Oktyabrın 12-13-də Bakı Dövlət Universitetində
MDB ölkələri humanitar universitetləri
rektorlarının və humanitar fakültə dekanlarının
Forumu keçirildi.
Forum
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Rusiya Federasiyası Müstəqil Dövlətlər Birliyi
İşləri, Xaricdə Yaşayan Həmvətənlər və
Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal
Agentliyi, Rusiya-Azərbaycan Dostluq Cəmiyyəti
və Rusiya Dövlət Humanitar Universiteti
tərəfindən təşkil olunmuşdu. Forum başlamazdan
bir gün öncə qonaqların paytaxtın 8
universitetində olmaları təmin edilmiş, onlar
ölkəmizdə təhsil sahəsində həyata keçirilən
tədbirlər barədə məlumatlandırılmışlar.
Forumun birinci iş günü Əlaqələndirmə Şurasının
iclası oldu. Forum iştirakçıları əvvəlcə BDU-da
Heydər Əliyev muzeyi ilə tanış oldular,
universitetin fəxri doktorlarının, AMEA-nın
üzvlərinin fotoları əks olunmuş stendə baxdılar.
Bakı Slavyan Universitetinin rektoru, professor
Kamal Abdullayev Forumu açaraq iştirakçıları
salamladı. Bildirdi ki, ilk dəfə təşkil edilən
beynəlxalq tədbirdə MDB üzvü olan 8 ölkənin
20-dən artıq ali məktəbindən 30 nümayəndə
iştirak edir.
Forumun işinə uğurlar arzulayan K.Abdullayev
ümid etdiyini bildirdi ki, bugünkü görüş gələcək
qarşılıqlı münasibətlər üçün tramplin olacaq. Bu
isə həm bizim universitetlər, həm də ölkələr,
xalqlar və gənclər üçün çox vacibdir.
Rektor Forumun iş qaydası, Forum çərçivəsində
keçiriləcək görüşlər, mədəni-kütləvi tədbirlər
barədə də iştirakçılara qısa məlumat verdi.
Sonra
söz Forumun əsas təşkilatçılarından biri olan
Rusiya Dövlət Humanitar Universitetinin rektoru,
Rusiya Elmlər Akademiyasının müxbir üzvü,
Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri
Yefim İosifoviç Pivovara verildi.
İclas iştirakçılarını təşkilat komitəsi adından
salamlayan Y.İ.Pivovar Forumun ideyasının cari
ilin yanvarında Bakıda təşkil edilmiş humanitar
əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya
Forumunda meydana gəldiyini bildirdi. Qeyd etdi
ki, həmin vaxt tanınmış ziyalılardan, sənət
adamlarından ibarət Forum iştirakçılarını qəbul
edən Azərbaycan Prezidenti İlham Əliyev MDB
ölkələri arasında humanitar əməkdaşlığın inkişaf
etdirilməsinin vacibliyindən söz açmış,
ziyalıların bu işə öz töhfələrini verməsinin
zəruriliyini vurğulamışdır. Məhz bundan sonra
MDB üzvü olan ölkələrin humanitar
universitetləri rektorlarının Forumunun
keçirilməsi ilə bağlı təşkilati işlər
başlanmışdır.
Forumun təşkili ilə əlaqədar bir neçə dəfə
ölkədə olduğu və təşkilat komitəsinin Azərbaycan
tərəfindən olan üzvləri ilə əlaqə saxladığını
deyən Y.Pivovar Azərbaycan Respublikasının
Təhsil Nazirliyi, şəxsən cənab nazir Misir
Mərdanovdan həmişə fəal dəstək aldığını söylədi.
Bütün bunlara, habelə I Foruma ev sahibliyi
etdiyinə görə Azərbaycan tərəfinə
minnətdarlığını bildirdi. Forumun əsas
təşəbbüsçüsü və təşkilatçısı, habelə beynəlxalq
tədbirin baş tutmasında öz köməyini əsirgəməmiş
digər təşkilatlara, xüsusən də Müstəqil
Dövlətlər Birliyinin İşləri, Xaricdə Yaşayan
Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq
üzrə Federal Agentliyinin rəhbərliyinə, ideyanı
ilk gündən dəstəkləyən və həyata keçməsində fəal
iştirak edən Bakı Slavyan Universitetinin
rektoruna təşəkkür etdi. Görülmüş təşkilati
işlər barədə məlumat verən Y.Pivovar ümidvar
olduğunu bildirdi ki, Forum yalnız humanitar
universitetlər deyil, eyni zamanda MDB xalqları
arasında da əməkdaşlığın və dostluq əlaqələrinin
inkişafına öz müsbət təsirini göstərəcəkdir.
