| 
								
								 Bu 
								gün adı dillər əzbəri olan, haqqında kitablar, 
								şeirlər, mahnılar yazılan, filmlər çəkilən 
								Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 
								yüksəldiyi zirvə təkcə onun doğulub, boya-başa 
								çatdığı kənddən deyil, Azərbaycanın və eləcə də 
								bütün türk dünyasının hər yerindən görünür. Bu 
								zirvəyə gedən yol isə Biləsuvar rayonunun 
								Əliabad kəndindən başlanır. Mübariz 1988-ci il 
								fevralın 7-də bu məkanda dünyaya göz açmışdır. 
								Elə həmin il erməni işğalçıları vətənimizin 
								ayrılmaz hissəsi olan Qarabağ bölgəsində torpaq 
								iddiası ilə münaqişə yaratmağa başlamışdı. Bəlkə 
								də İlahi Mübarizi bu yağı düşmənlə gələcəkdə 
								mübarizə aparacaq bir oğul kimi dünyaya 
								gətirmişdi. Ailənin üçüncü övladı - sonbeşiyi, 
								seyid nəvəsi idi Mübariz. O, uşaqlıqdan imanlı, 
								bütün insani keyfiyyətlərə malik valideynləri - 
								atası Ağakərim kişinin, anası Şamama xalanın 
								nümunəvi tərbiyəsi ilə böyümüşdü. Vətənə, xalqa, 
								haqqa, ədalətə son dərəcə sadiq ruhda tərbiyə 
								alan Mübariz 2006-cı ildə Malik Piriyev adına 
								Əliabad kənd orta məktəbini bitirmişdi. 2007-ci 
								ildə isə ilk hərbi xidmətini Daxili İşlər 
								Nazirliyinin daxili qoşunlarının xüsusi 
								təyinatlı dəstəsində gizir rütbəsi ilə başa 
								çatdırmışdı. Sonra isə erməni işğalçılarından 
								intiqam almaq üçün könüllü olaraq Azərbaycan 
								Silahlı Qüvvələrində xidmət etməkdən ötrü ərizə 
								ilə müraciət edərək, vətənin müdafiəsinə gedib. 
								
								Biz də bu günlər qəzetimizin rəhbərliyinin 
								təşəbbüsü ilə Mübariz İbrahimov haqqında daha 
								ətraflı məlumat toplamaq məqsədilə onun təhsil 
								aldığı məktəbdə olduq və ziyarətgaha çevrilmiş 
								evlərində valideynləri ilə görüşdük.   
								
								
								Məktəb illəri, müəllimlərinin xatirələri  
								
								Mübarizin təhsil aldığı orta məktəbə Biləsuvar 
								RTŞ-ın məsləhətçisi Alişan Şükürovla getmişdik. 
								Burada məktəbin direktoru Bəsirə Rüstəmova ilə 
								görüşdük. Məqsədimizi bilən kimi, o, əvvəlcə 
								Mübarizin burada oxuduğu illərdə toplanmış 
								sənədləri , qiymət cədvəlləri ilə bizi tanış 
								etdi. Direktor sonra bildirdi ki, ona müxtəlif 
								siniflərdə oxuyan zaman rus dili fənnindən dərs 
								demişəm. O, "4" və "5" qiymətlərlə oxuyurdu. Çox 
								vətənpərvər bir şagird idi. Onun oxuduğu XI "B" 
								sinfində ən yaxın dostu, sirdaşı Vüqar Əsgərovla 
								həmişə birlikdə gəzərdi. Mübariz seyid nəvəsi 
								olduğundan namaz qılırdı. Bəlkə də elə buna görə 
								idi ki, heç bir tədbirdə şəkil çəkdirməyi 
								xoşlamırdı. Orta məktəbdə oxuduğu müddətdə cəmi 
								bir şəklini tapmışıq. O da IV sinifdə oxuyanda 
								çəkilib. 
								
								Bir dəfə dərs zamanı Mübariz mənə dedi ki, 
								müəllim, niyə mənim köynəyimə mübarək demirsən? 
								Bir baxın, düymələri soldat düyməsinə oxşayır? 
								Mən də böyüyəndə əsgər olacam. Erməniləri 
								qıracam...  
								
