Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

05 Mart 2010 - ¹09

 

Müəllim hazırlığına yeni yanaşmalar.  "Təhsilin əsasları" fənninin pedaqoji təcrübə ilə inteqrasiyası

 

Son illər ölkəmizin təhsil sistemində ciddi islahatlar həyata keçirilir. Bu islahatlar təhsil sferasının digər sahələri ilə yanaşı olaraq müəllim hazırlığı sahəsini də əhatə edir. Bununla əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası" hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlanması üçün yeni kurikulum tərtib edilmiş və onun respublikamızın üç ali pedaqoji təhsil müəssisəsində - Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarında, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Universitetində ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə eksperiment şəklində tətbiqinə başlanılmışdır. Yeni kurikulumda pedaqoji təcrübənin müddətinin ən azı 18 həftəyə qədər artırılması nəzərdə tutulmuş, praktik müəllim hazırlığını təmin edən fənlərin sayı artırılmış və müəllim hazırlığına yeni yanaşmaları əks etdirən "Təhsilin əsasları" adlı yeni fənnin tədrisi planlaşdırılmışdır. Artıq eksperiment şəklində tədrisinə başlanılmış "Təhsilin əsasları" fənninin III, IV və VI semestrlərdə 60 saat, V semestrdə 90 saat olmaqla, III-VI semestrlərdə tədris edilməsi nəzərdə tutulmuşdur. 

Fikrimizcə, "Təhsilin əsasları" fənni üzrə nəzərdə tutulan təlim nəticələrinin əldə edilməsi üçün bu fənnin III-VI semestrlərdə pedaqoji təcrübə ilə inteqrasiya olunmuş şəkildə tədris edilməsi daha məqsədəuyğundur. Pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr ən geci ikinci kursdan başlayaraq ümumtəhsil məktəblərinə baş çəkməli, oradakı təlim, tədris və tərbiyə prosesləri ilə tanış olmalıdırlar. İnteqrasiya imkanlarının yaradılması, tələbənin məktəb həyatı və məktəbdə baş verən proseslərlə daha ətraflı tanış ola bilməsi üçün yaxşı olar ki, pedaqoji təcrübə ikinci kursdan başlayaraq semestrlər üzrə aşağıdakı kimi həyata keçirilsin: üçüncü, dördüncü və altıncı semestrlərdə bir həftə (30 saat), beşinci semestrdə üç həftə (90 saat), səkkizinci semestrdə fasiləsiz olaraq 12 həftə (380 saat). Daha məqsədəuyğun olar ki, üçüncü, dördüncü və altıncı semestrlərdə həftədə bir gün, beşinci semestrdə isə həftədə iki gün məktəb günü kimi ayrılsın. Bu günlər tələbələrə məktəb şəraitində  "Təhsilin əsasları" fənni tədris olunsun (üçüncü, dördüncü və altıncı semestrlərdə həftədə 4 saat, beşinci semestrdə isə həftədə 6 saat) və pedaqoji təcrübə (üçüncü, dördüncü və altıncı semestrlərdə həftədə 2 saat, beşinci semestrdə isə həftədə 6 saat) həyata keçirilsin.

Aydındır ki, "Təhsilin əsasları" fənni üzrə nəzərdə tutulan məqsədlərə nail olunması və vəzifələrin yerinə yetirilməsi üçün tələbələrə müəyyən tapşırıqlar verilməli və onlar pedaqoji təcrübə müddətində bu tapşırıqları yerinə yetirərək öz tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirməli, müvafiq bilik, bacarıq və vərdişlər əldə etməlidirlər. Ona görə hər semestr üzrə nəzərdə tutulmuş pedaqoji təcrübənin "Təhsilin əsasları" fənni baxımından məqsədləri və tələbələrə veriləcək tapşırıqların növləri əvvəlcədən müəyyənləşdirilməlidir. Aşağıda bakalavr pilləsi üzrə təhsil alan tələbələr üçün semestrlər üzrə "Təhsilin əsasları" fənni ilə inteqrasiya olunmuş pedaqoji təcrübənin məqsədi, əldə edilməsi gözlənilən nəticələri və tələbələrə verilən nümunəvi tapşırıqların növləri verilir. Qeyd edilən məqsədlər, gözlənilən nəticələr və nümunəvi tapşırıqlar "Təhsilin əsasları" fənninin semestrlər üzrə nəzərdə tutulmuş məzmununa uyğun olaraq qruplaşdırıla bilər.  