İclasda
Forumun gündəliyi və reqlamenti, Forum
çərçivəsində keçirilməsi nəzərdə tutulan
mədəni-kütləvi tədbirlər iclas iştirakçılarının
təklifləri nəzərə alınmaqla müzakirə və qəbul
olundu. İclas iştirakçıları MDB ölkələri
humanitar universitetləri rektorlarının və
humanitar fakültə dekanlarının ilk toplantısının
Bakı Forumu adlandırılması barədə razılığa
gəldilər.
Əlaqələndirmə Şurasının iclasından sonra
qonaqlar Bakıdakı bir neçə ali məktəblə və
əsaslı təmir-bərpa işlərindən sonra bu
yaxınlarda istifadəyə verilmiş 132-134 nömrəli
təhsil kompleksi ilə tanış oldular. Təhsil
kompleksini gəzib buradakı bağçaya, sinif
otaqlarına, fənn kabinetlərinə, akt zalına,
yeməkxanaya baxan qonaqlar təhsil üçün
yaradılmış şəraiti yüksək qiymətləndirdilər.
Forumun ikinci iş günü Fəxri xiyabana və
Şəhidlər xiyabanına ziyarətlə başlandı.
Forum iştirakçıları əvvəlcə Fəxri xiyabana
gələrək Azərbaycan xalqının ümummilli lideri,
müasir müstəqil Azərbaycan dövlətinin qurucusu
və memarı Heydər Əliyevin xatirəsini ehtiramla
yad etdilər, məzarı önünə əklil qoydular.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım
Əliyevanın da xatirəsi anıldı, məzarı üzərinə
gül dəstələri düzüldü.
Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi
uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının
uyuduqları Şəhidlər xiyabanını ziyarət edən
Forum iştirakçıları məzarların üzərinə tər
çiçəklər qoydular.
Sonra
BDU-da Forumun plenar iclası öz işinə başladı.
İclası aparan Bakı Slavyan Universitetinin
rektoru, professor Kamal Abdullayev Forum
iştirakçılarını salamladıqdan sonra Azərbaycan
tərəfindən iştirak edən nümayəndələri təqdim
etdi. Yefim Pivovar isə öz növbəsində MDB
ölkələrinin ali məktəblərini təmsil edən
nümayəndələr haqqında qısa məlumat verdi.
Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanov Forumda geniş çıxış etdi.
Öncə Forum iştirakçılarını salamlayan nazir
beynəlxalq toplantının məhsuldar işləməsinə
şərait yaradılması üçün mümkün olan hər şeyin
ediləcəyini söylədi, Forumun ali humanitar
təhsilin aktual məsələlərinin müzakirə
olunmasına, bir-birimizi yaxşı tanımağa imkan
verəcəyinə inandığını bildirdi.
Sonra nazir Azərbaycanın təhsil sistemi, təhsil
sahəsində aparılan islahatlar haqqında qonaqlara
məlumat verdi. Qeyd etdi ki, Azərbaycan 1991-ci
ildə öz müstəqilliyini elan etdikdən sonra
ölkənin sosial-iqtisadi həyatında, dövlət-siyasi
quruluşunda köklü dəyişikliklər təhsildə
islahatları zəruri etmiş, lakin müstəqilliyin
ilk illərində keçid dövrünün çətinlikləri təhsil
islahatlarını ləngitmişdir. Həmin dövrdə
Azərbaycanın Ermənistanla hərbi münaqişəyə cəlb
olunması, ərazimizin iyirmi faizindən çoxunun
itirilməsi, respublikada bir milyondan çox
qaçqının və məcburi köçkünün əmələ gəlməsi
təhsil sisteminə güclü ziyan vurmuşdur. Təkcə
onu qeyd etmək kifayətdir ki, Ermənistan hərbi
birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan
ərazilərində minə qədər təhsil müəssisəsi
qalmışdır. Təxmini hesablamalar göstərir ki,
Ermənistan tərəfindən Azərbaycana hərbi təcavüz
nəticəsində ölkəmizə 60 milyard ABŞ dolları
məbləğində ziyan dəymişdir. Bütün bu amillər
ölkəmizdə iqtisadiyyatın, mədəniyyətin və
təhsilin inkişafına mənfi təsir göstərmişdir.
Yalnız ümummilli lider Heydər Əliyevin ölkə
rəhbərliyinə gəlişindən sonra Azərbaycan
iqtisadiyyatının dinamik inkişaf illəri
başlandı.
Nazir
diqqətə çatdırdı ki, Azərbaycan Prezidenti İlham
Əliyevin məqsədyönlü daxili və xarici siyasəti
sayəsində bu gün respublikamızın iqtisadiyyatı
intensiv inkişaf etməkdədir. Demək kifayətdir
ki, 2009-cu ilin yekunlarına görə Azərbaycan
dünyanın daha dinamik inkişaf edən dövlətləri
sırasına çıxmışdır. Belə ki, Dünya İqtisadi
Forumunun hesabatında Azərbaycan öz rəqabət
qabilliyinə görə MDB ölkələri arasında birinci
yeri tutur.
Müstəqillik illəri həm də təhsil sahəsində köklü
islahat illəri olmuşdur. Təhsil sisteminin
normativ-hüquqi bazası tamamilə dəyişmiş, onun
maddi-texniki bazası güclənmiş, təhsilin idarə
olunması sistemi təkmilləşdirilmiş, təhsilin
məzmununun yaxşılaşdırılması və keyfiyyətinin
yüksəldilməsi üzrə tədbirlər görülmüşdür.
Son illərin ən uğurlu nəticələrinin məktəb
binalarının tikilməsi ilə bağlı olduğunu deyən
nazir ölkədə iki mindən çox məktəbin tikildiyini
və əsaslı təmir olunduğunu, bu hadisənin milli
təhsilimizin müasir tarixində ən parlaq səhifə
olduğunu bildirdi.
Sonra təhsil naziri dərsliklərin keyfiyyətinin
yaxşılaşdırılması, təhsil sisteminin
informasiyalaşdırılması sahəsində görülmüş
işləri və əldə olunan uğurlu nəticələri Forum
iştirakçılarının diqqətinə çatdırdı. Ali təhsil
sistemində də ciddi dəyişikliyin baş verdiyini
deyən Misir Mərdanov 1992-ci ildən ali
məktəblərə qəbulun Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası tərəfindən həyata keçirildiyini,
ötən illər ərzində ali məktəblərin öz daxili
potensiallarını maksimum hərəkətə gətirməklə,
dövlətdə və cəmiyyətdə baş verən dəyişikliklərə
çevik və sürətlə uyğunlaşdığını, 1993-cü ildən
ikisəviyyəli mütəxəssis hazırlığına (bakalavr,
magistr) başlandığını, tədris prosesinə yeni
təhsil standartları və proqramlarının tətbiq
olunduğunu, pedaqoji kadr hazırlığında
əhəmiyyətli dəyişikliklər edildiyini bildirdi.
Qeyd etdi ki, 2007-ci ildən ali məktəblərdə
tədris prosesi kredit sistemi əsasında təşkil
olunur. "Təhsil haqqında" yeni qanuna uyğun
olaraq çoxsəviyyəli mütəxəssis (bakalavr,
magistr, doktor) hazırlığı tətbiq edilir.
Qloballaşma şəraitində şəxsiyyətə milli
özgürlüyünü saxlamaq, eyni zamanda dünya
standartlarına uyğun inteqrativ təfəkkür tərzinə
yiyələnmək kimi mühüm tələblər verildiyini deyən
təhsil naziri bu məqsədin əldə olunmasını hədəfə
almış hazırkı təhsil islahatlarının uğurla
reallaşdırılmasının digər ölkələrlə vahid
humanitar, mədəni-təhsil məkanının
formalaşdırılmasını nəzərdə tutduğunu
vurğuladı. Qeyd etdi ki, bununla əlaqədar son
illərdə postsovet məkanı ölkələri ilə humanitar
əməkdaşlığın rolu əhəmiyyətli dərəcədə artıb.
Bax buna görə də 2008-ci ildə Azərbaycan 7 MDB
ölkəsinin təşəbbüsü ilə yaradılmış və qarşısına
təhsil, elm, mədəniyyət, kütləvi kommunikasiya,
idman, turizm və gənclərlə iş sahələrində
çoxtərəfli əlaqələri inkişaf etdirmək məqsədi
qoymuş MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fonduna qoşulub.
Nazir bildirdi ki, hazırda Azərbaycanın ali
təhsil sisteminin Avropa təhsil məkanına
inteqrasiyası prosesi gedir və bu işdə humanitar
təhsil xüsusi rol oynayır. Humanitarlaşmanın
əsas məqsədi geniş dünyagörüşü, innovativ
təfəkkür formalaşdırmaq təşkil edir.
Məhz buna görə də nazir bildirdi ki, ölkələrin
hər birində bu gün sosial-humanitar təhsilin,
onun mütəxəssisin həyat və peşəkar
karyerasındakı rolu və cəmiyyətin əmək bazarının
tələblərinə uyğunluğu vəziyyətinin və
perspektivlərinin qiymətləndirilməsi zəruridir.
Nazir bütün bunların sosial-humanitar fənlərin
hazırkı tədrisi vəziyyətinin təhlili zərurəti
doğurduğunu, ali məktəblərdə sosial-humanitar
təhsilin vəziyyətinə diqqət yetirmək lazım
gəldiyini diqqətə çatdırdı və hazırda ali
təhsilin qarşısında duran bir sıra digər
problemlərdən, həlli vacib məsələlərdən söz
açdı. Əməkdaşlığın bu problemlərin həllinə böyük
kömək göstərə biləcəyini vurğuladı. Bildirdi ki,
bu gün biz ölkələrimiz arasında səmərəli
əməkdaşlığın yaradılmasına nail olmalıyıq. Bu
bizə gücümüzü birləşdirməyə və təhsilin, o
cümlədən humanitar təhsilin inkişafında müsbət
dəyişikliklərə nail olmağa kömək edər.
Daha sonra təhsil naziri bu istiqamətdə atılmış
addımları diqqətə çatdırdı və MDB humanitar
universitetləri rektorlarının və humanitar
fakültə dekanlarının Bakı Forumunun sahə üzrə
əlaqələrin inkişafı, mövcud problemlərin təhlili
və onların aradan qaldırılması yollarının
araşdırılması istiqamətində mühüm rolunu qeyd
edib beynəlxalq tədbirin işinə uğurlar arzuladı.
Rusiya Federasiyasının MDB işləri, Xaricdə
Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar
Əməkdaşlıq üzrə Federal Agentliyinin
Nümayəndəliyi rəhbərinin müşaviri, filologiya
elmləri doktoru, professor Ənvər Şeyxov çıxış
edərək Forum iştirakçılarını Agentliyin rəhbəri
Farit Muxametşinin adındın salamladı, onun
təbrik məktubunu oxudu.
Federal Agentliyin bu il 85 yaşını qeyd etdiyini
Forum iştirakçılarının diqqətinə çatdıran
Ə.Şeyxov qurumun həm MDB daxilində, həm də digər
ölkələrdə həyata keçirdiyi çoxsaylı layihələr
barədə məlumat verdi.
Rusiya Dövlət Humanitar Universitetinin rektoru,
Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri,
Rusiya Elmlər Akademiyasının müxbir üzvü Yefim
Pivovar rəhbərlik etdiyi təşkilat adından
Azərbaycan hökumətinə beynəlxalq tədbirin ilk
dəfə Bakıda keçirilməsinə göstərdiyi köməyə görə
minnətdarlığını çatdırdı. Y.Pivovar Rusiya
Rektorlar İttifaqının, Rusiya-Azərbaycan Dostluq
Cəmiyyətinin İdarə Heyətinin Foruma təbrik
məktubları ilə də iştirakçıları tanış etdi.
Sonra Yefim Pivovar "MDB dövlətlərində humanitar
təhsil: problemlər və inkişaf perspektivləri"
mövzusunda məruzə etdi. Məruzəçi MDB ölkələrinin
ali məktəblərində humanitar təhsilin inkişafı,
öz universitetlərində bu sahədə görülmüş işlər,
qarşıda duran vəzifələr barədə ətraflı məlumat
verdikdən sonra Forumun gələcək fəaliyyətində
həyata keçirilməsi nəzərdə tutulan bir sıra
məsələlərlə bağlı təkliflər irəli sürdü. Qeyd
etdi ki, Forum iştirakçılarının birgə
fəaliyyətinin perspektivləri və istiqamətləri
ilə bağlı monitorinqlərin təşkili, onun
nəticələri əsasında birgə tədris proqramları,
elmi layihələr, akademik və kitab mübadiləsi
proqramlarının açıqlığı və inkişafına
istiqamətlənmiş qarşılıqlı fəaliyyət proqramının
işlənib hazırlanması, Forum yanında fəaliyyətin
prioritet istiqamətləri üzrə daim fəal işləyən
aliməktəblərarası ekspert komissiyalarının
yaradılması yaxşı olardı. Y.Pivovar Forumun
İnternet-portalının işlənib hazırlanması və
açılmasını da məqsədəuyğun saydığını bildirdi.
