| 
								
								
								Qloballaşdırılma və beynəlmiləlləşdirilmə 
								anlayışları  
								
								 Son 
								illərdə dünyada baş verən tendensiyalar haqqında 
								fikirləşdikdə ilk öncə ağlımıza qloballaşdırma 
								və beynəlmiləlləşdirmə sözləri gəlir. Alimlər bu 
								prosesləri çox zaman dünyada baş verən texnoloji 
								və sosial cəhətdən əhəmiyyətli dəyişikliklərlə 
								bağlı öyrənirlər. Bir sıra tədqiqatçıların 
								fikrincə, qloballaşdırma və beynəlmiləlləşdirmə 
								anlayışlarının mənaları bir-birlərinə oxşar olsa 
								da, bu proseslər dialektik cəhətdən 
								bir-birlərindən  köklü şəkildə kəskin fərqlənir. 
								
								Belə ki, qloballaşdırma hibrid dünya 
								mədəniyyətinin  yaradılması və milli ənənələrin 
								sanki qarışdırılması kimi başa düşülür. 
								Qloballaşdırma millətlər arasında əməkdaşlığın 
								inkişafına və beynəlxalq əmək bölgüsünün 
								dərinləşməsinə səbəb olan bir prosesdir. 
								Qloballaşdırma həmçinin cəmiyyətin təhsil 
								səviyyəsinin yüksəlməsi ilə əhəmiyyətli dərəcədə 
								bağlıdır.  
								
								Bir sözlə, deyə bilərik ki, qloballaşdırma 
								prosesi bizim ictimai, iqtisadi və mədəni 
								həyatımız üçün daimi xarakter daşıyır. BMT, 
								Dünya Bankı, CNN, Qrinpis, Avropa İttifaqı və 
								digər bu kimi beynəlxalq təşkilatlar, təhsil 
								sahəsi də daxil olmaqla, dünyada baş verən 
								qloballaşdırma prosesinin  daha da 
								sürətləndirilməsində mühüm rol oynayırlar. 
								 
								
								Beynəlmiləlləşdirmə isə ayrı-ayrı xalqlar 
								arasında təcrübə mübadiləsinə əsaslanır. 
								 
								
								Ümumiyyətlə, qloballaşdırma və 
								beynəlmiləlləşdirmə təhsilin, xüsusən ali 
								təhsilin yenidən formalaşmasına səbəb olan və 
								bir-birilə qarşılıqlı əlaqəli olan proseslərdir. 
								  
								
								
								Ali təhsil sahəsində beynəlmiləlləşdirilmə  
								
								Qloballaşdırmadan fərqli olaraq, 
								universitetlərin beynəlmiləlləşdirilməsi yeni 
								anlayış deyildir. Belə ki, ali təhsildə 
								beynəlmiləlçilik ruhu tarixən yüksələn sürətlə 
								inkişaf etmişdir.Tarixə nəzər salsaq, görərik 
								ki, incəsənət, elm və təhsil sahələrində 
								mədəniyyətlərarası əməkdaşlıq ideyaları artıq 
								orta əsrlərdən təşəkkül tapmağa başlamışdır. 
								Həmin dövrlərdən başlayaraq universitetlər əldə 
								etdikləri elm və biliklərin öz çərçivələrindən 
								kənara yayılması məqsədini daşıyan sosial və 
								mədəni təzahür kimi nəzərdən keçirilmişdir. Eyni 
								zamanda 19-cu və 20-ci əsrlərdə yaradılmış ali 
								təhsil ocaqları ali təhsilli  peşəkar kadrların 
								yetişdirilməsi ilə bağlı ənənəvi vəzifələri 
								yerinə yetirməklə yanaşı, həmçinin milli 
								səviyyələrdə elm və texnikanın inkişafı ilə 
								məşğul olmuşlar. XX əsrin ikinci yarımilliyindən 
								başlayaraq ali məktəblər təhsil imkanlarının 
								demokratikləşdirilməsinə və təhsilin 
								sərhədlərdən kənara yayılması proseslərinə güclü 
								şəkildə cəlb olunmuşlar. 
								
								Müasir  qlobal iqtisadiyyat şəraitində ali 
								təhsilin kütləvi şəkil alması dövlətin rəqabət 
								qabiliyyətinin zəmanəti kimi nəzərdən keçirilir.
								 
								
								Tarixən ali təhsil ocaqlarının əksəriyyəti  
								dövlətin himayəsində olmuş və beləliklə, həmin 
								ali məktəblər dövlət siyasəti çərçivəsində 
								formalaşmış, mövcud ali təhsil sistemləri, 
								onların tənzimlənməsi metodları, qaydaları 
								konkret ölkənin milli iqtisadiyyatına və 
								mədəniyyətinə uyğunlaşmışdır.  
								
