Paytaxtın Nizami rayonundakı Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən
dərnəklərin üzvləri şəhər, respublika
əhəmiyyətli tədbirlərdə, beynəlxalq müsabiqə,
sərgi və festivallarda da fəal iştirak edirlər.
Xüsusilə gənc rəssamlar Hindistan, Yaponiya,
İngiltərə, Yunanıstan, Polşa, Rumıniya, İran və
s. ölkələrdə keçirilən beynəlxalq rəsm
müsabiqələrində iştirak edərək mükafatlar,
diplomlar, hədiyyələr qazanıblar.
Bu günlərdə mərkəz daha bir şad xəbər alıb.
Yunanıstanın Xanti bələdiyyəsi tərəfindən
keçirilən "4-cü Biennale" dünya uşaq rəsm
müsabiqəsinə göndərilmiş rəsm dərnəyinin üzvü
Tural Həsənovun və Cahid Əziminin əl işləri I,
Arzu Məmmədovanın, Nərmin İsmayılzadənin, Mərcan
Məmmədovanın əl işləri II, Nicat Məmmədovun
rəsmləri isə III yerə layiq görülüb.
Bu böyük uğura görə Yunanıstandan qaliblərə
diplomlar, medallar, müsabiqənin kataloqu və
"5-ci Biennale" dünya uşaq rəsm müsabiqəsində
iştirak etmək üçün xüsusi dəvətnamələr
göndərilib. Sevindirici haldır ki, müsabiqəyə
təqdim olunan dünya uşaqlarının rəsm əsərləri
arasından seçilərək məhz mərkəzin yeniyetmə
rəssamı Arzu Məmmədovanın əsəri kataloqun üz
qabığına vurulmuşdur.
Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq
Mərkəzinin direktoru Lalə Qəti bildirdi ki,
Rusiyada, Türkiyədə, Çexiyada və Polşada
keçiriləcək beynəlxalq rəsm müsabiqələrinə də
yeniyetmə və gənc rəssamlar öz əl işlərini
təqdim ediblər. İnanırıq ki, bu müsabiqələrdə
də yetirmələrimiz uğur qazanaraq bizi
sevindirəcəklər.
Sifai SƏFƏROVA |