(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli oxucular, bu məqalədə Təhsil
Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının
Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO)
ilə təhsil sahəsində əlaqələri, həyata keçirilən
birgə layihə və proqramlar barədə fikirlərimi
sizinlə bölüşəcəyəm.
YUNESKO BMT-nin ixtisaslaşmış qurumu kimi Təhsil
Nazirliyinin uğurla əməkdaşlıq etdiyi
tərəfdaşlardan biridir. Bu təşkilatla əməkdaşlıq
razılaşdırılmış ikitərəfli proqramlar və birgə
layihələr vasitəsilə həyata keçirilir. Bu isə o
deməkdir ki, YUNESKO ilə əməkdaşlıq həm bu
təşkilatın dünyada həyata keçirdiyi universal
proqramları, həm də Azərbaycanda təhsilin bu və
ya digər sahələri ilə bağlı layihələri əhatə
edir.
YUNESKO ilə əməkdaşlığın istiqamətlərindən biri
"Təhsil hamı üçün (THÜ)" Proqramı ilə bağlıdır.
1998-ci ildə YUNESKO-nun Daşkənddə keçirilən
tədbirindən sonra Azərbaycan bu proqrama cəlb
olunmuşdur. 1999-cu ilin mayında Nazirlər
Kabineti THÜ üzrə milli qiymətləndirmənin həyata
keçirilməsi qaydalarını təsdiq etmiş, Proqramın
həyata keçirilməsi üçün Təhsil, İqtisadi İnkişaf,
Maliyyə, Gənclər və İdman, Mədəniyyət və Turizm,
Daxili İşlər, Kənd Təsərrüfatı, Əmək və Əhalinin
Sosial Müdafiəsi, Səhiyyə və Müdafiə
nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti,
Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət
Statistika Komitəsinin nümayəndələrindən ibarət
işçi qrupu yaradılmış, milli koordinator təyin
edilmişdi. İşçi qrupu Təhsil Nazirliyinin
təşkilati rəhbərliyi altında fəaliyyət
göstərirdi.
Proqram çərçivəsində 18 göstəriciyə əsasən
qiymətləndirmə aparılmış, Azərbaycan üzrə Milli
hesabat Azərbaycan və ingilis dillərində
hazırlanmış, 2000-ci ilin yanvarında Tailandın
paytaxtı Bankonqda YUNESKO-nun regional təhsil
forumunda təqdim edilmişdir. Həmin ilin mayında
isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin
nümayəndə heyəti YUNESKO tərəfindən THÜ ilə
əlaqədar Dakar şəhərində keçirilən Dünya Təhsil
Forumunda iştirak etmişdir. Həmin forumda "Təhsil
hamı üçün-2015" Proqramı qəbul edilmiş,
dövlətlərin təhsil sistemləri qarşısında konkret
hədəflər müəyyənləşdirilmişdir.
YUNESKO-nun digər ölkələrdə də həyata keçirdiyi
bu Proqramın əsas məqsədi hər bir ölkədə
təhsilin gələcək inkişaf prioritetlərini müəyyən
etmək və THÜ-nün məqsədlərinin uğurla həyata
keçirilməsinə zəmin yaratmaqdır. Azərbaycan üzrə
hazırlanmış hesabat məktəbəqədər, xüsusilə də
ümumi orta təhsil sahəsində həyata keçiriləcək
islahatların əsas istiqamətlərini
müəyyənləşdirmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası
Təhsil Nazirliyi nümayəndə heyətinin 7-13 dekabr
1998-ci il tarixlərində Fransaya səfəri zamanı
YUNESKO-nun Baş katibi Federiko Mayor ilə
görüşünün və təhsil sahəsində əməkdaşlığın
perspektivləri barədə aparılmış müzakirələrin
Təhsil Nazirliyi ilə YUNESKO arasında
əməkdaşlığın daha işgüzar və səmərəli xarakter
almasında xüsusi rolu olmuşdur.
Təhsil sahəsində əməkdaşlıq çərçivəsində
bilavasitə YUNESKO-nun dəstəyi ilə 1999-cu ildə
Azərbaycanın 2 ali məktəbində kafedralar
yaradılmışdır ki, həmin kafedralar "YUNESKO
kafedraları" adlandırılır. Bunlar Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında yaradılan İnsan
hüquqları, demokratiya və sülh kafedrası və
Azərbaycan Dillər Universitetində yaradılan
Tərcümə elmləri kafedrasıdır. Bu kafedralar
bilavasitə ali təhsilin keyfiyyətinin
yüksəldilməsinə, Azərbaycan ali təhsilinin
beynəlxalq təhsil sisteminə inteqrasiyasına
zəmin yaradır.
YUNESKO-nun beynəlxalq səviyyədə həyata
keçirdiyi layihələrdən biri də İnformasiya və
kommunikasiya texnologiyaları (İKT) layihəsidir.