"Təhsilin əsasları" fənni ilə inteqrasiya olunmuş pedaqoji təcrübənin məqsədi:

- məktəb, məktəb qaydaları, məktəb kollektivi, təlim-tədris prosesləri haqqında ümumi məlumatların əldə edilməsi;

- məktəb mühitinə uyğunlaşma, özünü gələcək müəllim kimi hiss etmə;

- uşaqlar haqqında, onların hiss və həyəcanları, yaşadıqları mühit, münasibətlər sistemi  və şagirdlərin biliyi əldə etməsi yolları haqqında məlumatların  əldə edilməsi;

- şagirdlərlə ünsiyyət yaradılması və səmərəli təlimin amili kimi tədris prosesində ünsiyyətin rolunun və əhəmiyyətinin dərk edilməsi;

- inklüziv təhsilin mahiyyətinin, məzmununun və təhsildə inklüziv yanaşmaların öyrənilməsi;

- təhsilə və pedaqoji fəaliyyətə dair sənədlərlə işləmək üzrə bacarıq və vərdişlərin əldə edilməsi, normativ- hüquqi sənədlərin və standartların mahiyyətinin öyrənilməsi;

- müəllimlər üçün standartları təkmilləşdirməyin yollarının öyrənilməsi;

- müəllimin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsinin zəruriliyinə inamın formalaşdırılması və onun yollarının öyrənilməsi;

- cəmiyyətdə və məktəbdə müəllimin sosial peşəkarlığının və müəllimlərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsinin yollarının  mənimsənilməsi;

- ayrı-ayrı fənlərin tədrisində və fənlərarası əlaqələrin yaradılmasında innovasiyalara, yaradıcılığa, müstəqil öyrənməyə və sosial əməkdaşlığa yönəlmiş yanaşmaların öyrənilməsi;

- müəllimlərin və məktəbin təkmilləşdirilməsi yollarının mənimsənilməsi;

- müəllimin şəxsi inkişafının, onun fənn üzrə və metodik hazırlığının yüksəldilməsinin zəruriliyi haqqında inamın əldə edilməsi;

- məktəbdə davranış normaları və müəllimlik etikasına dair vərdişlərin qazanılması;

- dərsi planlaşdırmağın yollarının mənimsənilməsi;

- dərsin xüsusiyyətinə uyğun olaraq, sinif otağının tərtibatı üzrə vərdişlərin qazanılması;

- sinfin idarəolunması, müasir təlim metodlarının tətbiqi və şagirdlərin qiymətləndirilməsi üzrə bacarıq və vərdişlərin əldə edilməsi;

- şagirdin məktəbdənkənar fəaliyyətini təşkil etməyin yollarının öyrənilməsi;

- peşəkar müəllimin fəaliyyətində  təhsil tədqiqatlarının zəruriliyinin və vacibliyinin dərk olunması;

- tətbiqi tədqiqatların təhsildə istifadəsi yolları və onların növləri haqqında məlumatların əldə edilməsi;

- təhsil tədqiqatlarının probleminin müəyyənləşdirilməsi, planlaşdırılması, işlənilməsi, monitorinqi və qiymətləndirilməsi mərhələləri üzrə bacarıq və vərdişlərin qazanılması;

- kurikulumun hazırlanması və tədqiqi üzrə bacarıqların əldə edilməsi;

- idarəetmə mədəniyyətinin formalaşdırılması, məktəbin idarəedilməsində şagirdlərin rolunun açıqlanması.  

"Təhsilin əsasları" fənni ilə inteqrasiya olunmuş pedaqoji təcrübə müddətində tələbələrə verilən
nümunəvi tapşırıqlar.

