2010-cu il Bakıdakı 115 nömrəli tam orta təhsil
məktəbi üçün düşərli olub. Belə ki, bu təhsil
ocağı 2009-2010-cu tədris ilində keçirilən "Ən
yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində qalib
gələrək ölkə Prezidentinin sərəncamı ilə 10 min
manat mükafat alıb. Məktəb tarixində ilk dəfə
olaraq 3 məzun ali məktəblərə qəbul
imtahanlarında yüksək bal topladıqları üçün
Prezident təqaüdünə layiq görülüb. Məktəbin bir
yetirməsi isə ən yüksək - 700 bal toplayıb.
Tədris ocağının bir müəllimi ölkə Prezidentinin
sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif
olunub.
Oktyabrın 9-da 115 nömrəli məktəbdə keçirilən
ədəbi-musiqili tədbirdə bu barədə ətraflı
danışıldı. Əvvəlki illərin bəzi məzunlarının və
valideynlərin də iştirak etdikləri tədbiri giriş
sözü ilə onun təşkilatçısı, məktəbin praktik
psixoloqu Şövkət Dadaşova açaraq peşə bayramları
münasibəti ilə müəllimləri təbrik etdi, təhsil
müəssisələrinin ötən tədris ilində qazandığı
uğurlardan söz açdı. Sonra müğənni Yaqut
Qarabağlı məlahətli ifası ilə tədbir
iştirakçılarında xoş ovqat yaratdı.
Məktəbin direktoru Tanrıverdi Orucov çıxış
edərək qazanılan uğurlarda müəllimlərin,
təhsilin keyfiyyətini yüksəltmək istiqamətində
son illər məktəblərində aparılan işlərin böyük
rolu olduğunu bildirdi.
Məktəbin Prezident təqaüdünə layiq görülmüş
məzunları - qəbul imtahanlarında 700 bal
toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul
olunmuş Aygül Tanrıverdiyeva, 690 balla Qafqaz
Universitetinə qəbul olunmuş Aydın Ramazanov,
yüksək balla AMİ-yə qəbul olunmuş Aytac
Mahmudova, 2007-ci ilin məzunu, BDU-nun hüquq
fakültəsində təhsil alan Kənan Hüseynov, 2005-ci
ilin məzunu, BDU-nu Beynəlxalq münasibətlər
ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib,
hazırda Dövlət İdarəçilik Akademiyasında
magistratura pilləsində təhsil alan Gülnar
Həsənova, məktəbin 2001-ci il məzunu və Binəqədi
rayonu üzrə ilk Prezident təqaüdçüsü, BDU-nun
psixologiya və sosial elmlər fakültəsini
psixologiya ixtisası üzrə bitirmiş və hazırda
"XXI əsr təhsil kompleksi"ndə işləyən Humay
Axundzadə çıxış edərək ürək sözlərini
söylədilər. Tələbələrə gül dəstələri və
hədiyyələr, onların valideynlərinə isə
təşəkkürnamələr təqdim olundu.
Bu günlərdə möhtərəm Prezidentimizin sərəncamı
ilə "Tərəqqi" medalı ilə təltif olunmuş
riyaziyyat müəllimi Zahid Nəsibov çıxışında
ölkəmizdə təhsilə, təhsil işçilərinə göstərilən
qayğıdan danışdı.
Tədbirdə fəxri qonaqlar, məktəbin sabiq
müəllimləri Məhəmmədin 85, Xanımın 75, Əminənin
78, Solmazın 75, Məhinin 76, Rimanın 65, ibtidai
sinif müəllimləri Qəmzə, Elmira, Kifayət,
Məhbubə, Məhsəti və Badisəbanın 60 illikləri
qeyd olundu, bu münasibətlə onlara təbriklər
ünvanlandı, gül dəstələri, hədiyyələr verildi.
Yubilyarlar çıxış edərək məktəbin kollektivinə
və rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Sonra məktəbin müxtəlif siniflərində oxuyan
istedadlı şagirdlər öz müəllimlərini və
məzunları şeir və mahnılarla təbrik etdilər.
Lalə YUSİFQIZI |