Martın 4-də təhsil naziri Misir Mərdanov
Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatının (ATƏT) Bakı ofisinin rəhbəri Əli
Bilgə Cankorellə görüşüb.
Öncə nazir qonağı səmimi salamlayıb və bu
görüşdən məmnun olduğunu diqqətə çatdırıb.
Görüşdə müzakirə olunacaq məsələlərdən danışan
ATƏT-in Bakı ofisinin rəhbəri Təhsil Nazirliyi
ilə birgə həyata keçirilən layihələrdən söz açıb
və mövcud əməkdaşlığın daha səmərəli təşkili
üçün müvafiq təkliflərlə çıxış edib. Qonaq
Azərbaycanda jurnalistika ixtisası üzrə tədrisin
səviyyəsinin artırılması, bu istiqamətdə mövcud
kurikulumun birgə nəzərdən keçirilməsi ilə bağlı
məsələlərə toxunub. Ölkəmizin jurnalistika
ixtisası tədris edilən bir neçə ali təhsil
müəssisəsində müvafiq iş aparıldığını qeyd edən
qonaq bununla bağlı işçi qrupun yaradılmasını,
Təhsil Nazirliyi əməkdaşının da burada təmsil
olunmasını təklif edib.
Sonra Əli Bilgə Cankorel uşaq hüquqlarının
qorunması, uşaqların müdafiəsinin təşkilindən də
bəhs edərək Təhsil Nazirliyinin nəzdində
Təsərrüfathesablı De-institutlaşma və Uşaqların
Müdafiəsi İdarəsinin yaradılmasını
dəstəklədiyini qeyd edib. Qonaq Uşaq Hüquqları
Klinikası və QHT Alyansı ilə yeni fəaliyyətə
başlayan idarənin sıx əlaqə yaratmasından
məmnunluğunu bildirib, bu sahədə birgə iş
aparılmasına lazımi kömək göstərməyə hazır
olduğunu vurğulayıb.
ATƏT-in Bakı ofisinin Təhsil Nazirliyi ilə
ekoloji təhsil sahəsində olan əməkdaşlığını
yüksək qiymətləndirən Əli Bilgə Cankorel həyata
keçirilmiş Yaşıl paket çərçivəsində aparılan
işlərin uğurla nəticələndiyini diqqətə çatdırıb,
habelə rəhbərlik etdiyi ofisin ölkəmizdə
reallaşdırdığı digər layihələrdən də söz açıb.
Təhsil naziri Misir Mərdanov ATƏT-in Bakı
ofisinin rəhbəri Əli Bilgə Cankorelin irəli
sürdüyü təklifləri müsbət qiymətləndirib. Nazir
bildirib ki, ölkəmizin bir neçə ali təhsil
müəssisəsində tələbələr jurnalistika ixtisasına
yiyələnir. Bu ixtisas üzrə kurikulum
çərçivəsində birgə iş aparılması təklifini
dəstəklədiyini qeyd edən təhsil naziri müvafiq
istiqamətdə həyata keçiriləcək tədbirlərin
əhəmiyyətini vurğulayıb.
Ölkəmizdə "Azərbaycan Respublikasında dövlət
uşaq müəssisələrindən uşaqların ailələrə
verilməsi (De-institusionalizasiya) və
alternativ qayğı Dövlət Proqramı" çərçivəsində
görülən işlərdən danışan Misir Mərdanov bu
sahədə bir sıra təşkilatlarla həyata keçirilən
tədbirlər, reallaşdırılan layihələrlə bağlı
qonağa ətraflı məlumat verib. Misir Mərdanov
qeyd olunan məsələlər üzrə nazirlik tərəfindən
lazımi dəstək göstəriləcəyini bildirib.
Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən
görüşdə təhsil sahəsi ilə bağlı bir sıra digər
məsələlər barədə də söhbət aparılıb. |