| 
								
								Bakıdakı  313 nömrəli  orta məktəbdə "Müasir 
								dərsə verilən tələblər" mövzusunda "açıq dərs"  
								keçirildi. Tədbirdə Binəqədi Rayon İcra 
								Hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət 
								şöbəsinin, Bakı Şəhəri üzrəTəhsil İdarəsinin 
								nümayəndələri və qonşu  məktəblərdən dəvət 
								olunmuş  müəllimlər  iştirak edirdilər. 
								
								Tədbiri giriş sözü ilə açan məktəbin direktoru 
								Zakir Bayramov keçiriləcək "açıq dərs"lər 
								haqqında ətraflı məlumat verdi. Məktəbin 
								təlim-tərbiyə işləri ilə yaxından tanış olduqdan 
								sonra  müəllimlərin "açıq dərs"lərində  iştirak 
								etdilər.   
								
								Əvvəlcə I "A" sinfində  Sevda Ağayevanın  
								riyaziyyatdan  "Onluqlar və təkliklər" 
								mövzusunda keçdiyi "açıq dərs"i dinlənildi. 
								Müzakirələr zamanı Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsi metodmərkəzinin direktor müavini Sitarə 
								Məmmədova   bildirdi ki,   müəllimin  "açıq 
								dərs"i metodiki baxımdan Milli Kurikulumların 
								tələb etdiyi standartlar əsasında   yüksək 
								səviyyədə keçdi. Müəllim  dərs prosesində 
								şagirdləri  dörd komandaya -"Qırmızılar", 
								"Sarılar", "Bozlar" və "Gümüşülər"  
								komandalarına bölməklə onların  fəallığını təmin 
								edə bildi və keçdiyi mövzuya  dair əyani 
								vəsaitlərdən istifadə etməklə  fənlərarası   
								inteqrasiya yaratdı. 
								
								Bakı Şəhəri üzrə Təhsil İdarəsi metodmərkəzinin 
								Binəqədi və Nəsimi  rayonlarının bölmə sədri  
								Həvva Əsgərova  və həmin bölmənin riyaziyyat 
								üzrə metodisti  Ehram Nuriyev dinlədikləri   
								dərsdən razı qaldıqlarını bildirməklə bərabər, 
								bəzi irad və tövsiyələrini də qeyd etdilər. 
								
								Sonra məktəbin VII "B" sinfində Mərdan 
								İsmayılovun riyaziyyatdan  "Kvadrat tənliklər 
								fəslinin təkrarı və çalışmalar həlli" 
								mövzusunda  keçdiyi "açıq dərs" dinlənildi. 
								Dərslə əlaqədar keçirilən müzakirələrdə 
								bildirildi  ki, müəllim "açıq dərs"də 
								şagirdlərin zehni fəallığını  təmin etdi, 
								qazandıqları bilikləri sistemə  saldı və 
								öyrənilən mövzuların şagirdlər tərəfindən 
								dərindən  mənimsənilməsində  pedaqoji 
								ustalığını  göstərdi.  Həmçinin dərsdə əyani 
								vəsaitdən istifadəyə geniş yer verildi. 
								 
								
								"Açıq dərs"in təhlilində S.Məmmədova, 
								H.Əsgərova, X.Cəfərova və digər müəllimlər də 
								"Tusi", "Pifaqor", "Viyet" və "Fales"  
								komandalarında təmsil olunan şagirdlərin 
								fəallığını qeyd etdilər və bu  komandaların 
								adını daşıdığı alimlər barəsində  qısa da olsa, 
								sinfə müəllim tərəfindən məlumat verilməsinin 
								vacibliyini   vurğuladılar. Onlar  "açıq 
								dərs"də  riyaziyyat müəllimi Mərdan İsmayılovun  
								şagirdlərin qruplar şəklində bilik yarışının 
								yaxşı təşkil etməsindən,  komandalar arasında 
								qiymətləndirmə işinin düzgün aparmasından   və 
								müasir dərsə verilən tələbləri  bacarıqla  
								yerinə yetirə bilməsindən razı qaldıqlarını 
								bildirdilər. 
								
								Tədbirin sonunda müəllimləri  maraqlandıran bir 
								sıra suallara da  cavab verildi.   
								
								
								Şakir CƏFƏROV |