| 
								
								Xalqımızın zəngin milli və ümumbəşəri 
								elmi-pedaqoyi dəyərlərini tədqiq etmək, onları 
								üzə çıxarmaq, onlara yeni nəfəs vermək, gənc 
								nəslin elmi-pedaqoyi biliyinin artırılması 
								işində ondan istifadə etmək bütün zamanlarda 
								olduğu kimi, bu gün də aktualdır. 
								
								Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 
								iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin 
								təkmilləşdirilməsi haqqında" adlı məşhur 
								fərmanında xalqımızın Mirzə Kazımbəy, Mirzə Şəfi 
								Vazeh, Seyid Əzim Şirvani kimi klassikləri 
								sırasında Rəşid bəy Əfəndiyevin xidmətləri də 
								yüksək qiymətləndirilir. Həmin fərmanda deyilir: 
								
								"XIX əsr ədəbi dilimizin inkişafı xalqımızın 
								həyatında baş verən köklü bir hadisə ilə 
								yaxından bağlıdır. Bu, Azərbaycanın ikiyə 
								parçalanması və nəticədə iki ayrı dövlətin 
								tabeçiliyində bir-birindən fərqli mədəni mühitdə 
								yaşamağa məhkum olması hadisəsidir. 
								Müstəmləkəçilik siyasəti ilə yanaşı, Rusiyanın 
								Şimali Azərbaycanda oynadığı mədəniləşdirici rol 
								başqa elm sahələri kimi, dilçiliyin də 
								inkişafına zəmin yaratmışdır. XIX əsrin 
								ortalarından etibarən Azərbaycan dilinə aid bir 
								sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr 
								olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana 
								dilini öyrənməyin, onu qoruyub saxlamağın ən 
								əsas yolunu məktəblərdə tədrisin ana dilində 
								aparılmasında  gördüklərindən, Azərbaycan dilinə 
								aid dərslik və lüğətlər yazmağa başlamışdılar. 
								Azərbaycan dilinə dair ilk dərsliklərin 
								yazılmasında o dövrün görkəmli maarifçiləri 
								Mirzə Kazımbəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim 
								Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbdülhəsən 
								bəy Vəzirov, Səid Ünsüzadə, Rəşid bəy Əfəndiyev, 
								Sultan Qənizadə, Məmmədtağı Sidqi, N.Nərimanov, 
								Ü.Hacıbəyov, A.Şaiq və başqalarının xidmətlərini 
								qeyd etmək lazımdır". 
								
								XIX yüzilliyin 30-cu illərindən etibarən 
								Zaqafqaziyanın iri şəhərlərində və əsasən, qəza 
								mərkəzlərində təsis edilən dövlət məktəblərinin 
								tədris planına Azərbaycan dilinin rəsmən daxil 
								edilməsi, bu dilin öyrənilməsinin zəruriliyi ana 
								dilində yeni dərslik və tədris vəsaitlərinin 
								yaranması ilə nəticələndi. Digər millətlərdən 
								olan şagirdlərin də bu dili öyrənmələri üçün 
								nəzərdə tutulmuş həmin dərslik və tədris 
								vəsaitlərinin tərtibi Azərbaycan dilində yeni 
								metodla dərslik tərtibinin birinci mərhələsi 
								hesab edilir. 
								
								XIX əsrin 80-ci illərindən başlayaraq, meydana 
								gələn xalq məktəbləri ilə əlaqədar ana dilində 
								dərsliklər tərtibinin ikinci dövrü başlandı. Bu 
								dövrdə yaranan dərsliklər yalnız azərbaycanlılar 
								üçün nəzərdə tutulurdu.
								 
								
								"Ana dili" dərsliklərinin tərtib edilməsində 
								Rusiyanın mütərəqqi məktəb təcrübəsinin və 
								pedaqogikasının mühüm rolu oldu. Cənubi Qafqazda 
								və Rusiyanın daxili quberniyalarında rus dilində 
								təhsil almış gənclərin qabaqcıl dəstəsi 
								mütərəqqi rus mədəniyyəti və pedaqogikasının 
								təsiri altında Azərbaycanda elm və mədəniyyəti, 
								məktəb və xalq maarifini inkişaf etdirirdilər. 
								F.Köçərli yazırdı: "Onların bəziləri dərsliklər 
								tərtib etməklə, başqaları rus ədəbiyyatından 
								tərcümələr etməklə məşğul olur, bəziləri də 
								povest və romanlarda öz gücünü sınayır, bir 
								hissəsi də özlərini tamamilə dramatik ədəbiyyata 
								həsr edirdilər". 
								
								Azərbaycan ziyalılarının ədəbi, elmi və pedaqoji 
								yaradıcılığı içərisində yeni metodla dərsliklər 
								tərtib etmək əsas yeri tuturdu. 
								
								XIX əsrin sonu və XX əsrin birinci yarısında 
								Azərbaycanda xalq maarifi və pedaqoji fikrin 
								inkişafı tarixində mühüm yer tutan, Azərbaycanda 
								sovet hakimiyyəti qurulduqdan sonra özünün əməli 
								pedaqoji fəaliyyəti ilə pedaqogika elminin və 
								məktəb təhsilinin inkişafı üçün mühüm xidmətlər 
								göstərən görkəmli müəllim və pedaqoqlardan biri 
								də Rəşid bəy Əfəndiyev olmuşdur. 
								
								R.Əfəndiyev 1863-cü ildə Nuxada (indiki Şəki) 
								anadan olmuşdur. Nuxada Cümə məscidi yanındakı 
								mollaxanalardan birində ilk təhsil alan Rəşid 
								bəy, sonralar təhsilini şəhər məktəbində davam 
								etdirmişdir. 
								
								Rəşid bəy təhsilini davam etdirmək üçün hərbi 
								məktəbə daxil olmaq istəmiş, lakin 1878-ci ildə 
								M.F.Axundovla görüşü onu bu məqsəddən 
								çəkindirmişdi. Rəşid bəy sonralar öz 
								tərcümeyi-halında bu barədə yazırdı: "M.F.Axundov 
								mənə hərbi məktəbə girməyi məsləhət görmədi. 
								Ancaq dedi ki, qardaş oğlu, gələn il Qoridə 
								yalnız müsəlmanlardan ötrü tatarski otdeleniye (Azərbaycan 
								şöbəsi - H.Ə.) açılır. O məktəb sənə çox 
								münasibdir. Oraya mən səni indidən kandidat 
								yazdıraram". 
								
								1879-cu ildə A.O.Çernyayevski Qori Müəllimlər 
								Seminariyasının Azərbaycan şöbəsinə tələbə 
								toplayarkən İrəvan, Naxçıvan, Şuşa, Şamaxı, 
								Qazax və s. şəhərlərlə yanaşı, Nuxaya da gəlir 
								və Rəşidi Qoriyə aparır. Həmin il Rəşid bəy Qori 
								Müəllimlər Seminariyasına daxil olur. 1882-ci 
								ildə oranı bitirib, Qutqaşendə açılan ikisinifli 
								ibtidai xalq məktəbinə müdir və müəllim təyin 
								olunur.  8 il Qutqaşendə müəllimlik etməklə 
								yanaşı, Qafqaz Arxeoloji Cəmiyyəti ilə 
								əməkdaşlıq etmiş və özünün "Nour gölü", "Qutqaşen 
								kəndi haqda bir neçə məlumat", "Nuxa qəzasında 
								xalq səhiyyəsi" və s. adlı məqalələrini "Sbornik 
								materialov po opisanie mestnostey i plemen 
								Kafkaza" məcmuəsində nəşr etdirmişdi. Rəşid bəy 
								1892-ci ildə Tiflisə köçür. Orada müəllimlik 
								etməklə bərabər, həm də Zaqafqaziya 
								müsəlmanlarının ruhani idarəsində katib müavini 
								vəzifəsində çalışır. 
								
								Rəşid bəyin həyatı və fəaliyyətində diqqəti cəlb 
								edən cəhətlərdən biri də onun 1900-cü ildən 
								1916-cı ilə qədər Qori Müəllimlər 
								Seminariyasında müəllimlik etməsidir. O, bu 
								dövrdə seminariyanın müəllim və şagird 
								kollektivi arasında yüksək hörmət və nüfuz 
								qazanmışdır. Məhz buna görədir ki, Qafqaz Tədris 
								Dairəsinin direktoru onu 1911-ci ildə fərqlənmə 
								medalı ilə təltif etmişdir. 
								
								Rəşid bəy sonralar İrəvan quberniyasında 
								müsəlman məktəblərinin müfəttişi işləmiş, 
								Naxçıvanda, Kuban vilayətinin tatarlar yaşayan 
								Tiberda rayonunda və Qaraçay vilayətində 
								qısamüddətli müəllimlər kursu təşkil etmiş və 
								1918-1919-cu illərdə Bakıda Müəllimlər 
								Seminariyasının direktoru vəzifəsində işləmişdir. 
								
								Rəşid bəy həyatının son dövrünü doğma Nuxa 
								şəhərində keçirmiş və orada fəaliyyət 
								göstərmişdir. O, 1920-ci ildə Nuxada 
								darülmüəllim (kişi seminariyası), darülmüəllimat 
								(qadın seminariyası) təşkil edir və zəhmətkeş 
								balalarından, xüsusilə qızlardan yüzlərlə gənc 
								müəllim kadrı hazırlayır. 
								
								1925-ci ildə Nuxa ictimaiyyəti R.Əfəndiyevin 
								pedaqoji və ədəbi fəaliyyətinin 43 illik 
								yubileyini keçirmişdir. Həmin il Rəşid bəyə 
								ömürlük dövlət təqaüdü təyin edilmişdir, lakin 
								o, pedaqoji fəaliyyətindən ayrıla bilməmiş və 
								1933-cü ilə qədər Nuxa Pedaqoji Məktəbində rus 
								dili müəllimi vəzifəsində işləmişdir. 
								
								R.Əfəndiyev 1942-ci il avqustun 31-də Nuxada 79 
								yaşında vəfat etmişdir. Hazırda Şəkidə 
								R.Əfəndiyev adına küçə salınmış və onun yaşadığı 
								ev ölkəşünaslıq muzeyinə çevrilmişdir. 
								
								R.Əfəndiyevin 60 illik fəaliyyəti rəngarəng və 
								çoxcəhətlidir, lakin hər şeydən əvvəl, o, 
								müəllimdir, pedaqoqdur. 
								
								R.Əfəndiyevin pedaqoji görüşlərində dövrünün 
								təlim-tərbiyə sisteminin bir sıra məsələlərinə 
								aid maraqlı və  əhəmiyyətli cəhətlər vardır. 
								
								R.Əfəndiyev elmi və pedaqoji fəaliyyətə hələ 
								Zaqafqaziya Müəllimlər Seminariyasının tələbəsi 
								ikən başlamışdır. O, seminariyanın I kursunda 
								oxuyarkən özünün müəllimi A.O.Çernyayevski 
								(1840-1894) ilə birlikdə Azərbaycan şöbəsinin 
								tədqiqat məktəbi (nümunə - baza məktəbi - H.Ə.) 
								üçün proqram tərtib etmişdir. 
								
								Seminariyanın III kursunda ikən həndəsə və 
								cəbrdən həll etdiyi məsələlərdən ibarət "Həndəsə 
								ilə hesab məsələləri məcmuəsi" kitabını yazmış, 
								həndəsə kitabını rus dilinə tərcümə etmişdir. 
								Həmin əsərlər Moskvada təşkil olunmuş Ümumrusiya 
								Sənaye, Kənd Təsərrüfatı, Elm və Mədəniyyət 
								sərgisinə göndərilmiş və Zaqafqaziya Müəllimlər 
								Seminariyası bu kitablar üçün sərgi komitəsi 
								tərəfindən 1882-ci ildə ikinci dərəcəli diplom 
								və gümüş medalla mükafatlandırılmışdır. Bununla 
								yanaşı, R.Əfəndiyev yuxarıda deyildiyi kimi, 
								seminariyada oxuyarkən A.O.Çernyayevskinin "Vətən 
								dili" adlı əlifba dərsliyinin hazırlanmasında 
								fəal iştirak etmişdir. 
								
								Sövti üsul əsasında yazılan bu əlifba kitabı o 
								zamanlar üçün çox böyük pedaqoji hadisə idi. Bu 
								kitab əsrlərdən bəri davam edən höccələmə (əbcəd-çərəkə) 
								üsullarına qarşı ilk qüvvətli bir hücum və zərbə 
								idi. 
								
								R.Əfəndiyevin pedaqoji fəaliyyətində diqqəti 
								cəlb edən çox mühüm cəhətlərdən biri onun ana 
								dilində dərsliklər tərtib etməsidir. Rəşid bəy 
								hələ seminariyada oxuyarkən, K.D.Uşinskinin 
								pedaqoji görüşlərinin təsiri altında yeni 
								Azərbaycan məktəbi yaratmağı qarşısına məqsəd 
								qoymuşdur. Buna görə də o, seminariyada 
								oxuyarkən, gələcək Azərbaycan məktəbləri üçün 
								ana dilində mükəmməl bir vəsait yaratmaq 
								haqqında düşünürdü. Rəşid bəy yaradacağı xalq 
								məktəblərində şagirdlərə ana dilini öyrətməyi 
								əsas götürürdü. Buna görə də o, seminariyanı 
								qurtarıb kənddə müəllimlik etdiyi vaxt 
								Çernyayevskinin "Vətən dili" dərsliyini 
								təcrübədən keçirib onun bütün müsbət və mənfi 
								cəhətlərini aşkar etmişdi. Rəşid bəy müəyyən 
								etmişdi ki, A.Çernyayevski ərəb əlifbasını, onun 
								bütün mürəkkəb xüsusiyyətlərini dərindən öyrənə 
								bilmədiyindən, "Vətən dili" kitabının tərtibində 
								bəzi səhvlərə yol vermişdir. Mollalar 
								Çernyayevskiyə öyrətmişdilər ki, ərəb 
								əlifbasında hərflərin hər birinin dörd yazılış 
								şəkli var (biri sözün əvvəlində yazılan, biri 
								ortada yazılan, biri başqa hərflə bağlı, biri də 
								müstəqil olan). A.O.Çernyayevski də ərəb 
								əlifbasında 32 hərfin hər birinin dörd şəkli 
								olduğunu nəzərə alıb, kitabında 32x4=128 
								dərs-oxu üçün mətn düzəltmişdir. Bu səbəbdən 
								Çernyayevskinin "Vətən dili" kitabı ilə dərs 
								aparan müəllim məcbur idi ki, yalnız əlifbanı 
								öyrətmək üçün şagirdləri azı altı ay məşğul 
								etsin. 
								
								R.Əfəndiyev bütün bu nöqsanları aradan qaldırmaq 
								üçün özünün onillik pedaqoji təcrübəsinə və 
								K.D.Uşinskinin pedaqoji görüşlərinə əsaslanaraq, 
								"Uşaq bağçası" adlı yeni əlifba kitabını 
								yazmışdır. "Vətən dili" dərsliyinin 
								müvəffəqiyyətlərini inkişaf etdirən bu kitab ilk 
								dəfə 1898-ci ildə İstanbulda çap edilmişdir. 
								Kitabın birinci nəşri 104 səhifədən ibarətdir. 
								
								R.Əfəndiyevin "Uşaq bağçası" kitabının 
								Çernyayevskinin "Vətən dili" kitabından bir sıra 
								fərqi və üstünlüyü vardır. Bu fərq ondan ibarət 
								idi ki, Çernyayevskinin "Vətən dili" kitabı 
								vasitəsi ilə ərəb əlifbasını şagirdə 6 aydan az 
								vaxtda öyrətmək mümkün olmadığı halda, Rəşid bəy 
								Əfəndiyevin "Uşaq bağçası" kitabı vasitəsi ilə 
								bu əlifbanı bir ay müddətində öyrətmək, 
								şagirdlərə yazı vərdişlərini aşılamaq mümkün idi. 
								Buna görə də Rəşid bəy Əfəndiyev kitabın titul 
								səhifəsində belə yazmışdı: "Savadsız adam bir 
								ayda oxuyar və yazar". 
								
								Rəşid bəy Əfəndiyev "Uşaq bağçası" kitabında 
								əvvəlcə ərəb məxrəci ilə ifadə olunan 8 ərəb 
								hərfini ataraq 24-nü saxlamışdır. O, "Uşaq 
								bağçası" kitabında 24 hərfin hər birinə aid bir 
								dərs nümunəsi verməklə kitaba 24 mətn daxil 
								etmişdir.  "Uşaq bağçası" kitabına yazmış olduğu 
								müqəddimə şagirdlərə ilk dəfə xətlər və şəkillər 
								çəkmək, bunlara aid sual-cavab aparmaq, iki və 
								daha çox "müxtəlif cisimlərin bir-birindən fərq 
								və təfavütünü, müsavi və oxşayışını ayırd etmək", 
								sonra şagirdlərə cisimlərin adlarından və bir 
								mənaya dəlalət edən sözlərdən cümlə (mətləb) 
								tərtib etməyi öyrətmək, həmçinin hecaları, 
								hecanın sait sözlərdən əmələ gəlməsini şagirdə 
								izah etmək kimi məsələlərdən bəhs olunur. Bu 
								yolla əvvəlinci dərsdən oxumaq və yazmağın 
								bünövrəsinin qoyulması göstərilir. Kitabdakı 28 
								mətn -28 dərs keçildikdən sonra "şagirdin 
								kəmalincə yazmaq və oxumağı" bacarması qeyd 
								edilir. 
								
								R.Əfəndiyev sonralar 1901-ci ildə yazdığı "Müəllimlər 
								üçün üsuli-cədid üzrə ən əvvəl şüru etmənin 
								qəvaididir" adlı metodiki göstərişində yuxarıda 
								göstərilən fikirlərini inkişaf etdirərək, ana 
								dili təlimində səs üsulunun üstünlüklərini bir 
								daha göstərmişdir.  
								
								Rəşid bəy xalqın kitaba rəğbətini və məktəbə 
								məhəbbətini daha da artırmaq üçün "Uşaq 
								bağçası"nın sonrakı çapında bir sıra təshih və 
								əlavələr etmişdir. 
								
								R.Əfəndiyevin "Uşaq bağçası" kitabı Azərbaycan 
								dilində təhsil verən bütün dövlət və xüsusi 
								tədris məktəblərində istifadə etmək üçün Qafqaz 
								Təhsil Dairəsi tərəfindən bəyənilmişdir. "Uşaq 
								bağçası" dörd dəfə (cəmi 90.000 nüsxə) nəşr 
								edilmişdir. Bu kitab təkcə Zaqafqaziya 
								məktəblərində deyil, Şimali Qafqaz və Orta 
								Asiyadakı müsəlman məktəblərinin inkişafında da 
								mühüm rol oynamışdır. 
								
								R.Əfəndiyev Azərbaycanda K.D.Uşinskinin ardıcılı 
								və onun ideyasını əməli surətdə həyata keçirən 
								ilk görkəmli pedaqoq və maarif xadimlərindən 
								biri olmuşdur. 
								
								R.Əfəndiyev yazmışdır: "Mən, o zaman məktəblər 
								tarixinə göz gəzdirdim, gördüm ki, rus milləti 
								vaxtı ilə "serkovno slovyanski" (kilsə-slavyan-H.Ə.) 
								yazıdan əl götürüb ana dilində təzə "Rodnoe 
								slovo Uşinskoqo I ç." kitabı ilə məktəblərini 
								milliləşdirmişlər... "Mən də onu təqlidən 
								balalarımızı ərəb və fars dillərindəki mövhumata 
								və lüğət əzbərləməyə məcbur və məşğul edən əski 
								ərəb məktəbini təməlindən yıxıb türk qövmü üçün 
								ana dilində əsaslı bir dərsxana meydana gətirə 
								bildim". 
								
								R.Əfəndiyevin ədəbi yaradıcılığı M.F.Axundovun 
								təsiri altında inkişaf etdiyi kimi, pedaqoji 
								fikirləri də K.D.Uşinskinin mütərəqqi 
								ideyalarının təsiri altında inkişaf etmişdir. 
								
								Sözünə davam edən R.Əfəndiyev yazmışdır: "Pedaqojini 
								öyrəndikdən sonra mən anladım ki, köhnə məktəb 
								xalqa maarif və bilik verməyir, köhnə məktəb 
								dağıdılmalıdır. Bu isə yalnız K.D.Uşinskinin 
								yeni üsulla olan dərs kitabı kimi, öz məktəbimiz 
								üçün ana dilində dərs kitabını tərtib etməklə 
								mümkündür". 
								
								R.Əfəndiyev yazır ki, məhz bu məqsədlə də "Uşaq 
								bağçası" kitabını qiymətli bir əsərə bənzətmək 
								üçün pedaqoq Uşinskinin məşhur və məhbub əlifba 
								kitabçasını özümə rəhbər etdim. 
								
								"Uşaq bağçası" kitabına daxil edilmiş şeir 
								parçalarının bir hissəsi müəllif tərəfindən rus 
								şairlərinin əsərlərindən tərcümə edilmişdir.
								 
