| 
								
								Yaşı bilinməyən dünyanın insanı riqqətə gətirən 
								yazılmamış qanunları ilə yanaşı, sirli, ecazkar 
								gözəllikləri də vardır. Ağac barı, bəhrəsi, dağ 
								çayı şaqraq səsi, şəlalə füsunkar nəğməsi, 
								şır-şır axan bulaqlar pıçıltısı, güllər, 
								çiçəklər ətri, rayihəsi ilə sevildiyi kimi, 
								insan da İlahi tərəfindən ona bəxş edilmiş ömür 
								yolundakı əməlləri ilə seçilib sayılır. Taleyini 
								hər hansı bir peşəyə bağlayıb və bu peşənin 
								sirlərinə dərindən yiyələnib Vətəninə, xalqına 
								xeyir verənlər yaşayaraq arxada qoyduğu illərdən 
								özlərinə məxsus bir tarix yaradırlar. Yorulmaq 
								bilmədən çalışanlar xariqələr yaradıb şöhrətə 
								çatır və ictimaiyyət tərəfindən qəbul edilərək 
								sevilirlər. Belə insanlardan biri, ictimai 
								mühitimizə yaxşı tanınan, SSRİ və Azərbaycan 
								SSR-in Ali Sovetlərinin deputatı olmuş, "Xalqlar 
								dostluğu" ordenli, respublikanın əməkdar 
								müəllimi, uzun müddət Bakıdakı 132 nömrəli orta 
								məktəbə rəhbərlik etmiş, fəxri Prezident 
								təqaüdçüsü Aliyə Təhmasibin başqalarına örnək, 
								uğurlarla dolu maraqlı həyat yolundan söz açmaq 
								niyyətindəyik. 
								
								 Redaksiyadan 
								Aliyə xanım haqqında məqalə yazmaq tapşırığını 
								alanda bir an ötən illərin maraqlı anlarını 
								xatırladım. Uğurlu nailiyyətləri ilə 
								respublikada yaxşı tanınan Aliyə müəllimin 
								televiziya ekranından görüntülərini, bir sıra 
								mətbu orqanlarında haqqında dərc edilmiş oçerk 
								və publisist yazıları, yığıncaq və 
								mərasimlərdəki çıxışlarını yada saldım. Onunla 
								telefon əlaqəsi yaradıb haqqında qəzet üçün 
								material hazırlamaq istədiyimi bildirdim. 
								Əvvəlcə təvazökarlıq etsə də, sonra razılaşdı. 
								Gün ərzində vaxt tapan kimi qabaqcadan zəng edib 
								görüşəcəyimizi dedim. Razılaşdıq. Səsi həmişəki 
								kimi gümrah və şən idi. Tələssəm də, 
								redaksiyadakı işlərimi ancaq iş vaxtının sonuna 
								kimi qurtara bildim. Aliyə xanıma zəng edib 
								asudə olduğumu ona bildirdim. Müsahibə vermək 
								üçün məni evlərinə dəvət etdi. Dəftər, qələmimi 
								götürüb redaksiyadan çıxdım. İçərişəhər 
								metrosuna tərəf yollandım. İki-üç gün idi ki, 
								Bakının əsən şıltaq şimal küləkləri bu gün ara 
								vermişdi. Doyunca yağıb kəsən yağışlardan sonra 
								hər tərəfdə bir təmizlik duyulurdu. Hava sakit 
								və mülayim idi. Xəfif əsən meh ovqat oxşayırdı. 
								
