Azərbaycanlı tələbələrin Almaniya, Fransa, İsveç,
Finlandiya və Polşanın nüfuzlu ali məktəblərində
təhsil alması üçün yeni imkanlar yaradılır.
Gənclər üçün Təhsil Mərkəzindən bildirmişlər ki,
qeyd edilən ölkələrin ali məktəbləri mərkəzə bu
məqsədlə birgə proqramların təşkili üçün
müraciət etmişlər. İlkin razılaşmalara əsasən
mərkəz növbəti tədris ili üçün Almaniyada
fəaliyyət göstərən Humanitar Elmlər üzrə Avropa
Kolleci (ECLA) ilə birgə mübadilə proqramı
təşkil edəcəkdir.
Aprel və mayda proqramlarla bağlı informasiya
sessiyaları təşkil olunacaq və proqramda
Azərbaycan tələbələrinin iştirakına kömək
göstəriləcəkdir.
Avropa Kolleci 1999-cu ildə qeyri-kommersiya
təşkilatı kimi alman ziyalıları və sahibkarları
tərəfindən yaradılmışdır. Kollecdə tələbələr
fəlsəfə, ədəbiyyat, siyasi nəzəriyyə, incəsənət
tarixi və s. humanitar fənlər üzrə öz
ixtisaslarını davam etdirmək imkanına
malikdirlər.
|