Martın 3-də təhsil naziri Misir Mərdanov
Gürcüstan Respublikasının Kvemo-Kartli
bölgəsinin qubernatoru David Kirkitadzenin
başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi
salamlayaraq onların Azərbaycana səfərindən
məmnun olduğunu bildirib. Nazir ölkələrimiz
arasında təhsil sahəsində mövcud olan
əlaqələrdən söz açıb, Azərbaycanda gürcülərə
xüsusi diqqətdən, Qax, Balakən, Zaqatala
rayonlarında yerləşən gürcü məktəblərinin
fəaliyyətindən bəhs edib, qarşılıqlı
əməkdaşlığın daha da inkişaf etdirilməsi
məsələlərinə toxunub.
Gürcüstan Respublikasının Kvemo-Kartli
bölgəsinin qubernatoru David Kirkitadze
Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanova səmimi qəbul üçün minnətdarlığını
bildirərək ilk xarici səfərini məhz Azərbaycan
Respublikasına etdiyini vurğulayıb. İki ölkə
arasındakı dostluq əlaqələrinin
möhkəmləndirilməsinin əhəmiyyətindən söz açan
qonaq Gürcüstanda azərbaycanlılar üçün
yaradılmış şəraitdən, Azərbaycan məktəblərindən,
bu məktəblərin təmiri və inkişafı üçün
Gürcüstan dövlətinin ayırdığı vəsaitdən bəhs
edib. Gürcüstanın təhsil sistemi haqqında
məlumat verən David Kirkitadze təhsil sahəsində
qarşıda duran məsələlərin həlli, yeni qəbul
edilmiş konsepsiya haqqında danışıb.
Görüş zamanı Gürcüstanda yerləşən Azərbaycan
məktəblərində pedaqoji kadrların, xüsusilə
Azərbaycan dili müəllimlərinin çatışmaması
nəzərə çatdırılıb. Gələcəkdə Tiflisdə Azərbaycan
universitetlərinin filiallarını yaratmaq təklifi
irəli sürülüb, eləcə də Azərbaycanda gürcü
dilinin tədrisi və digər məsələlər ətrafında
müzakirələr aparılıb. |