								 Mübarizlə 
								axırıncı dəfə bu il yayda məzuniyyət vaxtı kəndə 
								gələndə görüşdüm. Məni məktəbə direktor təyin 
								olunduğuma görə təbrik etdi. Bizim həyətə 
								getdik, xeyli söhbət etdik. Ayrılanda isə dedi 
								ki, müəllim, çox keçməz ki, siz mənimlə fəxr 
								edərsiz. Dedim, ağıllım, (mən ona həmişə 
								"ağıllım" deyə müraciət edərdim), elə indi də 
								səninlə fəxr edirik . 
								
								Söhbətə qoşulan məktəbin təlim-tərbiyə işləri 
								üzrə direktor müavini Böyükbəy Quliyev isə 
								bildirdi ki, Mübarizlə qohumluq əlaqəmiz 
								olduğundan həm məktəbdə, həm də ya onların və 
								yaxud bizim evdə çox tez-tez görüşürdük. Həmişə 
								də mənə deyərdi ki, mən orduya gedəndən sonra 
								görərsiniz, o ermənilərin başına nə oyunlar 
								gətirəcəm. Oğlum Zamiqə də deyərmiş ki, vallah 
								sizə yazığım gəlir. Görərsiniz, mən o erməni 
								dığalarına qarşı elə bir hərəkət edəcəyəm ki, 
								onlar məni heç vaxt unutmayacaqlar. Şəhid olsam, 
								ağlamayın.  
								
								Mübarizin fiziki tərbiyə müəllimi Valeh Ağayev 
								ona V sinifdən XI sinfə qədər dərs dediyini 
								bildirərək qeyd etdi ki, o, öz fiziki enerjisini 
								idmana sərf edirdi. Məktəbdə keçilən idman 
								dərsləri ilə kifayətlənməyib rayona gedər, 
								idmanın boks növü ilə məşğul olardı. Mütəmadi və 
								gərgin məşqlər öz müsbət nəticəsini verdi. 
								Mübariz gündən-günə mətinləşdi. Həmyaşıdları 
								arasında bacarıqlı və ümidverici bir boksçu kimi 
								Ukraynada keçiriləcək yarışlarda iştirak etmək 
								üçün yola düşmə ərəfəsində əli zədələndiyindən 
								həmin yarışlarda iştirak edə bilmədi. Həqiqətən 
								də idmanla müntəzəm məşğul olması Mübarizi 
								fiziki cəhətdən sağlam, ucaboylu, enlikürək, 
								yenilməz bir cəsura çevirmişdi. Bütün bunlara 
								baxmayaraq, Mübariz gələcək həyatı üçün idmanı 
								yox, hərbçi peşəsini seçdi. 
								
								 Onbirinci 
								sinifdə Mübarizin sinif rəhbəri olmuş, coğrafiya 
								müəllimi Əhliman Quliyev isə qeyd etdi ki, onun 
								bu qəhrəmanlığı təsadüfi deyildi. Bizim bütün 
								sinif iclaslarımızda vətənpərvərlikdən 
								danışardı. Ermənilərin azərbaycanlılara qarşı 
								törətdiyi vəhşiliklərdən yana-yana söhbət 
								açardı. Bir dəfə dərsimizdə Xocalı faciəsi 
								zamanı şəhid olan insanları, vurulan ziyanları 
								rəqəmlərlə sadalayırdım. Birdən Mübariz məndən 
								xahiş etdi ki, müəllim, o rəqəmləri bir də 
								sadalayın. Qoy, o rəqəmlər yaddaşımıza həkk 
								olunsun. Gələcəkdə bizə lazım olacaq. 
								
								Onun riyaziyyat və informatika müəllimi Güləddin 
								İsayev bildirdi ki, Mübariz çox sakit, mehriban, 
								vətənpərvər bir şagird idi. Nurani bir çöhrəsi 
								vardı. Sanki o, zirvə üçün yaranmışdı. Bu 
								zirvəyə aparan yol isə elə idmançı olmasından 
								başlanmışdı. Onu bu yoldan heç bir qüvvə 
								çəkindirə bilməzdi. 
								
								Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə 
								Qurbanova isə dedi ki, Mübariz namus və qeyrət 
								mücəssəməsi idi. Bu, onun vətənpərvərliyindən 
								irəli gəlirdi.  
								
								
								Mübariz hərbçi peşəsini ona görə seçmişdi ki...  
								
