İlkin olaraq onu qeyd edək ki, müasir
pedaqogikanın nəzəri və təcrübi problemlərinin
öyrənilməsi üzrə ciddi axtarışlar sorağında olan
alimlər sırasında pedaqoji elmlər doktoru,
professor Nurəddin Kazımovun müstəsna yeri
vardır. O, elmi-pedaqoji ictimaiyyətimizin çox
yüksək dəyər verdiyi, məhsuldar fəaliyyəti ilə
fərqlənən yaradıcı şəxsiyyətlərdəndir. Onun
pedaqogikanın nəzəriyyəsi və tarixi, elmşünaslıq
problematikalarına aid fundamental tədqiqatları
qədirbilən oxucuların daim geniş rəğbətini
qazanmışdır. O, bir qayda olaraq, elmi
axtarışlarının əsas istiqamətlərini
vətəndaş-alim mövqeyindən şərh edir, məktəb və
pedaqoji fikir tariximizin ənənə və müasirlik
paradiqmalarını vəhdətdə götürərək, tədqiq
etdiyi hər bir məsələyə ciddi sosial və strateji
məqsəd, vətənpərvərlik amalı baxımından
nəzər-diqqət yetirir, bu yolda əsl fədailik
nümunəsi göstərir.
Şöhrəti
respublikamızın hüdudlarını da aşmış əməkdar elm
xadimi, Prezident təqaüdçüsü, professor Nurəddin
Kazımovun milli və ümumbəşəri keyfiyyətlərə
dəstək olan novator ideyaları müasir
elmi-akademik pedaqogikanın nəzəri məzmununu
artırır, təcrübi istiqamətlərdə aparılan digər
əməli fəaliyyət sahələrinin yeni, işlək
texnologiyalarını zənginləşdirir.
Onun bütün yaradıcı ehtişamı müasir milli
dövlətimizin əsas prinsiplərinə xidmət edir,
ölkəmizdə azərbaycançılıq, türkçülük və islami
dəyərlərə dəstək olan yaradıcı baxışlar sistemi
ilə ehtiva olunur.
Müstəqil Azərbaycanımıza xidmətdə onun ən böyük
əməyi isə, mən deyərdim ki, yaranmaqda olan
milli pedaqogikamızı vətəndaşlıq statusuna
qaldırmasıdır.
Nurəddin müəllim ənənəvi pedaqogikanın bütün
anlayışlarını respublikamızın dövlət
müstəqilliyi baxımından, tənqidi təhlil
süzgəcindən keçirərək yeni pedaqogika - Milli
pedaqogika yaratmışdır.
Müasir pedaqoji elmin və prosesin vətəndaşlıq
məramını ləyaqətli nəsil, nəcib insan
yetişdirməkdə görən Nurəddin Kazımov bu sahədə
həyatın tələbindən irəli gələn məsələlərə daha
çox önəm verir, milli pedaqoji ideyaların
cəmiyyətə sirayət edən təsir imkanlarını
yeni-yeni kitablarla haşiyələndirir.
Onun yaradıcı aləminə çıraq tutan növbəti
kitablarından biri 2010-cu ildə "Çaşıoğlu"
nəşriyyatında işıq üzü görən "Tətbiqi
pedaqogika" adlı dərsliyidir.
Respublikamızda "İbtidai təhsilin pedaqogikası
və metodikası" ixtisası üzrə təhsilləndirici
mənbə kimi nəzərdə tutulan bu fundamental vəsait
Azərbaycan Respublikası təhsil nazirinin 18
sentyabr 2009-cu il tarixli, 1071 nömrəli əmri
ilə dərslik kimi təsdiq edilmişdir.
Əsasən, pedaqoji təmayüllü tədris
müəssisələrinin və fakültələrinin müəllimləri,
tələbələri və magistrantları, habelə ümumtəhsil
məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuş
bu dərsliyin elmi redaktoru, pedaqoji elmlər
doktoru, professor Fərahim Sadıqov, rəyçiləri
pedaqoji elmlər doktoru, professor Sərdar
Quliyev, pedaqoji elmlər doktoru, professor
Vidadi Xəlilov, pedaqoji elmlər namizədi,
professor Mircəfər Həsənov, məsləhətçisi isə
Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Afət
Süleymanovadır.
