| 
								
								Bu günlərdə məktəb VMA-larının sırasına daha 
								biri də əlavə olunmuş, Bakıdakı 151 nömrəli orta 
								məktəbdə analoji qurum fəaliyyətə başlamışdır. 
								Bu münasibətlə fevralın 27-də məktəbdə keçirilən 
								təsis konfransında Milli Valideyn-Müəllim 
								Assosiasiyasının icraçı direktoru Təranə 
								Şərifova, bir sıra məktəblərin və VMA-ların 
								rəhbərləri, digər qonaqlar iştirak edirdilər.
								 
								
								Konfrans iştirakçıları öncə məktəbin foyesində 
								açılmış şagirdlərin əl işlərindən və rəsm 
								əsərlərindən ibarət sərgi ilə tanış oldular. 
								Sonra VMA-nın fəaliyyəti üçün nəzərdə tutulmuş 
								və lazımi avadanlıqla təchiz edilmiş mərkəzin 
								açılışı oldu. Açılış lentini kəsən Azərbaycan 
								Milli VMA-nın icraçı direktoru T.Şərifova 
								mərkəzin işinə uğurlar arzuladı. 
								
								Təsis konfransını açan məktəbin direktoru 
								Kifayət Tanrıverdiyeva valideynlərin təhsil 
								ocaqlarına cəlbi üçün VMA yaradılması təşəbbüsü 
								ilə çıxış etdiklərini, təşəbbüs bəyənildikdən 
								sonra təşkilat komitəsi yaratdıqlarını və 
								müvafiq iş apardıqlarını  diqqətə  çatdırdı. 
								
								Dövlət himninin ifasından və Xocalı faciəsi 
								qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad 
								edildikdən sonra konfransın işçi heyəti seçildi. 
								Məktəb üzrə VMA-nın təşkilat komitəsinin sədri, 
								məktəbin müəllimi Mehriban Əliyeva, 
								assosiasiyanın yaradılması ilə bağlı təşkilati 
								işlərdə tədris ocağına yaxından köməklik 
								göstərmiş 20 nömrəli məktəbin VMA-nın 
								vitse-prezidenti Şahin Rəcəbli təsis konfransına 
								hazırlıq çərçivəsində görülmüş işlər barədə 
								məlumat verdilər. Qeyd olundu ki, VMA-nın 
								mahiyyəti, görəcəyi işlərlə əlaqədar məktəbin 
								şagirdləri, valideyn və müəllimləri ilə 
								söhbətlər aparılmış, treninqlər keçirilmiş, 
								digər məktəblərdə fəaliyyət göstərən VMA-ların 
								iş təcrübələri öyrənilmişdir. Eyni zamanda 
								diqqətə çatdırıldı ki, assosiasiyanın əsasnaməsi 
								hazırlanmış, onun normal fəaliyyət göstərə 
								bilməsi üçün məktəbdə otaq ayrılmışdır. 
								
								Konfransda çıxış edən Milli VMA-nın icraçı 
								direktoru Təranə Şərifova təşəbbüsü yüksək 
								qiymətləndirdi, aparılmış hazırlıq işlərini 
								qənaətbəxş saydı. VMA-ların rolundan danışan 
								T.Şərifova onun indiyədək zəif olan 
								valideyn-müəllim əlaqəsini gücləndirəcəyinə, bir 
								çox probleminin həllində, normal təlim mühitinin 
								yaradılmasında valideynlərin məktəbə yardımçı 
								olacağına, öz övladlarının tərbiyəsində yaxından 
								iştirak edəcəklərinə inandığını  söylədi, ölkədə 
								yeni VMA modelinin tətbiqi istiqamətində görülən 
								işlərdən danışdı. Qeyd etdi ki, artıq 1000-ə 
								qədər ümumtəhsil məktəbində VMA yaradılıb, 
								fəaliyyət göstərir. Onlar aparılan təhsil 
								islahatlarında valideynlərin fəal iştirakına, 
								onlar arasında maarifləndirmə işlərinin, 
								rəngarəng məktəb tədbirlərinin yüksək səviyyədə 
								təşkilinə öz töhfələrini verirlər. Bu baxımdan 
								Avropa Liseyi VMA-nın uğurları xüsusi qeyd 
								olundu. 
								
								Sonra konfransda assosiasiyanın nizamnaməsi 
								təşkilat komitəsinin VMA-nın 17 nəfər müəllim və 
								valideyndən ibarət idarə heyətinin, 
								nəzarət-təftiş  komissiyasının tərkibləri, 
								təşkilat komitəsinə rəhbərlik etmiş Mehriban 
								Əliyevanın yeni quruma prezident seçilməsi 
								barədə təklifləri müzakirə edildi və səsə 
								qoyularaq müəyyən əlavələrlə qəbul olundu. 
								
								Təsis konfransında iştirak edən Bakı şəhəri 190, 
								5, 42 və 164 nömrəli orta məktəblərin 
								direktorları Afət Bakıxanova, Nərminə Gündüzlü, 
								Firəngiz Həmidova, Kəmalə Qədirova çıxışlarında 
								VMA-nın yaradılması münasibəti ilə  məktəbin 
								müəllimlərini və valideynləri təbrik etdilər, 
								quruma fəaliyyətində uğurlar arzuladılar, öz 
								işini daha səmərəli qurması üçün bir sıra 
								məsləhət və tövsiyələrini verdilər. 
								
								Sonda 151 nömrəli məktəbin direktoru 
								K.Tanrıverdiyeva qonaqlara və valideynlərə 
								minnətdarlıq edib assosiasiyanın işinə uğurlar 
								dilədi.  
								
								Konfrans istedadlı şagirdlərin nümayiş 
								etdirdikləri kiçik bədii proqramla başa çatdı. 
								
								
								Yusif ƏLİYEV |