Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyeva martın 3-də YUNİSEF-in
Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark
Hervordla görüşmüşdür.
Qonağı Fondda salamlayan Azərbaycanın birinci
xanımı YUNİSEF-in ölkəmizdəki fəaliyyətini
dəstəklədiyini bildirmişdir. Fondla YUNİSEF
arasında sıx əlaqələrin qurulduğunu bildirən
Mehriban xanım Əliyeva bu əməkdaşlığın təsadüfi
olmadığını söyləmişdir. Hər iki qurumun əsas
məqsədi uşaqlara qayğı göstərməkdən ibarətdir.
Uşaqların problemlərinin həll olunması Heydər
Əliyev Fondunun fəaliyyətinin prioritet
istiqamətini təşkil edir.
Mehriban xanım Əliyeva YUNİSEF ilə bir çox birgə
uğurlu layihələrin həyata keçirildiyini deyərək,
gələcəkdə yeni layihələrin reallaşacağına
ümidvar olduğunu bildirmişdir.
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Mark Hervord isə Heydər Əliyev Fondu ilə
təmsil etdiyi qurumun arasında bir sıra sahələr
üzrə əməkdaşlıq üçün potensialın olduğunu
vurğulayaraq, gələcək əməkdaşlıq üçün bir neçə
layihənin nəzərdə tutulduğunu da diqqətə
çatdırmışdır.
Mehriban Əliyeva YUNİSEF ilə birgə yeni
layihələr həyata keçirməyə hazır olduqlarını
demişdir. Heydər Əliyev Fondunun irsi qan
xəstəlikləri ilə mübarizədə yeni layihələr
hazırladığını diqqətə çatdıran Azərbaycanın
birinci xanımı bu sahədə YUNİSEF ilə
əməkdaşlığın mümkünlüyünü bildirmişdir. Fondun
irsi qan xəstəlikləri ilə mübarizədə həyata
keçirəcəyi ilk tədbir isə əhalinin
maarifləndirilməsidir. Bununla bağlı Fond
tərəfindən kitablar, əyani vəsaitlər,
videoçarxlar hazırlanmışdır.
AzərTAc |