Kitabda birmənalı olaraq qeyd olunur ki, təhsil
islahatı proqramının tələbi baxımından
respublikanın orta ixtisas və ali məktəblərində
milli pedaqogika fənləri üzrə qüvvədə olan
proqram və dərsliklər də yenidən işlənmiş,
müasir tələblərə uyğun milli xüsusiyyətləri
saxlamaqla yanaşı, dünya təhsil sisteminə və
təcrübəsinə inteqrasiya etmişdir.
Odur ki, müasir mərhələdə pedaqoji prosesdə yeni
işlək texnologiyaların, ideya-mənəvi
prinsiplərin, orijinal metodikaların, novator
üsul və vasitələrin modernləşdirilməsi və
aktuallaşdırılması ən vacib pedaqoji tələblərdən
biri sayılmalı, bu məqsədlə hər bir müəllimin,
tərbiyəçinin, sinif rəhbəri, məktəb direktoru və
təhsil menecerlərinin, idarə və müəssisə
rəhbərlərinin bu proseslərdən hali olmaları dövr
və zamanımız üçün çox vacib tələbata
çevrilməlidir. Müəllifin qayəsinə görə, bu gün
təhsil sisteminin dayaq nöqtəsi olan ibtidai
siniflərdə əsl elmi metodika, nəzəri baza
əsasında qurulan pedaqoji proses təcrübəsi
yetərli və öncül olsa da, ibtidai təhsilin
pedaqogikası və metodikası ixtisası üzrə
formalaşan müasir tələbənin, təkmilləşən
müdavimin bilməli olduğuna təminat verəcək
məqsədyönlü fəaliyyət şəbəkəsi o qədər də önəmli
sayıla bilməz. İndi tələbə statusu ilə təhsil
alanlar və təhsilalmanı təşkil edənlər məhz bu
amillərin ilkin mərhələsini ibtidai təhsil
ocaqlarından əxz etməlidirlər. Yəni tələb
təklifi üstələməməlidir. Çünki böyüyən nəslin
tədris və idrak bacarıqlarının ilkin təməli
ibtidai siniflərdə qoyulur, vətəndaş olmağın
ilkin xüsusiyyətləri, perspektiv nailiyyətlərə
qoşulmağın min bir sirri məhz təhsil sisteminin
bu mərhələsində pərvəriş taparaq, onları gələcək
fəaliyyətə səsləyir.
Odur ki, ali və orta ixtisas məktəblərində bu
təkmil ixtisas üzrə formalaşan tələbələrin
yetkin nəzəri biliklərlə yanaşı, ciddi əməli
-təcrübi vərdiş qazanması da mühüm şərtdir.
Gələcəyin sinif müəllimi olacaq bugünkü
tələbənin təhsil prosesində qazanacağı metodik
səriştədən, humanist meyillərdən, pedaqoji
ustalığa qadir olmasından asılı olaraq, onun bu
sahəyə bağlanmasını daimi və əbədi edir.
Müəllif məhz bu ideya və arzular kontekstində
"Tətbiqi pedaqogika"nın strateji məqsədini
vurğulayaraq, onun bu günümüzə və gələcəyimizə
tuşlanmış məqsəd və məramını konkret fakt və
hadisələrlə ümumiləşdirmişdir. Bu yönümdən
təhsilalmanın yeni mündəricəsini milli və
ümumbəşəri dəyərlər sintezində, yaxın və uzaq
vəzifələrdə görən kitab müəllifi, fənnin
məzmununa, strukturuna, tətbiqi xarakterinə,
inkişaf dinamikasına və təşəkkül tarixinə
aydınlıq gətirərək yazır: "Göstərilənlərə daha
diqqətlə nəzər yetirdikdə məlum olur ki, tətbiqi
pedaqogika fənninin tədrisi əsasında formalaşan
tələbəyə - gələcək müəllimə adi müəllim kimi
baxılmamalıdır. Belə müəllim ölçülüb-biçilmiş
bilik, bacarıq və vərdişləri gənc nəslə
məqsədyönlü aşılamaq yolu ilə cəmiyyətimizin
sonrakı inkişafına güclü təkan verən pedaqoji
təhsilli mütəxəssis kimi dəyərləndirilməlidir.
Bu müəllimin təlim və tərbiyəsində formalaşan
şagirdlər isə sistemləşdirilmiş bilikləri,
bacarıq və vərdişləri onun məqsədyönlü
rəhbərliyi altında mənimsəmək yolu ilə müstəqil
fəaliyyətə hazırlanan şəxslər kimi
qiymətləndirilməlidir".
Göründüyü kimi, bu prosesdə metodik işlər,
uşaqlarla işlər, valideynlərlə işlər də aydın və
elmi əsaslarla, tətbiqi metodologiya ilə
tənzimlənməlidir.
Bənzərsiz təkliflər və aydınlaşdırıcı ideyalar
zəminində yazılan "Tətbiqi pedaqogika"
dərsliyinin didaktik səciyyəsi də çox uğurludur.
O, müxtəlif sual və çalışmalar, təlqin, test və
sorğu nümunələri, sxem və cədvəllər komplekti,
illüstrativ materiallardan istifadə təcrübəsi
ilə yazdığı kitabında tələbələrin və
müəllimlərin istifadəsi üçün konkret yollar
göstərir, "öyrənəni öyrətmək" və "öyrədəni
öyrətmək" manerası ilə xeyli köməkçi metodik
vəsilələrdən faydalanmağın bu yolda nə qədər
böyük üstünlüklərə malik olmasını qabardır.
Dərslikdə yeni yanaşmanın mahiyyəti ondadır ki,
müəllif məşğələ zamanı tələbənin yaddaşını təkcə
yeni biliklərlə, məlumatlarla zənginləşdirən
mülahizələr üzərində dayanmır, o, həm də onların
bu prosesdə təfəkkürünü, müstəqil əməli
bacarıqlarını, çevik və işgüzar vərdişlər yolu
ilə bilik mənimsəmə keyfiyyətlərini də təqdir
edərək, kitabda sonsuz sayda dərsdinləmə,
dərslərdən müşahidə materialları ilə də
oxucuları tanış edir.
İbtidai təhsilin pedaqogikası və metodikası üzrə
bakalavr hazırlığını təmin edən bu qiymətli
vəsaiti oxuduqca bir daha yəqinlik hasil edirsən
ki, hər hansı tədris fənni üçün nəzərdə tutulan
təhsilin məzmun mənbələri olan tədris planları,
proqramları və dərsliklər nə qədər aydın,
anlaşıqlı, oxucu üçün heç bir mübhəm qalmayan
əlamətlərlə yazılmışsa, onun pedaqoji-ictimai
dəyəri də elə oxucu nəzərində birə-on qat artır.
"Tətbiqi pedaqogika" dərsliyinin elmi
aparaturası, strukturu, tərtib və yazılma
prinsipləri bütün bu əlamətləri özündə ehtiva
edir.
Kitabın lakonik dili, məzmun və ideya
ardıcıllığı onun üstün məziyyətləri kimi
dəyərləndirilməlidir.
Dərsliyin məzmun sferası ilə tanışlıq bir daha
göstərir ki, müəllif burada ənənə ilə
müasirliyin, keçmiş ilə novatorluğun vəhdətini
də tarixi-müqayisəli təhlil əsasında vermiş,
tətbiqi pedaqogikanın mahiyyətindən, məram və
məqsədindən irəli gələn və bu sahəyə xidmət edən
ali baza təhsil proqramlarının, təhsil sahəsində
dövlət siyasətinin əsas prinsiplərinin, ibtidai
məktəbin müvafiq tədris planlarından, pedaqoji
prosesdə görüb-müşahidə etdiyi psixoloji inkişaf
amillərindən bəhs etməklə, I-IV siniflərdə
nəzərdə tutulan didaktik vəzifələrin tətbiqetmə
imkanlarını yüksək ümumiləşdirici şərh yolu ilə
təhlil-tərkib etmişdir.
Bütövlükdə, 9 bölmədən, 30 fəsildən, 164
yarımfəsildən ibarət bu qiymətli dərslik öz
dərin elmi-metodik siqlətinə, əməli-təcrübi
məzmununa görə pedaqoji ictimaiyyətimiz üçün ən
böyük töhfədir.
Vidadi BƏŞİROV,
doktorant |