İKT-nin sürətlə inkişafı, onun təhsildə rolu və
əhəmiyyəti, qabaqcıl ölkələrin bu sahədə əldə
etdiyi nailiyyətlərin bütün regionlarda və
ölkələrdə yayılması və tətbiqi zərurəti YUNESKO-nun
diqqətindən kənarda qalmamışdır Bu sahədə
dünyada nəzərəçarpan məsələlər onunla bağlıdır
ki, təhsil nazirlikləri, təhsil sahəsində qərar
qəbul edən şəxslər İKT sahəsində baş verən bu
sürətli dəyişikliklərdən öz təhsil sistemlərinin
yararlanması üçün konkret mexanizmə malik
deyildirlər.
Təsadüfi deyildir ki, 2000-ci ilin aprelində
Dakarda keçirilmiş Dünya Təhsil Forumunda təmsil
olunan dövlətlər, o cümlədən Azərbaycan digər
öhdəliklərlə yanaşı, informasiya və
kommunikasiya texnologiyalarından istifadə, ən
geci 2002-ci ilə qədər bu sahədə Milli tədbirlər
planının hazırlanması sahəsində öhdəliklər
götürmüşdü. İKT-nin təhsildə tətbiqi həmin
planların tərkib hissəsi olmalı idi.
Bu məqsədlə 2001-ci ildə YUNESKO tərəfindən "YUNESKO-nun
yeni informasiya və kommunikasiya
texnologiyaları və təhsil proqramı" adlı
strategiya da hazırlanmışdı. Həmin strategiyada
2002-2003-cü illər üçün təşkilatın fəaliyyətinin
iki prioritetindən birinin təhsilin, elmin və
mədəniyyətin inkişafında yeni informasiya və
kommunikasiya texnologiyalarının rolu ilə bağlı
olduğu bəyan edilmişdi.
Məhz YUNESKO-nun Təhsildə İnformasiya
Texnologiyaları İnstitutu üzv ölkələrdə
informasiya və kommunikasiya texnologiyalarının
təhsilin bütün pillələrində tətbiqinə kömək
göstərmək məqsədilə 26-28 aprel və 29-30 iyun
2002-ci il tarixlərində Moskva şəhərində
seminarlar təşkil etmişdi. Bu seminarlarda
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
nümayəndə heyəti də iştirak etmişdi.
Seminarların başlıca məqsədləri aşağıdakılardan
ibarət idi:
-təhsildə informasiya və kommunikasiya
texnologiyalarının tətbiqi ilə bağlı məsələləri
müzakirə etmək;
-müxtəlif ölkələrin bu sahədəki təcrübə və
yanaşmaları ilə tanış olmaq, dünyada inkişaf
tendensiyasını müşahidə etmək;
-iştirakçıları İKT-nin tətbiqi sahəsində milli
siyasətin hazırlanması strategiyaları üzrə ideya
və tövsiyələrlə tanış etmək.
Qeyd etmək lazımdır ki, məhz götürülmüş
öhdəliklərin yerinə yetirilməsi istiqamətində
Azərbaycanda İKT üzrə Milli Strategiya qəbul
olundu və 2004-cü ildə ölkə Prezidenti
tərəfindən Dövlət Proqramı təsdiq edildi,
2008-ci ildən başlayaraq isə bütün səviyyələrdə
və pillələrdə təhsilin informasiyalaşdırılması
istiqamətində əhəmiyyətli addımlar atıldı.
YUNESKO ilə əməkdaşlıq çərçivəsində həyata
keçirilən uğurlu layihələrdən biri də Assosiativ
Məktəblər Layihəsidir (AML). 1953-cü ildən
həyata keçirilməyə başlanmış bu layihə YUNESKO-nun
nizamnaməsində qeyd olunan təhsil, elm və
mədəniyyət vasitəsilə millətlər arasında
əməkdaşlığın gücləndirilməsinə, sülh və
təhlükəsizliyin möhkəmləndirilməsinə yardım
məqsədi daşıyır. Assosiativ Məktəblər
şəbəkəsinin başlıca məqsədi pilot layihələr
vasitəsilə dünyanın hər yerində sülh mədəniyyəti
və dözümlülüyün təbliğ edilməsində məktəblərin
rolunun gücləndirilməsidir. İştirakçı məktəblər
arasında əməkdaşlıq əlaqələrinin yaradılması,
tədris materialları, müəllim və tələbə
mübadiləsi məsələləri də bu şəbəkənin tərkib
hissəsidir.
AML milli, regional və beynəlxalq səviyyələrdə
həyata keçirilir. Milli səviyyədə YUNESKO üzrə
Milli komissiyalara və təhsil nazirliklərinə
sülh mədəniyyəti və dözümlülüklə bağlı yeni və
əlverişli tədris üsullarının tətbiqi sahəsində
şəbəkə yaratmaq təklif olunur.
Regional səviyyədə təhsil sahəsində layihələr,
təşəbbüslər və tədbirlər (regional seminarlar,
milli əlaqələndiricilər səviyyəsində tədbirlər
və sair) daxil olmaqla fəaliyyət planı tərtib
olunur.
