Oktyabrın 12-də Bakı Slavyan Universitetində
Belarus Respublikasının ölkəmizdəki səfirliyi və
BSU-nun birgə təşkilatçılığı ilə Belarus dili
və mədəniyəti mərkəzində BSU və BDPU-nun
(Belarus Dövlət Pedaqoji Universiteti)
elmi-pedaqoji kollektivlərinin birgə
fəaliyyətinin nəticəsi olan "Dil-ədəbiyyat və
ictimai-siyasi elmlər" seriyalarının cəmləşdiyi
"Elmi əsərlər"in təqdimetmə mərasimi
keçirildi.
Mərasimi giriş sözü ilə açan Belarus
Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri N.Y.Patskeviç qeyd etdi
ki, Azərbaycanla Belarus arasında bütün sahələr
üzrə münasibətlər yüksək səviyyədə inkişaf
etmişdir: "Əminəm ki, humanitar sahədə də
genişlənən əlaqələrimiz dövlətlərimiz arasında
qarşılıqlı dostluq və qardaşlıq
münasibətlərinin möhkəmlənməsinə kömək
edəcəkdir".
BSU-nun rektolru, AMEA-nın müxbir üzvü,
professor Kamal Abdullayev iki ölkə arasında
dostluq əlaqələrinin möhkəmləndirilməsində
görülən işlərin vacibliyindən danışdı.
Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyasının, Azərbaycan - Belarus
Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Arif
Mehdiyev iki ali məktəbin yaradıcı kollektivini
"Elmi əsərlər"in nəşri münasibəti ilə təbrik
etdi və birgə görülən işin əhəmiyyətini
dəyərləndirdi.
Təqdimetmə mərasimi diskussiya şəraitində başa
çatdı.
Şakir CƏFƏROV |