|
Yerləşir: |
ABŞ, Pensilvaniya ştatı, Pitsburq şəhəri |
|
|
Yaranma tarixi: |
Yaranma tarixi: 1900-cü il |
Tipi: |
Özəl |
İllik gəlirləri: |
57929733 ABŞ dolları |
İşçi heyəti: |
4000 nəfər |
Tələbələrin sayı: |
11371 nəfər |
Rəsmi saytı: |
www.cmu.edu |
Karnegi Mellon Universiteti (Carnegie Mellon
University) ABŞ-ın Pensilvaniya ştatının
Pitsburq şəhərində yerləşən özəl ali təhsil
müəssisəsidir. Böyük Britaniyanın "Times Higher
Education Supplement - QS World Universities
Rankings" jurnalının dünya universitetlərinin
2009-cu il üzrə apardığı reytinqinə əsasən,
Karnegi Mellon Universiteti 27-ci yerdə
qərarlaşıb. Yarandığı gündən universitet qəbul
etdiyi yeni-yeni proqramlarla dünya
universitetləri arasında əsas yerlərdən birini
tutub. Amerika Birləşmiş Ştatlarının "U.S News
and World Report" jurnalının 2009-cu il üzrə
reytinqinə görə, Karnegi Mellon Universiteti ABŞ
ali məktəbləri üzrə 22-ci, bu ölkənin
universitetləri arasında kompüter elmləri üzrə
4-cü, mühəndislik elmləri üzrə 6-cı, biznes
sahəsi üzrə 15-ci, dövlət siyasəti üzrə 10-cu,
təsviri incəsənət sahəsi üzrə 7-ci, psixologiya
elmi üzrə isə 17-ci yerə layiq görülüb.
Tarixi
1900-cü ildə Şotlandiyadan olan iş adamı və
mesenat, məşhur "Mənim qəlbim işlə döyünür" (bu,
sonradan universitetin şüarına çevrilir)
sözlərinin müəllifi Endryu Karnegi öz vəsaiti
hesabına Pitsburq şəhərində Karnegi Texniki
Məktəbini yaradır. Məktəbin yaradılmasında
məqsəd bu şəhərin aşağı təbəqəsindən olan
insanlarının övladlarına texniki peşə təhsili
vermək olur. 1903-cü ildə qızlar üçün Marqaret
Morrison Karnegi Kolleci yaradılır və kollec
1973-cü ilədək fəaliyyət göstərir. 1912-ci ildə
Karnegi Texniki Məktəbinin adı dəyişdirilərək
Karnegi Texniki İnstitutu olur və burada 4 illik
təhsil verilməsinə başlanılır. 1965-ci ildə
Mellon Sənaye Tədqiqatları İnstitutu bu ali
məktəblə birləşdirilərək Karnegi Mellon
Universiteti adlandırılır.
1938-ci ildə Karnegi Texniki İnstitutu Forbes
prospekti ətrafında yeni ərazi alır və 1952-ci
ildə həmin ərazidə Sənaye İdarəçiliyi Ali
Məktəbi, 1971-ci ildə isə Vin yataqxanası (Wean
Hall) tikilir. Süni intellekt, robot texnikası
və incəsənəti, eləcə də digər sahələrin
inkişafı, tələbələrin sayının sürətlə artması
burada yeni-yeni obyektlərin tikilməsinə səbəb
olur. Təhsil müəssisəsinin ərazisi Sinli Parkdan
başlayaraq bütövlükdə Forbes prospekti daxil
olmaqla xeyli genişlənir.
Riçard Seyertin 1970-1980-ci illərdə Karnegi
Mellon Universitetində prezidentliyi dövründə bu
ali təhsil müəssisəsi sürətlə inkişaf edir.
1970-ci ildə universitetin tədqiqat büdcəsi 12
milyon, 1980-ci ilin sonunda isə 110 milyon ABŞ
dolları təşkil edir. 1980-ci ilin ortalarında
Karnegi Mellon Universitetində hesablama
şəbəkəsi yaradılır, universitetin kampusunda
yerləşən bütün obyektlər kompüterləşdirilir. 24
aprel 1984-cü ildə universitetin cmu.edu
internet səhifəsi yaradılır. Beləliklə, Karnegi
Mellon Universiteti ali təhsil müəssisələrinin
ümumi domeni olan edu-ya qoşulmuş ilk altı
universitetdən biri olur.