Beynəlxalq səviyyədə AML şəbəkəsində informasiya
mübadiləsi, məktəblər arasında həmrəyliyin
yaradılması və qarşılıqlı münasibətlərin
dəstəklənməsi, habelə beynəlxalq pilot
layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Assosiativ məktəblər tədris üsullarının və
materiallarının təkmilləşdirilməsi sahəsində
beynəlxalq layihələrdə iştirak edirlər. Hazırda
bu məktəblər dünyanın bütün regionlarını əhatə
edir. Onlar həm şəhər, həm də kəndlərdə
mövcuddur. Eyni zamanda AML şəbəkəsinə uşaq
bağçaları, texniki peşə məktəbləri və pedaqoji
ali məktəblər də daxil ola bilərlər.
Azərbaycan məktəbləri YUNESKO-nun bu layihəsinə
2000-ci ildən fəal surətdə qoşulmuşlar. Hazırda
Azərbaycanın 18 təhsil müəssisəsi AML şəbəkəsinə
daxildir. Bu tədris müəssisələrində layihə ilə
işləmək üçün xüsusi əlaqələndiricilər təyin
olunmuşdur ki, onlar da şəbəkə çərçivəsində
işlədikləri təhsil müəssisəsində bu işə
rəhbərlik etməklə yanaşı, müəllim və şagirdləri
YUNESKO-dan alınmış materiallarla tanış edirlər.
2000-ci ilin sentyabrında YUNESKO-nun
nümayəndəsinin iştirakı ilə Bakıda AML-ə daxil
olan məktəblər üçün seminar təşkil edilmişdir.
Azərbaycanda AML şəbəkəsinə qoşulmuş məktəblərin
şagird və müəllimləri regional və beynəlxalq
tədbirlərdə respublikanı layiqincə təmsil
edirlər. 2004-cü il mayın 12-dən 14-dək Bakı
şəhərində YUNESKO-nun maliyyə dəstəyi ilə AML
şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin
koordinatorlarının "Təhsilin keyfiyyəti
təcrübədə" mövzusunda beynəlxalq seminar
keçirilmişdir. Tədbirdə Avstriya, Almaniya,
Fransa, Rusiya və Gürcüstandan, eləcə də YUNESKO
katibliyindən nümayəndələr iştirak etmişlər.
2003-cü ilin oktyabrından başlayaraq
respublikamızın AML şəbəkəsinə qoşulmuş
ümumtəhsil məktəbləri YUNESKO-nun təşkil etdiyi
"Mondialoq" layihəsində iştirak edirlər. 2004-cü
il sentyabrın 17-dən 20-dək İspaniyanın
Barselona şəhərində "Mondialoq" üzrə keçirilmiş
simpoziumda Bakı şəhəri 220 nömrəli məktəbin
"Dream" komandası Nigeriyanın Laqos Kankom
Kollecinin "Lasmok" komandası ilə birlikdə
təqdim etdikləri "Kontinental oyun" layihəsi
münsiflər heyəti tərəfindən yüksək
qiymətləndirilmiş, hər iki komandaya birinci
dərəcəli diplom və pul mükafatı verilmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, 2004-cü ildə
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın
YUNESKO-nun xoşməramlı səfiri adına layiq
görülməsi və həmin ilin sentyabrında bu fəxri
adın verilməsi ilə bağlı YUNESKO-nun
Qərargahında xüsusi mərasimin keçirilməsi,
ölkəmizin YUNESKO ilə əlaqələri, xüsusilə təhsil
sahəsində əməkdaşlığında yeni mərhələnin
başlanğıcı olmuşdur. Məhz bundan sonrakı illərdə
həmin təşkilatla Azərbaycan arasında əməkdaşlıq
əlaqələri, xüsusilə təhsil sahəsində əməkdaşlıq
daha intensiv xarakter almışdır.
2005-ci ilin 15 sentyabrında Azərbaycan
Respublikasının Prezidenti "YUNESKO üzrə
Azərbaycan Respublikasının Milli Komissiyası ilə
bağlı əlavə tədbirlər haqqında" xüsusi sərəncam
imzalamışdır. Sərəncamla YUNESKO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyasının yeni
tərkibi müəyyən edilmiş, təhsil naziri müxtəlif
nazirlik, komitə və digər dövlət qurumlarının
rəhbərlərindən ibarət 17 nəfərin daxil olduğu
Milli Komissiyasının sədr müavini təyin olunmuş,
bu sərəncam Təhsil Nazirliyinin YUNESKO ilə
əməkdaşlığının daha da genişlənməsi üçün əlavə
imkanlar yaratmışdır.
Texniki peşə təhsilinin inkişafı layihəsi.
2005-ci ilin martında Təhsil İslahatlarına
Yardım Mərkəzi YUNESKO-nun maliyyə və ekspert
dəstəyi ilə Azərbaycanda texniki peşə təhsili
üzrə seminar keçirdi. Tədbirdə YUNESKO Baş
direktorunun təhsil üzrə müavini Piter Smit,
təşkilatın Moskva ofisinin mütəxəssisləri və
xarici ekspertlər də iştirak edirdilər.
