Bu günlərdə Bakı Dövlət Universitetinin rektoru,
akademik Abel Məhərrəmov Amerika Birləşmiş
Ştatlarının Edinboro Universitetinin prezidenti,
doktor Ceremi Braunu, beynəlxalq proqramlar üzrə
direktor Olqa Zinovyevanı qəbul edib.
Rektor
BDU-nun yaranma tarixindən, inkişaf mərhələləri
və beynəlxalq əlaqələrindən, bir çox universitet
assosiasiyalarına üzvlüyündən, dünyanın aparıcı
ölkələrinin ali məktəbləri ilə ikitərəfli
əlaqələrindən danışıb, Pensilvaniya ştatının
Edinboro Universiteti ilə də münasibətlərin
yaranmasında maraqlı olduğunu bildirib.
2007-ci ildən Edinboro Universitetinin 16-cı
prezidenti vəzifəsində çalışan doktor Ceremi
Braun təmsil etdiyi universitetin ABŞ-ın aparıcı
ali məktəbləri sırasında olduğunu bildirib. Qeyd
edib ki, universitetin texniki təchizatı yüksək
səviyyədədir və o, bu ali məktəbə prezident
təyin ediləndən sonra tələbələrin sayı distant
təhsil və on-line tədris hesabına xeyli çoxalıb.
Hazırda ümumi məbləği 150 milyon dollar olan
layihələrə rəhbərlik edən qonaq da, öz
növbəsində, BDU ilə əməkdaşlıqda maraqlı
olduğunu bildirib.
Daha sonra universitetlərarası əməkdaşlıq barədə
Anlaşma Memorandumu imzalanıb. Sənəddə
tədqiqatçı, aspirant və magistrantların
mübadiləsi, birgə layihələr mövzusunda elmi
araşdırmalar aparılması, alimlərin və
müəllimlərin ixtisaslarını artırma məqsədi ilə
təcrübə mübadiləsi, birgə seminar və
konfransların təşkili, qarşılıqlı maraq doğuran
layihə və proqramlarda birgə iştirak nəzərdə
tutulur.
İmzalanma mərasimindən sonra qonaqlar BDU-nun
laboratoriya və elmi mərkəzlərində olub, xoş
təəssüratla ayrılıblar.
P.İBRAHİMOVA |