Azərbaycan Dillər Universitetinin rektoru,
millət vəkili, professor Səməd Seyidov Çin Xalq
Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri cənab Can Yannyan ilə
görüşüb. ADU haqqında qonağa məlumat verən
rektor Səməd Seyidov bu təhsil ocağında fransız,
ingilis, alman, italyan, ispan, ivrid, Koreya və
digər dillərin tədris olunduğunu bildirib.
Səfir Can Yannyan isə ADU-da olmağından
məmnunluğunu bildirib. O, vaxtilə öz ölkəsində
- Çində Dillər Universitetini bitirdiyini deyib
və bu baxımdan məhz Azərbaycan Dillər
Universitetində özünü yaxşı hiss etdiyini
söyləyib. Bildirib ki, vaxtilə təhsil aldığı
həmin universitetdə 36 dil tədris olunurdu
və onların içərisində türkdilli xalqların
dilləri də var idi.
Azərbaycanda 200-dən artıq çinli tələbənin
təhsil aldığını bildirən səfir Çin
universitetlərində də Azərbaycan dilinin tədris
olunmasına müsbət yanaşıb. Eyni zamanda
Azərbaycanın bir sıra ali təhsil ocaqlarının
Çinin müxtəlif universitetləri ilə
əlaqələrinin mövcudluğundan danışan Can Yannyan
deyib ki, ADU-da yaradılacaq Çin dili mərkəzi
ideyasının reallaşması və ADU ilə Çin
universitetlərinin əməkdaşlığı bu sahədə
atılmış müsbət bir addım olar.
Sonda səfir ADU-nun nəzdində yaradılmış
İnformasiya Resurs Kompleksi ilə də tanış olub.
Şakir CƏFƏROV |