| 
								
								Əgər mən yazıçı olub yazacağım bədii nəsr 
								əsərimin qəhrəmanını  seçərkən ideal obraz, 
								ideal insan və ideal alim axtarışına çıxası 
								olsaydım, təbii ki, onun prototipi daha çox 
								yaxından tanıdığım dostum, ləyaqətli insan, 
								istedadlı ədəbiyyatşünas, tənqidçi, filologiya 
								elmləri doktoru, professor Şamil Vəliyev olardı. 
								25 ildir ki, Şamili tanıyıram. Gəncliyində necə 
								idisə, eləcə də qalıb; təmkinli, məntiqli, 
								xoşsima, təvazökar, yoldaşa yanan, diqqətcil, 
								təəssübkeş və zəhmətkeş. Hansısa müdrik bir şəxs 
								yazarlar haqqında deyib: "Onlar Tanrı cəzasını 
								çəkənlərdir". Bu hikmətə əl gəzdirmədən - 
								bəzəksiz-düzəksiz demək olar ki, məhz Şamil 
								Allahın həmin bəndələrindəndir. Yaş fərqimizə 
								baxmayaraq, ötən illər ərzində çox səmimi 
								dostluq münasibətlərimiz olub. 80-ci illərin 
								ortalarında onunla ilk tanışlığımız mərhum 
								akademik Kamal Talıbzadənin iş otağında olub. 
								Hər ikimiz bu böyük alimlə  əlaqəli olan  
								tədqiqatlar üzərində işləyirdik.  
								
								Şərəfli, ziyalı alim ömrünün altıncı onilliyinə 
								inam və şövqilə, ən çoxu da məhəbbətlə qədəm 
								qoyan Şamil Vəliyevin alimlik fəaliyyəti mənim 
								gözlərim qarşısında keçib, - desəm, səhv etmiş 
								olaram. Artıq bu gün Azərbaycan Milli Elmlər 
								Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda 
								bir şöbədə çalışırıq. Şamil Vəliyev ədəbi 
								ictimaiyyət arasında istedadla deyilmiş  sözü, 
								xüsusi yeri olan ləyaqətli bir alim, ziyalı kimi 
								tanınır, sevilir və oxunur.  
								
								Ş.Vəliyev şəxsiyyət kimi də, təşkilatçı və alim 
								kimi də öz yerində olan, müsahibini diqqətlə 
								dinləyən, artıq-əskik söz və ifadələrə yol 
								verməyən, həll olunan məsələlərə tələsik 
								müdaxilə edib münasibət bildirməyən ziyalı alim, 
								böyük insandır. Şamilin 50 yaşı tamam olur. Elə 
								bil əlli ildir ki, o, səninlə dostluq edir. 
								20-25 il bundan əvvəl də Şamil müdrik ağsaqqal 
								kimi danışar, hərəkət edər, yol göstərərdi. Bu 
								gün Şamil Vəliyev  filologiya elmləri doktoru, 
								professor kimi ən böyük elm, təhsil məbədgahımız 
								olan Bakı Dövlət Universitetində Mətbuat tarixi 
								və ideoloji iş metodları kafedrasına rəhbərlik 
								edir. XXI əsrin yaxın gələcək dövrü üçün 
								istedadlı jurnalist kadrların hazırlanmasında 
								fəaliyyət göstərir.  
								
								Şamilin dosta, iş yoldaşına canıyananlığını, 
								elmə təəssübünü mən şəkər xəstəliyi ilə 
								döyüşə-döyüşə on ilə ərsəyə gətirdiyim doktorluq 
								dissertasiyamın necə diqqətlə oxunmasında və 
								şöbədə müzakirə olunarkən onun prinsipial 
								çıxışında görmüşəm. Bir ədəbiyyatşünas, tənqidçi 
								kimi onun erudisiyası, orijinal münasibətləri, 
								peşəkarlıqla söylədikləri tövsiyələri sonralar 
								digər müzakirələrdə müşahidə etməyim gənc alimi 
								gözlərim önündə birə-min ucaltdı.  
								
								Ötən əsrin onillikləri bir-birini sürətlə əvəz 
								etsə də, XXI əsrin ilk dövründə arxada qalan 
								ədəbi prosesi sərf-nəzər etdikdə deyilənlərlə 
								razılaşırsan ki, XX əsrin əvvəlləri əhəmiyyətli 
								bir mərhələ kimi həmişə ədəbiyyatşünasların  
								qarşısında ciddi elmi-ictimai maraq doğurmuş, 
								haqlı olaraq intibah illəri kimi yaddaşlarda 
								qalmışdır. Filologiya elmləri doktoru, professor 
								Şamil Vəliyev bəlkə də elmi yaradıcılığının 
								böyük bir hissəsini məhz özü bilərəkdən həmin 
								illərə sərf etmişdi. Alim sanki tədqiqat 
								aparacağı dövrdə olan boşluğu görmüş, hələ 
								vaxtilə demişdir: "Həmin dövrlə əlaqədar bu və 
								ya digər yaradıcı şəxsiyyət, fakt, hadisə, 
								problem, ədəbiyyat, mətbuat orqanı, 
								nəzəri-estetik keyfiyyət, hər hansı bir bədii 
								sənətkarlıq elementi və s. konkret şəkildə 
								öyrənilsə də, ədəbi mühit və yaxud müəyyən ədəbi 
								məktəbi-hərəkatı bütöv şəkildə əks etdirən elmi 
								əsərlər yox dərəcəsindədir". Təbii ki, bu 
								düşüncədə olan gənc tədqiqatçı alim görəcəyi 
								işləri çox götür-qoy etdikdən, həm də akademik 
								Kamal Talıbzadə kimi ustaddan tövsiyə aldıqdan 
								sonra çox ciddi araşdırmalara girişmiş "Füyuzat 
								ədəbi məktəbi" (Bakı, "Elm", 1999), "XX əsr 
								Azərbaycan ədəbi tənqidində poeziya problemləri 
								(1895-1917)" monoqrafiyalarını uzun illərin 
								gərgin axtarışlarından sonra ədəbi-elmi 
								ictimaiyyətin ixtiyarına vermişdir.  
								
								Bəli, Şamil Vəliyevin elmi tədqiqatla məşğul 
								olduğu dövr əsasən XX əsrin əvvəllərinə təsadüf 
								edir. Ən önəmli cəhət isə ədəbiyyatımızın və 
								mədəniyyətimizin ağrılı yeri olan, on illərlə 
								öyrənilməsi yasaq olunmuş "Füyuzat" jurnalının 
								elmi araşdırmaları ilə bağlı apardığı 
								fundamental tədqiqatlar olmuşdur. Kommunist 
								ideologiyasının kəsəkəs vaxtlarında Əlibəy 
								Hüseynzadənin, Əhməd bəy Ağayevin nəinki 
								əsərlərinin məziyyətləri, heç onların adlarını 
								da dilə gətirmək hər kişinin işi deyildi. Bütün 
								qadağalara baxmayaraq, akademik Kamal Talıbzadə 
								o illər heç kimdən, heç nədən qorxmadan onlar 
								haqqında fikirlərini biz yetişdirmələrinə 
								bildirərdi. Sevimli tələbəsi Şamil Vəliyevə bu 
								mövzunun işləməsini etibar etməsi də akademikin 
								illərlə qəlbində qövr edən yaraların sağalacağı 
								ümidləri ilə bağlı idi. Yaxşı yadımdadır, o 
								illər Şamillə ən çox Mərkəzi Kitabxanada 
								rastlaşardıq. Gəncliyimizə baxmayaraq, arxiv 
								materiallarının saatlarla səbr və dözümlə 
								nəzərdən keçirilməsi üzümüzü bozartmış, 
								gözlərimizin altının tulumunu böyütmüşdü. 
								Beş-altı saatdan bir hava almaq üçün Sahil 
								bağına çıxanda Şamil yorğunluğuna baxmayaraq, 
								təbəssümlə deyərdi ki, "ədəbiyyatın yolu 
								çətindir, ağırdır, təzadlar, iztirablarla 
								doludur. Burada aldanış da, səhv də var, itki də, 
								uğur da, faciə də, əfsanəvi Səməndər quşu tək 
								yenidən dirilmək xoşbəxtliyi də... Əsl ədəbiyyat 
								adamı olmaq üçün yalnız elm, savad, bilik 
								yetərli deyil, gərək həm də onun qayğılarına 
								ömür-gün sərf edəsən, onun qanunları ilə 
								yaşayasan".  
								
								İstedadlı ədəbiyyatşünasın bu əsərləri az müddət 
								ərzində nəinki bütün həmvətənlərimiz arasında, 
								hətta intellektual "çevrənin adamları üçün 
								qiymətli mənbə" rolunu oynadı. "Füyuzat ədəbi 
								məktəbi" monoqrafiyasına ön sözdə akademik Kamal 
								Talıbzadə yazır: "Onun Nizami adına Ədəbiyyat 
								İnstitutuna gəldiyi ilk günlər xatirimdədir. 
								Özüm üçün doğma olan elm-sənət ocağına onun 
								müqəddəs bir məbədgah kimi baxması, sadə 
								davranışı, saf, təmiz ünsiyyyəti, yüksək 
								mədəniyyəti ilə yanaşı, elmi-nəzəri hazırlığı və 
								intellektual yetkinliyi diqqətimi çəkdi. Elə 
								buna görə də onun tənqid tarixi və nəzəriyyəsi 
								ilə məşğul olmasını tövsiyə etdim".  
								
								Qarşımdakı digər kitablara nəzər yetirirəm. 
								Tanınmış ədəbiyyatşünas alim, professor 
								Nizaməddin Şəmsizadə haqqında yazdığı "Azərbaycanşünas 
								alim" (Bakı, "Elm", 2004) və filologiya elmləri 
								doktoru "Əflatun Saraclı" (1996) əsərləri də 
								Şamil Vəliyevin müasirlərinə diqqət və 
								qayğısından, onlara məhəbbətindən, elmi 
								təəssübkeşliyindən irəli gələn məsələlərdir. 
								Şamil Vəliyevin "XX əsr Azərbaycan ədəbi 
								tənqidində poeziya problemləri (1895-1917)" 
								monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığının 
								nəzəri metodoloji əsaslarını möhkəmlətmək, 
								ideya-bədii axtarışlar təcrübəsini öyrənmək 
								baxımından milli ədəbiyyatımızın gələcək 
								tədqiqatçılarına çox lazım olacaq qiymətli 
								məxəzdir.  
								
								Sizi irəlidə çox onilliklər, yeni-yeni 
								yaradıcılıq uğurları, elmin açılmamış 
								səhifələrini araşdırmaq gözləyir. Yolun uğurlu 
								olsun! 50 yaşın mübarək, əziz dostum!  
								
								
								Baba BABAYEV, filologiya elmləri namizədi, dosent, Azərbaycan
 Müəllimlər İnstitutunun
 aspirantura və magistratura şöbəsinin müdiri
 |