- Dərsləri diqqətlə müşahidə edin. Uşaqlar dərsin gedişinə nə dərəcədə təsir etmək imkanına malikdirlər?

- Bəzi təcrübəli müəllimlərdən, uşaqların anadangəlmə əqli bacarıqlara malik olduqlarına inanıb - inanmadıqlarını soruşun. Uşaqların əqli bacarıqlarını artırmaq üçün onlar dərsi müxtəlif formalarda keçməyə hazırdırlarmı? Bu formaların nələrdən ibarət ola biləcəyini müzakirə edin.

-  Bir müəllimin dərsini müşahidə edib, onun mexanizmini öyrənməni, anlamanı, yoxsa hər ikisinin müəyyən bir kombinasiyasını öyrətdiyini müəyyən edin.

-  Bir qrup şagirdlə onların mühiti haqqında qeyri-rəsmi söhbət aparın.  Müşahidələrinizi qeyd edin.

-  Dərsi planlaşdırarkən dərsə şagirdlər üçün praktik fəaliyyətlər daxil edib-edə bilməyəcəyinizə diqqət edin.

- Özünüzlə tək qaldıqda, evdə ailənizlə və ya yoldaşlarınızla jest və mimikalarla danışmağa çalışın və bu qabiliyyətinizi inkişaf etdirməyə cəhd edin.

- Təcrübə dövründə müşahidə etdiyiniz dərsdən sonra özünüz üçün həmin dərsin izahat hissəsini təhlil edin və nəticənin səmərəli olub-olmadığını müəyyənləşdirin.

- Bir neçə təcrübəli müəllimdən onların məktəbdə inklüziv təhsil haqqında nə düşündüklərini soruşun.

- Aşağıdakı suallara cavab verməyə çalışın: Məktəbdə xüsusi təhsil ehtiyacları olan şagirdlər varmı? Onların  ehtiyacları təmin edilibmi?  Valideynləri bu işdə onlara kömək edə bilirlərmi? Təcrübəli müəllimlərdən bu barədə nə düşündüklərini soruşun.

- Dərslərini müşahidə etdiyiniz müəllimlər, digər uşaqlarla müqayisədə tez və yaxud ləng işləyən uşaqları nəzərdə saxlayırlarmı?

- Peşəkarlıq səviyyəsinin yüksəldilməsinə dair təcrübəli müəllimlərlə müzakirə aparın. Onların ən uğurlu təcrübələri hansılardır? Niyə onları uğurlu sayırlar?  Onların ən uğursuz   təcrübələri hansılardır? Niyə onları uğursuz  sayırlar?

- Tələbə yoldaşlarınızla və məktəb müəllimləri ilə "Sosial lider kimdir?" və "Sosial liderlik nə deməkdir?" mövzusunda müzakirələr aparın.

- Müəllimlərlə söhbət edib məktəb təlimini təkmilləşdirməyin mümkün yolları haqqında fikirlərini öyrənin. Onlar hansı yanaşmaya üstünlük verirlər?

- Məktəbdəki görüşlərinizin gündəlik qeydiyyatını aparın və bu görüşlər nəticəsində sizdə şəxsi dəyişikliklərin baş verib-vermədiyini müəyyənləşdirin. Belə dəyişikliklər varsa, bunun səbəblərini tapmağa çalışın.

- Fənninizə dair bilikləriniz fənnin hansı sahələri üzrə zəifdir? Bu zəifliyi aradan qaldırmaq üçün plan hazırlayın. Məktəbdə dərslərində yeniliklər tətbiq etmiş müəllimlərlə söhbət edin. Bu yenilikləri tətbiq edərkən çətinliklər yaranıbmı və bu dəyişikliklər şagirdlərin daha yaxşı öyrənməsinə təsir edibmi?

- Dərs zamanı hansı müəllimlərə üstünlük verdiklərini şagirdlərlə müzakirə edin (şagirdlərin müəllimlərlə əlaqədar mənfi fikirlər səsləndirməməsi üçün konkret müəllimlər haqqında deyil, ümumiyyətlə müəllimlik sənəti haqqında söhbət edin).

- Şagirdlərin yaradıcı cavablar verə biləcəyi tapşırıqlar və ya suallar tərtib edin.

- Bəzi təcrübəli müəllimlərdən həmkarlarına çətin vaxtlarda necə kömək etdiklərini soruşun.

- Məktəbin rəhbər aparatında təmsil olunan bir şəxsdən müəllimlərin rəhbərliyə necə kömək etdiklərini soruşun.

- Məktəbdəki bəzi təcrübəli müəllimlərdən valideynlər və ya himayəçilər ilə söhbət etməklə şagirdlər haqqında nə öyrəndiklərini soruşun.

- Valideynlər və digər şəxslərlə məktəbin necə ünsiyyət qurduğunu öyrənin.

- Məktəbdə 2-3 il müəllim işləyənlərdən bu peşəyə necə uyğunlaşdıqları barədə soruşun.

- Beş ildən az iş təcrübəsinə malik olan müəllimlərdən hansı dəstəyi almaları və onların irəliləməsində bu köməyin rolu barədə soruşun.

- Məktəbə bir neçə dəfə səfər etdikdən sonra pedaqoji kollektivlə və digər işçilərlə münasibətləriniz necə inkişaf edir? Bu barədə öz həmkarlarınızla müzakirələr aparın.

- Şagirdlərlə münasibətləriniz barədə fikirləşin, bu barədə digər həmkarlarınızla müzakirə  aparın.

- Sizin tələbəsi olduğunuz ali təhsil müəssisəsi ilə təcrübə keçdiyiniz məktəb arasında əlaqələr necədir? Bu barədə müzakirə aparın və onu necə inkişaf etdirmək haqqında təkliflərinizi verin.

- Siz öz fəaliyyətiniz və onun sizin şəxsi inkişafınıza təsiri barədə nə deyə bilərsiniz? Digər təcrübə keçənlərlə bu barədə müzakirələr aparın.

- Müşahidə edəcəyiniz dərsdən əvvəl müəllimdən dərs planını necə hazırladığını soruşun. Müşahidə zamanı dərsin gedişinin plana nə qədər uyğun gəlib-gəlmədiyini yoxlayın.

-  Yaxşı dərs nümunəsini əhatə edən, onun ən azı 10 xüsusiyyətini göstərən siyahı hazırlayın. 

-  Dərsdə müşahidə aparın və istifadəsini daha səmərəli hesab etdiyiniz metod və texnologiyaları qeyd edin. Bu barədə digər həmkarlarınızla müzakirə aparın.

- Məktəbdə çətin vəziyyətə düşən müəllimlərin işinin necə yoluna  qoyulduğuna dair misallar tapa bilərsinizmi? Onları dəftərinizə yazın.

- Bir neçə müəllimdən şagirdlərə verdikləri testlərin surətini sizə verməsini xahiş edin. Qiymətləndirmə baxımından bu testlərin məqsədi nə idi? Sizcə, onlar şagirdlərin öyrənmə prosesini gücləndirən bir vasitə hesab edilə bilərmi?

- Bir neçə dərsdə iştirak etdikdən sonra müəyyən testlər tərtib edin və sinif müəlliminin bu testlər barədə fikrini öyrənin. Əgər mümkün olarsa, müəllimin icazəsi ilə hazırladığınız testləri şagirdlərə təqdim edin və qiymətləndirmə apararaq nəticələri birgə müzakirə edin.

-  Şagirdlərə kiçik həcmli bir ev tapşırığı verin və onu yerinə yetirmiş uşaqlarla birgə müzakirə edin. Tapşırıq çox uzun idimi? Yaxşı yerinə yetirilibmi? Bu ev işindən şagirdlər nə öyrəndilər? Onlarda hansı ideyalar yaranıb?

- İcra olunmuş təhsil tədqiqatının nümunəsini əldə edin və təhlil edin.

- Nə üçün müəllimlər tədqiqat aparmalıdırlar və bu tədqiqat onların peşəkarlığının artmasına necə kömək edir?  Bu haqda fikirlərinizi esse şəklində yazın.

- Məktəbdə rast gəldiyiniz hadisələri və onlar barədə düşüncələrinizi əks etdirən gündəlik yazın. Bu hadisələrdən ən mühüm hesab etdiyiniz hadisəni araşdırmaq üçün hansı tədqiqat metodlarından istifadə edərsiniz?

- Bir neçə təcrübəli müəllimdən öz sinif otaqlarında kurikulumu necə hazırladıqlarını sizə izah  etmələrini xahiş edin. Onlar bu məsələdə şagirdlərlə məsləhətləşirlərmi?

- Fənyonümlü kurikulumla şəxsiyyətyönümlü kurikulumun fərqi nədir?  Məktəbdə bunların hansına üstünlük verilir? Siz hansına üstünlük verirsiniz?

- Məktəbdəki bəzi müəllimlərlə söhbət edib məktəb şurasının  iş prinsipini müəyyənləşdirməyə çalışın. Məktəb şurasının məktəbə nə kimi xeyri olmuşdur? Onun üzvləri hansı çətinliklərlə üzləşirlər?

- Təcrübəli müəllimlərlə məktəbin tədrislə əlaqədar məsələlərdə necə qərar qəbul etdiyi  haqqında söhbət edin. Bu sahədə hazırda hansı mövzular əhəmiyyətli sayılır?   

"Təhsilin əsasları" fənni ilə inteqrasiya olunmuş pedaqoji təcrübənin əldə edilməsi gözlənilən nəticələri.

Təcrübə müddətinin sonunda tələbələr:

- məktəb, məktəb qaydaları, məktəb kollektivi, təlim-tədris prosesləri haqqında məlumatlar əldə edirlər, məktəb mühitinə uyğunlaşaraq özlərini gələcək müəllim kimi hiss edirlər;

- uşaqlar haqqında, onların evdə və kənar yerlərdə, ilk dəfə düşdüyü mühitdə keçirdikləri hiss və həyəcanlar haqqında biliyə malik olurlar;

- uşaqların məktəb və müəllimlər haqqında düşüncələrini öyrənirlər;

- verilən biliyin praktik istiqamətinə üstünlük verməyi öyrənirlər;

- öyrətmənin müxtəlif strategiyaları ilə tanış olurlar;

- öyrətmədə oyunun rolunu və əhəmiyyətini dərk edirlər;

- təlimdə səmərəli ünsiyyət prosesinin yaradılmasının vacibliyini dərk edirlər;

- inklüziv təhsilin özəlliklərini başa düşürlər  və üsullarını mənimsəyirlər;

- uşaqların öz hüquqlarını bilmələrinin əhəmiyyətini dərk edirlər;

- təhsili və pedaqoji fəaliyyəti tənzimləyən normativ-hüquqi sənədlərlə tanış olur, bu sənədlərlə işləmək üzrə bacarıq və vərdişlər əldə edirlər;

- müəllimlər üçün standartların əhəmiyyətini dərk edirlər;

- müəllimin peşəkarlıq səviyyəsinin inkişafını davamlı bir proses kimi dərk edirlər, peşəkarlıq səviyyəsinin inkişafı yolları ilə tanış olub onları öz gələcək fəaliyyətlərində tətbiq edə bilirlər;

- liderlik qabiliyyətinin inkişaf etdirilməsinin yollarını mənimsəyirlər;

- məktəbin və tədris prosesinin təkmilləşdirilməsində müəllimin rolunu başa düşürlər;

- fənnin tədrisində innovasiyaların və yaradıcılığın vacibliyini dərk edirlər;

