Kərimov
Elgiz Kərim oğlu
1971-ci il yanvarın 5-də Bərdə rayonunda anadan
olmuşdu. 1987-ci ildə orta təhsilini başa
çatdırmış, elə həmin il hərbi xidmətə
çağırılmışdı. Əsgəri borcunu yerinə yetirdikdən
sonra doğma yurduna qayıtmışdı.
Elgiz 1991-ci ildə silaha sarılaraq doğma
Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ
torpaqlarına hücum etmiş erməni işğalçılarına
qarşı mübarizəyə qalxmışdı. O, Əsgəran
yaxınlığında gedən şiddətli döyüşlər zamanı
xüsusi fəallıq göstərmişdi. 1992-ci il martın
12-də Naxçıvanik kəndində gedən ağır döyüşdə əsl
qəhrəmanlıq göstərərək əsir düşmüş döyüşçü
yoldaşlarını xilas etmiş, lakin özü yağı düşmən
gülləsinə tuş gəlmişdi. O, öz xalqının azadlığı,
Vətəninin bütövlüyü uğrunda işğalçılara qarşı
mübarizə aparmaqdan qürur duyurdu. Elgiz
vətəninin, xalqının, millətinin dar günlərində
özünü döyüş meydanına atıb "təki Vətən yaşasın"
deyib canını qurban edən, qəhrəmanlığı ilə
tariximizin səhifələrində əbədiləşən
övladlarımızdan biri idi. Vətənimizin,
xalqımızın qeyrətini çəkən, qəlbinin hökmü ilə
Azərbaycanın ərazi bütövlüyünü qoruyan gənc
Elgizin qismətinə şəhidlik düşdü.
E.Kərimov 21 yaşında canindan artıq sevdiyi
Vətən torpağını erməni işğalçılarından müdafiə
edərkən qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun
1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə
Kərimov Elgiz Kərim oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bərdə rayonunda dəfn olunub.
Kərimov
Kazımağa Mövsüm oğlu
1951-ci il sentyabrın 1-də Qubadlı rayonunun
Sarıyataq kəndində anadan olmuşdu. Qubadlı
rayonunda orta məktəbi bitirdikdən sonra bir
müddət "Avanqard" qəzetində yığıcı işləmişdi.
1970-ci ildə indiki BDU-nun jurnalistika
fakültəsinə daxil olmuşdu. Universiteti
bitirdikdən sonra təyinatla "Azərbaycan məktəbi"
jurnalına göndərilmişdi. Sonralar Goranboy
rayonundakı Qızılhacılı kəndində Aqrar Sənaye
Birliyində hüquq məsləhətçisi kimi işə qəbul
olunmuş və bir müddət burada işləmişdi. 1991-ci
ildə Goranboyda yaradılan özünümüdafiə
batalyonuna komandir müavini təyin olunmuşdu.
Qaraçinar, Meşəli, Erkəc və digər kəndlərdə
aparılan əməliyyatlarda rəşadətlə vuruşmuşdu.
Kazımağanın axırıncı döyüşü Meşəli ərazisində
olmuşdu. Onun dəstəsi bu ərazini düşməndən azad
etməli idi. Elə bu zaman sıx meşəlikdə gizlənmiş
hiyləgər düşmən qüvvələri meydanda görünərək
onlara hücum etməyə başlayır. Bu gərgin döyüşdə
K.Kərimovun dəstəsi erməni döyüşçülərini məğlub
edərək tərk-silah etmişdi. Lakin bu ağır döyüşdə
Kazımağa ayağından yaralanır. Onu Bakıya -
xəstəxanaya çatdırırlar. Çox qan itirdiyindən
onun həyatını xilas etmək mümkün olmur.
K.Kərimov 1992-ci il iyunun 15-də Bakıda
xəstəxanada dünyasını dəyişib.
Evli idi. Bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun
1992-ci il tarixli 6 nömrəli Fərmanı ilə Kərimov
Kazımağa Mövsüm oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Goranboy rayonunun Qızılhacılı kənd mədəniyyət
evi onun adını daşıyır. Goranboy şəhərində büstü
qoyulub.
Kərimov
Kərim Məhəmməd oğlu
1971-ci il iyulun 2-də Şərur rayonunun
Qarahəsənli kəndində anadan olmuşdu. Orta
məktəbi bitirdikdən sonra Tümendə Ali Hərbi
Mühəndis Komandirləri Məktəbinə qəbul olunmuşdu.
Kərim də Qarabağ hadisələri başlayanda
azərbaycanlı tələbələrlə birlikdə darda olan
Vətənin harayına gəlmişdi. O, təhsilini Bakı Ali
Birləşmiş Komandirlər Məktəbində davam etdirmiş,
Biləcəridə təlim keçdikdən sonra Goranboy
rayonuna yollanmışdı. 1992-ci ildə
Tap-Qaraqoyunlu kəndi ətrafında erməni
faşistləri tərəfindən minalanmış sahələrin
zərərsizləşdirilməsi əməliyyatlarında o da fəal
iştirak etmişdi. O, öz qorxmazlığı, Vətənə olan
sevgi və məhəbbətini canı bahasına
torpaqlarımızı yağı düşməndən qorumağa hər an
hazır olan gənclərimizdən biri idi. Döyüşlərdə
qəhrəmanlıqlar göstərmiş, savaş meydanında daim
öndə getmiş, iştirak etdiyi döyüş
əməliyyatlarında həmişə nümunə döstərmişdi.
