İki ildir ki, məktəblərimizdə yeni təhsil
proqramlarının - kurikulumların tətbiqinə
başlanılmışdır. 2008-2009-cu dərs ilindən
başlayaraq birinci sinfə gedən uşaqlar yeni fənn
kurikulumları əsasında hazırlanan dərsliklərlə
oxuyur, müəllimlər yeni məzmunun
mənimsənilməsini təmin edə bilən pedaqoji
texnologiyalarla işləyirlər.
Xarici
dilin praktik mənimsənilməsini təmin etmək üçün
müəllim tədrisin ilk günlərindən öyrənilən dildə
ünsiyyət qurmağa çalışmalıdır. Psixoloqların
tədqiqatları göstərir ki, dərslərdə rollu
oyunların geniş istifadəsi şagirdlərin imkan və
bacarıqlarının üzə çıxarılmasına şərait yaradır.
Kiçikyaşlı uşaqların ünsiyyət qurmaq
bacarıqlarını daha da inkişaf etdirmək üçün
kiçikhəcmli mətnlərdən, dialoqlardan,
tamaşalardan istifadə etmək daha
məqsədəuyğundur. Hər bir rollu oyun şagirdə
müəyyən xarakter seçmək imkanı verir. Bu seçim
şərtləri müxtəlif ola bilər: real insan həyatı
və ya müxtəlif əsərlərin personajları, nağıl
qəhrəmanları və s. Bu baxımdan, rollu oyunlar
çox geniş dil öyrətmək imkanlarına malikdir.
Usaqlar hər zaman işin oyun formalarına maraqla
yanaşırlar, müxtəlif insanların rollarını
oynamağı, heyvanların personajlarını hazırlamağı
daha çox xoşlayırlar.
Rollu oyunlar bütün siniflə birlikdə və yaxud
qruplarla keçirilə bilər. Hər hansı bir
səhnənin rollarla təqdimatı zamanı iştirak edən
şagirdlərin bir-birlərinə kömək etmələri
əməkdaşlığın yaranması üçün geniş imkanlar
yaradır.
Dərs prosesində rollu oyunlardan istifadə
şagirdlərin mövqe tutmaq və şifahi nitqi inkişaf
etdirməyə yönəlmişdir. Bu zaman şagirdlər yalnız
öz rolunu deyil, tərəf-müqabilinin də
replikalarını yadda saxlamalı olur. Onlarda nə
isə deməyə, soruşmağa, dəqiqləşdirməyə, sübut
etməyə, fikirlərini həmsöhbəti ilə bölüşməyə
ehtiyac yaranır. Dərsin maraqlı keçməsi təkcə
rolları ifa edəni deyil, qulaq asanları da fəal
iştirak etməyə sövq edir. Bu da onların nitq
fəaliyyətini daha da gücləndirir.
Rollu oyunlar tədrisin bütün tələblərinə cavab
verməlidir. Tədris prosesində rollu oyun öyrənmə
üçün motivasiya yaratmalıdır ki, dərs şagirdlər
üçün maraqlı olsun və onlar tapşırıqları həvəslə
yerinə yetirsinlər. Rollu oyunda hər kəs rol
alır və bu zaman onlar həmsöhbətini axıradək
dinləmək bacarığına malik olur.
Rollu oyunlar uşaqların bir-biri ilə ünsiyyət
qurmaq cəhdlərini fəallaşdırır və onların
arasındakı maneəni aradan qaldırır. Müəllim
rolların bölüşdürülməsində bilavasitə iştirak
edərkən yenə sinifdəki şagirdlərin fərdi
xüsusiyyətlərini nəzərə almalıdır. Müəllimin
rolu dərsi qurmaq və ona nəzarət etməkdir.
Müəllim istərsə rol ala bilər, istərsə də
müşahidəçi ola bilər. Müəllim başlanğıcda dərsə
rəhbərlik edir, onların çətinlikləri ilə
yaxından maraqlanır, səhvlərini düzəltmir,
yalnız onlara istiqamətverici kömək edir.
Müəllim səhvləri qeyd edib, müzakirəsi keçirilən
zaman bunları çox diqqətli və peşəkarcasına
şagirdlərin psixologiyasına uyğun olaraq,
onların nəzərinə çatdırır.
Birinci sinif dərsliyində heyvanlar haqqında
olan mövzunu keçərkən şagirdlər özləri ilə həmin
heyvanların maskalarını hazırlayıb gətirməyə
çalışırlar. Bu zaman onlar həmin heyvanın
xarakterini verməyə çalışır və onlara olan
sevgisindən danışırlar. Belə ki, bu, onların hər
bir canlıya marağını özündə əks etdirir. Onlar
heyvanların böyüklüyünü, kiçikliyini, səslərini,
hərəkətlərini verməyə çalışırlar. Rollu oyunlar
tədris məqsədi ilə yanaşı, həm də tərbiyəvi
məsələlərin həllinə kömək edir. Bu dərslər
canlı, emosional və şagirdlərin yüksək fəallığı
ilə keçir.
Bircəxanım AYDINOVA,
Bakıdakı İ.Hacıyev adına
"Tərəqqi" texniki-humanitar liseyin
ingilis dili müəllimi
|