Sual:
Bəzən mübahisəyə səbəb olur ki, məktəbin
verildiyi şəxsin adı kəndin və ya şəhərin
adından qabağa keçməlidir. Bu məsələyə aydınlıq
gətirməyinizi xahiş edirik.
Malik Aranlı,
İmişli rayonu
Cavab:
Məktəbinizin adı "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununa uyğun olaraq İmişli
rayonu Natiq Əsədov adına Aranlı kənd 2 nömrəli
tam orta məktəbi kimi adlandırılmalıdır.
Sual:
V sinifdə valideynin ərizəsi və xahişi əsasında
sinfi rus və ingilis dili qruplarına bölmək
olar, ya yox?
Şəmsiyyə Mustafayeva,
Biləsuvar rayonu.
Cavab:
"Ümumtəhsil məktəblərinin I-III sinifləri üçün
tədris planlarının təsdiqi haqqında Təhsil
Nazirliyinin 12.06. 2010-cu il tarixli, 784
nömrəli əmrinə müvafiq olaraq müəyyən olunmuş
xarici dillərdən biri (ingilis, alman, fransız,
rus, ərəb, fars) məktəbdə pedaqoji kadr
potensialı olduğu təqdirdə valideynin
arzusuna əsasən seçilib tədris olunur. Bu zaman
varislik prinsipi
gözlənilməlidir.
Sual:
Orta ümumtəhsil məktəblərində İqtisadiyyat
fənnini ilk növbədə hansı ixtisas müəllimi
tədris etməlidir?
Qinyaz Məmmədov,
Şəki rayonu
Cavab:
Həmin fənn üzrə ixtisasartırma kursu keçmiş
müvafiq ixtisas müəllimlərindən biri bu fənni
tədris edə bilər.
Əhliyyət Adıgözəlov,
Təhsil Nazirliyinin baş məsləhətçisi.
Sual:
Politologiya İnstitutunu bitirənlər orta
ümumtəhsil məktəblərində müəllim işləyə
bilərlər, yoxsa yox?
Əvəz Məmmədov,
Lerik rayonu
Cavab:
Mövcud qaydalara əsasən ümumtəhsil məktəblərində
pedaqoji ali və ya orta ixtisas məktəblərini
bitirənlər ümumtəhsil məktəblərində müəllim
işləyə bilərlər. Lakin pedaqoji ixtisaslar üzrə
kadr hazırlığını həyata keçirmədiyinə görə həmin
ali təhsil müəssisəsini bitirənlər ümumtəhsil
məktəblərində müəllim işləyə bilməzlər.
Kəmalə Mirzəyeva,
Təhsil Nazirliyinin baş məsləhətçisi
Sual:
"Bayram günləri üçün müəllimə əməkhaqqı
ödənilməlidirmi?
German Bayramov,
Zaqatala rayonu
Cavab:
Növbəti əmək məzuniyyətindən qayıdaraq
sentyabrın1-15-də işdə hesab olunan müəllimlərin
əməkhaqqı keçən dərs ilinin orta aylıq
əməkhaqqına əsasən hesablanıb ödənilir. Belə ki,
keçən ilin orta aylıq əməkhaqqı sentyabr ayının
iş günlərinin sayına (bayrama və istirahət
günləri çıxılmaqla) bölünür, alınan bir günlük
əməkhaqqı məbləği sentyabrın 1-15 arasında olan
iş günlərinin sayına vurulmaqla hesablanıb
ödənilir.
Sual:
Özəl ali məktəblərdə hər il təhsil haqqının
artırılması nə dərəcədə qanunauyğundur?
Cavab:
Qeyri-dövlət ali məktəblərində təhsil haqqı
həmin ali məktəblərin nizamnaməsinə əsasən
müvafiq qaydalara əsaslanaraq təhsil
müəssisəsinin özü tərəfindən müəyyənləşdirilir.
Zahid Nağıyev,
Təhsil Nazirliyinin baş məsləhətçisi
Hazırladı:
Şakir CƏFƏROV |