Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən
bildirmişlər ki, Nyu-Yorkda Aleksandr Bodini
Xeyriyyə Fondunun 2010-cu il uşaqlar üzrə
mükafatının təqdimetmə mərasimi keçirilmişdir.
Aleksandr Bodini Xeyriyyə Fondunun mükafatı uşaq
hüquqlarının təşviq olunması və mühafizə
edilməsi sahəsində əhəmiyyətli uğur və
nailiyyətlər əldə etmiş uşaqlar tərəfindən idarə
olunan qurumlara verilir.
2010-cu il üzrə qaliblər - Azərbaycanın "NUR"
Uşaqlar və Gənclər İctimai Birliyi, Hondurasın
Uşaqlar Birliyi, Keniyanın Gənclər Mərkəzi
olmuşdur. Ənənəvi olaraq qaliblərin 20 min ABŞ
dolları məbləğində mükafatı ünvan sahiblərinə
çatdırılması üçün onların mənsub olduğu
ölkələrin BMT yanında daimi nümayəndələrinə
təqdim edilir.
"NUR" Uşaqlar və Gənclər İctimai Birliyi adından
mükafatı ölkəmizin BMT yanında daimi nümayəndəsi,
səfir Aqşin Mehdiyev qəbul etmişdir. A.Mehdiyev
tədbirdə çıxış edərək mükafatın təqdim
edilməsinə görə San-Marino hökumətinə və BMT-nin
Uşaqlar Fonduna təşəkkürünü bildirmiş və
ölkəmizin uşaq hüquqlarının təşviq edilməsi və
mühafizəsi sahəsində əldə etdiyi nailiyyətlər və
aparılan məqsədyönlü işlər barədə ətraflı
məlumat vermişdir.
AzərTAc |