1990-2000-ci illərdə Karnegi Mellon Universiteti
ABŞ-ın elit universitetlərindən ibarət olan "Top
25" reytinqində əsas yerləri tutur. 1997-ci ilin
aprelində Yel Universitetinin Meşə təsərrüfatı
və ekologiya fakültəsinin dekanı Cared Cohon
Karnegi Mellon Universitetinin Qəyyumlar
Şurasının sədri seçilir.
C.Cohon universitetin inkişafı məqsədilə yeni
strateji plan qəbul edir. Karnegi Mellon
Universiteti yeni proqram və mərkəzlər yaradaraq
hesablama maliyyəsi, informasiya
texnologiyaları, idarəetmə, davranış
iqtisadiyyatı, insan və kompüterin qarşılıqlı
təsiri, əyləncə texnologiyaları və hesablama
elmləri üzrə liderlik əldə edir. Son 20 ildə
burada Universitet, Teatr və Drama Purnell
mərkəzləri, Biznes Məktəbinin Posner binası və
bir neçə yataqxana tikilib.
2004-cü il iyulun 1-dən Karnegi Mellon
Universiteti "İlhamlandırmaq" adlı kampaniya
altında 1 milyard dollar məbləğində vəsait
toplayır. 31 oktyabr 2009-cu ildə kampaniyanın
gəliri 605,5 milyon dollar təşkil edib. Bu
məbləğin 252,4 milyon dolları Karnegi Mellon
Universitetinin Fonduna verilib.
11 avqust 2009-cu ildə universitet Geyts Hillman
kompleksinin tikintisini başa çatdırıb. Buraya
318 bölmə, laboratoriyalar, kompüter otaqları,
mühazirə zalları, auditoriyalar və s. daxildir.
Geyts Hillman kompleksi Bill və Melinda Geyts
Fondunun 20 milyon və Henri Hillman Fondunun isə
10 milyon dollar vəsaiti hesabına inşa edilib.
Büdcə və təhsil haqqı
2009-2010-cu tədris ilində Karnegi Mellon
Universitetində bakalavrların təhsil haqqı
40300-40920 ABŞ dolları təşkil edib. Təhsil
haqqı, yataqxana, kitablarla təmin olunma və s.
daxil olmaqla tələbələrin ümumi xərcləri 54160
ABŞ dolları dəyərindədir. Magistr və
doktorantların təhsil haqqı isə fakültədən,
proqramdan asılı olaraq 31750-71400 ABŞ dolları
arasında dəyişir.
Dünyanın digər universitetlərində olduğu kimi,
Karnegi Mellon Universitetində də tələbələr üçün
müxtəlif təqaüdlər mövcuddur: Karnegi Mellon
Ümumi Qeyri-Məhdud təqaüdü - 47452 ABŞ dolları,
Karnegi Mellon Yardımı - 7687 ABŞ dolları,
Federal Pell Qrantı - 2226 ABŞ dolları,
Federal SEOQ - 1890 ABŞ dolları və s.
2009-cu ildə universitetə edilən ianə və
yardımların məbləği 16 918 360 ABŞ dolları,
ümumi gəlirlərinin məbləği isə 57929733 ABŞ
dolları təşkil edib. 2009-cu ildə universitet
tədqiqatlara 320517 ABŞ dolları xərcləyib.
Universitetin əməliyyat xərcləri ümumilikdə
həmin ildə 852242 ABŞ dollarına bərabər olub.
Universitet bu gün
Karnegi Mellon Universitetinin əsas kampusu
Pitsburq şəhərinin mərkəzindən 5 km aralı, Sinli,
Şedisayd və Oklend ərazilərində yerləşir. Burada
universitetin 81 binası mövcuddur. 1980-ci ildə
universitet Şimal Qərb kampusunu əldə edib.
Burada universitetin bir sıra yataqxanaları və
Geyts Hillman kompleksi yerləşir.
