Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında (DİA) YUNESKO
tərəfindən elan edilmiş Ümumdünya Fəlsəfə Gününə
həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.
DİA-dan AzərTAc-a bildirmişlər ki, tədbirdə
Azərbaycan Respublikası Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin ali məktəblər üçün "Fəlsəfə"
dərsliyinin yeni nəşrinin təqdimatı olmuşdur.
YUNESKO-nun baş direktoru İrina Bokovanın təbrik
məktubu oxunmuşdur.
Akademiyanın tədris işləri üzrə birinci
prorektoru, professor Əlikram Abdullayev çıxış
edərək Ümumdünya Fəlsəfə Gününün tarixi barədə
məlumat vermiş, bu günün dünyanın ayrı-ayrı
ölkələrində də geniş qeyd edildiyini
bildirmişdir.
Azərbaycan təhsil sistemində fəlsəfənin
özünəməxsus yeri olduğunu xatırladan professor
Ə.Abdullayev təqdim olunan kitabın
əhəmiyyətindən danışmışdır.
DİA-nın Fəlsəfə və sosial psixologiya
kafedrasının müdiri, professor Tofiq Rəsulov
məruzə ilə çıxış edərək "Fəlsəfə" dərsliyinin
elm və təhsilimizə dəyərli töhfə olduğunu
vurğulamışdır.
AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov,
professor İzzət Rüstəmov və digər alimlər də
Azərbaycanda fəlsəfi fikirdə əldə edilən uğur və
nailiyyətlərdən, təqdim edilən kitabın
məziyyətlərindən bəhs etmiş, nəşri yüksək
dəyərləndirmişlər.
Kitabda Azərbaycan fəlsəfi fikrinin təşəkkülü,
fəlsəfi fikirdə əldə olunan nailiyyətlər özünün
uğurlu inikasını tapmışdır. |