Ulu öndərimiz Heydər Əliyevin "Təhsil millətin
gələcəyidir" müdrik sözlərini həmişə bəyənmiş və
təqdir etmişəm. Bir millətin işıqlı istiqbala və
gələcəyə yiyələnə bilməsi üçün təhsilin önəmi
danılmaz və şübhəsizdir. Odur ki, hazırkı
iqtisadi inkişaf və dünyaya inteqrasiya
şəraitində ölkəmizdə inkişaf etməkdə olan elm və
təhsilin bizi hədəf seçdiyimiz parlaq və
mütərəqqi gələcəyə qüvuşmağımızı daha da
yaxınlaşdıracağını düşünür və buna inanıram.
Bunları söyləyərkən əsas gətirdiyim, istinad
etdiyim bir sıra amillər vardır, əlbəttə ki,
yeni məktəblərin tikilməsi, mövcud olanların
madditexniki bazasının yaxşılaşdırılması yolunda
atılan addımlar və s. Belə amillərdən biri də
tədris müəssisələrinin pulsuz dərsliklərlə
təminatıdır. Bildiyimiz kimi, uzun müddət
Azərbaycan məktəblərində yaşanan və tədrisin
keyfiyyətinə bilavasitə mənfi təsir göstərən
dərslik çatışmazlığı probleminin, artıq bir neçə
ildir ki, həll edilməsi təqdirəlayiq hal olmaqla
biz şagirdləri sevindirir. Zənnimcə, elm və
biliyə meyil edən, dəyər verən və keyfiyyətli
təhsil almaq istəyən hər bir şagird bundan
ruhlanmışdır. Şəxsən mən bir Azərbaycan
vətəndaşı və şagirdi olaraq qürurlanır və
sevinirəm.
Ancaq, əfsus ki, hərdən kitaba qarşı etinasız
münasibətlə qarşılaşarkən üzülməyə bilmirəm.
Birini bu və ya digər kitabı "vərəq" sanıb
yazarkən və ya hər hansı bir şəkildə
zədələyərkən görüncə, bunların bizim üçün,
təhsil ala bilməmiz üçün külli miqdarda vəsait
müqabilində ərsəyə gəldiyini düşünərək
təəssüflənir və belələrini hər vəchlə
əngəlləməyə və çəkindirməyə çalışıram.
Mənim düşüncəmə görə, yalnız kitaba qayğı ilə
yanaşan, ona dəyər verən və hörmət edən kəs uğur
və müvəffəqiyyətə nail ola bilər. Kitaba qarşı
xoş rəftar ona dəyər vermənin nişanəsidir,
kitabı dəyərləndirən və sevən şəxs isə elmi
dəyərləndirəndir. Odur ki, hər bir şagirdə
kitabları sevməyi və qorumağı tövsiyə edirəm.
Əks təqdirdə, gələcək nəsillərin dövlətimizin
bizlərə göstərdiyi qayğıdan tam yararlana
bilməsini əngəlləmiş olarıq. Ümumiyyətlə, bizim
rifahımız üçün yaradılan, bizə bilgi verəcək,
faydalana biləcəyimiz hər bir şeyə yüksək qiymət
verib onu sevməliyik. Var olanı dəyərləndirərək,
şübhəsiz, daha çox şey qazana bilərik. Və təbii
ki, bütün bu keyfiyyətləri və xüsusiyyətləri
bizlərə aşılamaq yolunda müəllimlərimiz də əsas
rola malikdirlər. Düşünürəm ki, yuxarıda qeyd
olunmuş arzuolunmaz və xoşagəlməz hallardan
qorunmaq üçün onların üzərinə maarifləndirmə
baxımından ciddi və önəmli iş düşür.
Biz isə işıqlı Azərbaycan gələcəyinin bizlərə
ehtiyacı olduğunu düşünsək, yaşadığımız dövrün
ən yüksək keyfiyyətlərindən yararlanaraq layiqli
vətəndaş ola bilmək yolunda daha da əzmlə
çalışmaqla, bunu özümüz üçün ümdə amala
çevirməklə xoşbəxt və firavan gələcəyə daha
yaxın ola bilərik.
Fəxri XANLARZADƏ,
Zərdab şəhəri 1 nömrəli H.Zərdabi
adına məktəb-liseyin XI sinif şagirdi
|