								
								Təhsilin beynəlmiləlləşdirilməsinin məqsədləri  
								
								İqtisadiyyatın, həmçinin biznesin 
								qloballaşdırılması və beynəlmiləlləşdirilməsi 
								proseslərinin inkişafı ali təhsilin qarşısında 
								qlobal əmək bazarının daim dəyişən şəraitində 
								effektiv iş qabiliyyətinə malik olan  peşəkar 
								kadrların hazırlanması kimi yeni məqsədlər 
								qoyur.  
								
								Təhsilin beynəlmiləlləşdirilməsi əsasən 
								aşağıdakı məqsədləri özünə hədəf seçir: 
								
								- Ödənişli təhsil üzrə əcnəbi tələbələrin cəlb 
								edilməsi vasitəsilə maliyyə daxilolmalarının 
								diversifikasiyası və artımı; 
								
								- Tədris planlarının genişləndirilməsi və yerli 
								tələbələrin xarici partnyor ali məktəblərdə 
								təhsil almaları; 
								
								- Mövcud resurslardan səmərəli istifadənin təmin 
								edilməsi üçün ali məktəbin regional şəbəkəsinin 
								genişləndirilməsi; 
								
								- Tələbə və müəllimlərin beynəlxalq bilik və 
								təcrübə mübadiləsində iştirak etmələri hesabına 
								aparılan elmi tədqiqatların və təhsilin 
								keyfiyyətinin yüksəldilməsi və s. 
								
								Qeyd edək ki, ali təhsil müəssisələri arasındakı 
								beynəlxalq əməkdaşlıq müştərək tədqiqat 
								layihələrinin,  tələbə və müəllimlər üçün 
								mübadilə proqramlarının, həmçinin əcnəbi 
								tələbələr üçün xüsusi proqramların təşkil 
								olunmasında böyük imkanlar yaradır. 
								
								Müasir dövrdə ali məktəblərin əksəriyyəti 
								beynəlxalq fəaliyyətlə məşğul olur və bu, bir 
								qayda olaraq, beynəlmiləlləşdirmənin daha sadə 
								və adi səviyyəsidir. Ali təhsilin 
								beynəlmiləlləşdirilməsinin  daha yüksək 
								səviyyəsi dedikdə isə müvafiq ali məktəbin 
								ictimai fəaliyyətinin və tədqiqatlarının 
								beynəlxalq təcrübə kimi geniş miqyasda təhsilə 
								sistematik inteqrasiyası prosesi başa 
								düşülməlidir. Bu mənada, hətta bir sıra böyük 
								akademik mərkəzlər də daxil olmaqla, ali 
								məktəblərin əksəriyyəti sözün əsl anlamında 
								beynəlxalq səviyyəli hesab edilə bilməz.   
								
								
								Müasir dövrdə ali təhsilin 
								beynəlmiləlləşdirilməsinin yeni mərhələsi  
								
								XXI əsrdə ali təhsil çox xüsusiyyətləri ilə 
								fərqlənir və tədrisin məzmunu və təşkilndə 
								müəyyən dəyişikliklərin edilməsini tələb edir. 
								Bu dəyişikliklər müasir dövrdə inkişafın 
								ayrılmaz hissəsi hesab edilir. Belə ki, texniki 
								yeniliklərin tətbiqi texnoloji proseslərin 
								dəyişilməsinə,  bu isə öz növbəsində həmin  
								proseslərin idarə olunmasında və yeni tələblərə 
								uyğun kadrların hazırlanmasında dəyişikliklərə 
								səbəb olur və proseslər gözlənildiyindən də çox 
								sürətlə baş verir. XX əsrin sonlarından 
								başlayaraq bu dəyişikliklərin miqyası və sürəti  
								hətta o qədər yüksəldi ki, artıq bu 
								dəyişikliklərin idarə olunması sisteminin 
								yaradılması zərurəti yarandı. Bu səbəbdən XXI 
								əsrin əvvəlindən başlayaraq  proqressiv və 
								sürətli  dəyişikliklər müəssisələrin uğurlu 
								fəaliyyətinin əsas tələblərindən birinə 
								çevrildi, bu dəyişikliklərin idarə olunması 
								vərdişi isə müəssisə rəhbərinin əsas keyfiyyət 
								göstəriciləri sirasına daxil oldu.  
								
								Təhsil sferasında baş verən dəyişikliklərin əsas 
								amili sürətlə artan informasiya axınıdır. Bu 
								artım elə templə baş verir ki, köhnə metodlar və 
								hətta təhsil sisteminin özü belə, bunun 
								öhdəsindən gəlməkdə aciz qalır. Dəyişikliklərin 
								bu tempi nəticəsində biliklərin yenilənməsi də 
								elə sürətlə baş verir ki, ali təhsilin sonunda 
								tələbənin əldə etdiyi biliklər öz dövrü üçün 
								köhnəlmiş hesab olunur. Buna görə də müasir 
								dövrdə  peşə biliklərinin daim yenilənməsinə, 
								yəni fasiləsiz və ömürlük təhsilə ehtiyac daha 
								çoxdur.      
								
								Bəhs etdiyimiz bu dəyişikliklər təhsil prosesi 
								üçün xarakterikdir və bütünlükdə dünyanın 
								ayrı-ayrı region və ölkələrinin iqtisadiyyatını 
								əhatə edən proseslərin geniş fonunda baş verir. 
								Tələbələr xarici ölkələrdə təhsil alır, əldə 
								etdikləri bilikləri isə dünyanın istənilən 
								ölkəsinin beynəlxalq şirkətlərində işləyərək 
								tətbiq edirlər. Qeyd edək ki, Avropa İttifaqı 
								tələbələrin xarici ölkələrdə təhsil almalarını 
								stimullaşdıran xüsusi təqaüdlər və proqramlar 
								hazırlayıb tətbiq edir. Böyük Britaniyanın, 
								ABŞ-ın, Kanadanın aparıcı ali məktəblərində 
								tələbələrin 80 faizini əcnəbi tələbələr təşkil 
								edirlər.  
								
								Hazırkı dövrdə müasir informasiya 
								texnologiyalarının, distant (məsafədən) təhsil 
								imkanlarının genişlənməsi milli sərhədləri 
								təhsil xidmətləri üçün tam şəffaf etmişdir. 
								Nəticədə dünya üzrə vahid təhsil xidmətləri 
								bazarı yaranmışdır və burada müxtəlif ölkələrin 
								ali məktəbləri milli sərhədləri aşaraq 
								tələbələrə özlərinin məhsul və xidmətlərini 
								təklif edirlər.  
								
								Artıq ali təhsil üzrə dünya sisteminin tarixi 
								inkişafının elə mərhələsinə qədəm qoymuşuq ki, 
								bu mərhələdə ali təhsil müəssisələrinin milli 
								cəhətdən fərdiləşməsi beynəlmiləlləşdirmə və 
								qloballaşdırmanın nəticə və perspektivləri ilə 
								daha çox ziddiyyət təşkil etməyə başlayır. Bu 
								fundamental ziddiyyət universitet diplomlarının 
								və ixtisasların tanınması, keyfiyyətin 
								qiymətləndirilməsinin beynəlxalq formaları, 
								beynəlxalq akkreditasiya və digər bu kimi 
								müxtəlif problem və məsələlər ilə əlaqədar 
								yaranır. Bu ziddiyyətin aradan qaldırılması ilə 
								bağlı real addımlar atmaq üçün isə ali təhsilin 
								beynəlmiləlləşdirilməsinin əsas forma və 
								xarakteristikasını,  problem və perspektivlərini 
								işləyib hazırlamaq lazımdır.   
								
								
								Tələbələrin mobilliyi  
								
								Ali təhsilin beynəlmiləlləşdirilməsinin əsas 
								formalarından biri tələbələrin mobilliyidir. 
								Tələbələrin mobilliyi dedikdə xarici ölkələrdə 
								təhsil almağa üz tutmuş tələbələrin 
								müəyyənləşdirilmiş sayı başa düşülür. Əlbəttə, 
								tələbələrin digər ölkələrə təhsil almağa 
								getmələri yeni bir hadisə deyil. Avropa 
								ölkələrinin əksəriyyəti artıq neçə illərdir ki, 
								öz keçmiş koloniyalarından daimi tələbə axınını 
								qəbul edir. "Soyuq müharibə" dövründə Sovet 
								İttifaqının və Şərqi Avropanın ali məktəbləri də 
								özlərinin   ideologiyalarına uyğun ölkələrdən 
								tələbələr cəlb edirdilər. Demək olar ki, son 40 
								il ərzində ali təhsil almaq üçün milli 
								sərhədləri aşıb keçən bu cür tələbə axınının 
								artım templəri hətta ali təhsilin miqyasının 
								genişlənməsi templərini də ötüb keçmişdir. 
								YUNESKO-nun məlumatlarına əsasən, son 25 il 
								ərzində tələbələrin beynəlxalq mobilliyi 300 % 
								artmışdır. Ekspertlərin fikrincə, xaricdə oxuyan 
								tələbələrin sayı 2010-cu ilin sonuna qədər 2,8 
								milyona çatacaq, 2025-ci ildə isə bu rəqəm 4,9 
								milyon təşkil edəcəkdir.  
								
								Tələbələrin mobilliyi müxtəlif dövlət və 
								regional proqramlarla stimullaşdırılır. 
								Ölkələrin əksəriyyəti bu sahədə ikitərəfli və 
								çoxtərəfli qarşılıqlı müqavilələr və 
								razılaşmalar tətbiq edir.  
								
								Bundan əlavə, yuxarıda qeyd olunan proqramlardan 
								kənar öz hesabına  xaricdə təhsil almağa üz 
								tutan tələbələrin sayı da dünya üzrə tələbə 
								mobilliyinin əsas hissələrindən birini təşkil 
								edir. Bir tərəfdən ali məktəblər təklif 
								etdikləri təhsil xidmətlərinin şəbəkəsini 
								genişləndirmək məqsədilə xarici ölkələrdə öz 
								filiallarını açır, kampuslar yaradır, həmin 
								ölkələrin yerli təhsil müəssisələri ilə 
								əməkdaşlıq edir, məsafədən (distant) təhsil 
								texnologiyalarından və digər bu kimi üsullardan 
								istifadə edirlər. Digər tərəfdən təhsil əldə 
								edilməsi yollarında olan milli müxtəliflik, 
								müəyyən ixtisaslar üzrə qəbul sayında olan 
								məhdudiyyətlər həmin ölkələrin tələbələrini 
								təhsillərini xarici ölkələrdə davam etdirməyə 
								vadar edir. Tələbələrin dil bilikləri və 
								mədəniyyətlə bağlı təsəvvürləri onları əsasən 
								Böyük Britaniya, Fransa və ABŞ-ın təhsil 
								müəssisələrində təklif olunan  proqramlar üzrə 
								təhsil almağa sövq edir. Müasir dövrdə ingilis 
								dilinin əsas elmi dil hesab edilməsi və ikinci 
								dil kimi daha çox öyrənilməsi ABŞ, Böyük 
								Britaniya ilə yanaşı, bu siyahıya  Kanada və 
								Avstraliyanın da daxil olmasını 
								şərtləndirmişdir.  
								
								Onu qeyd etmək lazımdır ki, müasir dövrdə 
								xaricdə təhsil alan tələbələrin sayının artması 
								digər tərəfdən bu tələbələri qəbul edən ali 
								məktəblərin, dövlətlərin  iqtisadi maraqları ilə 
								də  daha çox bağlıdır. Belə ki, təhsil 
								xidmətlərinin beynəlxalq bazarı iqtisadiyyatın 
								çox sürətlə inkişaf edən sektoruna çevrilir və 
								bu sektorun əsas elementi kimi təhsil 
								müəssisələrinin beynəlxalq marketinqlə məşğul 
								olmaqla xarici tələbələrin cəlb edilməsi 
								istiqamətində apardıqları məqsədyönlü fəaliyyət 
								çıxış edir.  
								
								
								XXI əsrdə ali təhsilin beynəlmiləlləşdirilməsi 
								prosesinə təsir edən dəyişikliklər  
								
								Ümumiyyətlə, son illərdə baş verən 
								tendensiyaları nəzərdən keçirdikdə məlum olur 
								ki, XXI əsrdə ali təhsilin 
								beynəlmiləlləşdirilməsi prosesinin özü yeni 
								xüsusiyyətlər əldə edərək dəyişikliklərə məruz 
								qalır. Bu dəyişikliklərə aşağıdakıları aid etmək 
								olar: 
								
								- İqtisadiyyatın qloballaşması prosesi  təhsilə 
								təsir edir. Əlbəttə, dünya iqtisadiyyatının 
								qloballaşması təhsil sahəsindən də yan keçmir və 
								bu sahəyə öz təsirini göstərir.  
								
								- Beynəlmiləlləşdirmənin motivləri dəyişir. Belə 
								ki, mədəni və təhsil motivlər iqtisadi 
								motivlərlə əvəz olunur. Bu iqtisadi motivlər 
								qısamüddətli (ali məktəbin əcnəbi tələbələrin 
								ödənişlərindən əlavə gəlir əldə etməyə can 
								atmaları) və uzunmüddətli (regionlar arasında 
								partnyorluq münasibətlərinin yaradılması və 
								müvafiq ixtisaslı mütəxəssislərin hazırlanması) 
								ola bilər.  
								
								- Təhsil xidmətlərinin beynəlxalq bazarı güclü 
								rəqabət şəraitində inkişaf edərək 
								möhkəmlənir.Ayrı-ayrı regionlarda təhsil 
								xidmətlərinin lazımi səviyyədə və keyfiyyətdə 
								olmaması və yaxud məhdudluğu beynəlxalq miqyasda 
								ali təhsilə olan tələbatın yüksəlməsinə səbəb 
								olur və bu da təhsil xidmətlərini təklif edən 
								ali məktəblər, müvafiq şirkətlər və ölkələr 
								arasında rəqabəti gücləndirir.  
								
								- Tələbələrin yaş senzi və profili dəyişir. 
								Müasir dövrdə  fasiləsiz təhsilə olan tələbat 
								həm milli, həm də beynəlxalq səviyyədə təhsil 
								proqramlarının müxtəlifliyi, təhsilin müddətləri 
								və vəzifələri baxımından çevikliyi, əvvəlki 
								təhsilin obyektiv qiymətləndirilməsini və digər 
								bu kimi tələbləri qarşıya qoyur.   
								
								Qeyd olunan bu dəyişikliklər beynəlxalq  
								səviyyədə nəinki ayrı-ayrı ölkələr, həmçinin 
								bütün regionlar üzrə rəqabətqabiliyyətli ali 
								təhsil mühitinin möhkəmləndirilməsinə yönəlmiş 
								tədbirlərin görülməsi zərurəti yaratmışdır.
								 
								
								Yuxarıda qeyd olunanları ümumiləşdirərək deyə 
								bilərik ki, son illərin ən mühüm tendensiyaları, 
								ali təhsil də daxil olmaqla, ictimai həyatın 
								bütün sferalarını əhatə edən güclü inteqrasiya 
								prosesləri sayılır. Ali təhsil və elmi biliklərə 
								yiyələnmə ictimai inkişafın əsas amilinə 
								çevrilir, insanların, cəmiyyətin və millətlərin 
								mədəni, sosial və iqtisadi cəhətdən davamlı 
								inkişafının zəmanəti kimi çıxış edir.  
								
								
								Azərbaycanda xaricdə təhsilin qısa tarixi  
								
								Əlbəttə, bu gün dünyada sürətli iqtisadi inkişaf 
								tempinə nail olan Azərbaycan da dünyada gedən 
								müsbət tendensiyalardan kənarda qalmır.  
								 
								
								Tarixə nəzər salsaq görərik ki, XX əsrin 
								əvvəllərinədək həmyerlilərimiz tarixin müxtəlif 
								dövrlərində, sistemli və davamlı şəkildə olmasa 
								da, xaricdə təhsil almışlar. Lakin Azərbaycanda 
								dövlət səviyyəsində planlı və məqsədyönlü 
								şəkildə xaricdə təhsil XX əsrin əvvəllərində  
								Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 
								qərarı ilə 1919-cu ildə 100 nəfərdən çox 
								azərbaycanlı gəncin xaricə ali təhsil almağa 
								göndərilməsi ilə başlanmışdır. 
								
								Bundan sonrakı illərdə də respublikadan kənarda 
								təhsil almaq təcrübəsi mövcud olsa da, bu həm 
								məzmun, həm də əhatə dairəsi baxımından böyük 
								mahiyyət kəsb etməmişdir. 
								
								Lakin ulu öndərimiz, ümummilli liderimiz Heydər 
								Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə 
								başlayandan sonra bu istiqamətdə respublika 
								səviyyəsində ciddi addımlar atılmağa 
								başlanılmışdır.Belə ki, 1970-ci ildə 
								respublikadan kənarda təhsil almağa 70 nəfər 
								gənc göndərildiyi halda, 70-ci illərin sonunda 
								bu rəqəm 900 nəfər, 80-ci illərin əvvəllərində 
								isə ildə 1000-1400 nəfər təşkil etmişdir. 
								Ümumilikdə həmin dövrdə 15 mindən çox gənc Sovet 
								İttifaqının nüfuzlu ali məktəblərində müxtəlif 
								ixtisaslar üzrə təhsil alaraq Vətənə dönmüşlər. 
								Azərbaycanın həmin dövrlərdə inkişaf tarixinə 
								nəzər salsaq görərik ki, ölkəmizin iqtisadi, 
								mədəni və elmi potensialının gücləndirilməsində 
								həmin mütəxəssislər  böyük rol oynamışlar.  
								
								
								Müasir Azərbaycanda xaricdə təhsilə dövlət 
								qayğısı  
								
								XX əsrin sonlarında Azərbaycan dövlət 
								müstəqilliyini əldə etdikdən sonra da xaricdə 
								təhsil ölkənin təhsil siyasətinin prioritet 
								sahəsi kimi yenidən diqqət mərkəzində olmuş, elm 
								və təhsil sahələrində tədqiqatçıların, müəllim 
								və tələbələrin mübadiləsi geniş vüsət almağa 
								başlamışdır. Belə ki, Azərbaycan Respublikası 
								müstəqilliyini bərpa etdikdən sonra dövlət 
								quruculuğu istiqamətində uğurlu addımlar atmaqla 
								yanaşı, beynəlxalq təşkilatlar və qurumlarla 
								əməkdaşlığı inkişaf etdirməyə başlamış, qabaqcıl 
								dünya ölkələri ilə müxtəlif sahələrdə 
								inteqrasiya proseslərinə  qoşulmuşdur. 
								Beləliklə, ölkəmizin daxili və xarici siyasətini 
								təmin edən təsisatların fəaliyyəti, müxtəlif 
								sahələrdə yeni iş yerlərinin açılması, 
								regionların inkişaf səviyyəsindəki fərqlərin 
								aradan qaldırılması və iqtisadiyyatın yeni 
								infrastrukturunun formalaşdırılması məqsədi ilə 
								hökumət tərəfindən həyata keçirilən tədbirlər 
								respublikamızda bir sıra ixtisaslar üzrə kadr 
								çatışmazlığı probleminin həllini zəruri 
								etmişdir. Artıq neçə illərdir ki, bu istiqamətdə 
								ölkədə dövlətin dəstəyi ilə mühüm işlər görülür.
								 
								
								Bu proseslərin bir qismi dövlət sazişləri 
								çərçivəsində tənzimlənir. Xarici ölkələrdə kadr 
								hazırlığı məhz Azərbaycanın xarici dilləri 
								mükəmməl bilən, informasiya-kommunikasiya 
								texnologiyalarından əla istifadə bacarıqlarına 
								yiyələnən və beynəlxalq təcrübəni yaxşı 
								mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan 
								ehtiyacının qarşılanmasına xidmət edir. Xaricdə 
								təhsilə olan ümummilli lider Heydər Əliyevin 
								qayğısı bu gün ölkə başçısı İlham Əliyev 
								tərəfindən layiqli şəkildə davam etdirilir. Belə 
								ki, azərbaycanlı gənclərin ölkə üçün zəruri 
								ixtisaslar üzrə xaricdə təhsil almalarını və 
								ölkənin inkişafının mühüm amilinə çevrilmələrini 
								təmin etmək məqsədilə "2007-2015-ci illərdə 
								Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili 
								üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" 
								Azərbaycan Respublikası Prezidenti 2007-ci il 16 
								aprel tarixli 2090 nömrəli Sərəncamı imzalamış 
								və həmin ildən bu Dövlət Proqramının icrasına 
								başlanılmışdır.  
								
								Ümumiyyətlə, Azərbaycanda xaricdə təhsil 
								proqramları mahiyyətinə görə müxtəlif formalarda 
								həyata keçirilir və bunlara əsasən aşağıdakılar 
								aiddir: 
								
								1) Öz imkanları hesabına xaricdə təhsil. 
								
								Ümumiyyətlə, xaricdə təhsilin daha geniş 
								yayılmış forması gənclərin birbaşa təhsil 
								müəssisələrinə müraciəti və müvafiq qəbul 
								prosedurlarını keçdikdən sonra öz hesablarına 
								fərdi müqavilə əsasında təhsil almalarıdır. 
								Hazırkı dövrdə ölkəmiz üzrə belə tələbələrin 
								sayı on minlərlədir. Təəssüf ki, bu tələbələrin 
								sayının dəqiq statistikasını müəyyənləşdirmək 
								çox çətindir.  
								
								2) Müxtəlif təhsil mübadilə proqramlarını həyata 
								keçirən təşkilat və digər donor qurumların 
								təqaüdləri hesabına xaricdə təhsil.  
								
								3) Dövlət xətti ilə, yəni təhsil sahəsində 
								əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar 
								əsasında Azərbaycan vətəndaşları üçün ayrılan 
								təqaüdlər hesabına Təhsil Nazirliyi tərəfindən 
								həyata keçirilən xaricdə təhsil.  
								
								Bu zaman qeyd olunan ikitərəfli razılaşmalara 
								əsasən, hər iki tərəf tələbələrin təhsili ilə 
								bağlı xərcləri öz üzərlərinə götürür, bir sıra 
								xərcləri isə qarşılıqlı razılaşma çərçivəsində 
								ödəyirlər. Belə xərclərə təhsil haqqı, yaşayış, 
								yol xərcləri və digər xərclər aiddir. 
								
								Son 4 il ərzində xarici ölkələrdə dövlət xətti 
								ilə təhsil alan tələbələrin sayı və onlara 
								ölkəmiz tərəfindən çəkilən xərclər barədə  
								məlumatları aşağıdakı cədvəldən görmək olar: 
								
								
								  
									
										|  | İllər | 2007 | 2008 | 2009 | 2010 |  |  
										|  | Dövlət xətti ilə xarici ölkələrdə təhsil 
										alan tələbələrin sayı | 866 | 828 | 816 | 816 |  |  
										|  | İkitərəfli razılaşmalara əsasən 
										Azərbaycan tərəfindən çəkilən cəmi 
										xərclət, manatla | 925049 | 724700 | 855825 | 1000000 |  |  
										|  | Tələbələrin təhsil aldığı ölkələrin sayı | 10 | 10 | 10 | 10 |  |  
								
								 4) Azərbaycan Respublikası Prezidentinin 16 
								aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı 
								ilə təsdiq edilmiş "2007-2015-ci illərdə 
								Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili 
								üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə 
								təhsil. 
								
								Qeyd olunan Dövlət Proqramı azərbaycanlı 
								gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə 
								xaricdə təhsil almalarını və ölkənin inkişafının 
								mühüm amilinə çevrilmələrini təmin etmək və  
								istedadlı Azərbaycan gənclərinin xaricdə 
								təhsilinin təşkili istiqamətində vahid sistemin 
								yaradılması məqsədini daşıyır. Bu proqram 
								çərçivəsində 2015-ci ilədək 5000 gəncin xaricdə 
								təhsili planlaşdırılır. Həmçinin bu proqram 
								çərçivəsində gənclərin xarici ölkələrdə 
								təhsilləri ilə bağlı bütün xərclər Dövlət Neft 
								Fondunun vəsaitləri, yəni neftdən əldə olunan 
								gəlirlər hesabına maliyyələşdirilir. Bu isə 
								ümummilli liderimiz Heydər Əliyevin 
								"Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, 
								özü də təkcə indiki nəslə deyil, həm də gələcək 
								nəsillərə mənsubdur" və ümummilli liderimizin 
								layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham 
								Əliyevin "Neft kapitalının insan kapitalına 
								çevrilməsi bizim əsas prioritetimizdir" 
								kəlamlarının təsdiqinə  bariz nümunədir. 
								
								Hazırda uğurla həyata keçirilən Dövlət Proqramı 
								çərçivəsində  və eləcə də yuxarıda qeyd olunan 
								digər təhsil formaları üzrə, demək olar ki, 
								Avropa ölkələrinin əksəriyyətində, habelə ABŞ, 
								Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi 
								Koreya və s. ölkələrdə minlərlə Azərbaycan 
								vətəndaşı təhsil alır. 
								
								"2007-2015-ci illərdə Azərbaycan gənclərinin 
								xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" 
								çərçivəsində xaricdə təhsil alan tələbələrin 
								sayının və onlara çəkilən xərclərin ildən-ilə 
								artmasını aşağıdakı cədvəldən aydın görmək 
								olar:  
									
										|  | Göstəricilər | 2007 | 2008 | 2009 | 2010 |  |  
										|  | Tələbələrin getdiyi ölkənin sayı | 14 | 17 | 23 | 24 |  |  
										|  | Ayrılmış vəsait, milyon manatla | 0,8 | 2,3 | 7,9 | 10 |  |  
										|  | Tələbələrin sayı | 68 | 119 | 446 | 633 |  |  
								
								 Qeyd olunan Dövlət Proqramı çərçivəsində Təhsil 
								Nazirliyi bir sıra xarici tərəfdaşlarla 
								əməkdaşlıq edir. Bu təşkilatlara Fransa Dövlət 
								Ali və Orta təhsilin Təşkili Mərkəzi (CNOUS), 
								Alman Akademik Mübadilə Xidməti (DAAD), ABŞ-ın 
								Beynəlxalq Təhsil İnstitutu aiddir.  
								
								"2007-2015-ci illərdə Azərbaycan gənclərinin 
								xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" 
								çərçivəsində artıq məzun olmuş tələbələrimiz də 
								vardır ki, onların əksəriyyəti ölkəmizin dövlət 
								və özəl sektorunun müxtəlif qurumlarında 
								çalışır.   
								
								Onu da qeyd etmək lazımdır ki,  xarici 
								ölkələrdəki gənclərimiz təhsil almaqla yanaşı, 
								həm də Azərbaycan xalqının təmsilçisi, onun 
								qədim mədəniyyətinin, adət və ənənələrinin 
								təbliğatçılarıdır. Buna görə də onların Vətən 
								qarşısında böyük məsuliyyətləri vardır.  
								
								
								Əcnəbi tələbələrin Azərbaycanda ali təhsilə 
								marağı  
								
								Azərbaycan tələbələrinin təhsil almaq üçün 
								xarici ölkələrə üz tutduqları kimi, bir sıra 
								qonşu və digər dövlətlərin tələbələri də 
								ölkəmizin ali təhsil müəssisələrində təhsil 
								almağa üstünlük verirlər. Bunu aşağıdakı 
								cədvəldən görmək olar: 
								
								Dövlət və qeyri-dövlət ali təhsil 
								müəssisələrində təhsil alan xarici ölkələrdən 
								olan tələbələrin sayı 
								
								(tədris ilin əvvəlinə; nəfər) 
									
										|  | Ölkələr | 2005-2006 | 2006-2007 | 2007-2008 | 2008-2009 | 2009-2010 |  |  
										|  | Cəmi | 3073 | 3690 | 5014 | 5585 | 5285 |  |  
										|  | o cümlədən |  |  
										|  | Belarusdan | 5 | 5 | 5 | 4 | 29 |  |  
										|  | Çin Xalq Respublikasından | 107 | 117 | 153 | 167 | 146 |  |  
										|  | Əfqanıstandan | 1 | 4 | 2 | 4 | 15 |  |  
										|  | Gürcüstandan | 236 | 92 | 82 | 110 | 141 |  |  
										|  | Hindistandan | 18 | 32 | 50 | 60 | 51 |  |  
										|  | İordaniyadan | 3 | 2 | 9 | 9 | 8 |  |  
										|  | İraqdan | 8 | 21 | 52 | 70 | 75 |  |  
										|  | İrandan | 237 | 424 | 953 | 1185 | 963 |  |  
										|  | İsraildən | 2 | 3 | 4 | 8 | 10 |  |  
										|  | Kiprdən | 2 | 2 | 3 | 4 | 2 |  |  
										|  | Koreya Respublikasından | 3 | 2 | 3 | 6 | 3 |  |  
										|  | Qazaxıstandan | 23 | 18 | 12 | 22 | 33 |  |  
										|  | Qırğızıstandan | 4 | 12 | 3 | 35 | 20 |  |  
										|  | Misirdən | 3 | 2 | 5 | 14 | 2 |  |  
										|  | Nigeriyadan | 15 | 12 | 16 | 18 | 20 |  |  
										|  | Özbəkistandan | 5 | 11 | 30 | 9 | 8 |  |  
										|  | Pakistandan | 25 | 30 | 24 | 31 | 46 |  |  
										|  | Rusiyadan | 169 | 150 | 157 | 220 | 261 |  |  
										|  | Sudandan | 9 | 16 | 18 | 16 | 13 |  |  
										|  | Suriyadan | 11 | 20 | 20 | 14 | 14 |  |  
										|  | Türkiyədən | 2094 | 2612 | 3283 | 3459 | 3223 |  |  
										|  | Türkmənistandan | 53 | 59 | 84 | 87 | 139 |  |  
										|  | Ukraynadan | 6 | 10 | 8 | 7 | 19 |  |  
										|  | Yəməndən | 8 | 6 | 5 | 4 | 9 |  |  
										|  | Digər ölkələrdən | 26 | 28 | 33 | 22 | 35 |  |  
								
								 Cədvəldən göründüyü kimi, dünyanın 24-dən çox 
								ölkəsindən Azərbaycanda ali  təhsil almağa maraq 
								göstərilir və bu da təbii prosesdir. Belə ki, 
								artıq bu gün Azərbaycanın ali təhsil sistemi 
								Avropa ali təhsil məkanına inteqrasiya 
								istiqamətində inkişaf etməkdədir və bunun da 
								əsas məqsədi ölkənin ali təhsilinin dünya təhsil 
								sisteminə inteqrasiyası, onun məzmununun 
								Boloniya prosesinin prinsiplərinə uyğun 
								qurulması, ali təhsilin 
								rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə 
								iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali 
								təhsilli kadrlara tələbatın ödənilməsi, əhalinin 
								ali təhsil almaq imkanlarının təmin edilməsi 
								üçün iqtisadi və sosial baxımdan səmərəli ali 
								təhsil sisteminin formalaşdırılmasıdır. 
								
								Ümumiyyətlə, sonda qeyd olunanlar əsasında belə 
								bir nəticəyə gəlmək olar ki, müxtəlif elmlər 
								üzrə yüksək səviyyəli mütəxəssislərin 
								hazırlanması ilə nəticələnən ali təhsilin 
								beynəlmiləlləşdirilməsinin ümumi inkişafı bütün 
								dünyada mövcud olan böhran və konfliktlərin 
								aradan qaldırılmasında  mühüm rol oynayacaqdır.
								 
								
								
								Şahrza ƏLİYEV,Təhsil Nazirliyinin
 İqtisadiyyat şöbəsinin müdiri,
 iqtisad elmləri üzrə fəlsəfə doktoru
 |