Seminarda Azərbaycanda texniki peşə təhsilinin
inkişaf perspektivləri, eyni zamanda YUNESKO Baş
direktorunun Azərbaycana səfəri zamanı
imzalanması nəzərdə tutulan qarşılıqlı anlaşma
memorandumuna müvafiq sahə üzrə daxil ediləcək
əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdu.
2006-cı ilin 19-20 dekabr tarixlərində Bakı
şəhərində "UNEVOC (Texniki və peşə təhsili və
təlim üzrə beynəlxalq mərkəz) şəbəkəsi
vasitəsilə peşə təhsilinin inkişafı" mövzusunda
beynəlxalq seminar keçirilmişdir. Seminarda
UNEVOC təşkilatının rəhbəri, YUNESKO-nun
Moskvadakı Regional Bürosunun nümayəndəsi,
Rusiya, Belarus və Gürcüstandan olan
mütəxəssislər iştirak etmişdilər. Seminarın
məqsədi texniki peşə təhsilinin vəziyyəti və bu
sahədə mövcud olan problemlərin müzakirəsi, eyni
zamanda peşə təhsili sahəsində islahatların
həyata keçirilməsində YUNESKO-nun və UNEVOC
təşkilatının konkret rolu və potensial yardım
imkanlarının müəyyənləşdirilməsi idi.
2007-ci il iyunun 18-də Azərbaycan Respublikası
hökuməti və Heydər Əliyev Fondu ilə YUNESKO
arasında "Azərbaycanda peşə təhsilinin
təkmilləşdirilməsi" layihəsinin həyata
keçirilməsi haqqında Saziş imzalanmışdır.
Layihənin əsas məqsədi peşə təhsili sahəsində
mehmanxana xidməti, turizm, informasiya və
kommunikasiya texnologiyaları, ingilis dili üzrə
müasir tələblərə cavab verən yeni kurikulumların
və dərs vəsaitlərinin hazırlanması, texniki peşə
təhsili üzrə kadrların ixtisasartırma və təlim
resurs mərkəzinin yaradılmasıdır.
Layihəyə əsasən Təhsil Problemləri İnstitutunun
tərkibində Texniki Peşə Təhsili Mərkəzi
yaradılmış, müasir avadanlıqlarla təchiz
edilmişdir. Mehmanxana inzibatçısı və kompüter
üzrə operator ixtisasları üzrə müasir
kurikulumların hazırlanması məqsədilə beynəlxalq
və yerli ekspertlərin iştirakı ilə 2009-cu il
10-11 mart və 6-9 iyun tarixlərində seminarlar
keçirilmiş, kurikulumların ilkin variantı
hazırlanmışdır. Yeni kurikulumlar əsasında
müasir tipli dərsliklər hazırlanmış, tərcümə
edilmiş və qiymətləndirilmə üçün YUNESKO-nun
Moskva ofisinə göndərilmişdir. Layihə
çərçivəsində texniki peşə təhsilinin
təkmilləşdirilməsi üzrə 2010-cu ildə Bakı
şəhərində beynəlxalq konfransın keçirilməsi də
planlaşdırılmışdır.
İnklüziv təhsil layihəsi. Azərbaycan hökuməti
tərəfindən təsdiq olunmuş "Xüsusi qayğıya
ehtiyacı olan uşaqların təhsilinin təşkili üzrə
İnkişaf Proqramı"nın icrası istiqamətində Təhsil
Nazirliyinin YUNESKO ilə birgə layihəsi 2005-ci
ildən başlanmış, Bakı və Sumqayıt şəhərlərində
iki məktəbi və iki uşaq bağçasını əhatə etmişdir.
Layihə Təhsildə İslahatlara Yardım Mərkəzi və
UAFA qeyri-hökumət təşkilatlarının yaxından
iştirakı ilə həyata keçirilir.
Təhsil Nazirliyi və YUNESKO-nun həyata keçirdiyi
layihənin əhatə etdiyi təhsil müəssisələrində
əlverişli təlim və inkişaf mühiti yaradılmış,
təhsil müəssisələrinə zəruri avadanlıqlar, o
cümlədən uşaqların problemlərinə müvafiq xüsusi
vasitələr (aparatlar, cihazlar, əlil arabaları
və sair) alınmışdır. Bu layihə çərçivəsində ilk
dəfə olaraq inklüziv təhsilə həsr olunmuş xüsusi
veb-sayt yaradılmış, müəllimlər və valideynlər
üçün vəsaitlər hazırlanmış və nəşr edilmişdir.
Layihə çərçivəsində 12-13 iyun 2006-cı il
tarixlərində Bakıda "Azərbaycanda inklüziv
təhsil təcrübəsi" mövzusunda beynəlxalq konfrans
keçirilmişdir. Bu, Azərbaycanın təhsil tarixində
inklüziv təhsilə həsr olunmuş ilk beynəlxalq
tədbir idi. Konfransın əsas məqsədi Azərbaycanda
inklüziv təhsil üzrə həyata keçirilən
layihələrin nəticələrini müzakirə etmək,
həmçinin bu sahədə səmərəli siyasətin
hazırlanması ilə bağlı məsələləri həll etmək idi.
