| 
								
								"İnsanlar  təbiətinə görə  heç bir şeyi  
								başqasına vermək istəmirlər. Onlar  təkcə  bir 
								şeyi - öz biliklərini başqalarına   verməyə 
								hərisdirlər. Bilik  elə bir  şeydir ki, 
								başqalarına  bağışlanılmasa, onun sahibi dərdə 
								düşər, ömrü qüssə  və kədər içində keçər". 
								
								Görkəmli mütəfəkkirimiz M.F.Axundova məxsus olan 
								bu müdrik deyimi təsadüfi olaraq yazımıza giriş 
								verməmişik. Haqqında danışmaq istədiyimiz Raya 
								Təhməzovanın ömür yolu, pedaqoji fəaliyyəti  
								misal gətirdiyimiz fikirlə tamamilə  uyğundur.
								 
								
								Raya Ziyad qızı Təhməzova 1950-ci ildə Zəngilan  
								rayonunda anadan olub, 1970-ci ildə M.F.Axundov 
								adına Rus dili  və Ədəbiyyatı İnstitutunu  
								bitirib. Tələbəlik illərində rus dili və 
								ədəbiyyatı  fənninin sirlərinə yiyələnən Raya 
								Təhməzova pedaqoji fəaliyyətə  başladığı gündən 
								bütün həyatını şagirdlərinə həsr edib. O vaxtdan 
								artıq 40 il keçir. O, hazırda Şirvan şəhərindəki 
								16 nömrəli orta məktəbdə  rus dili və ədəbiyyat 
								müəllimi işləyir və öz işini  böyük həvəs və 
								maraqla  yerinə yetirir. Məktəbin kollektivi 
								arasında işinə yaradıcı yanaşan təcrübəli 
								pedaqoq kimi tanınır. Dərslərində interaktiv 
								təlim metodlarından bacarıqla istifadə edir və  
								tədris etdiyi fənni şagirdlərə sevdirə bilir.
								 
								
								O, işlədiyi məktəbdə yaxşı müəllim olmaqla 
								bərabər, həm də nümunəvi sinif rəhbəridir. Onun 
								rəhbərlik etdiyi IX "Q" sinfinin şagirdləri Raya 
								müəllimi özlərinə  yaxın dost, ikinci ana hesab  
								edirlər. Çünki o, dərs dediyi  şagirdləri həmişə 
								düzlüyə, bütövlüyə, dosta sadiqliyə, 
								valideynlərin adını uca tutmağa və Vətənə 
								layiqli övlad olmağa çağırır. Yetirmələri də 
								harada olmalarından asılı olmayaraq, müəllimləri 
								ilə əlaqə  saxlamağı heç vaxt unutmurlar. Buna 
								səbəb də  Raya müəllimin, özünün dediyi kimi, 
								sənətinin vurğunu olması və dərs dediyi 
								şagirdlərini öz övladı kimi sevməsidir. 
								
								Raya müəllimi  qarşıdan gələn 8 Mart  Beynəlxalq 
								Qadınlar Günü və anadan olmasının 60 illiyi 
								münasibətilə ürəkdən təbrik edir, ona pedaqoji 
								fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.             
								 
								
								
								Şakir CƏFƏROV |