								Redaksiyada işlədiyim müddətdə orta məktəblərə 
								təsadüfi hallarda getdiyim üçün Aliyə müəllimin 
								rəhbərlik etdiyi 132 nömrəli təhsil ocağına 
								yolum düşməmişdi. Elə buna görə də onunla 
								müxtəlif tədbirlərdə bir yerdə olsaq da, şəxsi 
								tanışlığımız yox idi. Adətən kimdənsə müsahibə 
								almaq üçün yanına gedəndə ona verəcəyimiz 
								sualları düşünüb-daşınır, sanballı sözlərdən 
								yükümüzü tuturuq.  Aliyə xanımın telefondakı 
								sadə, səmimi və mehriban danışığından sonra bu 
								amillərə ehtiyac görməmişdim. Söhbət əsnasında 
								ondan istədiyim suallara cavab alacağımı yəqin 
								bilirdim. Belə də oldu, köhnə tanışı kimi məni 
								mehribanlıqla qarşılayıb evə dəvət etdi. İllər 
								keçməsinə baxmayaraq, Aliyə xanım elə də 
								dəyişməmişdi. Gümrah görkəmi, xanım-xatın şux 
								yerişi, şaqraq gülüşü, məlahətli səsi 
								yerli-yerində idi. Təkcə sifətində insan 
								çöhrəsini nura qərq edən cizgilər görünürdü. Bu 
								isə ömrünün müdrik çağında yaşadığından xəbər 
								verirdi. 
								
								Görüşümüz mehriban, söhbətimiz şirin 
								alındığından stol arxasında üz-üzə oturub çay 
								içə-içə ona verdiyim suallara rəğmən bu gün 
								nağıla dönmüş keçən günlərini xatırlayır, 
								ömründən ötən illərin tarixə dönmüş həyat 
								kitabının səhifələrini vərəqləyir, olub 
								keçənləri xəyal süzgəcindən keçirirdi. Bəzən 
								sifətində qara kölgələr görünür və bəzən də 
								çöhrəsində sevinc, dodaqlarında təbəssüm 
								sezilirdi. Bu isə keçdiyi ömür yolunun şirinli, 
								acılı anlarının vəhdətindən yaranırdı. 
								Beləliklə, Aliyə müəllimin iki saat ərzində 
								vərəqlədiyi həyat salnaməsinin bəzi məqamlarını 
								oxuculara təqdim edirik. 
								
								 Təhmasib 
								Aliyə Mehdi qızı 1947-ci il martın 13-də Bakı 
								şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 
								1954-cü ildə hazırda H.Cavidin adını daşıyan 132 
								nömrəli məktəbin I sinfinə gedib və 1965-ci ildə 
								həmin təhsil ocağını "əla" qiymətlərlə bitirib. 
								
								1966-1973-cü illərdə Azərbaycan Dövlət 
								Universitetinin filologiya fakültəsinin qiyabi 
								şöbəsində təhsil alıb. 1967-ci ildə 132 nömrəli 
								məktəbdə əmək fəaliyyətinə qədəm qoyan Aliyə 
								xanım burada kitabxanaçı, pioner baş dəstə 
								rəhbəri işləyib və 1970-ci ildən həmin təhsil 
								ocağında bir müəllim kimi Azərbaycan dili və 
								ədəbiyyat fənnini tədris etməyə başlayıb. Yaxşı 
								işinə, qabaqcıl pedaqoji fəaliyyətinə görə 
								1985-ci ildə bu tədris müəssisəsinə direktor 
								təyin edilib. Aliyə Təhmasib 1985, 1989-cu 
								illərdə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin 
								deputatı kimi respublikanın ictimai həyatında 
								mühüm rol oynayıb, təhsilin inkişafı üçün  
								xüsusi xidmətlər göstərib. 
								
								1989 və 1990-cı illərin məlum hadisələri ilə 
								əlaqədar respublika Qadınlar Şurasının sədr 
								müavini kimi Moskvada SSRİ Qadınlar Cəmiyyətinin 
								geniş yığıncağında erməni qəsbkarlarının 
								ölkəmizdə törətdikləri vəhşiliklər barədə məruzə 
								edib, Ali Sovetin sessiyalarında cəsarətlə öz 
								mövqeyini bildirib. 1992-ci ildə Türkiyənin 
								Ankara şəhərində keçirilən təhsil işçilərinin 
								həmkarlar təşkilatının qurultayında Xocalı 
								faciəsini törədən erməni vəhşiliklərini müxtəlif 
								ölkələrdən gəlmiş nümayəndələrin diqqətinə 
								çatdırıb, fotoşəkillər, sənədlər nümayiş 
								etdirib. 
								
								1995-ci ildə İzmirdə keçirilən türk xalqlarının 
								Dostluq, Qardaşlıq qurultayının nümayəndəsi 
								olub. O, həmçinin Azərbaycan müəllimlərinin və 
								Azərbaycan qadınlarının qurultaylarına nümayəndə 
								seçilib. 
								
								 Uzun 
								illər 132 nömrəli məktəbə ləyaqətlə rəhbərlik 
								edən Aliyə Təhmasib yüksək dövlət mükafatları 
								ilə yanaşı, bir sıra diplom və fəxri fərmanlara 
								da layiq görülüb. 
								
								2007-ci ilin mart ayında Aliyə müəllim 
								təhsilimizin inkişafındakı böyük xidmətlərinə 
								görə və ömrünün 60, əmək fəaliyyətinin 40 ili 
								tamam olması münasibətilə Prezidentin fəxri 
								təqaüdünə layiq görülüb. 
								
								Aliyə Təhmasib Respublika Təhsil Şurasının 
								üzvüdür. Səbail rayonu YAP Qadınlar Məclisinin 
								fəal üzvü kimi ictimai iş aparır. 
								
								
								"Ömrümün bir günü"  
								
								- Həyatım və nailiyyətlərim Bakıdakı 132 nömrəli 
								məktəblə bağlıdır. Orta təhsilimi həmin məktəbdə 
								başa vurmuşam. Həyatın ağır anları mənim də 
								taleyimdən yan keçməyib. Mən VII sinifdə 
								oxuyanda Yeni il axşamı atam dünyasını dəyişdi. 
								VIII sinfi bitirəndə isə anam həyatdan köçdü. O 
								zaman İçərişəhərin, Böyük Qala küçəsi, 22 
								ünvanında, əmilərim və onların övladları ilə 
								birlikdə eyni həyətdə, baba mülkündə yaşayırdıq. 
								Əmilərim və övladları mənə dayaq oldular, məni 
								bir an tək buraxmadılar. Onlarla birlikdə yeyib, 
								içir, yatanda isə anamın otağına çəkilirdim. 
								Məndən böyük iki bacım ailəli idilər. Onlar məni 
								yanlarına aparmaq istəsələr də, Musa əmim buna 
								razı olmadı. Mən özüm də anamın nəfəsi duyulan 
								evimizdən uzaq düşmək istəmirdim. Musa əmim 
								mənim bütün pal-paltarımı alır, yemək-içməklə 
								təmin edirdi. Atamın ölümündan sonra mənə 
								verilən cüzi təqaüdü ancaq özüm üçün lazım olan 
								şeylərə sərf edirdim. 
								
								1965-ci ildə XI sinifdə oxuyarkən sevimli 
								Bilqeyis müəllimin bizə yazdırdığı "Ömrümün bir 
								günü" adlı inşa yazıda anamın həyatının son 
								gününü və həmin gün keçirdiyim hisslərimi qələmə 
								almışdım. Növbəti gün Bilqeyis müəllim yazıları 
								təhlil edərkən gözləri doldu və mənə  - Heç bir 
								səhvi olmayan bu yazına "5" yaza bilmirəm. Çünki 
								"beş" sevinc rəmzidir, bu yazı isə başdan-ayağa 
								kədərdir, - demişdi. 
								
								Anamın kələğayısını əziz bir xatirə kimi bu gün 
								də qoruyub saxlayıram. Hərdən onu sifətimə 
								yaxınlaşdırıb anamın ətrini, qoxusunu ondan 
								alıram.  
								
								
								"Məktəbdə ad günümü qeyd ediblər"  
								
								 - 
								1965-ci il martın 13-də səhər tezdən məktəbin 
								direktoru dərsdən sonra idman zalına enməyimi 
								tapşırdı. Heç nə başa düşməmişdim. Mən zala 
								daxil olanda müəllimlərim və sinif yoldaşlarım 
								bəzədilmiş stol arxasında oturmuşdular. Beləcə, 
								mənim 18 yaşımı qeyd etdilər. Onda mənə hədiyyə 
								etdikləri ağ parçadan əmim mənim üçün yaraşıqlı 
								bir don tikdirmişdi. Həmin il orta məktəbi "əla" 
								qiymətlərlə başa vurdum. 1966-cı ildə ADU-nun 
								filologiya fakültəsinin qiyabi şöbəsinə yenə 
								"əla" qiymətlərlə daxil oldum. Bunu nəzərə alan 
								rektorluq məni əyani şöbədə oxumağa dəvət etsə 
								də, razı olmadım. 18 yaşım tamam olduğu üçün 
								mənə verilən təqaüd artıq kəsilmişdi. Kiməsə yük 
								olmamaq üçün işləməli idim. Anam qədər sevdiyim 
								Bilqeyis müəllimimin köməkliyi ilə bitirdiyim 
								132 nömrəli məktəbdə katibəliyə işə düzəldim. 
								Katibə işlədiyim zaman Bilqeyis müəllimim məni 
								oğlu Çingizə almaq istədiyini başqa adam 
								vasitəsi ilə mənə çatdırıb və düşünərək cavab 
								verməyimi xahiş etmişdi. Bilqeyis müəllimə olan 
								sonsuz məhəbbətim oğlu Çingizi görmədən, 
								tanımadan məni razılıq verməyə, "hə" deməyə sövq 
								etdi. 
								
								Ancaq ürəyimin dərinliyində Bilqeyis müəllimlə 
								həyat yoldaşı Məmməd Hüseyn Təhmasibin tərbiyə 
								etdikləri Çingizin yüksək intellektli bir gənc 
								olacağına əminlik vardı. 1968-ci ildə onunla 
								ailə qurduq. 1969-cu ildə ilk oğlum Nihad, 
								1972-ci ildə isə ikinci oğlum Nahid anadan 
								oldular. Zənnimdə yanılmamışdım, həyat yoldaşım 
								Çingiz yaşadığımız illər ərzində bir dəfə də 
								olsun mənə ağır söz deməmiş, səsini belə 
								qaldırmamışdı. Təəssüflər olsun ki, 1997-ci ildə 
								53 yaşında dünyasını dəyişib əbədiyyətə qovuşan 
								Çingiz məni tək qoydu. Kiçik oğlum Nahid də 32 
								yaşında həyatdan getdi. Onun haqqında danışmaq 
								mənim üçün çox ağırdır.  
								
								
								"Evimizdə ədəbi-bədii gecələr, poeziya axşamları 
								təşkil edilərdi"  
								
								- Bilqeyis müəllimim də, İçərişəhərdə, bizdən 
								bir az aralıda yaşayırdı. Mən onlara gəlin 
								köçdükdən sonra qayınatam Məmməd Hüseyn 
								Təhmasibin böyük qardaşı Rza Təhmasibin 
								günaşırı, bəzən hər gün onlara gəldiyinin şahidi 
								oldum. Tez-tez Rza Təhmasib və dostları Əli 
								Sultanlı, Əziz Mirəhmədov, Mirzəağa Quluzadə, 
								Abbas Zamanov, Bəxtiyar Vahabzadə və başqaları 
								bizə toplaşar, evimizdə ədəbi məclis yaradaraq 
								gecə yarıya qədər şeir deyər, dünya 
								klassiklərinin əsərlərini müzakirə edər, dram 
								tamaşalarından monoloqlar oxuyardılar. 
								
								Bir dəfə H.Cavidin "İblis" dramı aramızda 
								bölünərək növbə ilə bütünlüklə oxundu. Həmin 
								əsərdəki rollardan birini də mən oxuyurdum. Elə 
								bunun nəticəsidir ki, hələ o vaxtdan məndə 
								ədəbiyyata güclü maraq oyanıb. Əlimə keçən bütün 
								maraqlı bədii əsərləri həvəslə oxumuş, bu gün də 
								oxuyuram. 
								
								Yeri gəlmişkən qeyd etməliyəm ki, bir sıra 
								müxtəlif səpgili əsərlərlə yanaşı, "Onu 
								bağışlamaq olarmı" və "Bir qalanın sirri" 
								filmlərinin də ssenarilərini qayınatam Məmməd 
								Hüseyn Təhmasib yazmışdır. Bu gün də həmin 
								filmlərə maraqla baxılır.  
								
								
								"Necəsən, müəllim?!"  
								
								- Ümummilli liderimiz Heydər Əliyevin 
								hakimiyyətə gəldiyi 1969-cu ildə mən də müəllim 
								kimi ilk əmək fəaliyyətinə başlamışam. Elə bir 
								dahinin rəhbərliyi altında işlədiyim və onun 
								məktəbində püxtələşdiyim üçün özümü xoşbəxt 
								sanıram. 
								
								İşimdə əldə etdiyim nailiyyətlərə görə 1979-cu 
								ildə məni X çağırış SSRİ Ali Sovetinə 
								deputatlığa namizəd göstərmişdilər. Bu 
								münasibətlə Heydər Əliyev görüşmək üçün məni 
								Mərkəzi Komitəyə, öz kabinetinə dəvət etmişdi. 
								40 dəqiqə ərzində onunla söhbət zamanı 
								ovsunlanmış kimi ancaq onun gözlərinə baxırdım. 
								Baxışlarımı heç cürə gözlərindən ayıra 
								bilmirdim. O, məndən hansı siniflərə dərs 
								dediyimi soruşdu. XI sinifdə tədris etdiyimi 
								bilincə həmin sinifdə keçilən proqram üzrə 
								ədəbiyyatdan mənə suallar verdi. Sovet 
								ədəbiyyatından şair və yazıçıların adlarını 
								söylədim. Yarıda məni saxlayıb həmin proqramda 
								M.S.Ordubadinin də tədris olunduğunu bildirdi. 
								Adları sadaladığım zaman xronologiyada səhvə yol 
								vermiş, M.S.Ordubadinin adını çəkməmişdim. Onun 
								belə möhkəm hafizəsinə məəttəl qaldım. Ailə 
								vəziyyətimlə xüsusi maraqlandı. Həyat məsələləri 
								haqqında fikirlərimi öyrəndi. Mənə tövsiyələrini 
								verdi. O, mənimlə rus dilində danışırdı. Sən 
								demə, dili necə bilməyimi öyrənmək, Moskvada bir 
								müəllim kimi Azərbaycanı necə təmsil edəcəyimi 
								dəqiqləşdirmək istəyirmiş. Ondan ayrılanda bu 
								fikrini Azərbaycan dilində açıqladı və mənə 
								uğurlar dilədi. 
								
								Tale elə gətirdi ki, bir müddət sonra Moskvada, 
								Kremlin Qurultaylar Sarayında şəxsən Zərifə 
								xanım Əliyeva və İlham Əliyevlə görüşdük. 
								Sonralar bu tanışlıq səmimi münasibətlərlə 
								əvəzləndi. Bir dəfə Zərifə xanım Əliyeva mənə - 
								Səni bizim ailədə çox istəyirlər - demişdir. 
								Beləliklə, sovet dönəmində dəfələrlə Heydər 
								Əliyevlə görüşlərimiz, söhbətlərimiz olub. 
								1979-cu ildə Respublika Həmkarlar İttifaqının 
								qurultayındakı çıxışımı bəyənən Heydər Əliyev 
								fasilədə mənə yaxınlaşıb əlimi sıxaraq - Sağ 
								olun, müəllimə, çox yaxşı çıxış etdiniz - 
								demişdi. 1981-ci ildə mənə "Əməkdar müəllim" 
								vəsiqəsini və döş nişanını şəxsən Heydər Əliyev 
								özü təqdim etmişdi. 
								
								1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə 
								qayıdışı münasibətilə keçirilən inaqurasiya 
								mərasimindən sonra "Gülüstan" sarayında verilən 
								ziyafətə mən də dəvət olunmuşdum. Ziyafətdən 
								sonra hər kəs ona yaxınlaşıb görüşürdü. Mən, 
								Turan xanım Cavidlə bir kənarda durmuşduq. 
								Birdən Heydər Əliyevin baxışları bizə sataşdı və 
								özünəməxsus bir təbəssümlə başının işarəsi ilə 
								bizi yanına çağırdı. Onunla son görüşümüz 
								1982-ci ildə Moskvada, Kremlin Qurultaylar 
								Sarayında olmuşdu. O vaxtdan 11 il keçməsinə 
								baxmayaraq, o məni uzaqdan tanımışdı. Biz ona 
								yaxınlaşdıq, həmişəki kimi yenə də əlimi tutub - 
								"Necəsən, müəllimə?" - deyə soruşdu. Yenə onun 
								baxışlarında mənə qarşı olan sonsuz mehriban 
								münasibəti gördüm. O, bizim vəziyyətimizlə 
								maraqlandı, doğmaları kimi hal-əhval tutdu. 
								Sonrakı illərdə də, hər dəfə yığıncaqlarda, 
								qurultaylarda görüşəndə - "Necəsən, müəllimə" - 
								sualını verib əhvalımı soruşardı.  
								
								
								"132 nömrəli məktəb mənim həm də evimdir"  
								
								- Orta təhsilimi 132 nömrəli məktəbdə almışam və 
								həyatım boyu bu təhsil ocağında işləmişəm. Orta 
								məktəb illərində bu təhsil ocağında mənə 
								müəllimlik və analıq edən Bilqeyis müəllimim 
								sonralar qayınanam olub və ömrünün sonuna kimi 
								məni doğma qızı kimi sevərək əzizləyib. Tale elə 
								gətirib ki, həyat yoldaşım və hər iki oğlum bu 
								tədris müəssisəsinin şagirdi olublar. Hazırda 
								nəvəm Mehdi də bu məktəbin X sinfində oxuyur. 
								Dərs əlaçısıdır. Məni ana kimi qəbul edən, 
								hörmətimi saxlayan gəlinim Leyla da bu təhsil 
								ocağının müəllimidir. Sevinirəm ki, savadı və 
								pedaqoji qabiliyyəti ilə başqalarından fərqlənən 
								Leyla 2008-ci ildə keçirilmiş "Ən yaxşı müəllim" 
								müsabiqəsinin qalibi olmuş, məktəbin adını 
								şərəflə qorumuşdur. Taleyimdən ona görə razıyam 
								ki, qarşıma yaxşı gəlin çıxıb. Bizim qarşılıqlı 
								mehribançılığımıza heç doğma ana-bala münasibəti 
								də çata bilməz.  
								
								
								"Bəzi müəllimlərimiz işlərini daha yaxşı 
								qurmalıdırlar" 
								
								  
								
								- Respublikamızda müstəqillik əldə edildikdən 
								sonra aparılan islahatlar nəticəsində demək olar 
								ki, bu gün təhsilimiz dinamik inkişaf 
								yolundadır. Ümummilli liderimizin layiqli 
								davamçısı Prezident İlham Əliyevin apardığı 
								balanslı daxili və xarici siyasəti nəticəsində 
								ölkəmiz özünün böyük inkişaf dövrünü yaşayır. 
								Avropa standartlarına tam cavab verən yeni 
								məktəb binalarının tikilməsi və müasir 
								avadanlıqla təmin edilməsi, müəllimlərin 
								əməkhaqlarının ilbəil artırılması, hər il 
								keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən 
								yaxşı müəllim" müsabiqələrində qalib gələnlərin 
								birdəfəlik pul mükafatları ilə 
								mükafatlandırılması buna bariz nümunədir. 
								
								Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun 
								və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili 
								Mehriban xanım Əliyevanın bugünkü gəncliyə, 
								təhsilə, ədəbiyyata, mədəniyyətə və incəsənətə 
								göstərdiyi qayğı göz qabağındadır. 
								
								Bütün bunlardan müəllimlərimiz ruhlanmalı və 
								daha yaxşı işləməlidirlər. Təəssüflə deməliyəm 
								ki, yaxşı müəllimlərimizlə yanaşı, işinin 
								öhdəsindən layiqincə gələ bilməyən 
								müəllimlərimiz də vardır. Üzərində işləməyən, 
								günün tələbinə cavab verə bilməyən 
								müəllimlərimizi zaman öz süzgəcindən keçirəcək, 
								onları təhsil sistemindən uzaqlaşdıracaq. Buna 
								görə də onlar işini günün tələbi səviyyəsində 
								qurmağa çalışmalıdırlar.  
								
								
								"Yaşayaraq yola saldığım illərdən razıyam"  
								
								- Bir müəllim kimi məzunlarımla fəxr edirəm. 
								Onlardan hazırda respublikanın və bir sıra dünya 
								ölkələrinin elm və istehsalat sahələrində 
								müvəffəqiyyətlə çalışanları vardır. Belə 
								məzunlarımdan millət vəkilləri Gültəkin 
								Hacıyevanı, Jalə Əliyevanı və başqalarını misal 
								göstərə bilərəm. 
								
								Dünya şöhrətli yazıçı Çingiz Aytmatov 
								əsərlərinin birində müəllimi yol qırağında 
								dayanıb qatarları müxtəlif ölkələrə 
								istiqamətləndirən bələdçiyə bənzədib. Düzgün 
								bənzətmədir. 
								
								Yaşayaraq yola saldığım illərdən narazı deyiləm. 
								Ötən illərim çox maraqlı keçib. SSRİ Ali 
								Sovetinin deputatı olanda Xarici İşlər 
								Komissiyasının üzvü idim. Buna görə də bir sıra 
								Avropa dövlətlərində, hətta Afrika ölkələrində 
								rəsmi səfərlərdə olmuşam. Ancaq həyatda ən çox 
								sevindiyim gün 1995-ci il martın 8-də nəvəm 
								Mehdinin dünyaya gəldiyi gün olub. Hətta ona 
								belə bir şeir də qoşmuşam: 
								
								And yerim, gümanım, əhdim mənim, 
								
								Gözümün işığı Mehdim mənim. 
								
								Mən, Mehdiyə böyük ümid bəsləyir, gələcəyimi 
								onda görürəm. 
								
								Həyat həmişə istədiyin kimi getmir. Ömür yolunun 
								daşı, kəsəyi, kolu, kolağanı var. Hərdən dara 
								düşüb darıxırsan. Belə anlarımda ulu öndər 
								Heydər Əliyevin - Necəsən, müəllimə - 
								kəlmələrini xatırlayıb özümə gəlirəm və 
								mübarizliyim, həyat eşqim birə beş artır. Bəzən 
								ömürdən ötən illərin unudulmaz xatirələri yadıma 
								düşəndə sakit bir guşəyə çəkilir, yaşanaraq 
								tarixə dönmüş şirinli, ağrı-acılı, vüsallı 
								günlərimi xəyalən yenidən yaşayıram. 
								
								
								Qələmə aldı:Nizami MİRZƏ
 |