparılmışdır. Hər il
aprel-may aylarında bütün siniflərdə proqramın
keyfiyyətlə yerinə yetirilməsi vəziyyəti
öyrənilir. Bu məqsədlə siniflərdə
monitorinqlərin keçirilməsi təmin edilir.
Müəllimlər apardıqları diaqnostik, formativ,
summativ qiymətləndirmə üzrə ümumi cədvəllər
hazırlamaqla nəticələr çıxarılır. Bu isə
növbəti ilin başlanğıcı üçün fəaliyyətdə əsas
rol oynayır.
Milli Kurikulumla işləyən I, II sinif şagirdləri
arasında oxumağı,yazmağı, hesablamağı bacarmayan
şagirdlər yoxdur. Tədris prosesinin müşahidələri
göstərir ki, şagirdlər qısa zamanda xeyli
biliklərə və vərdişlərə yiyələniblər. Onlar
xüsusilə dərsin motivasiya mərhələsində,
tədqiqatın aparılması və nəticənin
söylənilməsində fəallıq göstərirlər.
Tədris ocağında işinin ustası olan müəllimlər
çoxdur. Onlar dərslərdə müasir təlim
metodlarından geniş istifadə edir, İKT-nin
tədqiqat işinin aparılması, layihələrin
hazırlanması və s. tətbiqinə xüsusi fikir
verirlər. Dərslərdə tapşırıqların verilməsi
şagirdlərin məntiqi təfəkkürünün inkişafına
kömək edir. Məktəbin fizika, riyaziyyat,
biologiya, kimya, tarix və ədəbiyyat fənləri
üzrə tədqiqat işi ilə məşğul olan 6 nəfər
şagirdi diplomlarla mükafatlandırılıb.
Məktəbimizdə "Qüvvət elmdədir, elmsiz heç kəs,
heç kəsə üstünlük eyləyə bilməz" mövzusunda
keçirilən yaradıcılıq gecəsi şeir yazmaq və
mahnı bəstələmək sahəsində istedadların üzə
çıxarılmasına imkan verib. 2010-cu ilin
fevralında "Həyatın cövhəri yalnız əməkdir,
zəhmətsiz bir insan nəyə gərəkdir?" mövzusunda
keçirilən əmək gecəsində 5 nəfər, "Riyaziyyat -
sirli bir aləmdir" gecəsində 4 nəfər, "Kimya -
fantastik yaradıcılıq gücü" mövzusunda keçirilən
gecədə isə 2 nəfər xüsusi qabiliyyəti olan
şagird aşkar edilib və onların adları "İstedad
bankı"na daxil olunub.
Maraqlı tədbirlərimizdən biri də incəsənət
məktəbinin müəllimlərinin də iştirakı ilə
keçirilən "Muğamlarımız milli sərvətimizdir"
mövzusunda festivalı 6 istedadlı muğam
ifaçısının üzə çıxması ilə nəticələnib.
Şagirdlərin müstəqil fəaliyyətinin, idarəetmə
qabiliyyətinin formalaşmasında hər il keçirilən
"Şagird özünüidarə günü"nün xüsusi yeri vardır.
Məktəbdə keçirilən tədbirlərlə əlaqədar
şagirdlərin hazırladıqları müxtəlif növ
əyaniliklərdən 100-ə qədəri "Odlar yurdu"
klubuna hədiyyə verilmişdir.
Bu tədbirlərdə də 10-dan çox şagirdin xüsusi
qabiliyyətə malik olması üzə çıxdı. İnşa yazı
müsabiqələrini bura əlavə etmək olar. Təkcə onu
qeyd etmək kifayətdir ki, 8 şagirdin yazısı
respublika üzrə hazırlanmış xüsusi kitablara
daxil olunmuşdur.
Məktəbdə həm təbiət və həm də humanitar fənn
üzrə 2 dəfə intellekt yarışları təşkil
olunmuşdur ki, bu yarışlarda 3 nəfər yeni
liderin müəyyən olunmasına imkan yaranmışdır.
Şagirdlərimiz idman yarışlarında da fəal iştirak
edirlər. Rayon üzrə keçirilən yarışda "Cəsurlar"
komandası ötən dərs ilində II yerə, "Şahin"
komandası isə I yerə çıxmışdır. "Şahin"
komandası zona mərhələsində də uğurla iştirak
etmiş və I yerə çıxaraq respublika mərhələsinə
vəsiqə almışdır.
Valideynlərlə əlaqəyə xüsusi fikir verilir.
Oktyabr ayında keçirilən valideyn konfransında
"Xüsusi istedada malik olan uşaqların
formalaşmasında valideyn-məktəb əməkdaşlığı"
mövzusunda məsələ müzakirə olunmuşdur.
Məzunlarımız ali məktəblərə qəbulda da rayon
üzrə ən yüksək göstəricilərə malikdir. Son on
ildə məktəbimiz hər dəfə TQDK-nın tələbə
qəbulunun nəticələrinə əsasən seçilən 100 ən
yaxşı ümumtəhsil məktəbi sırasına düşür. Məktəb
üzrə keyfiyyət faizi 67%-dir. XI sinfi bitirən
118 nəfər şagirddən 55-60%-i universitetlərə
daxil olub. Məhz bütün bu işlərin nəticəsidir
ki,məktəbimiz ölkə Prezidentinin müvafiq
sərəncamına əsasən 2008-2009-cu tədris ilində
keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi olmuşdur. Biz əminik ki, bu
ilin uğurları daha çox olacaq.
Şəkər ABDULLAYEVA,
Qax şəhər 2 nömrəli orta məktəb-liseyin
direktoru,
əməkdar müəllim |