YUNESKO ilə əməkdaşlığın inkişafında qarşılıqlı
səfərlərin xüsusi rolu olmuşdur. Belə ki, 5-9
iyul 2005-ci il tarixlərində YUNESKO
rəhbərliyinin dəvəti ilə Azərbaycan Respublikası
Təhsil Nazirliyinin nümayəndə heyəti Parisdə
səfərdə olmuşdur. Səfərin məqsədi YUNESKO-da
keçirilən "Davamlı gələcək üçün Azərbaycanda
təhsil islahatları" mövzusunda Azərbaycana həsr
olunmuş konfransda iştirak etmək, YUNESKO-nun
Baş direktoru Koişiro Matsuuranın Azərbaycana
səfəri zamanı imzalanacaq Memoranduma daxil
ediləcək prioritetləri müzakirə etmək olmuşdur.
Qeyd etmək lazımdır ki, YUNESKO-nun tarixində
ayrıca bir ölkəyə həsr olunmuş belə bir konfrans
ilk dəfə məhz Azərbaycanla bağlı keçirilmişdir.
Səfər zamanı YUNESKO-nun Baş direktoru Koişiro
Matsuura nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanda ölkə Prezidenti cənab İlham
Əliyev tərəfindən həyata keçirilən
inkişafyönümlü tədbirlərdən danışılmış, YUNESKO
- Azərbaycan əlaqələrinin intensiv inkişafı
diqqətə çatdırılmış, ölkədə təhsil sahəsində
aparılan islahatlar, YUNESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın təhsilin
inkişafı ilə əlaqədar həyata keçirdiyi
proqramlar barədə məlumat verilmişdir.
YUNESKO-nun Baş direktoru Koişiro Matsuura
Azərbaycanla əlaqələrin, xüsusilə təhsil
sahəsində əlaqələrin son illərdə xeyli inkişaf
etdiyini vurğulamış, ölkə Prezidenti cənab İlham
Əliyevin bu əməkdaşlığın inkişafında xidmətini
xüsusi qeyd etmiş, xoşməramlı səfir Mehriban
xanım Əliyevanın Azərbaycan mədəniyyətinin,
milli dəyərlərinin təbliği istiqamətində uğurlu
fəaliyyətini diqqətə çatdırmış, rəhbərlik etdiyi
təşkilat tərəfindən gələcəkdə də Azərbaycanla
bağlı layihələrin həyata keçiriləcəyini
bildirmişdir.
İyulun 6-da Azərbaycana həsr olunmuş konfrans öz
işinə başlamışdır. Konfransda YUNESKO Baş
direktorunun müavini Piter Smit, təşkilatın
təhsil sektorunun, onun şöbələrinin rəhbərləri
və bütün əməkdaşları, üzv ölkələrin təşkilatdakı
nümayəndələri, təhsil üzrə beynəlxalq
ekspertlər, Azərbaycanın Fransadakı səfirliyinin
və Azərbaycan diasporunun nümayəndələri iştirak
etmişlər.
Konfransda "Azərbaycan təhsil sistemi: real
vəziyyət, problemlər və islahat istiqamətləri"
mövzusunda geniş məruzə edilmişdir. Məruzə
Azərbaycanın təhsil tarixi, keçid dövrünün
problemləri, təhsil pillələri, Təhsil
Nazirliyinin beynəlxalq əlaqələri, xüsusilə
YUNESKO ilə əməkdaşlığı, Azərbaycanda aparılan
təhsil islahatları üzrə həyata keçirilən
tədbirlər və sair məsələlər olmaqla ölkə
təhsilinin bütün məqamlarını əhatə etmişdir.
Nümayəndə heyətinin üzvləri "Azərbaycanda ümumi
orta təhsilin inkişafı: əsas xüsusiyyətlər və
perspektivlər", "Azərbaycanın ali təhsil
sistemində islahatlar" mövzusunda çıxışlar
etmişlər. Bütün çıxışlar konfrans iştirakçıları
tərəfindən böyük maraqla qarşılanmışdır.
İyulun 7-də və 8-də nazirliyin nümayəndə heyəti
YUNESKO-nun təhsil sektoruna daxil olan orta və
texniki peşə, ali təhsil, təhsilin keyfiyyəti,
erkən yaş dövründə uşaqların inkişafı, inklüziv
və xüsusi qayğıya ehtiyacı olan uşaqların
təhsili, təhsil siyasəti və strategiyası
departamentlərində görüşlər keçirmişdir.
Görüşlərdə YUNESKO ilə əməkdaşlıq Memorandumuna
daxil ediləcək prioritetlər müzakirə olunmuş,
konkret təkliflər irəli sürülmüşdür.
YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın
23-26 avqust 2005-ci il tarixlərində Azərbaycana
səfərini ölkəmizlə YUNESKO arasında təhsillə
bağlı əməkdaşlığın daha da dərinləşməsində
xüsusi mərhələ kimi qiymətləndirmək olar. Belə
ki, bu səfər zamanı Azərbaycanda təhsilin
inkişafına həsr olunmuş "YUNESKO - Azərbaycan:
gələcəyə körpü" adlı ikinci beynəlxalq konfrans
keçirilmişdir.
Konfrans zamanı Azərbaycan Respublikası Təhsil
Nazirliyi və YUNESKO arasında təhsil sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumu
imzalanmışdır. Memoranduma əsasən aşağıdakı
prioritet sahələr üzrə əməkdaşlıq nəzərdə
tutulmuşdur:
-keyfiyyətli təhsilə bərabər imkanların
yaradılması;
-təhsilin strateji planlaşdırılması və
idarəolunması;
-təhsilin bütün pillələrində müəllimlərin
ixtisasının artırılması və kurikulumun inkişafı
vasitəsilə keyfiyyətin təmin olunması;
-texniki peşə təhsilinin təkmilləşdirilməsi;
-təhsildə informasiya və kommunikasiya
texnologiyalarının tətbiqi.
Anlaşma Memorandumuna əsasən təhsil siyasətinin
hazırlanması məqsədilə birgə işçi qrupunun
yaradılması nəzərdə tutulmuş, Azərbaycan
Respublikası Təhsil Nazirliyi və YUNESKO-nun
nümayəndələrindən ibarət İşçi qrupu
yaradılmışdır. Eyni zamanda əməkdaşlıq haqqında
Qarşılıqlı Anlaşma Memorandumunda nəzərdə
tutulan müddəaların həyata keçirilməsi məqsədilə
birgə tədbirlər planı da hazırlanmışdır.
Onu da qeyd etmək lazımdır ki, beynəlxalq
konfransın materialları əsasında Təhsil
Nazirliyi tərəfindən xüsusi kitab hazırlanmış,
Azərbaycan və ingilis dillərində nəşr
olunmuşdur.
2006-cı ilin 18 dekabr tarixində YUNESKO-nun
maliyyə və ekspert dəstəyi ilə "Azərbaycanın ali
təhsil müəssisələrində kredit sisteminin
tətbiqi" mövzusunda Milli seminar keçirilmişdir.
Seminarda kredit sisteminin tətbiqi ilə əlaqədar
görülmüş işlər, əldə edilən nəticələr, nəzərdə
tutulan perspektivlər müzakirə edilməklə yanaşı,
YUNESKO-nun dəstəyi ilə seminarda iştirak edən
təcrübəli beynəlxalq ekspertlərin tövsiyələri
nəzərə alınmaqla bu sahədə gələcək fəaliyyətin
təşkili istiqamətləri müəyyənləşdirilmişdir.
YUNESKO ilə əməkdaşlıq çərçivəsində həyata
keçirilmiş ən mühüm tədbirlərdən biri 14-16 may
2008-ci il tarixlərində Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban Əliyevanın
təşəbbüsü ilə Bakıda keçirilmiş YUNESKO-nun
Dünyada Savadlılığın dəstəklənməsi üzrə Regional
Konfrans olmuşdur. Bakıda keçirilən bu regional
konfrans qlobal savadlılığın dəstəklənməsi
məqsədilə dünyanın ayrı-ayrı regionlarında
keçirilməsi nəzərdə tutulan altı silsilə
konfransdan sayca beşincisi olmuşdur. Konfransda
dünyanın 30-dan çox ölkəsinin 200-dək təhsil
eksperti və nümayəndəsi iştirak etmişdir.
Ərəb ölkələrini əhatə edən I regional konfrans
2007-ci ilin martında Qətərin paytaxtı Dohada,
Şərqi və Cənub-Şərqi Asiya bölgəsini əhatə edən
II konfrans 2007-ci ilin avqustunda Çin Xalq
Respublikasının paytaxtı Pekində, Afrika
bölgəsini əhatə edən III konfrans 2007-ci ilin
sentyabrında Malidə, Cənub və Cənub-Qərbi Asiya
bölgəsini əhatə edən IV konfrans isə həmin ilin
noyabrında Hindistanın paytaxtı Dehli şəhərində
keçirilmişdir.
Konfransın əsas məqsədləri aşağıdakılardan
ibarət olmuşdur:
-ölkələrin savadlılıq və yaşlıların təhsilinə
dair problemlər haqqında məlumatlandırılması;
-savadlılığın və yaşlıların təhsili ilə bağlı
maarifləndirmənin aparılması;
-savadlılıq və yaşlıların təhsili sahəsində əsas
problemlərin və nailiyyətlərin
müəyyənləşdirilməsi və müzakirəsi;
-savadlılıq və yaşlıların təhsili üzrə səmərəli
təcrübənin təqdimatı və tətbiqi;
-ölkələr arasında əməkdaşlığın inkişafı;
-savadlılıq və yaşlıların təhsili sahəsində
problemlərin həllinə yönəldilmiş milli
strategiyanın müəyyənləşdirilməsi məqsədilə
tövsiyələrin hazırlanması.
