| 
								
								
								Ön söz əvəzi  
								
								 Xalq 
								şairi Mirvarid Dilbazi haqqında yazı hazırlamaq 
								tapşırılanda əvvəl tərəddüd etdim. Və xoşbəxt, 
								qayğısız uşaqlıq illərimdən boylanan bir hadisə 
								xəyalımdan keçdi. Dağlar qoynunda, meşə ətəyində 
								yerləşən kənddə anamın qərib olduğunu bilirdim. 
								Başkeçid bölgəsində yeganə doğması dayım Hacı 
								Dilbazi idi. 
								
								Bir dəfə radioda verilən konsertdə "Çoban Qara" 
								mahnısı elan olundu və bəstəkar Ağabacı 
								Rzayevadan sonra "sözləri Mirvarid 
								Dilbazinindir", - dedilər. Anam (kəndimizin ilk 
								müəllimlərindən olub) əlindəki işi yarımçıq 
								qoyub əyləşdi, axıra kimi mahnıya qulaq asdı. 
								Ayağa duranda sifətində iz salan göz yaşları 
								sıralanmışdı. İbtidai sinifdə oxuyurdum və 
								sövq-təbii ilə: - Mirvarid Dilbazi kimdi, - deyə 
								soruşdum. Qəhərli səslə deyilən cavabla 
								kifayətlənməli oldum: - Əmim qızıdı, ay imanım. 
								
								Daha sual vermədim, onun yaralarının gözünü 
								qoparmağa qıymadım. Bilirdim: atası Nəsrəddin 
								ağanı əmisi oğlu ilə kənd məktəbinin qarşısında 
								bolşeviklər güllələyiblər; bir qardaşını 
								tutublar; nəsilləri pərən-pərən düşüb... 
								
								*** 
								
								İllər ötdü... 1997-ci ildə "Vətənin qüdrətindən 
								güc alan sənətkar" ("Azərbaycan müəllimi"), 
								1998-ci ildə "Xalqına, uşaq dünyasına bağlı 
								sənətkar" ("İbtidai məktəb və məktəbəqədər 
								tərbiyə") adlı məqalələrimdə xalq şairi barədə 
								duyğu və fikirlərimi qələmə aldım. SDU-nun 
								məzunlarından birinin M.Dilbazinin həyatı və 
								yaradıcılığı mövzusunda buraxılış işinin elmi 
								rəhbəri oldum. 
								
								1996-cı ilin martında xüsusi müxbir Samirə 
								Kərimovanın M.Dilbazi ilə "Ziyalı sözü" 
								rubrikası altında müsahibəsi dərc olunandan 
								xeyli sonra bir gün əməkdaşımız: - Mirvarid 
								xanım sizi axtarır, ona zəng edin, - dedi. 
								
								Zəng etdim,  Nəsrəddin ağanın (Qara əmi 
								deyirlərmiş babama) qız nəvəsi olduğumu dedim, 
								qardaş-bacılarım barədə danışdım. Məni 
								yubileyinə dəvət etdi. Ulu öndər Heydər Əliyevin 
								də iştirak etdiyi o tədbiri televiziyada seyr 
								etdim, yubiley gecəsinə getmədim və ...bu gün 
								çox şey itirdiyimi bütünlüklə dərk edirəm.  
								
								
								Dilbazilər XX əsrdə  
								
								Dilbazilər soyadı Nadir şahla bağlıdır. Bu söz 
								Molla Alıya deyilib: əcəb dilbaz əst. Mənası: 
								"əcəb ürəkli adamdır". Molla Alı ocağının 
								oğullarından biri Əbdürrəhman ağa "Şair" 
								təxəllüsü ilə ədəbiyyat tariximizdə iz qoyub. 
								F.Köçərlinin "Azərbaycan ədəbiyyatı" kitabında 
								Əbdürrəhman ağa, Hacı Rəhim ağa Vəhidi, ana 
								tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa 
								ağa Arif (mühacirət ədəbiyyatımızın ilk 
								nümayəndələrindən biri) haqqında məlumat qələmə 
								alınıb. 
								