Pitsburq şəhərindən başqa, Karnegi Mellon
Universitetinin Yaxın Şərqdə, Qətərdə kompüter
elmləri, biznes və informasiya sistemləri
proqramları təklif edən filialları mövcuddur.
Universitetin Kaliforniyanın Silikon Vadisində,
Los-Ancelesdə, Şimali Hollivudda, Avstraliyanın
Adelaida şəhərində, Afinada, Yaponiyanın Osaka
şəhərində, Sinqapurda da filialları fəaliyyət
göstərir.
Karnegi Mellon Universiteti yeddi departamentdən
ibarətdir: Karnegi Texnologiya İnstitutu,
Təsviri İncəsənət, Humanitar və Sosial Elmlər,
Heinz, Mellon Elm kollecləri, İnformatika
Məktəbi, Federal təhsil portalı və ya Tepper
Biznes Məktəbi.
Karnegi Texnologiya İnstitutuna Biotibbi
mühəndislik, Kimya, Vətəndaş və ekologiya
mühəndisliyi, Elektrotexnika və hesablama
texnikası, Texnika və ictimai siyasət,
Maşınqayırma, materialşünaslıq və mühəndislik
elmləri məktəbləri, İnformasiya Şəbəkəsi və
Kompleks Mühəndislik Sistemləri institutları
daxildir.
Təsviri İncəsənət Kolleci Memarlıq, İncəsənət,
Dizayn, Dram və Musiqi məktəblərindən ibarətdir.
Humanitar və Sosial Elmlər Kollecinə
İqtisadiyyat, İngilis dili, Tarix, Müasir dillər,
Fəlsəfə, Psixologiya, Sosial elmlər və
Statistika məktəbləri daxildir. Kollec həmçinin
tələbələrə beynəlxalq münasibətlər və siyasət
proqramları təklif edir.
Heinz Kolleci ictimai siyasət və idarəetmə,
səhiyyə siyasəti və idarəetmə, tibbi idarəetmə,
dövlət idarəetməsi, idarəetmə bacarığı,
informasiya sistemləri idarəetməsi, informasiya
texnologiyaları və informasiya təhlükəsizliyi
siyasəti ixtisasları üzrə magistr proqramları
təklif edir. Kollec İnformasiya sistemləri və
idarəetmə, Dövlət siyasəti və idarəolunması
məktəblərindən ibarətdir.
Mellon Elm Kolleci biologiya, kimya, riyaziyyat
və fizika elmləri bölmələrindən ibarətdir.
Hazırda bioinformatika, hesablama biologiyası,
nanotexnologiya, bioloji fizika sahələrinin
inkişafı gedir.
İnformatika Məktəbi dünyanın ən yaxşı kompüter
elmi verən təhsil müəssisələrindən biridir.
Federal təhsil portalı (Tepper Biznes Məktəbi)
tələbələrə işgüzar müdiriyyət (MBA) və
iqtisadiyyat sahələri üzrə bakalavr, işgüzar
müdiriyyət, maliyyə hesablaması (MSCF) və s.
sahələr üzrə magistr, doktor proqramları təklif
edir.
Tepper Biznes Məktəbinin nəzdində Karnegi
Menecment və İqtisadiyyat Mərkəzi fəaliyyət
göstərir. Bu mərkəz universitetin iqtisadçı
alimləri tərəfindən yaradılıb. Mərkəzdə
tələbələrə idarəetmə nəzəriyyələri, ilk növbədə,
məhdud səmərəlilik və davranış nəzəriyyəsi
öyrədilir.
Karnegi Mellon Universiteti həmçinin, istənilən
şəxsə distant təhsil almaq imkanı verir. Distant
təhsil yolu ilə onlarca ixtisasa, Federal
FlexMode MBA biznes sahəsinə yiyələnmək
mümkündür.
Karnegi Mellon Universitetində departament və
məktəblərdən əlavə, bir sıra elmi-tədqiqat
mərkəzləri və institutlar fəaliyyət göstərir.
Pitsburq Superkompüter Mərkəzi 1986-cı ildə
Karnegi Mellon Universiteti, Pitsburq
Universiteti və Vestinqhaus Elektrik
Kampaniyasının birgə səyi nəticəsində yaradılıb.