Qeyd etdi ki, burada Forumun məqsədi, vəzifələri
və fəaliyyəti haqqında məlumat yerləşdirmək
olar. Bu, humanitar sahədə aliməktəblərarası
informasiya klasteri rolunu yerinə yetirər.
Məruzəçi hər il humanitar biliklərin əsas
istiqamətləri üzrə aliməktəblərarası illik elmi
mühazirələrin təşkilini də məqsədyönlü saydı.
Forumun illik elmi toplusunu təsis etməyi təklif
etdi.
Məruzə ilə bağlı "dəyirmi masa" ətrafında
aparılan müzakirələrdə Sankt-Peterburq Dövlət
Mühəndis-İqtisad Universitetinin rektoru,
iqtisad elmləri doktoru, professor Olqa
Vasilyevna Qonçaruk, Moskva Dövlət Linqvistik
Universitetinin alman dili fakültəsinin dekanı
Qalina Borisovna Voronina, Moskva Dövlət
Sosial-Humanitar Universitetinin rektoru Vaqif
Bayramov, Saratov Dövlət Sosial-İqtisad
Universiteti İnnovasiya siyasəti və beynəlxalq
əməkdaşlıq departamentinin direktoru İqor
Markoviç Umanski, A.S.Puşkin adına Brest Dövlət
Universitetinin nümayəndəsi Meçislav Edvardoviç
Çesnovski, Rostov-Dondakı Cənubi Rusiya
Universitetinin rektoru İmran Əkbərov və
başqaları çıxış edərək Forumun əhəmiyyətini
yüksək qiymətləndirdilər, müzakirə olunan məsələ
ilə bağlı təmsil etdikləri ali məktəblərdə
görülən işlərdən danışdılar. Qeyd olundu ki,
Forum yalnız humanitar universitetləri deyil,
eyni zamanda, MDB xalqları arasında əməkdaşlığın
və dostluq əlaqələrinin inkişafına müsbət
təsirini göstərəcəkdir. MDB ölkələrinin
humanitar sahə universitetlərinin əməkdaşlığının
möhkəmləndirilməsi məqsədilə Forumun daimi
fəaliyyət göstərməsi qərara alındı və bu
beynəlxalq tədbirin ardıcıl təşkili
Əlaqələndirmə Şurasına həvalə olundu.
***
Forum öz işini başa çatdırdıqdan sonra onun
yekunları ilə bağlı mətbuat konfransı keçirildi.
Mətbuat konfransında MDB ölkələrinin bir sıra
ali məktəblərinin rektorları da iştirak
edirdilər. Konfransda Bakı Slavyan
Universitetinin rektoru, professor Kamal
Abdullayev və Rusiya Dövlət Humanitar
Universitetinin rektoru, Rusiya-Azərbaycan
Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar Forum
və onun müzakirə etdiyi məsələlər barədə
jurnalistlərə ətraflı məlumat verdilər. Çıxış
edənlər Bakı Forumunun işini yüksək
qiymətləndirdilər. Bildirdilər ki, Forum
humanitar sahə üzrə əlaqələrin inkişafı, mövcud
problemlərin təhlili və onların aradan
qaldırılması yollarının araşdırılması
istiqamətində mühüm rol oynayacaqdır.
İştirakçılar jurnalistləri maraqlandıran bir
sıra suallara, o cümlədən tələbələr və
müəllimlərin mübadiləsi, diplomların qarşılıqlı
tanınması və s. ilə bağlı suallara ətraflı
cavablar verdilər.
Sonda Bakı Slavyan Universiteti ilə Rusiya
Dövlət Humanitar Universiteti arasında
qarşılıqlı əməkdaşlıq haqqında memorandum
imzalandı.
Bununla da Forum öz işini başa çatdırdı.
Yusif ƏLİYEV,
fotolar ABSƏMƏDİNDİR |