Kərim bir igid, cəsarətli və xalqına ürəkdən
bağlı mehriban, xoşxasiyyət bir insan, cəsur
bir döyüşçü idi. Onun yalnız bir istəyi, bir
arzusu, bir amalı vardı. Azərbaycanın ayrılmaz
bir hissəsi olan Qarabağ torpaqları işğalçı
erməni düşmənlərinin tapdağından azad olsun.
K.Kərimov 1992-ci il mayın 5-də Goranboy
ətrafında erməni işğalçılarına qarşı gedən ağır
döyüşlərdə qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 11
sentyabr 1992-ci il tarixli 193 nömrəli Fərmanı
ilə Kərimov Kərim Məhəmməd oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Şərur rayonunun Qarahəsənli kəndində dəfn
olunub. Doğulduğu bu kənddə büstü qoyulub.
Goranboy və Şərur rayonlarında adına məktəb və
küçə var.
Kovalyov
Yuri Petroviç
1965-ci il noyabrın 29-da Göyçay rayonunda
anadan olmuşdu. 1972-ci ildə ailə üzvləri ilə
birlikdə Krasnodar vilayətinə köçmüş və beş
ildən sonra Bakıya qayıtmışdı. O, 1981-ci ildə
paytaxtdakı 229 nömrəli orta məktəbi bitirmiş,
1982-ci ildə "Azərittifaq"ın reklam istehsalat
kombinatında çalışmışdı. 1983-cü ildə ordu
sıralarına çağırılmışdı. Yuri hərbi xidmətini
başa çatdırdıqdan sonra - 1987-ci ildə Qırmızı
Bayraqlı Xəzər Dəniz Hərbi Donanmasının 109
nömrəli miçmanlar və praporşiklər məktəbinə
daxil olmuşdu. 1990-cı il sentyabrın 15-də
DİN-in xüsusi təyinatlı polis dəstəsinə qəbul
olunmuş, bir çox döyüş bölgələrində erməni
işğalçılarına qarşı gedən döyüşlərdə fəal
iştirak etmişdi. O, artıq ciddi hərbçi
təcrübəsinə, zəngin döyüş taktiki hazırlıq
vərdişlərinə dərindən yiyələnmiş peşəkar bir
əsgər idi. Komandanlığın tapşırığı ilə Yuri ən
məsuliyyətli döyüş əməliyyatlarında iştirak
edir, göstərdiyi igidlik və rəşadətə görə
komandirlərinin təşəkkürünə layiq görülür.
Y.Kovalyov 1991-ci ildə Xocavənd rayonu
ərazisində erməni işğalçılarına qarşı aparılan
döyüş əməliyyatlarında igidlik göstərib və
oktyabrın 3-də qəhrəmancasına həlak olub.
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun
1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə
Kovalyov Yuri Petroviç ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Bakıdakı 229 nömrəli orta məktəb onun adını
daşıyır.
Qasımov
İxtiyar Qasım oğlu
1970-ci il martın 22-də Ağdam rayonunun Salahlı
kəndində anadan olmuşdu. O, səkkizinci sinfə
kimi kəndlərindəki məktəbdə oxumuş və sonra
təhsilini Bakıdakı kimya-biologiya təmayüllü
məktəbdə davam etdirmişdi. İxtiyar daha sonra
Kənd Təsərrüfatı Akademiyasının aqronomluq
fakültəsinə daxil olmuşdu. 1992-ci ildə isə
könüllü olaraq hərbi xidmətə getmək üçün rayon
komissarlığına müraciət etmiş və Ağdam
bölgəsində erməni işğalçılarına qarşı gedən
döyüşlərdə fəal iştirak etmişdi. Həmin vaxt
qəfildən qərargaha həyəcanlı xəbər gəldi ki,
erməni yaraqlıları çoxlu qüvvə ilə rayonun
Gülablı kəndinə hücuma keçiblər. Təcili kömək
lazımdır. Bu xəbər qərargaha çatan kimi döyüşə
hazırlıq əmri verildi. Sıraya ilk dayananlardan
biri də elə İxtiyar oldu. O, xüsusi əmr alıb
Gülablı kəndinə doğru üz tutdu. Hiyləgər düşmən
isə kəndə mütləq əlavə qüvvələr gələcəyini
bildiyindən Gülablıya gedən yolda pusqu
qurmuşdu. İxtiyar ağlına belə gətirmədiyi bir
yerdə atəş səsləri eşitdi. O, yaxınlıqda olan
düşmən tərəfə güllələr yağdırmağa başladı.
Gərgin gedən döyüşlər bir xeyli davam etdi.
Kəndə doğru irəliləyə bilməyən düşmən İxtiyarın
şücaəti nəticəsində pusqu qurduqları yerdən
qorxuya düşərək qaçdılar.
İ.Qasımov 1992-ci il iyunun 14-də Canyataq kəndi
uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak
olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr
1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə
Qasımov İxtiyar Qasım oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Ağdam rayonunun Salahlı kənd qəbiristanlığında
dəfn olunub.Vaxtilə təhsil aldığl Salahlı kənd
orta məktəbi onun adını daşıyır.
Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ |