| 
								
								"Biz maddi dəyərlərimizi, iqtisadi 
								potensialımızı insan kapitalına çevirməliyik. 
								Çünki insanın savadı, biliyi onun gələcək 
								həyatını müəyyən edir, ölkənin hərtərəfli 
								inkişafına xidmət edir". Azərbaycan 
								Respublikasının Prezidenti İlham Əliyevin bu 
								sözləri bütün müəllimlər kimi məni də hər zaman 
								yüksək məsuliyyət daşımağa vadar edir. 
								
								 Bu 
								günün müəllimi öz işini yeni müstəvidə qurmalı, 
								şagirdlərlə, valideynlərlə, həmkarları ilə yeni 
								tərzdə qarşılıqlı fəaliyyətdə olmalıdır. 
								Dərsləri yeni üslubda təşkil etməlidir. Müasir 
								elm və texnikanın nailiyyətlərindən tam şəkildə 
								bəhrələnməyi bacarmalıdır. Kurikulum islahatı 
								bunu hər birimizdən tələb edir. 
								
								Kurikulumun tətbiqi ilə əlaqədar bir çox 
								müəllimlər kimi mən də ilk öncə vaxt 
								çatışmazlığı ilə qarşılaşdım. Lakin yeni 
								qiymətləndirmə konsepsiyasında əksini tapmış 
								diaqnostik qiymətləndirmənin aparılmasının 
								məqsədləri barədə düşündükdə anladım ki, bu, hər 
								bir şagirdə hər fənn üzrə fərdi yanaşma və hər 
								sinifdə yeni öyrənmə mühitinin yaradılmasına 
								imkan verir. Müəllimin ustalığı ondan ibarətdir 
								ki, təqdim olunan vəsaitlərin və təlimatların ən 
								optimal variantlarından dərs prosesində istifadə 
								etsin. 
								
								Bu gün dərs dediyim körpə balalar ilk müstəqil 
								addımlarını atarkən onlarda öyrəndiklərini 
								həyata keçirmək, həyati təcrübələrinə əsaslanıb 
								fikir söyləmək, geniş dünyagörüşü formalaşdırmaq 
								ən böyük amalımdır. 
								
								Təlim prosesində yalnız bilik əldə edilməsi, 
								bacarıq formalaşdırılması ilə məhdudlaşa 
								bilmərik. Düşünürəm ki, 6 yaşlı şagirdlərlə iş 
								zamanı emosiyalar, hisslərə toxunulması, 
								öyrənməyə maraq yaradılması xüsusilə vacibdir. 
								Bunun üçün bütün imkanlardan istifadə  etməyə 
								çalışıram. Hər bir dərsdə, sinifdənkənar 
								məşğələdə şagirdlərimdə maraq oyadaraq 
								yaradıcılığa cəlb etdikdə, onların ən kiçik 
								uğurlarını gördükdə özümü ən uca zirvələri fəth 
								etmiş bir insan sayıram. 
								
								Bu gün yaxşı müəllim olmaq nə deməkdir? Bu sual 
								məni hər zaman düşündürür. Məncə bu, gündəlik 
								hazırlıqlı, müasir təlim üsulları, yeni pedaqoji 
								mühiti, demokratik tədris üsullarını, İKT-ni 
								geniş tətbiq edən, qabaqcıl təcrübəni öyrənən və 
								ən yaxşı nümunələri seçə bilən, öz sənətinə 
								vurğun olan müəllimdir. 
								
								Bu gün artıq nəticəyönümlü təhsilin müsbət 
								tərəfləri özünü göstərir və hər birimiz bunu öz 
								təcrübəmizdə görürük. Hər birimiz təqdim olunmuş 
								vəsaitlərin (ikinci sinif) tətbiqinə tam 
								yaradıcılıqla yanaşmalıyıq. 
								
								Təhsilin keyfiyyəti müasir şəraitdə hər bir 
								şagirdin uğurlu, müstəqil həyat fəaliyyətinə 
								hazırlıq keyfiyyəti kimi başa düşülməlidir. Bu 
								gün biz şagirdlərin formalaşmasında "təməl 
								daşını qoyan" ibtidai sinif müəllimlərinin 
								peşəkar fəaliyyətlərində vacib olan 
								dəyişiklikləri nəzərə almalıyıq. 
								
								Bunlara pedaqoji məqsədlərin şagirdin 
								 
								
								özünürealizə oriyentasiyası və təhsil 
								nəticələrinin (kompetensiyaların) təyin 
								edilməsi; təhsilin məzmununa şagirdlərin 
								tapdıqları materialların daxil edilməsi; şagird 
								nailiyyətinin qiymətləndirilməsində dəyişiklik; 
								müəllimin pedaqoji fəaliyyətdə baş verəcək 
								dəyişikliklərə hazır olması daxildir. 
								
								Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, 
								müəllimlərdən ənənəvi metodlarla yanaşı, yeni 
								interaktiv üsullarla işləmək bacarığı da tələb 
								olunur.  
								
								
								Ayğun BAXIŞOVA,Bakıdakı İ.Hacıyev adına
 "Tərəqqi" texniki-humanitar
 liseyin ibtidai sinif müəllimi
 |