"Microsoft Azərbaycan" şirkəti BakuTel 2010
Azərbaycan Beynəlxalq "Telekommunikasiya və
İnformasiya Texnologiyaları" sərgisində "Xalq
kompüteri" layihəsini təqdim etdi. Layihə "Hər
ailə üçün kompüter" şüarı altında həyata
keçirilir və artıq on min adam layihə
çərçivəsində güzəştli şərtlərlə kompüter əldə
etmişdir.
"Xalq kompüteri" - sadəcə kompüter deyil, məhz
tədris üçün nəzərdə tutulmuş hazır məhsuldur.
Layihə proqram təminatı və avadanlıq sahəsində
dünya liderləri - Microsoft və HP tərəfindən
təqdim olunur. "Microsoft Azərbaycan" şirkətinin
baş meneceri Teymur Axundov bildirdi ki,
Microsoft, eyni zamanda böyüyən nəslə daha tez
və effektiv şəkildə informasiya
texnologiyalarının fəal istifadəçisinə
çevrilməyə yardım edən çoxlu sayda tədris
proqramlarını təqdim edir.
BakuTel sərgisində həmçinin Azərbaycan üçün
lokallaşdırılmış Microsoft Windows 7 əməliyyat
sisteminin təqdimatı keçirildi. Microsoft
korporasiyasının təşəbbüsü olan lokallaşdırma
layihəsi şirkət tərəfindən
maliyyələşdirilmişdir. Windows 7-nin
lokallaşdırılması nəticəsində Microsoft
məhsullarında istifadə olunan əmr və sözlərdən
ibarət Azərbaycan lügəti (Glossary) yaradılmış,
interfeys Azərbaycan dilinə tərcümə edilmiş
(Language interface pack), həmçinin Microsoft-un
lokallaşdırılmış məhsullarında istifadəsi
tövsiyə edilməyən söz və ifadələr siyahısı
yaradılmışdır (Azeri Policheck). Lokallaşdırma
zamanı Azərbaycan dilinin bütün qaydalarına
riayət edilib.
Görülmüş işlər nəticəsində Microsoft
korporasiyası xüsusi dil paketini - Language
Interface Pack (LIP) təqdim edir. Sözügedən
paketin ingilis dilində olan əməliyyat
sisteminin üstündən yüklənməsi Microsoft Windows
7-ni Azərbaycan interfeysilə istifadə etməyə
imkan verir.
Bundan əlavə, BakuTel sərgisində Azərbaycanda
ilk dəfə Microsoft Office 2010 paketi təqdim
olunur. |