Kişinyov şəhərində Avropa Birliyinin təhsildə
informasiya texnologiyalarının tətbiqinə həsr
olunmuş "dəyirmi masa" keçirilib.
"Dəyirmi masa"da "eTwininq platforması:
məktəblər üçün birlik", "eTwininq: XXI əsrin
pedaqogikası", "Müəllimlərin eTwininq
çərçivəsində peşəkar inkişafı", "İnternet -
təhlükəsizlik" və s. mövzular geniş müzakirə
olunub. "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"
çərçivəsində ölkəmizi bu tədbirdə Təhsil
Nazirliyinin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin treninq və
monitorinq şöbəsinin müdiri Ramil Süleymanov,
Bakı Avropa Liseyinin direktor müavini Rəhilə
Əliyarzadə, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin İnformasiya
cəmiyyətinin inkişafı şöbəsinin baş
məsləhətçisi Etibar Umudov təmsil ediblər.
Proqram Avropa ölkələrinin məktəbləri üçün
vahid bir İnternet-platformada ünsiyyət qurmaq
üçün planlaşdırılıb. Proqram çərçivəsində
yaradılmış İnternet-portal vasitəsilə müxtəlif
ölkələrin məktəbliləri ünsiyyət qurur,
bir-birlərinə mədəniyyətləri, tarixləri və digər
sahələri haqqında məlumat verə bilirlər.
Proqram artıq 5 ildir ki, reallaşdırılır və bu
müddət ərzində müxtəlif ölkələrin minlərlə
müəllim və məktəblisi arasında virtual ünsiyyət
yaranıb.
S.SƏFƏROVA |