Robot Texnikası İnstitutu İnformatika Məktəbinin
əsas hissəsindən biridir və dünyada robot
texnikasının tədqiqatı ilə məşğul olan mühüm
mərkəzlərdəndir. Burada hazırlanmış bir neçə
robot, xüsusilə H1ghlander Sandstorm robotu
dünyada ikinci yerə layiq görülüb. İnformatika
Məktəbinin bir hissəsi də İnsan-Kompüter
Qarşılıqlı Təsir İnstitutudur. Bu institutda
kompüter elmləri, dizayn və s. tədqiqatlar üzrə
iş aparılır.
Texnologiya Dilləri İnstitutu texnologiya
dilləri sahəsi üzrə tədqiqatlar aparır. Burada
maşın tərcüməsi, nitqin tanınması, nitq sintezi,
informasiyanın axtarışı, əldə olunması, təhlil
edilməsi və analizinə xüsusi diqqət yetirilir.
Softveya Mühəndislik İnstitutu ABŞ Müdafiə
Nazirliyinin federal büdcəsi tərəfindən
maliyyələşir və Karnegi Mellon Universiteti
tərəfindən idarə olunur. İnstitutun ABŞ-ın
Virciniya ştatının Arlinqton, Almaniyanın isə
Frankfurt şəhərində filialları var və dünya
kompüter şəbəkəsinin sistem təminatı, keyfiyyət
yüksəlişi, təhlükəsizliyi və s. məqsədlərə
xidmət edir.
Karnegi Mellon Universiteti kampusunun
yaxınlığında "Apple", "Intel", "Google",
"Microsoft Disney", "General Motors", "Rand
Corporation" şirkətlərinin filialları yerləşir.
Universitet "Intel" şirkəti ilə birgə ilk olaraq
kleytroniksin (kleytron atomları və ya katomlar,
daha genişmiqyaslı maşın və mexanizmlərin
hazırlanmasını nəzərdə tutan mühəndislik sahəsi
üzrə nano fəaliyyət) tədqiqatını həyata keçirib.
Karnegi Mellon Universitetində 4000-dən çox işçi
çalışır. Universitetin professor-müəllim
heyətinin 96%-i doktorluq (PhD) dərəcəsinə
yiyələnib. 1997-ci ildən universitetin
prezidenti Cared Cohondur. Rektorun təhsil
məsələləri üzrə müavini əslən hindli olan xanım
İndira Nairdir.
Karnegi Mellon Universitetində ABŞ-ın 50
ştatından və dünyanın 93 ölkəsindən olan
tələbələr təhsil alır. Tələbələrin ümumi sayı
11371 nəfərə bərabərdir. Onların 5951-i bakalavr,
5420 nəfəri isə magistr və doktorantlardır.
Universitetin məzunlarının sayı 76322 nəfərdir.
Karnegi Mellon Universitetinin tələbələri çox
rəngarəng və maraqlı həyat tərzi keçirir. Burada
225-dən çox tələbə təşkilatı (FBR, Alfa Fi Omeqa)
və bədii qalereyalar mövcuddur. Universitet
Endryu Karneginin irsi ilə ruhlandırılan güclü
şotland ənənələrinə malikdir. Bunlar
universitetin talismanı olan şotland teryeri (it
cinsi), "Tartan" tələbə qəzeti, Skibo
gimnaziyası və "Qanqal" illik məcmuəsidir.
Tələbə təşkilatları tələbələrə sosial, tibbi,
idman, dini, siyasi, mədəni, mənəvi və digər
xidmətlər göstərir. Universitetdə həmçinin yunan
ənənələri mövcuddur. Burada "Teta Si", "Çi Omeqa",
"Delta Qamma" və s. 26-ya yaxın yunan tələbə
təşkilatı fəaliyyət göstərir. Ümumiyyətlə,
Karnegi Mellon Universitetində müxtəlif
millətlərdən olan tələbələr öz ölkələrinin
nümayəndələrindən ibarət olan təşkilatlar,
ittifaqlar yaradırlar.