								
								R.Əfəndiyevin ikinci məşhur dərsliyi "Bəsirət-ül-ətfal" 
								kitabıdır. Qeyd etmək lazımdır ki, Rəşid bəy 
								ZMS-nin Azərbaycan şöbəsinə müəllim təyin 
								olunarkən, bu şöbənin tələbələri üçün Azərbaycan 
								dilində mükəmməl bir kitab yox idi. Buna görə də 
								o, Tiflisdə işlərkən tərtib etdiyi ədəbi qiraət 
								kitabını 1901-ci ildə 2 min tirajla "Bəsirət-ül-ətfal" 
								adı ilə Bakıda nəşr etdirmişdir. Bu barədə o, öz 
								tərcümeyi-halında yazmışdır: "Tiflisdə ikən 
								düzüb-qoşduğum "Bəsirət-ül-ətfal", müntəxəbatını 
								əgər Bakıda tələsik basdırmasaydım, Qori 
								seminariyasında türk lisanı dərsləri üçün məndən 
								müqəddəm əldə bir kitab yox idi. Mənə də türk 
								dili dərsləri həvalə olunduğu üçün 1902-ci 
								sənədə, mən də öz kitabımdan dərs verməyə 
								başlamışdım". 
								
								Kitabın titul səhifəsində onun məqsədi və onun 
								müəllifi göstərilir: "Məktəblərdə oxunmalı 
								türki-qiraət kitabıdır". Kitabın müəllifi və 
								naşiri "Şaki" təxəllüslü Zaqafqaz 
								Darül-müəlliminin müsəlman şöbəsinin elm-ilahi 
								müəllimi Rəşid bəy Əfəndizadə. Kitab 
								bismilləhir-rəhmanir-rəhim ilə başlayır. 
								
								"Uşaq bağçası"nda olduğu kimi, müəllif bu 
								kitabda da savad təlimi, oxu texnikasını inkişaf 
								etdirmək məsələləri ilə yanaşı, həm də onların 
								tərbiyə edilməsinə, əxlaqına təsir etməyə xüsusi 
								fikir vermişdir. Bu cəhətə böyük əhəmiyyət verən 
								müəllif əsərin titul səhifəsində yazmışdır: 
								
								"Müsəlman millətinin tərbiyeyi-əxlaqına və 
								məlumati-nafiəsinə xidmət edici tazə bir 
								kitabdır". 
								
								"Bəsirət-ül-ətfal" kitabı üç babdan, yəni üç 
								hissədən ibarətdir. Birinci hissə hər biri bir 
								dərsdən ibarət olan kiçik hekayələrdir ki, 
								bunların da bəzisi nəzm, bəzisi isə nəsr ilə 
								verilmişdir.  
								
								Kitabın "Azərbaycan ədəbiyyatı nümunələri" 
								adlanan ikinci hissəsi iki yarım başlıqdan 
								ibarətdir. Birinci yarım başlıq "Ədəbiyyat" 
								xüsusunda bir para məlumat adlanır. Kitabın ən 
								yaxşı cəhətlərindən biri də budur ki, uşaqlara 
								yazı nümunələri yazının nəsr və nəzm növlərinə - 
								məktub, təbriknamə, dəvətnamə, təziyətnamə (başsağlığı) 
								yazmaq qaydasına aid nümunələr, izahlar, şərhlər 
								verilməsidir. Şeir növlərinə, o cümlədən qəsidə, 
								qəzəl, nöhə (vəfat etmiş insan barəsində 
								yazılmış ahu-fəğan, qəmli şeir növü), mədh- (bir 
								şəxsin mərhəmətinə ithaf edilən şeir), həcv, 
								rübai, bayatı, ağı və s. haqda kitaba daxil 
								edilən material maraqlıdır. 
								
								Dərsliyin üçüncü hissəsi müsəlman uşaqları üçün 
								təlim və tərbiyə vəzifələrinin ən vacibi hesab 
								etdiyi dini qaydalara aiddir. "Hər bir şəxsə 
								xaliqini bilmək fərzdir", - deyən müəllif yazır 
								ki, "Xaliq özü hər yerdə iştirak edir və 
								müşahidə edir", insanın hər bir əməlini görür. 
								Odur ki, gərək insan uşaqlıq dövründə "dini-İslami" 
								kəmalınca bilsin. Burada müəllifin  gəldiyi  
								nəticə  budur  ki:  doğruluq  və  sədaqət, insaf 
								və mürvət, həya və ədəb, əmanət və diyanət (yəni 
								dindarlıq), hümmət və şəfqət,  elm  və  mərifət,  
								əfkari-aqibət  (yəni  gördüyün işin  sonunu  
								fikirləşmə)  və s. 
								
								 "Uşaq bağçası" kitabında olduğu kimi, "Bəsirət-ül-ətfal" 
								kitabında da müəllif rus və Azərbaycan 
								ədəbiyyatının klassiklərinin bəzilərinin  
								əsərlərindən nümunələr vermişdir. 
								
								Azərbaycan klassik şairlərindən M.Füzuli və 
								S.Ə.Şirvanidən bir sıra parçalar verməklə yanaşı, 
								böyük rus şairlərindən İ.A.Krılovun "Ayna və 
								meymun", "Kəndli və ilan", "Qurd və pişik", 
								A.S.Puşkinin "Kaftar", "Torçu və balıq", "Hal 
								anası", "Bağçasaray fontanı" və s. hekayə və 
								şeirlərini tərcümə edərək kitabda verilmişdir. 
								
								Kitabın bu məziyyətlərindən bəhs edən tanınmış 
								ədəbiyyatşünas alim, professor M.Rəfili "İ.A.Krılov 
								və Azərbaycan ədəbiyyatı" adlı kitabında 
								R.Əfəndiyevin böyük rus yazıçılarından bacarıqla 
								etdiyi bu tərcümələrə yüksək  qiymət vermişdir. 
								
								R.Əfəndiyevin "Bəsirət-ül-ətfal" kitabında 
								yuxarıda göstərdiyimiz rus klassiklərinin bəzi 
								əsərlərinin tərcümələri ilə yanaşı, özünün 
								məişətimizdə olan nöqsanları göstərən, 
								xeyirxahlıq, yoldaşlıq və əxlaqi sifətlər 
								aşılayan şeir, hekayə və rəvayətlərini də 
								dərsliyə daxil etmişdir. Bu şeir, hekayə və 
								rəvayətlərdə vətənin təbiətini sevmək, xalqın 
								məişətini bilmək, məktəbə getmək, elm öyrənmək 
								və s. məsələlər ön planda qoyulmuşdur. 
								
								R.Əfəndiyevin "Bəsirət-ül-ətfal" kitabında kənd 
								təsərrüfatı, təbiət və coğrafiyaya aid bir sıra 
								məlumatlar da verilmişdir.  
								
								"Uşaq bağçası" kimi, bu dərslik də məktəb 
								təhsilinin, təlim və tərbiyə işlərinin 
								yaxşılaşmasında mühüm rol oynamışdır. "Bəsirət-ül-ətfal" 
								kitabı XX əsrin əvvəllərində məktəblərdə 
								istifadə edilən ən yaxşı vəsaitlərdən biri 
								olmuşdur. 
								
								Təkcə onu qeyd etmək kifayətdir ki, "Bəsirət-ül-ətfal" 
								kitabı 1901-ci ildən 1912-ci ilə kimi 42.000 
								tirajla 4 dəfə çap olunmuşdur. Kitabı hər dəfə 
								çapa hazırlayarkən müəllif əlavə materiallarla 
								onu zənginləşdirmiş və bir daha 
								təkmilləşdirmişdir.  
								
								R.Əfəndiyevin dərslikləri uzun müddət Azərbaycan 
								məktəblərində geniş miqyasda istifadə edilmiş və 
								Azərbaycan gənclərinin bütöv bir nəsli bu 
								kitablardan təlim və tərbiyə almışdır. 
								 
								
								Azərbaycan Beynəlxalq Universiteti nəzdində 
								fəaliyyət göstərən "Təhsilin aktual problemləri" 
								elmi-tədqiqat laboratoriyasının əməkdaşları XIX 
								əsrdə nəşr olunan "Ana dili" dərslikləri, o 
								cümlədən R.Əfəndiyevin haqqında bəhs etdiyimiz 
								dərsliklərini ərəb əlifbasından mövcud latın 
								əlifbasına transliterasiya edərək oxuculara 
								çatdırılmışlar.  
								
								
								Hüseyn ƏHMƏDOV,pedaqoji elmlər doktoru,
 professor, Rusiya Təhsil
 Akademiyasının akademiki
 |