Martın 3-də Azərbaycan Dillər Universitetinin
İnformasiya Resurs Mərkəzində 8 Mart Beynəlxalq
Qadınlar Günü və Novruz bayramı münasibətilə
ənənəvi əl işləri sərgisi keçirildi. Sərgidə
Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman
nazirliklərinin, beynəlxalq təşkilatların,
səfirliklərin, QHT-lərin nümayəndələri və ADU-nun
professor-müəllim heyəti iştirak edirdilər.
Sərgidə müxtəlif yaş qruplarını əhatə edən
xanımların biçmə-tikmə, toxuma, rəsm, karikatura,
müxtəlif milli geyimlər, xalçaçılıq sənətini
nümayiş etdirən əsərlər, yağlı boya ilə çəkilmiş
rəsm əsərləri, milli üslubda bəzədilmiş
gəlinciklər, pannolar, təbii güllərdən
hazırlanan kompozisiyalar, muncuq və qiymətli
daş-qaşlarla hazırlanmış qadın bəzək əşyaları
nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan ADU-nun
Folklor Mərkəzinin direktoru Rəna Salehova
bundan əvvəlki əl işləri sərgilərindən fərqli
olaraq, batikanın da nümayiş olunduğunu
sərgi iştirakçılarının nəzərinə çatdırdı.
Sərgidə çıxış edən ADU-nun rektoru, millət
vəkili, professor Səməd Seyidov sərgi
iştirakçılarını qarşıdan qələn 8 Mart Beynəlxalq
Qadınlar Günü və Novruz bayramı münasibətilə
təbrik etdi və sərgini yüksək qiymətləndirdi.
Tədbirdə Gənclər və İdman Nazirliyinin İstedadlı
gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva
İnformasiya Resurs Mərkəzində belə tədbirlərin
keçirilməsinin çox əhəmiyyətli olduğunu
vurğuladı.
Şakir CƏFƏROV |