ABŞ-ın bütün universitetlərində olduğu kimi,
Karnegi Mellon Universitetində də idmana xüsusi
diqqət yetirilir. Burada idmanın, demək olar ki,
bütün növləri inkişaf etdirilib və universitetin
komandaları (hər komandanın ayrılıqda adları
olsa da, bütövlükdə universitetin bütün
idmançılarını "Tartanlar" - şotlandlar
adlandırırlar) bir çox mühüm nailiyyətlər əldə
ediblər. ABŞ-da onların əsas rəqibləri Sent-Luisdə
yerləşən Vaşinqton Universiteti və UAA Case
Qərbi Rezerv Universitetinin idman məktəbləridir.
Dünyanın bir çox universitetlərində olduğu kimi,
Karnegi Mellon Universitetində də tələbələr
kampusda və kampusdan kənar yerləşən
yataqxanalarda qalır. Bakalavr pilləsində oxuyan
tələbələrin çox hissəsi yataqxanalarla təmin
olunur. Bunun üçün tələbələr universitetin
Mənzil İdarəsinə müraciət etməlidirlər. Bu ali
məktəbdə tələbələrin 75%-i universitetin
kampusunda yaşayır. Universitet tələbələrə otaq,
mənzil və ev təklif edir. Qiymətlər otağın,
mənzilin, evin şəraitindən asılı olaraq dəyişir.
Universitetdə yerləşən böyük yataqxanalardan
Vebster, Feirfaks, Doerti, Donner, Morvud, Mac,
Nevil və s. qeyd etmək olar.
Karnegi Mellon Universiteti bəşəriyyətin təhsil,
tədqiqat və təbliğat yolu ilə formalaşmasında
xüsusi xidmət göstərərək, dünyada innovasiyalar
üzrə liderə çevrilib. Texnologiya, biznes,
mühəndislik, idarəetmə və digər sahələr üzrə
universitet dünyanın ən güclü ali təhsil
müəssisələri sırasındadır.
Universitetin məşhur məzunları
Karnegi Mellon Universitetinin əməkdaşları və
məzunlarından 16-sı Nobel, 10-u Tyurinq, 4-ü
Oskar mükafatına layiq görülüblər. Məzunlardan
"General Motors" şirkətinin keçmiş direktoru və
ABŞ-ın beşinci təhlükəsizlik naziri Çarlz Ervin
Uilsonu, milyarder Devid Tepperi, "Java"
proqramlaşdırma dilinin yaradıcısı Ceyms
Hoslinqi, "Sun Microsistems" kampaniyasının
yaradıcılarından Endi Bextolşaymı, məşhur pop-rəssam
Endi Uorxolu və b. qeyd etmək olar. Eləcə də bu
universiteti çoxlu sayda tanınmış aktyor bitirib.
Bunlar aktrisalar Holli Hanter, Barbara Feldon,
Meqan Hilti, Kot de Pablo, aktyorlar Ceyms
Kromvell, Get Smart, Ted Denson, Van Hensis,
Metyu Bomer, Bleyr Andervud və başqalarıdır.
Universitetin məşhur məzunları
|
Klinton Devisson |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Otto Stern |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Pol Flory |
kimya üzrə Nobel mükafatı laureatı
|
|
|
Herbert Simon |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Franko Modiqliani |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Merton Miller |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Robert Lukas |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Con Popl |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Volter Kohn |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Pol Loterbur |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Finn Kidlend |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Edvard Preskott |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Ada Yonath |
kimya üzrə Nobel mükafatı laureatı
|
|
|
Nilofər Bəxtiyar |
Pakistanın federal turizm naziri |
|
|
Çarlz Ervin Vilson |
ABŞ-ın keçmiş müdafiə naziri |
|
|
Piter De Mut |
Pensilvaniyadan olan konqresmen |
|
|
Lerri Giammo |
Merillend ştatının Rokvill şəhərinin
meri |
|
|
Kliford Şull |
fizika üzrə Nobel mükafatı laureatı
|
|
|
Con Forbes Neş |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Finn Kidlend |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Edvard Preskot |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
Con Holl |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Oliver Uilliamson |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |