| 
								
								
								Müsahibimiz Təhsil Nazirliyinin Monitorinq və 
								qiymətləndirmə şöbəsinin müdiri, filologiya 
								elmləri doktoru Təranə Hacıyevadır.  
								
								
								 - 
								Təranə xanım, ölkəmizdə aparılan təhsil 
								islahatları öz uğurlu nəticələrini verməkdədir. 
								Təhsil sahəsində gedən əsaslı dəyişikliklər, 
								tətbiq edilən yeniliklər nəticə etibarı ilə 
								təhsilimizin səviyyəsinin yüksəlməsinə, 
								keyfiyyətinin yaxşılaşmasına xidmət edir. Sizin 
								rəhbərlik etdiyiniz şöbə də son illər 
								təhsilimizdə həyata keçirilən yeni 
								qiymətləndirmə sisteminin nəzəri və tətbiqi 
								məsələləri ilə məşğul olur. Bu haqda 
								oxucularımıza daha ətraflı məlumat verməyinizi 
								xahiş edirik. 
								
								- Monitorinq və qiymətləndirmə şöbəsi Dünya 
								Bankının tövsiyəsi ilə Təhsil Nazirliyinin 25 
								fevral 2004-cü il tarixli, 157 nömrəli əmri ilə 
								yaradılmışdır. Bir müddət şagird 
								nailiyyətlərinin qiymətləndirilməsi adı altında 
								fəaliyyət göstərən şöbəmiz təhsil nazirinin 8 
								oktyabr 2008-ci il tarixli, 1132 nömrəli əmri 
								ilə Monitorinq və qiymətləndirmə şöbəsi 
								adlandırıldı. Özündə bir çox məsələləri ehtiva 
								edən monitorinq çox geniş bir prosesdir və 
								qiymətləndirmə, yəni məlumat toplamanın özü də 
								monitorinqə xidmət edir. Bizim şöbə də məhz bu 
								ad altında öz fəaliyyətini daha geniş şəkildə 
								qurmağa çalışır. Əsas məqsəd yeni qiymətləndirmə 
								sisteminin tətbiqini həyata keçirməkdir. 
								 
								
								Bilirsiniz, müasir təhsil sistemində yeni 
								qiymətləndirmə önəmli yer tutur. Yeni 
								qiymətləndirmə sistemində şagird nailiyyətlərinə 
								kompleks şəkildə yanaşılır, ən xırda 
								təfərrüatına qədər dəqiqliklə hazırlanmış 
								qiymətləndirmə sözün əsil mənasında təhsilin 
								səviyyəsinin yüksəlməsinə xidmət edir. 
								 
								
								Dünyada qəbul edilmiş və artıq tətbiq olunan 
								qiymətləndirmə sistemi 3 komponenti - 
								məktəbdaxili, milli və beynəlxalq 
								qiymətləndirməni əhatə edir. 
								
								Qarşımızda çox mühüm vəzifələr durur. Mən 
								bunlardan bir neçəsini qeyd etmək istərdim: Yeni 
								qiymətləndirmə sistemini həyata keçirmək üçün 
								bəzi normativ-hüquqi  sənədlərin hazırlanması və 
								mövcud olanların isə təkmilləşdirilməsi; ölkədə 
								şagird nailiyyətlərinin beynəlxalq təcrübəyə 
								uyğun qiymətləndirilməsini təmin etmək; 
								monitorinqin icra mexanizmini hazırlamaq və 
								tətbiq etmək; qiymətləndirmə tədqiqatlarını 
								həyata keçirmək,  təhsilin keyfiyyəti üçün əsas 
								olan şagirdin təlim nəticələri haqqında 
								məlumatların toplanması, təhlil edilməsi və 
								bunların əsasında fənn kurikulumlarında və 
								dərsliklərdə dəyişikliklər etmək üçün səmərəli 
								təkliflərin hazırlanması; qiymətləndirmə və 
								təhsil siyasətində müasir yanaşmaların tətbiqi 
								və inkişaf etdirilməsi. 
								
