| 
								
								Martın 2-də "Avropa" otelində görkəmli 
								alim,əməkdar müəllim,fəlsəfə elmləri doktoru, 
								Azərbaycan Memarlıq və İnşaat Universitetinin 
								Tarix və sosial-siyasi fənlər kafedrasının 
								müdiri, professor Nurqələm Mikayıl oğlu 
								Mikayılovun 80 illiyinə həsr olunmuş yubiley 
								mərasimi keçirilib.Tədbirdə universitetin 
								professor-müəllim heyəti ilə bərabər, ölkənin 
								bir çox təhsil müəssisələrinin nümayəndələri, 
								ictimai-siyasi xadimlər iştirak edib. 
								
								Tədbiri giriş sözü ilə açan Az.MİU-nun rektoru, 
								millət vəkili, professor Gulçöhrə Məmmədova 
								Nurqələm Mikayılov haqqında danışaraq alimin 
								universitetin həyatında müstəsna xidmətləri 
								olduğunu nəzərə çatdırıb. O qeyd edib ki, 
								Nurqələm müəllim artıq 35 ildir bu təhsil 
								ocağında kafedra müdiridir. N.Mikayılov ağsaqqal 
								bir pedaqoq kimi həmişə gənc alimlərə dəstək 
								olmuş, onların inkişaf etməsində yaxından 
								köməklik göstərmişdir. Professor G.Məmmədova 
								çıxışının sonunda bütün universitet kollektivi 
								adından Nurqələm müəllimi yubileyi münasibətilə 
								səmimi-qəlbdən təbrik edərək, belə şərəfli  ömür 
								yolunun hamıya qismət olmasını arzulayıb, 
								yubilyara gül buketi və hədiyyələr təqdim edib. 
								
								Sonra çıxış üçün söz təhsil nazirinin müavini, 
								professor İradə Hüseynovaya verilib. O, tədbir 
								iştirakçılarını salamlayaraq təhsil naziri Misir 
								Mərdanov və təhsil işçiləri adından Nurqələm 
								müəllimin 80 illik yubileyini təbrik edib. 
								İ.Hüseynova Nurqələm müəllimin elmi 
								fəaliyyətindən geniş söhbət açaraq bildirib 
								ki,onun əhatəli və dərin məzmunlu tədqiqatları 
								fəlsəfə elminin inkişafına dəyərli töhfə 
								olmuşdur. Onun alimlik bacarığı təkcə 
								respublikamızda deyil, onun hüdudlarından 
								kənarda da böyük maraq doğurub. Buna bariz 
								nümunə kimi 1986-cı ildə Moskvada Kreml 
								sarayında keçirilən ali təhsil müəssisələrinin 
								Ümumittifaq müşavirəsində N.Mikayılovun başçılıq 
								etdiyi kafedranın qabaqcıl kafedralardan biri 
								kimi qiymətləndirilməsini qeyd etmək olar.Bu 
								kafedranın fəaliyyəti SSRİ ali təhsil nazirinin 
								məruzəsinə daxil edilib. 
								
								İ.Hüseynova çıxışının sonunda Azərbaycan 
								Respublikası Təhsil Nazirliyi kollegiyasının 1 
								mart 2010-cu il tarixli qərarı ilə Azərbaycan 
								Memarlıq və İnşaat Universitetinin Tarix və 
								sosial-siyasi fənlər kafedrasının 
								müdiri,professor Nurqələm Mikayıl oğlu 
								Mikayılovun yüksək ixtisaslı kadrların 
								hazırlanması sahəsində səmərəli elmi-pedaqoji 
								fəaliyyətinə görə və anadan olmasının 80 illiyi 
								münasibətilə Fəxri fərmanla təltif edildiyini 
								bildirib. 
								
								Sonra çıxış üçün söz xalq şairi Nəriman 
								Həsənzadəyə verilib. Şair N.Mikayılov haqqında 
								xoş sözlər söyləyərək bildirib ki, o, böyük alim 
								və pedaqoq olmaqla yanaşı, həm də gözəl insan, 
								yaxşı ailə başçısı və sədaqətli dostdur. 
								N.Həsənzadə çıxışını bir neçə şeir söyləməklə 
								yekunlaşdırıb. 
								
								Mərasimdə digər çıxış edənlər alimin həyat 
								yolundan, elmi fəaliyyətindən söz açaraq onu 80 
								illik yubileyi münasibətilə təbrik ediblər. 
								
								Sonda N.Mikayılov tədbir iştirakçılarına 
								minnətdarlığını bildirərək mərasimin yüksək 
								səviyyədə hazırlanmasına görə Az.MİU-nun 
								rəhbərliyinə və kollektivinə xüsusi təşəkkür 
								edib. 
								
								
								Niyazi RƏHİMOV |