| 
								
								 Martın 2-də təhsil naziri Misir Mərdanov 
								Almaniyanın "Winter" şirkətinin rəhbəri Volfqan 
								Vinterlə görüşüb. 
								
								Qonağı səmimi salamlayan nazir son illər 
								Azərbaycanla Almaniya arasındakı mövcud 
								əlaqələrin daha da inkişaf etdiyini diqqətə 
								çatdırıb.  İki ölkə arasında təhsil sahəsində 
								yaradılan əməkdaşlığın nəticəsi olaraq bir sıra 
								uğurların əldə edildiyini bildirən Misir 
								Mərdanov peşə təhsili üzrə Almaniya 
								təcrübəsindən bəhrələnməyin əhəmiyyətindən bəhs 
								edib. Nazir həmçinin Azərbaycanda peşə təhsilinə 
								marağın artmasından söz açaraq bu məsələnin ölkə 
								Prezidentinin diqqət mərkəzində olduğunu 
								vurğulayıb və mövcud istiqamətdə həyata 
								keçirilən tədbirlər barədə qonağa məlumat verib. 
								
								Təhsil naziri Misir Mərdanov Almaniya ilə 
								Azərbaycan arasında təhsil sahəsində mövcud olan 
								əməkdaşlıqdan məmnunluğunu bildirib və 
								qonaqların Bakı şəhərində fəaliyyət göstərən bir 
								sıra peşə təhsili müəssisələrində olmasının 
								əhəmiyyətini qeyd edib. Nazir, eyni zamanda  bu 
								əməkdaşlığın inkişafı baxımından müvafiq 
								təklifləri dinləməyə və qarşılıqlı əlaqələrin 
								genişləndirilməsi üçün Azərbaycan Respublikası 
								Təhsil Nazirliyinin lazımi dəstək göstərməyə 
								hazır olduğunu bildirib. 
								
								Səmimi qəbul üçün Misir Mərdanova təşəkkürünü 
								bildirən qonaq ölkələrimiz arasındakı mövcud 
								əlaqələrdən, Almaniyada peşə təhsilinə xüsusi 
								əhəmiyyət verilməsindən söz açıb. Volfqan Vinter 
								həmçinin birgə əməkdaşlığın səmərəli nəticələr 
								verəcəyinə ümid bəslədiyini vurğulayıb. 
								
								Görüşdə iki ölkə arasında peşə təhsili sahəsində 
								əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq 
								layihə sənədinin hazırlanması, gələcək 
								perspektivlər və digər məsələlər barədə 
								müzakirələr aparılıb. |