								Fəaliyyət planımızda  kurikulum tətbiq olunan 
								siniflərdə qiymətləndirmə standartlarının və 
								meyarlarının hazırlanması, məktəbdaxili 
								qiymətləndirmənin aparılması qaydalarının 
								hazırlanması, milli və beynəlxalq 
								qiymətləndirmələrin tədqiqatlarını keçirmək, 
								qiymətləndirmənin nəticələrinin təhlili və 
								digər  məsələlərin həyata keçirilməsi öz əksini 
								tapıb.  Sadaladığım məsələlərin əsas hissəsi ilə 
								bağlı artıq müəyyən işlər icra edilib və onların 
								daha da təkmilləşdirilməsi istiqamətində işlər 
								görülməkdədir.  
								
								
								- Milli və beynəlxalq qiymətləndirmə sahəsində 
								nə kimi tədbirlər həyata keçirilib? 
								
								-  Gördüyümüz ilk işlərdən biri də məhz 
								beynəlxalq qiymətləndirmə ilə bağlı olub. Belə 
								ki, 2006-cı ildə Azərbaycan PISA beynəlxalq 
								proqramında iştirak etmiş və onun nəticələri 
								2008-ci ildə elan olunmuşdur. 2009-cu ildə 
								növbəti dəfə həmin proqramda iştirak edən 
								azərbaycanlı şagirdlərimizin nəticələrini isə 
								hələ gözləyirik. Şagirdlərin nəticələri yaxın 
								aylarda açıqlanmalıdır. 
								
								Adıçəkilən proqram müxtəlif ölkələrin 
								şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri 
								üzrə bilik və bacarıqlarının, eyni zamanda 
								onların müxtəlif tipli problemləri necə həlletmə 
								qabiliyyətlərinin qiymətləndirilməsini həyata 
								keçirmək məqsədi ilə aparılır. Proqramda müvafiq 
								üsulla seçim aparılmış təhsil müəssisələrindən 
								15 yaşlı şagirdlər iştirak etmişlər. 
								
								Yeri gəlmişkən, mən bu proqramın 2006-cı il 
								nəticələrinə toxunmaq və bununla bağlı müəyyən  
								məsələlərə bir qədər aydınlıq gətirmək 
								istəyirəm. Bildiyiniz kimi, həmin ilin 
								nəticələrinə əsasən şagirdlərimiz riyaziyyatdan 
								nəzəri biliklərə görə 4-cü,  tətbiqi biliklərə 
								görə 34-cü yeri tutmuşdular. Oxu və təbiət 
								elmlərindən isə respublikamız 54-cü yerdə 
								olmuşdur. Təbii ki, şagirdlərimizin oxu və 
								təbiət elmlərindən aşağı yer tutmalarının 
								müəyyən səbəbləri var. Sual yarana bilər ki, nə 
								üçün məntiqə əsaslanmış riyaziyyat kimi fənni 
								yaxşı bilən eyni bir şagird oxu (qavrama) və 
								təbiət elmləri üzrə aşağı nəticələr göstərir. 
								Bunun səbəbini şagirdlərin bacarığında və 
								ölkənin təhsil səviyyəsində axtarmaq düz deyil. 
								PISA-nın ölkələrə təqdim etdiyi qiymətləndirmə 
								vasitələrinə, yəni mətnlərə diqqət yetirsək, 
								məsələyə aydınlıq gələr. Oxu və təbiət elmləri 
								üzrə təqdim edilmiş test kitabçalarında Qərb 
								ədəbiyyatından verilmiş böyük həcmli, bir çox 
								hallarda Avropa mənşəli xüsusi isimlərlə 
								yüklənmiş 15-ə qədər mətni  qiymətləndirməyə 
								ayrılan vaxt ərzində diqqətlə oxumaq və ona 
								verilən suallara cavab vermək tələb edilir. 
								Zəngin informasiyaya malik olan və xüsusi diqqət 
								tələb edən bu mətnlər 15 yaşlı şagirdlərə o 
								qədər də cəlbedici və asan gəlmədiyinə görə 
								onlar təsadüfi cavablandırmalara yer verirlər.
								 
								
								Qeyd edim ki, eyni bir hal beynəlxalq 
								qiymətləndirmədə iştirak edən bəzi ölkələrdə də 
								özünü göstərir. (Bu barədə bax: Vinsent Grini, 
								Tomas Kellagan. "Təhsildə milli nailiyyət 
								səviyyələrinin qiymətləndirilməsi". I cild). Elə 
								bu səbəbdən də beynəlxalq qiymətləndirmədə 
								iştirak edən ölkələrin bir qismi vaxta və 
								vəsaitə qənaət etmək üçün beynəlxalq 
								qiymətləndirmə ilə milli qiymətləndirməni 
								əlaqələndirə bilmirlər. Əyanilik üçün Təhsil 
								Nazirliyinin rəsmi saytında (www.edu.gov.az) 
								yerləşdirilmiş nümunələrə baxa bilərsiniz.
								 
								
								Onu da əlavə edim ki, PISA-da Avropanın inkişaf 
								etmiş ölkələri daha çox iştirak edir və onların 
								bu barədə artıq kifayət qədər təcrübələri var, 
								belə qiymətləndirmə vasitələri həmin şagirdlərə 
								tanışdır.  
								
								Oxu və qavramadan şagirdlərimizin zəif nəticələr 
								göstərməsi əslində beynəlxalq qiymətləndirmədəki 
								qiymətləndirmə vasitələrinin bizim üçün populyar 
								və işlək olmamasıdır. Riyaziyyat isə dəqiq elm 
								olduğu üçün bu fəndən verilən tapşırıqların həll 
								edilməsi  şagirdlərimizə daha rahatdır. Burada  
								xüsusi mətnlər yoxdur, uşaqların məntiqi 
								təfəkkürünü, tətbiqi bacarığını yoxlamaq üçün 
								verilən çalışmalardır. "PISA 2006"-nın 
								nəticələrinə görə, riyaziyyatı yaxşı 
								bilənlərimizin sayı çox olmasa da, bu fənni 
								bilənlərimiz onu yüksək səviyyədə bilirlər. 
								Dünyanın inkişaf etmiş ölkələri ilə bir arada 
								olmaq, həmin fənn üzrə şagirdlərimizin nəzəri 
								biliklərə görə IV yer tutması ürəkaçandır. Oxu 
								və təbiət elmləri üzrə də nəticəni yüksəltmək 
								üçün işlər görülməkdədir. 
								
								PISA proqramının iki layihəsində iştirakımızla 
								hələlik kifayətlənməyi düşünürük. Bilirsiniz, 
								beynəlxalq qiymətləndirmədə iştirak edən 
								ölkələrin məqsədi ümumi dünya təhsil səviyyəsi 
								fonunda öz yerini və çəkisini bilmək, tələb 
								olunan standartlara  nə dərəcədə cavab verməsini 
								yoxlamaqdır. Adətən beynəlxalq qiymətləndirmə  
								fasilələrlə 4-5 ildən bir aparılır. Artıq bizim 
								ölkəmizin bununla bağlı müəyyən təcrübəsi və 
								həmin istiqamətdə gələcək perspektivlərimizi 
								müəyyənləşdirmək üçün kifayət qədər  
								materialları var. Yəni mövcud bazanın təhlili 
								əsasında təhsilimizdə nə kimi işlərin 
								görülməsini proqnozlaşdırmağa imkan yaranıb. Onu 
								da qeyd edim ki, 2009-cu ildən başlayaraq Təhsil 
								Nazirliyi ölkənin ümumtəhsil müəssisələrində 
								kurikulum üzrə beynəlxalq qiymətləndirmənin 
								həyata keçirilməsini təmin etmək üçün TIMSS və 
								PRLS beynəlxalq qiymətləndirmə proqramına 
								qoşulub. TIMSS və PRLS beynəlxalq 
								qiymətləndirilməsi ibtidai siniflərdə aparılır. 
								Sınaq mərhələsi bir sıra orta məktəblərdə həyata 
								keçirilmişdir və bu iş davamlı şəkildə 
								aparılacaq. 
								
								Bir yeniliyi də diqqətə çatdırım ki, artıq 
								beynəlxalq qiymətləndirmə vasitələrinin bizim 
								şagirdlər üçün alışqan, başa düşülən olması 
								məqsədi ilə həmin adda bir kitab hazırlayırıq. 
								Beynəlxalq təcrübədə belə kitablar var və həmin 
								vəsaitin analoji olaraq Azərbaycan üçün 
								hazırlanması olduqca vacibdir. Bu kitabda 
								istifadə olunan nümunələrdə beynəlxalq 
								qiymətləndirmə vasitələrinin təsvirini verməyə 
								çalışmışıq. Hazırda kitab üzərində redaktə 
								işləri gedir. Yəqin ki, 1-2 ay müddətinə 
								qiymətləndirmədə iştirak edəcək məktəblərə həmin 
								beynəlxalq qiymətləndirmə vasitələrinin 
								nümunələrini təqdim edəcəyik. 
								
								Şagird nailiyyətlərinin yoxlanması üçün milli 
								qiymətləndirmə tədqiqatlarının həyata 
								keçirilməsi təhsil siyasətində mühüm yer tutur. 
								Milli qiymətləndirmə təhsili öyrənmək üçün 
								aparılan tədqiqatdır və onun məramı ayrı-ayrı 
								şagirdlərin imtahan nəticələrini öyrənmək deyil, 
								ümumilikdə təhsilə qiymət verməkdir.  Milli 
								qiymətləndirmədə əsas məqsəd ölkənin təhsil 
								sisteminin səviyyəsini öyrənmək və nəticələrdən 
								asılı olaraq təhsildə planlaşdırma və 
								proqnozlaşdırmanı müəyyənləşdirməkdir. 2009-cu 
								ildə milli qiymətləndirmənin ilkin mərhələsini 
								apardıq. 2011 və 2012-ci illərdə isə əsas 
								mərhələni keçirmək istəyirik. 
								
								
								- Milli və beynəlxalq qiymətləndirmənin hər 
								ikisinin ölkəmizdə keçirilməsinə ehtiyac varmı? 
								Bunların fərqli cəhətləri hansılardır? 
								
								- Hazırkı dövrdə bizdə hər ikisinə ehtiyac var. 
								Düzdür, dünya  təcrübəsində elə ölkələr var ki, 
								beynəlxalq qiymətləndirmənin materiallarını 
								(məlumat bazasını) milli qiymətləndirmədə də 
								tətbiq edir. Yəni onlar vaxt və vəsait ayıraraq 
								milli qiymətləndirmə keçirmirlər. 
								
								Beynəlxalq qiymətləndirmə əgər dünya təhsil 
								səviyyəsində ölkənin yerini bilmək üçün 
								keçirilirsə və öz ölkəsinin təhsil səviyyəsini 
								dünya təhsilinə uyğun şəkildə qurmaq üçün 
								aparılırsa, milli qiymətləndirmə bütövlükdə 
								ölkənin təhsilini, kurikulumu, fənn 
								proqramlarını, dərslikləri, digər faktorları 
								öyrənir və gələcək perspektivlər 
								müəyyənləşdirilir. Məsələn, PISA beynəlxalq 
								qiymətləndirmə vasitələrini, yaxud nəticələrini 
								biz milli qiymətləndirməyə tam şəkildə şamil edə 
								bilmərik. Artıq qeyd etdiyimiz kimi, beynəlxalq 
								qiymətləndirmə vasitələri milli qiymətləndirmədə 
								tətbiq edilən suallardan forma və müəyyən qədər 
								də  məzmun baxımından fərqlidir. Ona görə də 
								hələ ki,  ölkəmizdə iki cür qiymətləndirilmənin 
								aparılması labüddür. Çünki hər birinin vasitəsi 
								də, məqsədi də, məzmunu da fərqlidir. 
								
								
								-  Bu il ümumtəhsil məktəblərinin XI sinifləri 
								ilə yanaşı ilk dəfə olaraq IX siniflərdə də 
								buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada 
								keçirilib. İmtahanların nəticələri sizi qane 
								edirmi? 
								
								-  Orta ümumtəhsil məktəblərinin XI siniflərində 
								mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış 
								imtahanlarında iştirak edənlərin 84,26 faizi 
								müvəffəq qiymət alıb. Əvvəlki illərlə müqayisədə 
								müvəffəq qiymət alanların sayı çoxalıb. IX 
								siniflərdə də ildən-ilə müvəffəq qiymət 
								alanların sayının artacağına ümid edirəm. O da 
								sevindirici haldır ki, artıq ölkə ictimaiyyəti 
								bu məsələyə ciddi münasibət göstərir. 
								İmtahanların mərkəzləşdirilmiş qaydada 
								aparılması təhsilin keyfiyyətinin 
								yüksəldilməsinə, şagirdlərin və müəllimlərin, 
								məktəb rəhbərlərinin, eləcə də valideynlərin 
								təhsilə münasibətində məsuliyyətinin 
								artırılmasına, həmçinin obyektivliyin və 
								şəffaflığın qorunmasına xidmət edir. Əlbəttə ki, 
								bu sahədə də təkmilləşməyə ehtiyac var və bu 
								məqsədlə gələcəkdə müəyyən dəyişikliklərin 
								ediləcəyi istisna edilmir. Məsələn, şagirdlərin 
								İKT-dən istifadə bacarıqlarını yoxlamaq 
								məqsədilə buraxılış imtahanı dövründə IX 
								siniflərdə monitorinqin də aparılması nəzərdə 
								tutulur. Onu da bildirim ki, şöbəmiz Dünya 
								Bankının tövsiyəsi və dəstəyi ilə   beynəlxalq 
								ekspertlərlə əməkdaşlıq edir və əlaqəli şəkildə 
								işləyirik. 
								
								Ümumiyyətlə, həm beynəlxalq, həm də milli 
								ekspertin ayrı-ayrı məsələlərlə bağlı 
								fikirlərini biz çox səmimiyyətlə qəbul edir,  
								işimizin təkmilləşdirilməsinə yönəlmiş 
								təklifləri məmnuniyyətlə fəaliyyət planımıza 
								daxil edirik. 
								
								
								- Təranə xanım, bütövlükdə qiymətləndirmə ilə 
								bağlı hansı  işlər görülüb və nə kimi yeniliklər 
								gözlənilir? 
								
								- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
								13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı 
								ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 
								ümumtəhsil sistemində Qiymətləndirmə 
								Konsepsiyası"na uyğun olaraq şöbənin nəzdində 
								fəaliyyət göstərən  işçi qrupu tərəfindən  ötən 
								il ümumtəhsil məktəblərində məktəbdaxili 
								qiymətləndirmənin aparılması qaydaları 
								hazırlandı. Həmin qaydalar  "Azərbaycan 
								müəllimi" qəzetində çap olunaraq təhsil 
								ictimaiyyətinə təqdim edildi. 
								
								Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə 
								Nazirliyinin 17 fevral 2009-cu il tarixli, 3434 
								nömrəli şəhadətnaməsi ilə dövlət qeydiyyatından 
								keçmiş "Ümumtəhsil məktəblərində, peşə 
								liseylərində buraxılış imtahanları və 
								şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında 
								Qaydalar", verilən təkliflər, tövsiyələr 
								əsasında yenidən işlənilib və yaxın günlərdə 
								təsdiqə təqdim olunacaqdır. Şöbə tərəfindən 
								qiymətləndirmə standartları hazırlanıb ki, 
								burada da ona verilən tələblər, meyarlar 
								göstərilir. Eyni zamanda I, II siniflər üçün  
								ciddi müzakirələrdən sonra Təhsil Nazirliyinin 
								qrifi verilmiş qiymətləndirmə vasitələrindən 
								ibarət vəsaitlər çap edib məktəblilərin 
								istifadəsinə vermişik.  Bu il eyni məzmunlu 
								qiymətləndirmə topluları III siniflər üçün də 
								hazırlanıb.  
								
								Yeri gəlmişkən qeyd edim ki, bəzən 
								məktəblərimizdə Təhsil Nazirliyinin, o cümlədən 
								Monitorinq və qiymətləndirmə şöbəsinin müzakirə 
								etmədiyi, ümumiyyətlə xəbəri belə olmadığı   
								"Qiymətləndirmə" test kitabçalarından istifadə 
								edilir ki, bu da təhsil nazirinin 19.01.2010-cu 
								il tarixli, 46-22-296/16  nömrəli sənədinə 
								ziddir. Qiymətləndirmə həssas və təhsil 
								sistemində çox vacib olan bir həlqədir, bu 
								məqsədlə məktəblərdə, müvafiq elmi şuralarda 
								müzakirə edilməyən, mütəxəssis rəyinə 
								əsaslanmayan vəsaitlərdən istifadə edilməsi 
								yolverilməzdir. Bunun üçün məktəb rəhbərləri, 
								şəhər təhsil idarələri və rayon təhsil şöbələri 
								məsuliyyət daşıyırlar.  
								
								Görüləsi işlərimiz çoxdur. Biz müəllim hazırlığı 
								ilə məşğul olan ali məktəblərimizdə gələcəkdə 
								qiymətləndirmə fənninin tədrisi, bununla bağlı 
								dərsliyin hazırlanması istiqamətində müəyyən 
								işlər aparırıq. Təbii ki, görülən işlərlə 
								kifayətlənmək olmaz. 
								
								Qiymətləndirmə təhsil sistemində öndə gedən 
								məsələlərdən biridir. Qiymətləndirmə olmadan biz 
								təhsilin keyfiyyəti barədə fikir yürüdə 
								bilmərik. Onun məqsədi məlumat toplamaqdır. 
								Həmin məlumatlar əsasında da müəyyən nəticələrə 
								gəlinir. Düşünürəm ki, qiymətləndirmə ilə bağlı 
								ictimaiyyətə nə qədər çox informasiya verilsə, 
								təhsil işçilərimiz məlumatlandırılsa, bu, ancaq 
								gördüyümüz işlərin müsbət nəticələr verməsinə 
								imkan yaradar. 
								
								İstərdim ki, "Azərbaycan müəllimi" qəzetində 
								"Monitorinq və qiymətləndirmə" rubrikası açılsın 
								və burada mütəxəssislərin yazıları dərc olunsun. 
								Təbii ki, ilk növbədə, bizim Monitorinq və 
								qiymətləndirmə şöbəsi bu məsələləri geniş 
								şəkildə təhsil ictimaiyyətinə çatdırılmasında 
								maraqlıdır. Mütəmadi olaraq qiymətləndirmə ilə 
								bağlı fikirlərimizi bölüşmək, gördüyümüz və 
								görəcəyimiz işlər barədə təhsil işçilərini 
								məlumatlandırmaq istəyirik. 
								
								Qiymətləndirmə dinamik bir sahədir, burada daim 
								təkmilləşmə getməli və inkişaf olmalıdır. 
								
								
								Müsahibəni apardı:Samirə KƏRİMOVA
 |