								Xalq şairi 1994-cü ildə çap olunmuş "Bənövşələr 
								üstə göz yaşları" xatirələr kitabında (Bəhruz 
								Dilbazinin sponsorluğu ilə nəşr olunub) yazıb: 
								"17, 18 və 19-cu yüzilliklərin axırına qədər 
								nəslimiz ziyalı-mülkədar nəsli təmsil etmişdir. 
								
								Ziyalı nəsli təmsil edənlərin ölümündən sonra 
								nəsildə bir boşluq əmələ gəlib. 
								
								Hacı Rəhim ağa Vəhidi təxəllüsün oğlanları, qızı 
								bu boşluğu doldursalar da, yenə də azlıq edib. 
								
								Nəslimizdə müdrik, xalq hörməti qazanmış, 
								Tiflisdə, Gəncədə mötəbər sayılan, çoxsaylı 
								ziyalı dostları olan Böyük ağa, Çingiz ağa, 
								Əbdürrəhim ağa, Baba Hüseyn ağa, İsmayıl ağa və 
								adlarını unutduğum adlı-sanlı, səxavətli, 
								xeyirxah yaşlı nəsli təmsil edən kişilər də 
								yetişmişdi. Cavan atam da əmizadələrinin 
								xeyirxah duyğuları ilə tərbiyələnib, inkişafa 
								can atırdı. 
								
								Sinfi mənsubiyyətlərinə görə, rast gəldikləri 
								məhrumiyyətlərə, maneələrə baxmayaraq 
								nəslimizdən üç kənd təsərrüfatı elmləri namizədi 
								- Hacı Dilbazi, Xanım Dilbazi (millət vəkili 
								Arif Rəhimzadənin anası), Rəşid Dilbazi (onlar 
								da məktəbdən-məktəbə qovulmasaydılar, elmdə daha 
								uca yer tuta bilərdilər), tibb elmləri doktoru 
								Nəcməddin Hacıyev (Dilbazi), bir xalq aktrisası 
								- Əminə Dilbazi, ömürlərini xalq maarifinə həsr 
								etmiş iki qocaman pedaqoq: Vəli Dilbazi, 
								"Məhəbbət qocalmır", "Ağ yasəmənlər" 
								povestlərinin müəllifi Yaqut Dilbazi çıxmışdır. 
								Bunların da hərəsinin faciəli bir həyatı 
								olmuşdur". (İqtisad elmləri doktoru, professor 
								Əsəd Dilbazov, tanınmış təhsil işçiləri Fərhad 
								Dilbazov, Ağalar Dilbazov da bu sıraya aiddir - 
								Ş.M.).  
								
								
								Həyat yolundan sətirlər  
								
								Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da Qazax 
								mahalının Xanlıqlar kəndinin yaylaq yerlərindən 
								olan Ağqayada əsilzadə Dilbazilər mühitində - 
								Paşa bəyin ailəsində dünyaya göz açmışdı. 
								
								Atasını erkən itirmiş M.Dilbazi Daş Salahlıda 
								babası Mustafa ağanın mülkündə, Damcılının, 
								Göyəzənin ətəklərində, Qazaxın ulu yurd yerləri 
								olan Dilican yaylaqlarında, əsrarəngiz təbiətin 
								qoynunda böyümüşdü. Böyüdüyü məişət və mədəni 
								mühit, tərbiyə aldığı doğmaların şəxsi nümunəsi 
								və tövsiyələri onun bütöv və tutumlu bir 
								şəxsiyyət kimi formalaşmasında münbit zəmin 
								olmuşdur. 
								
								M.Paşa qızı Daş Salahlıdakı Heydər əfəndinin 
								ibtidai məktəbində təhsilə başlamışdır. 1920-ci 
								ildə Mədinə xanım Qiyasbəyli onu, başqa 
								yeniyetmə qızlarla bərabər Bakıya - 
								darülmüəllimata gətirmişdir. 
								
								M.Dilbazi seminariya ilə bağlı xatirələrində 
								G.Yusubova, A.Əmirov, N.Şahsuvarov, 
								C.Əfəndizadə, A.Musaxanlı kimi tanınmış 
								müəllimlərlə bağlı səmimi fikirlər qələmə 
								almışdır. "Bizim müəllimlərimiz" adlı yazının 
								əvvəlində oxuyuruq: Müəllimlərimiz namuslu, 
								vüqarlı, qeyrət məktəbi bitirmiş ziyalı 
								vətənpərvərlər idilər. Burada hər şey şagirdin 
								istedadı ilə ölçülürdü. Odur ki, o illərdə qız 
								və oğlan seminariyalarında oxuyanlar arasında 
								çoxlu istedadlar yetişdi. 
								
								Axşamlar Nərimanov arvadı Gülsüm xanımla vaxt 
								tapıb məktəbimizə gəlirdi. Hamımız onların 
								başına toplaşırdıq. Doktor bizə şeir 
								əzbərlədirdi, nəğmə oxutdururdu, dərslərimizi 
								yoxlayırdı. Hər dəfə bizə keçmişdən, gələcəkdən 
								maraqlı söhbətlər edirdi. Xüsusilə gələcək 
								haqqında elə şirin danışırdı ki, biz uşaqlar quş 
								olub, o gözəl gələcəyə uçmaq istəyirdik. 
								
								Nərimanov özü də buna inanırdı. O, fikrə gedəndə 
								biz çiyninə söykənir, ona sığınırdıq. 
								Məktəbimizdən gedəndə isə yaman darıxırdıq. 
								
								Doktor Nərimanov bizim üçün dünyanın ən əziz, ən 
								doğma, ən maraqlı insanlarından biri idi. 
								
								Bir axşam yenə məktəbin çıraqları yandı, böyük 
								salonda doktor Nərimanovun ətrafına 
								toplaşmışdıq. O, bizdən gec ayrılıb getdi. Bir 
								neçə ay gözümüz yolda qaldı, Nərimanov gəlmədi. 
								Demə, onu Moskvaya aparıblarmış. 
								
								1925-ci ildə Nərimanovun ölüm xəbərini eşitdik. 
								
								*** 
								
								Bacısı Yaqut Dilbazi (politoloq Vəfa Quluzadənin 
								anası) ilə burada dövrün ziyalı qadınları olmuş 
								M.Qiyasbəyli, Ş.Əfəndizadə, B.Köçərli kimi 
								müəllimlərdən dərs almış, nəzarətləri altında 
								həyata hazırlanmış Mirvarid Dilbazi Qızlar 
								Seminariyasını bitirəndən sonra Biləcəridəki 
								onillik dəmiryol məktəbində çalışaraq bacarıqlı 
								müəllim kimi tanınmışdır. 1928-ci ildə şəhərə - 
								Zavokzalnı küçəsindəki rus məktəbinə 
								dəyişdirilən M.Dilbazi ali təhsil almaq arzusu 
								ilə yaşamışdır. Hər iki bacı APİ-yə qəbul 
								olunmuş, lakin maddi sıxıntıya görə böyük bacı 
								Yaqut Paşa qızı 19 nömrəli məktəbdə işləmiş, 
								kiçik bacının ali təhsil almasına şərait 
								yaratmışdır. Sonralar "Bənövşələr üstündə göz 
								yaşları" kitabında M.Dilbazi yazacaq: 1929-cu 
								ildə Ali Pedaqoji İnstitutun 
								ədəbiyyat-ictimaiyyat fakültəsinə daxil oldum. 
								S.Rəhman, C.Xəndan, M.Rahim də burada 
								oxuyurdular. Müəllimlərdən Ə.Nazim, Ə.Sultanlı, 
								B.Çobanzadə yadımdadır. Əli Sultanlının qərb, 
								Əli Nazimin proletar ədəbiyyatından dərs 
								dedikləri yadımdadır. 
								
								26 yaşından dul qalmış analarını Bakıya gətirən 
								2 müəllim bacı o dövrün ağrı-acısını yaşamışdır: 
								
								"Bacım Yaqutla mən bir "ləğv" olunmuşların 
								qalqısı idik. Odur ki, bizim haqqımızda yaxşı 
								insanlar yaxşı söz deməkdən çəkinirdilər. Şükür 
								ki, pis söz də deyən yoxdu. Mərkəzdə oxuduğumuz 
								ali məktəblərdən Xanlıqlar, Daş Salahlı 
								kəndlərinə bizim haqqımızda göndərilən sorğulara 
								xeyrimizə cavablar gəlirdi. Biz iki bacı, bir 
								ana camaatın köməyi ilə sürgünlərdən, 
								qırğınlardan uzaq olduq. Lakin maddi 
								məhrumiyyətin pəncəsindən qurtara bilmədik. 
								Çünki var-yoxumuz babamın evində qalmışdı. 
								
								İçərişəhərdə məşhur folklorçu Əbülqasım 
								Hüseynzadənin evində 9-10 kv. m. ölçüsündə bir 
								otağımız vardı. Bu otaqda bir dəmir kravat, bir 
								kiçik divan, bir qarğı kitab rəfi, bir kiçik 
								yemək stolundan başqa bir şey yox idi. Biz iki 
								bacı orta məktəbdə müəllimlik edirdik. Qeyrətli 
								ana bu az pulla bizi gözütox, ürəyişad, gələcəyə 
								ümidlə dolandırdı. 
								
								O illər ölkədə hər şey qıt, bəlkə də yox idi. 
								Geyim-geçim üçün hökumət qızıl mağazası açmışdı. 
								Biz iki bacı da seminariyadan aldığımız iki 
								qızıl medalı və anamızın əldə olan-qalan qızıl 
								ziynətlərini verib oradan bir-iki dəst paltarlıq 
								parça aldıq". 
								
								*** 
								
								1932-ci ildə ali məktəbi bitirən Mirvarid 
								Dilbazi Qubaya işə göndərilmiş, 2 il Quba 
								Partiya Məktəbində çalışmışdır. 
								
								Bakıya qayıdan Dilbazi "Şərq qadını" jurnalında 
								ədəbi işçi kimi fəaliyyət göstərmişdir. Onu 
								jurnala redaktor təyin etmək istəyirlər, şairə 
								olmaq arzusunu bildirən Mirvarid xanım 4 il 
								(1934-1938) Dövlət Muzeyində baş elmi işçi və 
								şöbə müdiri işləmişdir. Bir neçə ay Moskva 
								yaxınlığındakı Moleyevka deyilən yerdə ədəbi 
								kurslarda olması onun sənət, dünya ədəbiyyatı 
								haqqında məlumatını genişləndirmişdir. 
								Beləliklə, o, muzeydəki işdən çıxıb bədii 
								yaradıcılıqla məşğul olmuşdur. 
								
								*** 
								
								M.Dilbazi sovet dövründə iki dəfə "Şərəf nişanı" 
								ordeni, "Qafqazın müdafiəsi üçün", "Əməkdə 
								fərqlənməyə görə" medalları ilə təltif 
								edilmişdi. 
								
								Mirvarid Dilbazi "xalq şairi" fəxri adını 67 
								yaşında almışdır. 
								
								1979-cu ildə Ukraynada Azərbaycan ədəbiyyat və 
								incəsənəti ongünlüyündə iştirak edərkən onun 
								çıxışları çox hərarətlə qarşılanmışdır. MK 
								katibi Azərbaycan KP MK-nın birinci katibi 
								Heydər Əliyevə bu barədə məlumat vermiş, 
								Azərbaycan KP MK bürosunda ona bu fəxri adın 
								verilməsi məsələsi həll olunmuşdur. 
								
								*** 
								
								Ümummilli lider Heydər Əliyev sonralar Mirvarid 
								xanımın yubileyində bilavasitə iştirak etmiş, 
								xalq şairini böyük hörmət və ehtiramla təbrik 
								etmişdir. 
								
								M.Dilbazi 2001-ci il iyulun 12-də dünyasını 
								dəyişdi.  
								
								
								Ədəbi irsi haqqında  
								
								Mirvarid Dilbazinin ilk mətbu şeiri 1927-ci ildə 
								işıq üzü görmüş "Qadınların hürriyyəti" olub. 
								
								İlk kitabı - "Bizim səsimiz" 1934-cü ildə nəşr 
								edilib. Sonrakı illərdə "Vətən eşqi", 
								"Xatirələr", "Bahardan məktub", "Nağıllar", 
								"Gülbahar", "Lalənin ağacları" kitabları çapdan 
								buraxılıb. 
								
								Şairin "Məhsəti", "Əlcəzairli qız", "Partizan 
								Aliyə" poemaları, "Göyçək Fatma", "Muğanda 
								bahar" uşaq pyesləri və s. əsərləri oxucu 
								auditoriyası qazanmış sənət nümunələridir. 
								1967-1968-ci illərdə Mirvarid xanımın iki 
								cilddə, 1982-83-cü illərdə üç cilddə "Seçilmiş 
								əsərləri" böyük tirajla buraxılıb. 
								
								"Poeziyasında quru, adamı utandıracaq bir misra 
								belə" olmayan (Məmməd Namaz) Mirvarid Dilbazi 
								həm də nəğməkar şair idi. Bəstəkar Ağabacı 
								Rzayeva onun "Çoban Qara", "Evimizə gəlin 
								gəlir", "Anam yadıma düşdü", "Laylay", 
								"Azərbaycan elləri" şeirlərinə dillər əzbəri 
								olan, könülləri oxşayan mahnılar bəstələmişdir. 
								
								M.Dilbazi dünya və türk xalqları 
								ədəbiyyatlarından etdiyi tərcümələrlə də 
								tanınmışdı. Akademik Bəkir Nəbiyev onun 
								müasirləri olan qadın sənətçilər arasında 
								mövqeyini belə dəyərləndirib: "Gözəllik 
								daşıyıcılarının və gözəlliyi yaradanların bu 
								qvardiyasına başçılıq etmək şərəfi istedadlı 
								xalq şairi Mirvarid Dilbaziyə nəsib olmuşdur". 
								
								*** 
								
								Mirvarid Dilbazi 1928-ci ildən Azərbaycan 
								Proletar Yazıçılar Cəmiyyətində keçirilən 
								məclislərdə iştirak etmişdir. Azərbaycan bədii 
								fikrinin görkəmli nümayəndələri ilə görüşlər, 
								söhbətlər sonradan həmin ədəbi şəxsiyyətləri 
								səciyyələndirən xatirə cizgilərinə çevrilmişdir. 
								
								Bu baxımdan nəcib, həyalı, mötəbər A.Şaiq, 
								xalqın sonsuz məhəbbətini qazanmış S.Vurğun, 
								başıpapaqlılardan qorxan bir qıza namuslu qardaş 
								münasibəti göstərən S.Rüstəm, çox sadə, səmimi, 
								saf xilqətli M.Müşfiq, okeanda inci axtaranlara 
								oxşayan M.Hüseyn, sözün əsl mənasında ziyalı 
								Y.V.Çəmənzəminli, "Xalq işinə çox lazımlı, 
								müsbət bir şəxsiyyət" (S.Vurğun) olan 
								M.İbrahimov, xalq ənənə və adətlərini bilən 
								S.Rəhimov, mülayim, ağıllı-kamallı N.Rəfibəyli, 
								tədbirli, mədəni R.Rza, yoldaşlıq və dostluqda 
								möhkəm və dönməz O.Sarıvəlli, xalqın milli şairi 
								Ə.Cəmil, mənəvi təmizliyin nümunəsi Ə.Vəliyev 
								haqqında xatirələr ürəklə, məhəbbətlə, 
								səmimiyyətlə qələmə alınmışdır. 
								
								Mirvarid Paşa qızı ömrü boyu kimsədən təmənna 
								ummamış, kimsəyə yük olmamışdır. Bircə həmdərdi 
								qələm olmuşdur. Bütün dərdlərini, kədər və 
								sevinclərini qələmlə demiş şair xalqımızın 
								qələbəsini görmək arzusu ilə yaşayırdı. 
								
								*** 
								
								M.Dilbazi uşaqlıq illərini xatırladığı 
								şeirlərinin birində yazıb: 
								
								Avey dağım, mən zirvəndə itəydim, 
								
								Bir gül olub daş sinəndə bitəydim... 
								
								Ağrılı-acılı həyat yolu keçmiş xalq şairi bütün 
								varlığı ilə Vətənə, elə-obaya bağlı idi. Vaxtilə 
								Ağdamın Gülablı obasında dincəlmiş Mirvarid 
								xanıma sonralar qızlar bənövşə açılanda bahar 
								ərməğanı göndərmişdilər: "...dəftər vərəqləri 
								arasında qurumuş bir cüt bənövşəni görəndə 
								onların üstünə göz yaşlarım töküldü. Bənövşələr 
								üstə ilk göz yaşlarım altı yaşımda, bu göz 
								yaşlarım isə 80 yaşımda töküldü..."  
								
								
								M.Dilbazi yaddaşlarda  
								
								Vətənin vüqarı olan dağın sinəsində bir gül 
								olmaq istəyi ilə yaşayan şair haqqında tanınmış 
								tədqiqatçı-publisist İsmayıl Umudlu 
								("Dilbazilər" tarixi-bioqrafik araşdırmasının 
								müəllifi. Bakı, 2007, 392 s.) yazır: "Doxsan 
								yaşı haqlamağa bircə ili qalmışdı Mirvarid 
								xanımın. Hələ dünənə qədər şirin bir Qazax 
								ləhcəsi ilə danışdığı ətirli sözünü-söhbətini 
								televiziyadan eşidir, yorulmadan onun 
								danışdıqlarını sonadək dinləyirdik. Onunla 
								mətbuat müsahibələrini - yeni bir mətləbi özümüz 
								üçün kəşf etmək inamı ilə səbirlə  oxuyurduq. 
								Ömrünün son çağlarına qədər şeir dünyasından da 
								ayrılmadı Mirvarid xanım. Ara-sıra lirik şeir 
								ərməğanını oxucularına çatdırmağı da unutmurdu. 
								
								...Mirvarid ana böyüklüyündə sadəliyini dünyadan 
								köçərkən də gözlədi. Fəxri xiyaban istəmədi. Onu 
								vəsiyyətinə əsasən Dağlıq qəbiristanlıqda anası 
								Cavahir xanımın, sevgili bacısı Yaqut xanımın 
								yanında torpağa tapşırdıq...". 
								
								Filologiya elmləri doktoru, professor, 
								yazıçı-dramaturq Aqşin Babayev M.Dilbazinin 
								yaşadığı binanın qarşısında xatirə lövhəsi 
								vurularkən demişdir: "Mirvarid Dilbazi dünyasını 
								dəyişib, ancaq o, ikinci həyatını yaşayır. O, 
								əbədi sənəti ilə hər birimizin qəlbində silinməz 
								izlər qoyub". 
								
								
								Şamxəlil MƏMMƏDOV |