- təlim prosesinin iştirakçıları arasında qarşılıqlı fəaliyyəti - öyrənmə və idrak fəaliyyətini səmərəli təşkil etməyi,  idrak prosesinin səmərəliliyini yüksəltməyə təsir edən amilləri vahid bir məqsədə yönəltməyi, sinfin idarəolunmasına verilən tələbləri praktiki fəaliyyətdə tətbiq etməyi, müəllim-şagird münasibətlərini qarşılıqlı hörmət, tələbkarlıq və digər standartlar əsasında qurmağı, şagird yaradıcılığını dəstəkləməyi və inkişaf etdirməyi, bu məqsədlə müxtəlif təqdir etmə və rəğbətləndirmə metodlarından istifadə etməyi, sinifdə müsbət öyrənmə mühiti yaratmağı bacarırlar;

- məktəbdaxili intizam, geyim və davranış qaydalarına müvafiq olaraq fəaliyyət göstərməyi, müəllimlərlə və şagirdlərlə münasibətlər qurmağı, məsləhətçi müəllimlərə, metodiki birləşmələrin rəhbərlərinə yanaşmağı, onlardan faydalı məsləhətlər almağı, tədris prosesini uğurla qurmağı, şagirdlərin biliyini və özlərinin tədris təcrübəsini qiymətləndirməyi bacarırlar;

- dərsi planlaşdırmağın səmərəli yollarını və dərsin  ayrı-ayrı mərhələlərində nə etmək lazım olduğunu bilirlər;

- münasib tədris materiallarını seçməyi bacarırlar;

- öyrənmə prosesində sinfin tərtibatının əhəmiyyətini dərk edirlər, dərsin xüsusiyyətindən asılı olaraq sinifdəki mebellərin və digər avadanlıqların düzülüşünü dəyişdirməyi bacarırlar;

- sinifdə müxtəlif texnologiyalardan istifadə etməyi bacarırlar;

- qiymətləndirmənin mahiyyətini və şagird nailiyyətlərinə nəzarətin prinsiplərini mənimsəyir və tətbiq edə bilirlər;

- Azərbaycanda şagird nailiyyətlərinin qiymətləndirilməsinin yeni modeli ilə ənənəvi qiymətləndirmə  modelini müqayisə etməyi, obyektiv və ədalətli qiymət verməyi bacarırlar;

- şagirdin məktəbdənkənar fəaliyyətinə nəzarət etməyi və onu təşkil etməyi bacarır, məktəbdənkənar fəaliyyətin səmərəsini artırmaq üçün hansı tapşırıqlar verməyin xüsusiyyətlərini bilirlər;

- təhsil tədqiqatları və onların növləri haqqında biliklər əldə edirlər;

- tədqiqat prosesinin planlaşdırılması, icrası, monitorinqi və qiymətləndirilməsi  üçün bacarıq və vərdişlər əldə edirlər;

- ənənəvi didaktik sistemlərin sürətlə inkişaf edən həyatın tələblərinə cavab verməməsinin səbəblərini anlayırlar;

- Azərbaycanda yeni kurikulumların hazırlanma zərurətini dərk edirlər, kurikulumun hazırlanması və tərtibi üzrə bacarıqlar əldə edirlər, fənyönümlü və şəxsiyyətyönümlü kurikulumun mahiyyətini anlayır, onların oxşar və fərqli cəhətlərini müqayisə etməyi bacarırlar;

- məktəbdə idarəetmə fəaliyyətinin müxtəlif formaları ilə tanış olurlar;

- məktəbdə metodik işin təşkilinin əsas yollarını öyrənirlər.

Pedaqoji təcrübənin VIII semestrdə 12 həftə ərzində fasiləsiz olaraq həyata keçirilən mərhələsi yekun mərhələdir və onun əsas məqsədi təcrübəçi tələbə tərəfindən onun gələcəkdə  tam ştatlı müəllim və sinif rəhbəri kimi fəaliyyət göstərə bilməsi üçün bilik, bacarıq və vərdişlərin əldə edilməsidir. Bu mərhələdə əvvəlki semestrlərdə əldə edilmiş bilik, bacarıq və vərdişlərin inkişaf etdirilməsi ilə yanaşı, aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

- müəllimə xas olan əsas peşə funksiyalarını  yerinə yetirmək üçün kompleks bacarıqların əldə edilməsi;

- pedaqoji fəaliyyətin tam elmi mənzərəsini əks etdirən bacarıq və vərdişlərin formalaşdırılması;

