| 
								
								Martın 3-də Azərbaycan Milli Elmlər 
								Akademiyasında "Azərbaycanda elmin, təhsilin 
								inkişafında diasporun rolu" mövzusunda "dəyirmi 
								masa" keçirilib. 
								
								Tədbir Azərbaycandan Kənarda Təhsil Almış 
								Mütəxəssislər Təşkilatı (AKTAMT) tərəfindən "Azərbaycan 
								Respublikasında 2009-2015-ci illərdə elmin 
								inkişafı üzrə Milli Strategiya"ya  uyğun olaraq 
								təşkil edilib. Həmin tədbirdə AKTAMT-ın Təhsil 
								Nazirliyi, AMEA, Diasporla İş üzrə Dövlət 
								Komitəsi, Azərbaycan Texniki Universiteti, 
								AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu 
								və Azərbaycan Turizm İnstitutu ilə birgə 
								reallaşdırdığı "Azərbaycanın elmi diasporu" 
								layihəsi çərçivəsində fəaliyyətə başlayan 
								İnternet portalının (www. 
								elmidiaspora.internet.az) təqdimatı olub. 
								
								AMEA-nın prezidenti, akademik Mahmud Kərimov 
								Azərbaycan elminin, təhsilinin inkişafında elmi 
								diaspor amilinin mühüm əhəmiyyət kəsb etdiyini 
								bildirib və bu baxımdan layihənin önəmli rol 
								oynadığını vurğulayıb. AKTAMT-ın sədri, "Azərbaycan 
								elmi diasporu"nun əlaqələndiricisi Natiq Əhmədov 
								çıxışında "dəyirmi masa" iştirakçılarına bu 
								layihə ilə bağlı məlumat verərək qeyd edib ki, 
								əsas məqsəd xaricdə yaşayan 
								həmvətənlərimizin-alimlərin, tədqiqatçıların, 
								müasir texnika və texnologiya sahəsində 
								fəaliyyət göstərən qabaqcıl mütəxəssislərin 
								informasiya-analitik məlumat bankının 
								yaradılması və Azərbaycanın elmi diasporu 
								haqqında İnternet portalının hazırlanmasıdır. 
								Layihə həm də xaricdə yaşayıb elmi-tədqiqat, 
								innovasiya sahəsində çalışan həmvətənlərimizlə 
								respublikamızda fəaliyyət göstərən alimlərin 
								İnternet şəbəkəsində  daimi dialoqunun 
								yaradılmasına yardım edəcəkdir. Bu layihə 
								dünyanın 56 (Azərbaycanın diaspor təşkilatının 
								olduğu 40 ölkədə və hələlik diasporun 
								formalaşmadığı, lakin səfirliklərin fəaliyyət 
								göstərdiyi 16 ölkədə) dövlətini əhatə edəcəkdir. 
								Tədbirdə İnformasiya Texnologiyaları 
								İnstitutunun direktoru Rasim Əliquliyev, 
								professorlar Şahlar Əsgərov, Ramiz Hümbətov, 
								Təhsil Nazirliyinin şöbə müdiri Qulu Novruzov, 
								Gəncə Təhsil-Məlumat Mərkəzinin direktoru Həsən 
								Hüseynli çıxış edərək layihənin ölkəmizdəki 
								virtual elm-təhsil məkanının yaradılması ilə 
								yanaşı, bir sıra vacib məsələlərin həllində də 
								əhəmiyyətli rol oynayacağını qeyd etmişlər.  
								
								
								Hicran ƏKBƏROVA |