Mehriban xanım Əliyevanın da qatıldığı "Avropada
subregional çərçivədə savadlılıq problemlərinə
baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və
innovativ yanaşmaların tətbiqinə dəstək"
mövzusunda keçirilmiş konfransda YUNESKO-nun Baş
direktoru Koişiro Matsuura, Hollandiya şahzadəsi
xanım Laurentien, YUNESKO-nun xoşməramlı
səfirləri - İordaniya şahzadəsi xanım Firyal və
İslandiyanın sabiq prezidenti xanım Viqdos
Finboqadottir, Latviyanın təhsil naziri Koke
Tatyana, o cümlədən Almaniya, Avstriya, Belarus,
Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya,
Albaniya, Kipr, Çexiya, Estoniya, Gürcüstan,
Yunanıstan, Macarıstan, Latviya, Lixtenşteyn,
Litva, Moldova, Monteneqro, Polşa, Rumıniya,
Rusiya Federasiyası, Serbiya, Slovakiya,
Sloveniya, İsveçrə, Makedoniya, Türkiyə və
Ukraynadan təhsil məsələləri üzrə ekspertlər
iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin konfransa ünvanlamış müraciətində
deyilirdi: "Konfrans Avropada savadlılıq
səviyyəsinin artırılması istiqamətində atılmış
ciddi addım olacaq və YUNESKO-nun təhsillə
əlaqədar strateji sənədlərində bəyan etdiyi
məqsədlərə çatmaq istiqamətində yeni mərhələ
təşkil edəcəkdir".
Konfransın təşəbbüskarı Mehriban xanım Əliyeva
bu nüfuzlu tədbirdə çıxış edərək qeyd etmişdi:
"Ümidvaram ki, dünya üzrə qlobal savadlanmaya
dəstək məqsədilə keçirilən digər regional
konfranslar kimi bugünkü konfrans da təhsil
sahəsində strateji əhəmiyyəti olan proqram və
layihələrin həyata keçirilməsinə öz layiqli
töhfəsini verəcək, konfransda iştirak edən bütün
dövlətlər arasında tərəfdaşlığın bərqərar
olmasına, təhsil sahəsində yeni metodların
tətbiqinə yardım göstərəcək, bu konfrans 2005-ci
ildə keçirilmiş "Azərbaycan-YUNESKO: gələcəyə
körpü" mövzusunda keçirilən konfransda müzakirə
olunmuş ideyaların daha da inkişaf
etdirilməsinə, o cümlədən qaçqın və məcburi
köçkünlərin təhsili kimi mühüm problemlərin
həllinə kömək edəcəkdir".
YUNESKO-nun Baş direktoru Koişiro Matsuura öz
çıxışında demişdi: "Savadlılıq dünyanın
gündəliyində duran və 2015-ci ilədək hamı üçün
təhsili təmin etməyi qarşısına məqsəd kimi qoyan
beynəlxalq layihənin əsasını təşkil edir.
Lissabon strategiyasında qeyd edildiyi kimi,
əgər Avropa 2010-cu ilədək dünyanın ən dinamik
və rəqabətədavamlı biliyə əsaslanan
iqtisadiyyata malik bir qitəsi olmaq istəyirsə,
onda bu məqsədə çatmaq üçün öz əhalisinin lazım
olan savad və bacarıqlara yiyələnməsini təmin
etməlidir".
Azərbaycan Respublikasının təhsil naziri olaraq
konfransda savadsızlığın ləğvinin vacibliyi
məsələsinə toxunaraq qeyd etmişdim: "Müasir
dövrdə savadlı olmaq dedikdə təkcə yazmaq,
oxumaq və xarici dil bilmək deyil, həm də
informasiya texnologiyalarından yararlana bilmək
nəzərdə tutulur. Hazırda dünyada "Hamı üçün
təhsil" konsepsiyasının 6 məqsədindən biri olan
savadlılıq problemi geniş müzakirə olunur.
Savadlılıq anlayışına yanaşma zaman keçdikcə öz
mahiyyətini dəyişir və ayrı-ayrı kontekstlərdə
müxtəlif cür şərh edilir.
Ənənəvi olaraq savadlılıq dedikdə oxu və yazı,
dinləyib anlamaq bacarığı nəzərdə tutulur.
Hazırkı dövrdə savadlılıq dedikdə isə qeyd
edilənlərdən başqa, oxu və yazıdan müasir
ünsiyyət modelləri çərçivəsində istifadə edə
bilmək bacarığı düşünülür. Başqa sözlə,
savadlılıq insanların cəmiyyətdə əldə etdiyi
informasiyanı dərk etmək və ötürmək qabiliyyəti,
öz funksiyalarını tam şəkildə yerinə yetirmək
potensialı deməkdir. Bu isə təbii ki, həm
ənənəvi anlamda oxu və yazı bacarığını, həm də
müasir anlamda həmin bacarıqlardan istifadə
edərək cəmiyyətdə öz yaşayışını maksimum
tənzimləmə qabiliyyətini özündə ehtiva edir.