								Hələ məktəbdə oxuduğu zaman hərbi formaya xüsusi 
								maraq göstərən Mübarizin atası və müəllimləri 
								onun "Əlifba" bayramında səslənən "Azərbaycan 
								əsgəri" hərbi marşına oynamasını və atasını, 
								sinif yoldaşlarını bu oyuna dəvət etdiyini 
								unutmayıblar. Eyni zamanda, kənddə onu yaxşı 
								tanıyan həmyaşıdları, dostları və müəllimləri 
								xatırlayırlar ki, hərbi xidmətini başa çatdırıb 
								qayıdandan sonra Mübariz çox dəyişmişdi. Onun 
								daxilində bir narahatlıq, bir nisgil vardı. O da 
								torpaqlarımızın düşmən tapdağı altında qalması 
								nisgili idi. Əsgəri xidməti zamanı hərbi 
								texnikanın sirlərini mənimsəmiş, döyüşkənlik 
								ruhu möhkəmlənmiş Mübariz İbrahimovun qəlbində 
								bir intiqam hissi közərirdi. Hər gün erməni 
								işğalçılarının atəşkəsi pozmaları, mövqelərimizi 
								atəşə tutmaları ona bir an belə rahatlıq vermir, 
								düşmənə qarşı intiqam hissini alovlandırırdı. 
								Hələ illərdən bəri işğal altında olan 
								torpaqlarımızın harayı, doğma yurd-yuvasından 
								didərgin düşmüş minlərlə soydaşımızın və bu 
								savaşda şəhid olmuş oğullarımızın ruhları ona 
								dinclik vermirdi. Onu intiqama səsləyirdi. Bax 
								elə bütün bunlara görə də o, hərbçi peşəsini 
								seçmişdi.   
								
								
								Düşməndən qisas almağa and içmişdi  
								
								 Mübariz 
								qəlbində vətən, xalq adlı bir istəklə, 
								qəhrəmanlıq, qalibiyyət, intiqam ünvanlı amalla 
								yenidən cəbhəyə dönməyi, sona qədər yağı 
								düşmənlə döyüşərək qisasını almağa and içmişdi. 
								Elə buna görə də bu dəfə könüllü olaraq 
								Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək 
								üçün ərizə ilə müraciət edib, gizir kimi vətənin 
								müdafiəsinə getdi... 
								
								Bir müddət sonra, 2010-cu il iyunun əvvəllərində 
								gizir yoldaşları ilə evlərinə məzuniyyətə 
								gəlmişdi. Sən demə, bu, onun doğmaları ilə son 
								görüşü imiş... Mübariz bu görüşə sanki 
								valideynlərindən halallıq almağa gəlmişdi. Atası 
								söhbət zamanı Mübarizi fikirlərindən döndərməyin 
								faydasız olduğunu görüb, "Üç oğlum var, birini 
								də vətənə fəda edərəm", demişdir. Bu sözləri 
								atasının dilindən eşidən Mübariz sevincək onun 
								boynunu qucaqlayıb alnından öpmüşdü.  
								
								Məzuniyyət müddəti başa çatdıqdan sonra yenidən 
								cəbhə bölgəsinə qayıdan Mübariz bir daha təmas 
								xəttindən o üzdə düşmən nəzarətində olan 
								torpaqlarımızı, dağılmış yurdları, sahibsiz 
								evləri görüb özünə gələ bilmir və bütün bunların 
								heyfini erməni işğalçılarından alacağına qəti 
								şəkildə söz verir. Bəli, bu, həqiqətən də belə 
								oldu...  
								
								
								Sonuncu məktub  
								
								Mübariz İbrahimov bu il iyunun 18-dən 19-a keçən 
								gecə xidmət etdiyi hərbi hissənin əsgər və 
								zabitlərindən xəbərsiz düşmənlə olan təmas 
								xəttinin kənarında əsgər pencəyini çıxarıb bir 
								qədər əvvəl yazdığı sonuncu məktubu və əl 
								telefonunu onun cibinə qoyur. Silahını çiyninə 
								atıb, təmas xəttinin o tərəfinə keçir. Cəbhənin 
								Tərtər istiqamətində düşmənin işğalı altında 
								olan Çaylı kəndindəki erməni qərargahına girərək 
								əsl bir cəngavər kimi döyüşərək düşmənin bağrını 
								yarır. Ermənilər əvvəlcə elə zənn edirlər ki, 
								onlara qarşı Azərbaycan ordusu hücuma keçib. 
								Gecənin qaranlığında çaşbaş qalan düşmən 
								Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin 
								qarşısında ağır itkilər verir. Düşmən bir neçə 
								saat davam edən bu döyüşə əlavə qüvvə cəlb edir. 
								Elə bu amansız döyüşdə Mübariz İbrahimov 
								qəhrəmancasına həlak olur. Həmin gün təmas 
								xəttinin kənarından Mübarizin əsgər pencəyi 
								tapılır, cibindən isə bu məktub çıxır: 
								 
								
								 "Atama 
								və anama məktub. 
								
								Canım atam və anam, məndən sarı 
								darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim 
								üçün bol-bol dua edin. Vətənin dar günündə 
								ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən 
								azından ürəyim sərinlik tapar. İnşallah şəhid 
								olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. 
								Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o 
								mərtəbəyə yüksəldim. Allaha ibadətinizi dəqiq 
								yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi 
								olaraq bunu eləməliyəm. Allah böyükdür. Vətən 
								sağ olsun.  
								
								Oğlunuz Mübariz. Haqqınızı halal edin.
 İbrahimov Mübariz."
 
								
								  
								
								Bəli, o, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı 
								ilə Azərbaycan oğlunun, Azərbaycan əsgərinin 
								nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. 
								Mübariz bu şücaəti ilə Azərbaycan gəncliyinə 
								başucalığı gətirdi.   
								
								
								Azərbaycan əsgərinin şücaətinə verilmiş layiqli 
								qiymət  
								
								 Respublika 
								Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali 
								Baş Komandanı cənab İlham Əliyevin müvafiq 
								Sərəncamına əsasən Mübariz İbrahimov 
								torpaqlarımızın azadlığı uğrunda rəşadətli və 
								müstəsna xidmətlərinə görə "Azərbaycanın Milli 
								Qəhrəmanı" adına (ölümündən sonra) layiq 
								görüldü. Azərbaycanın Milli Qəhrəmanı 
								M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi 
								haqqında ölkə Prezidentinin 22 iyul 2010-cu il 
								tarixdə imzaladığı növbəti Sərəncam da 
								respublikamızın hər yerində igid vətən əsgərinin 
								qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş 
								layiqli qiymət kimi qarşılandı. Əlbəttə, bu 
								qiymətə ən çox sevinən onun doğmaları, 
								ata-anası, qardaşları və dostları idi. Ona görə 
								ki, Mübariz ölumün gözünə dik baxaraq, Vətən 
								sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha 
								Azərbaycan gəncliyinin, Vətən oğullarının, Vətən 
								əsgərinin nümayəndəsi kimi sübut etmişdi. 
								
								Onu da qeyd edək ki, ölkə Prezidentinin 
								Sərəncamına uyğun olaraq Biləsuvar şəhərinin 
								mərkəzi küçələrindən birinə Azərbaycanın Milli  
								Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı 
								verilib. Həmçinin, Biləsuvar şəhərində xüsusi 
								istedada malik uşaqlar üçün inşa olunmuş 
								lisey-məktəb kompleksinə Mübariz İbrahimovun 
								adının verilməsi barədə Nazirlər Kabineti 
								qarşısında məsələ qaldırılmışdı. Artıq bu məsələ 
								öz həllini taparaq 29 sentyabr 2010-cu ildə 
								Nazirlər Kabinetinin 169 nömrəli qərarı ilə 
								təsdiq olunub. Qərarın birinci bəndində deyilir: 
								Biləsuvar Rayon İcra Hakimiyyətinin Azərbaycan 
								Respublikasının Təhsil Nazirliyi ilə 
								razılaşdırılmış təklifini nəzərə alaraq 
								Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə 
								Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim 
								oğlu İbrahimovun adı verilsin.  
								
								İnanırıq ki, bu kompleksdə təhsil alacaq 
								uşaqların xüsusi istedadlarına Milli Qəhrəman 
								Mübarizin vətən, torpaq sevgisi, döyüş şücaəti 
								də qatılacaq və onların hər biri döyüşkən ruhlu 
								mübarizlər 
								olacaqlar.                             
								 
								
								
								Ziyarətgaha çevrilmiş ev 
								
								  
								
								İndi Əliabad kəndində Mübarizin doğulub 
								boya-başa çatdığı ev əsl ziyarətgaha çevrilib. 
								Vətən məhəbbətinin, yurd sevgisinin qəhrəmanlıq 
								və mübarizlik timsalının ziyarətgahına. Elə 
								həmin gün Mübarizin təhsil aldığı məktəbdən 
								ayrılıb onların evinə getdik. Biz də "Azərbaycan 
								müəllimi" qəzetinin redaktoru və kollektivi 
								adından belə vətənpərvər, qeyrətli oğul böyüdüb 
								tərbiyə etdiklərinə görə atası Ağakərim kişiyə, 
								anası Şamama xalaya, qardaşları Bəhruz və Rəşada 
								səmimi-qəlbdən minnətdarlıq etdik. Sonra 
								Ağakərim kişi həyətdə Mübarizin özünün 
								düzəltdiyi, məşqlər etdiyi turniki, ştanqı, boks 
								əlcəyini bizə göstərdi. Bizi geniş həyətin baş 
								hissəsində müxtəlif şəkilləri, haqqında yazılmış 
								kitablar, jurnallar və qəzetlərdən ibarət böyük 
								guşə ilə tanış etdi. Birlikdə həyətdə düzülmüş 
								oturacaqlardan birində onunla üz-üzə əyləşib 
								Mübarizin uşaqlıq və gənclik illərindən bəhs 
								edən xatirələrini dinlədik:  
								
								- Mübariz sonbeşiyimiz olduğundan onu çox 
								istəyirdik. O, 12-13 yaşlarından idmanla məşğul 
								olmağa başlamışdı. Məktəbdə də pis oxumurdu. 
								Bizim ailə dindar olduğundan o da namaz qılırdı. 
								Halallığı, düzlüyü çox sevirdi. Ordu sıralarında 
								qulluq edib hərdən evimizə gələndə aramızda 
								vətənpərvərlik mövzusunda söhbət edərdik. Son 
								dəfə məzuniyyətə gələndə mübahisəmiz düşdü. 
								Deyirdi ki, mən gedib ermənilərin bizim 
								torpaqlarda yerləşən texnikasını partladacam, 
								əsgərlərini öldürəcəm. Ona cavab verdim ki, ay 
								oğul, axı bu günahdır. İcazəsiz belə iş görmə, 
								özünü qoru. Axı sən vətəni məndən çox 
								sevməyəcəksən ki? Mübariz isə əsəbi halda mənə 
								cavab verdi ki, məgər ermənilərin Xocalıda 
								törətdikləri o qırğınlar günah deyildimi? Bu 
								qədər soydaşlarımızı yurdsuz-yuvasız qoymaları 
								günah deyildimi?.. 
								
								Mübariz bu hərəkətləri ilə, vətən yolunda ölümə 
								getməsi ilə mənə sübut etdi ki, o, vətəni məndən 
								çox sevirmiş... O, mənə qalib gəldi... 
								
								Bu hadisədən bir gün əvvəl isə evimizə zəng 
								etmişdi. Mənimlə az danışdı. Anası ilə isə bir 
								xeyli söhbət etdi. Dedi ki, qardaşlarımı 
								evləndirin. Hər şey yaxşı olacaq. Məndən nigaran 
								qalmayın. Onun bu sözlərindən sonra anasının 
								gözləri yol çəkirdi. Özünü çox narahat hiss 
								edirdi. Elə bil ürəyinə nə isə dammışdı... 
								Səhəri gün bu xəbəri eşitdik... 
								
								Ağakərim kişi də bir qədər kədərlənmişdi. Amma 
								o, özünü ələ alıb nə isə demək istəyirdi ki, 
								qapıda yeni ziyarətə gələnləri görüb ayağa 
								qalxdı. Qonaqları mehribanlıqla qarşılayıb içəri 
								dəvət etdi.  
								
								Bura ziyarətə gələn insanların təsəlli sözlərinə 
								ata və ananın yalnız bir cavabı olurdu... Təki 
								Vətən sağ olsun!.. 
								
								Elə Mübariz də Vətənin yaşamasını özünün bir 
								ömür yaşamaq şirinliyindən üstün tutub canından 
								keçdi. Onun qəhrəmanlığı gənclərimiz üçün bir 
								örnək olacaqdır.  
								
								Bəli, belə Mübarizləri olan Vətən isə heç zaman 
								basılmayacaq. Mübarizin yüksəldiyi şəhidlik 
								zirvəsi, Milli Qəhrəman adı həmişə uca 
								tutulacaq.  
								
								
								Ədalət DAŞDƏMİRLİ,Bakı-Biləsuvar-Bakı
 |