Naxçıvan Dövlət Universitetində "Narkomaniya ağ
ölümdür" adlı elmi-praktik konfrans keçirildi.
Naxçıvan Muxtar Respublikasının Gənclər və
İdman, Daxili İşlər, Ədliyyə və Səhiyyə
nazirlikləri ilə birgə təşkil olunan tədbiri
giriş sözü ilə Tibb fakültəsinin dekanı,
pedaqoji elmlər namizədi Bəhruz Məmmədov açaraq
narkomaniyanın bəşəri bəla olmasından danışdı,
gəncləri narkomaniyaya qarşı yekdil mübarizəyə
səslədi.
Naxçıvan MR Gənclər və İdman Nazirliyi
Aparatının Gənclərlə iş şöbəsinin baş
məsləhətçisi Zəkiyyə Hacıyeva məruzəsində
narkomaniyanın cəmiyyət üçün törətdiyi dəhşətli
təhlükələrdən, gənclərin fiziki və mənəvi
cəhətdən sağlam tərbiyə olunması, asudə
vaxtlarının səmərəli təşkili məqsədilə görülən
çoxsaylı tədbirlərdən söz açdı.
Naxçıvan MR Daxili İşlər Nazirliyinin
Narkomaniya ilə mübarizə şöbəsinin baş əməliyyat
müvəkkili, polis kapitanı Vüsal Novruzovun
"Narkomaniya və cəmiyyət", Naxçıvan MR Ədliyyə
Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi,
kiçik ədliyyə müşaviri Ayaz Məhərrəmovun
"Narkomaniyaya qarşı mübarizə tədbirləri
haqqında", Naxçıvan MR Səhiyyə Nazirliyinin
Psixi xəstəliklər dispanserinin baş həkimi
Rəşadət Nabatovun "Narkomaniyanın tibbi
aspektdən törətdiyi fəsadlar və buna qarşı
aparılan mübarizə metodları" mövzusunda
məruzələri dinlənildi.
Konfrans maraqlı diskussiya şəraitində sona
çatdı.
Mehriban SULTAN |