Ona görə də insanın bütün həyatı boyu fasiləsiz
təhsil almasına şəraitin yaradılması, onun
biliyinin, bacarıq və qabiliyyətlərinin daim
təkmilləşdirilməsi ali təhsilin mühüm
vəzifələrindən biri kimi qarşıya qoyulur. Təhsil
ekspertləri fasiləsiz təhsili Avropanın gələcək
inkişafında həyati məsələ səviyyəsində
qiymətləndirirlər. Artıq belə bir fikir
formalaşmışdır ki, universitetlərin və digər ali
təhsil müəssisələrinin statusu yüksəldilməklə
onlar tədricən elmi-tədqiqat, peşə hazırlığı
fasiləsiz təhsil mərkəzlərinə çevrilməlidir.
Burada əsas məqsəd ali məktəbləri əmək bazarında
yaranan tendensiyaların, eləcə də elm, texnika
və iqtisadiyyat sahələri üzrə yeniliklərin
öyrənilməsi, tədqiq edilməsi yolu ilə mütəxəssis
hazırlığının yeniləşdirilməsi prosesinə, bu
sahədə təkmil formaların və innovasiyaların
tətbiqinə, gələcəkdə cəmiyyətin rastlaşa
biləcəyi problemlərin həllinə daha geniş cəlb
etməkdən ibarətdir."
2009-cu ilin 6-10 oktyabr tarixlərində təhsil
nazirinin rəhbərlik etdiyi Azərbaycan
Respublikasının nümayəndə heyəti Fransada rəsmi
səfərdə olmuşdur. Nümayəndə heyətinin tərkibinə
Təhsil, Mədəniyyət və Turizm, Xarici İşlər
nazirliklərinin nümayəndələri, o cümlədən
YUNESKO üzrə Milli Komissiyanın rəhbəri daxil
idi. Bu səfər YUNESKO-nun Baş direktoru Koişiro
Matsuuranın dəvəti ilə YUNESKO Baş konfransının
35-ci sessiyasında iştirak etmək məqsədi ilə
həyata keçirilmişdir.
Konfransın əsas məqsədi YUNESKO-nun gələcək
fəaliyyətinin müzakirəsi və əməkdaşlıq
istiqamətləri üzrə tövsiyələrin hazırlanması, o
cümlədən son iki il ərzində əməkdaşlıq haqqında
hesabatların təqdimatı olmuşdur.
Sessiyanın başlıca məqsədlərindən biri də
YUNESKO-nun Baş direktorunun səlahiyyət
müddətinin başa çatması ilə əlaqədar təşkilatın
yeni Baş direktorunun seçilməsi idi. Qeyd etmək
lazımdır ki, YUNESKO-nun Baş direktoru
vəzifəsinə Bolqarıstanın YUNESKO-dakı keçmiş
nümayəndəsi xanım İrina Bokovanın namizədliyi
təqdim olunmuşdu və sonradan İ.Bokova həmin
vəzifəyə seçildi.
Konfrans plenar iclaslar, eləcə də nazirlər və
nümayəndə heyətlərinin başçıları üçün təşkil
olunmuş "dəyirmi masa"lar şəklində keçirildi.
Plenar iclasların gedişində Azərbaycan nümayəndə
heyəti tərəfindən konfrans iştirakçılarına
aşağıdakı istiqamətlər üzrə üç məruzə təqdim
olundu:
1.Dünya maliyyə böhranı şəraitində təhsilin əsas
vəzifələri, problemləri və inkişaf istiqamətləri.
2.Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə
YUNESKO arasında təhsil sahəsində əməkdaşlığın
əsas istiqamətləri.
3.Azərbaycan ilə YUNESKO arasında təhsil, elm,
mədəniyyət, informasiya texnologiyaları, idman
və digər sahələrdə əməkdaşlığın strateji
istiqamətlərinin inkişafı.
Konfransda Azərbaycanla YUNESKO arasında
müxtəlif sahələrdə əməkdaşlığın strateji
istiqamətləri, o cümlədən yaşlıların təhsili,
İKT-nin təhsil sistemində tətbiqi və
ixtisasartırma təhsili sahəsində layihələr,
Avropa regionunda savadsızlığın aradan
qaldırılması ilə əlaqədar 2008-ci ildə Bakıda
keçirilmiş Regional Konfrans, 2009-2015-ci
illərdə Azərbaycanda elmin inkişafı üzrə milli
strategiya və digər məsələlərlə bağlı
təqdimatlar keçirildi.
Təhsil Nazirliyinin YUNESKO ilə əməkdaşlığı
hazırda dinamik inkişaf mərhələsindədir.
İnanıram ki, növbəti illərdə həmin təşkilatla
birgə layihə və proqramlar çərçivəsində
əməkdaşlığımız daha da genişlənəcəkdir.
(Ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri, fizika-riyaziyyat
elmləri doktoru, professor |