- yeni pedaqoji təfəkkürün formalaşdırılması;

- təlim-tərbiyə proseslərini müvəffəqiyyətlə həyata keçirmək üçün peşə bilik və bacarıqlarının formalaşdırılması;

- ixtisas fənləri və bütün pedaqoji-psixoloji fənlər üzrə nəzəri biliklərin praktik tətbiqi üçün bacarıq və vərdişlərin əldə edilməsi;

- pedaqoji fəaliyyətə tədqiqatçı kimi yanaşma və yaradıcı pedaqoji fəaliyyət təcrübəsinin formalaşdırılması;

- özünütəhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsinin ilkin formalarının mənimsənilməsi;

- sosial peşəkarlığın formalaşdırılması və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi;

- sosiometrik metodların mənimsənilməsi və tətbiqi.

Son olaraq qeyd edək ki, bu vəzifələrin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq normativ-hüquqi baza yaradılmalıdır.

Aydın KAZIMZADƏ,
Bakı Dövlət Universitetinin
professoru, fizika-riyaziyyat
elmləri doktoru,

Hikmət ƏLİZADƏ,
Bakı Dövlət Universitetinin
professoru, pedaqoji elmlər doktoru

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
05 Mart 2010 - ¹09
F.Ə.Qasımovanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Erməni genosidi" mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Qəbələdə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş uşaq bağçası açılıb
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervordla görüşüb
 
Xarici ölkələrin ali məktəblərində azərbaycanlı tələbələrin təhsil alması üçün yeni imkanlar yaradılır
 
"BP-Azərbaycan" şirkəti ölkədə elm və təhsilin inkişafına yardım edir
 
Azərbaycanın uşaq və gənclər birliyi BMT mükafatına layiq görülüb
 
İstedadlı uşaqlar üçün informasiya bankı yaradılacaq
 
Təhsilin bütün pillələrində adambaşına düşən xərclər artıb
 
Əməkdaşlığa dair razılıq əldə olunub
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyində dərsliklərin hazırlanması ilə bağlı müşavirə keçirilib
 
Peşə təhsili üzrə Almaniya təcrübəsindən bəhrələnməyin əhəmiyyəti vurğulanıb
 
Təhsil naziri Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru ilə görüşüb
 
Qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib
 
Səfir ADU-nun qonağı olub
 
"Azərbaycanın elmi diasporu" layihəsi çərçivəsində İnternet portalı yaradılıb
 
Alimin 80 illik yubileyi qeyd edilib
 
Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib
 
Müəllim hazırlığına yeni yanaşmalar.  "Təhsilin əsasları" fənninin pedaqoji təcrübə ilə inteqrasiyası
 
"Ana dili" dərsliklərimizin tərtibi və nəşri tarixindən Təravətini saxlayan dərsliklər
 
Ölkəmizin bir qrup təhsil işçisi ABŞ-da "Məktəb liderliyi" layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib
 
İkiqat bayram sevinci
 
Ziyalı alim
 
"Müasir dərsə verilən tələblər" mövzusunda  "açıq dərs"
 
Vətənə, xalqa xidmət tədrisə münasibətdən başlanır
 
Daha bir məktəbdə Valideyn-Müəllim Assosiasiyası yaradıldı
 
Yeniyetmə rəssamlarımız beynəlxalq müsabiqələrdə uğur qazanırlar
 
Ənənəvi əl işləri sərgisi keçirilib
 
AMİ-də Ümumdünya Mülki Müdafiə gününə dair tədbir keçirilib
 
NDU-da yubiley tədbiri
 
Əlil və kimsəsiz uşaqlar üçün yeni layihə
 
Turnirin qalibləri mükafatlandırılıb
 
Tennis üzrə ölkə birinciliyi Şəkidə keçiriləcək
 
Şəhidlərin xatirəsinə həsr olunmuş respublika şahmat turniri
 
Basketbol üzrə respublika birinciliyi
 
Dünya universitetləri: Karnegi Mellon Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov