"Pedaqoji (təlim və tərbiyə) tarixi şərqdə".
Müəllifi: Professor Fərrux Rüstəmov (Ustad-e
Daneşqah). Tərcüməçi: Həsən Cəfəri Qənbəri.
Təbriz - Bəmhar, Xurşidi-Afərin, 1389).
Son
dövrlərdə tarixi - pedaqoji irsin
araşdırılmasına maraq və diqqət demək olar ki,
hər yerdə artmışdır. Bunu təbii hal kimi qəbul
etmək olar. Çünki geriyə baxmadan, keçmiş
pedaqoji təcrübələri öyrənib təhlil etmədən,
onlardan nəticə çıxarmadan, həmçinin başqa
xalqların təcrübəsini, pedaqoji fikrini
öyrənmədən, müqayisələr aparmadan cəmiyyətin
müasir təhsilini müvəffəqiyyətlə qurmaq olmaz.
Mübaliğə etmədən deyə bilərik ki, Azərbaycan
təhsili öz inkişafında həmişə mütərəqqi
təcrübələrə əsaslanmış, xüsusilə Şərq
fəlsəfi-pedaqoji fikrinə istinad etmiş, Qərb
pedaqoji fikrindən faydalanmış, dünya pedaqoji
təcrübəsinə əsaslanmış və özünün ildən-ilə
təkmilləşən, yeniləşən müasir təhsil sistemini
qurmuş və bu sahədə də hər zaman qabaqcıl
mövqedə olmuşdur.
Hörmətli təhsil nazirimiz, professor Misir
Mərdanovun Azərbaycan təhsilinin keçmişi və bu
günü ilə əlaqədar mətbuatda dərc etdirdiyi
silsilə məqalələri, "Azərbaycan təhsili yeni
inkişaf mərhələsində" (Bakı, 2009, 528 səh.),
Azərbaycan təhsil tarixi ilə bağlı kitabları
məhz təhsil tariximizdən, məktəb və pedaqoji
fikir tariximizdən qaynaqlanan dəyərli
əsərlərdir.
Dünya xalqlarının, Şərq pedaqoji fikrinin,
Azərbaycan məktəb və pedaqoji fikrinin
araşdırılması ilə bağlı keçən əsrin 20-ci
illərindən professorlardan X.Fikrət,
B.B.Komarovski, Ə.Seyidov, M.Mehdizadə və
H.Əhmədovun, dosent Ə.Tağıyevin Azərbaycanda
yaratdıqları ənənə bu gün də yeni pedaqoji
təfəkkür işığında daha mükəmməl şəkildə uğurla
davam etdirilir.
Pedaqoji fikir tariximizin araşdırılmasında öz
dəst-xətti ilə tanınan, Şərq, Qərb, ümumdünya
pedaqoji fikrinin yorulmaz tədqiqatçısı,
həmişə məhsuldar elmi yaradıcılığı ilə seçilən,
müasir Azərbaycan pedaqojişünaslığının əsasını
qoyan pedaqoji elmlər doktoru, professor Fərrux
Rüstəmovun elmi nailiyyətləri bu gün nəinki
respublikamızda, artıq beynəlxalq miqyasda
diqqəti cəlb edir. Onun "Şərqdə pedaqogika
tarixi" adlı əsərinin bu yaxınlarda İranda nəşr
olunması pedaqoji ictimaiyyətimiz üçün
sevindirici hal olmaqla bərabər, həm də böyük
elmi-pedaqoji, ictimai-siyasi və tarixi hadisə
kimi qiymətləndirilə bilər. Bu ilk pedaqoji
hadisədir ki, Azərbaycan pedaqoqunun əsəri ana
dilində 1000 tirajla İranda nəşr olunur. Bu,
həmçinin Azərbaycan pedaqoq-aliminin əsərinə
zəngin pedaqoji ənənələrə, qədim təhsil
tarixinə malik İran İslam Respublikasında
verilən yüksək qiymətdir.
Əsər İran İslam Respublikasının təhsil nazirinin
və Xüsusi Siyasi İdarənin icazəsi ilə Təbrizdə
ərəb əlifbası ilə Təbriz ləhcəsinə
uyğunlaşdırılaraq Azərbaycan dilində nəşr
edilmişdir. Bu, Təbriz əhlinə, bəlkə bir qədər
də geniş miqyasda, 30 milyondan artıq
azərbaycanlılara ana dilində ünvanlanmış dəyərli
pedaqoji əsərdir. Kitabın birinci fəsli
"Tərbiyənin meydana gəlməsi və onun inkişafı",
ikinci fəsli "Qədim Şərqdə məktəb və tərbiyə",
üçüncü fəsli "Xristianlığaqədərki dinlərdə
tərbiyə və erkən xristianlıqda tərbiyə",
dördüncü fəsli "Orta əsrlərdə Şərqdə məktəb və
pedaqoji fikir", beşinci fəsli "İslam Şərq
pedaqoji fikrinin mühüm qaynağıdır", altıncı
fəsli "19-cu əsrdə məktəb və pedaqogika"
adlanır. Fəsillərin adından göründüyü kimi, əsər
geniş bir dövrü əhatə etməklə özü 377 səhifədən
ibarət olaraq Yaxın, Orta və Uzaq Şərqi əhatə
etmişdir.
Kitab və onun fəsilləri haqqında ümumiləşmiş
fikirlər söyləyərkən deyə bilərik ki, professor
Fərrux Rüstəmov ilk dəfə olaraq Şərq
dəyərlərini, Şərq müdrikliyini tədrisə
gətirmişdir və müəllifin fikirlərindən aydın
olur ki, ilkin pedaqoji fikirlər, ilkin savad
təlimi, əlifba, kitab, kitabxana, mətbəə, kağız
və qələmin icadı Şərqə məxsusdur. Əsərdə Şərq
təhsilinin, Şərq pedaqoji fikrinin bitkin
konsepsiyaya malik olduğu və onun Qərb
təhsilinin inkişafına təsiri aydın fakt və
nümunələrlə göstərilir.
"Bir saat elm öyrənmək, altmış il nafilə
ibadətdən yaxşıdır" - deyən Məhəmməd Peyğəmbər,
"Elmü - ədəbdir kişinin ziynəti, Elmü - ədəb
olmasa yox rahəti", - deyən Həzrət Əli, "Ədəb
bir tac imiş nuri-xudadan, Gey ol tacı, əmin ol
hər bəladan", - deyən Farabi, "Ya olduğun kimi
görün, ya göründüyün kimi ol", - deyən
Cəlaləddin Rumi, "Əlinə, Dilinə, Belinə sahib
ol!", - deyən Hacı Bektaş Vəli, "Oruc, namaz,
zəkat bəzi hallarda vacib, bəzi hallarda
qeyri-vacib sayılırsa, elm öyrənmək həmişə
vacibdir", - deyən Qəzzali, "Ağıl ilə dövlət
qazanmaq olar, dövlətlə ağıl qazanmaq olmaz", -
deyən Keykavus və bu kimi müdrik fikirlər Şərq
fəlsəfi-pedaqoji fikrinin məhsuludur.
Kitabın əvvəlində "Mütərcimin sözlüyü"ndə
yazılır: "Təlim-tərbiyə mərkəzlərində çalışan
adamların bir sırası elmin əsl qaynaqlarını
yalnız Qərbdə olan alimlərin əsərləri
bilirlər... Təəssüf ki, Farabi, Biruni, Tusi,
İbn Sina, Keykavus kimi alimlərin adını belə
bilmirlər. Bu kitabda onlar haqqında ətraflı
məlumat verilir. Kitabda Allaha inanmaq,
xüsusilə İslam dinini əqidə üçün seçməklə bağlı
təkidli sözlər vardır. Müəllif özünün müsəlman
olmasını bildirir və o, "Quran"dan Həzrəti
Məhəmməddən (s.ə.s), Həzrəti Əlinin "Nəhcül
Bəlağa"sından təlim-tərbiyə haqqında olan
fikirləri izah etmişdir. Bu kitab bizim
xalqımızın savadlısı üçün də və savadsızı üçün
də əhəmiyyətlidir. Bu kitab təlim-tərbiyə işi
ilə çalışan adamlar, o cümlədən müəllimlər,
valideynlər, ruhanilər, tələbələr, şagirdlər
və tədqiqatçılar üçün bir mənbədir ".
Rüfət HÜSEYNZADƏ,
AMİ-nin pedaqogika kafedrasının müdiri, pedaqoji
elmlər doktoru, professor, əməkdar müəllim |