|
Ünvanə: |
Bakı şəhəri, Natiq Əliyey küçəsi, 50 |
|
|
Yaranma tarixi: |
2004-cü il |
Müəllimlərin sayı: |
97 nəfər |
Şagirdlərin sayı: |
1666 nəfər |
Direktoru: |
Fikrət Xəlilov, əməkdar müəllim |
Rəsmi saytı: |
www.heydaraliyev_litsey.rabita.az |
Haqqında
Heydər
Əliyev adına lisey respublikamızda öz ənənələri
və uğurları ilə tanınan ən qabaqcıl təhsil
ocaqlarından biridir. Ulu öndərimiz Heydər
Əliyev 4 iyun 2000-ci ildə Xətai rayonu
ərazisində "Azərneftyağ" Neft Emalı Zavodunun
fəhlə, qulluqçuları və mühəndis-texniki işçiləri
üçün 18 mərtəbəli yaşayış binalarının istifadəyə
verilməsində iştirak etmiş və bu ərazidə yeni
bir ümumtəhsil məktəbinin inşa edilməsini
tövsiyə etmişdir. Ulu öndərimizin tövsiyəsinə və
göstərişinə əsasən, neftçilərin yaşadığı
binalara yaxın ərazidə Natiq Əliyev küçəsi, 50
ünvanda 3 mərtəbəli 4 korpusdan ibarət yeni
məktəb binası inşa edilmişdir. Lisey Təhsil
Nazirliyinin 25 oktyabr 2004-cü il tarixli 803
nömrəli əmrinə əsasən orta ümumtəhsil məktəbi
kimi açılıb. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 19 oktyabr 2005-ci il tarixli qərarı
ilə liseyə ümummilli liderimiz Heydər Əliyevin
adı verilib. 2005-ci ildən 2007-ci ilədək
ARDNŞ-ın "Azərneftyağ" Neft Emalı Zavodunun
balansında olan lisey Nazirlər Kabinetinin 18
yanvar 2008-ci il tarixli 15 nömrəli sərəncamı
ilə Təhsil Nazirliyinin balansına verilib.
Liseyin binası "Azərneftyağ" Neft Emalı
Zavodunun maliyyə vəsaiti ilə inşa edilmiş və
müasir avadanlıqlarla təchiz olunmuşdur. Lisey
rəhbərliyi və kollektivinin cəmiyyətdəki müasir
durumla ayaqlaşma qabiliyyəti, inkişafda olan
tədris müəssisəsinin Azərbaycan ictimaiyyəti
arasında hörmət və reytinqinin artmasına gətirib
çıxarmışdır.
Liseyin əsas vəzifəsi istedadlı şagirdlərin
təbii imkanlarını aşkar edərək inkişaf etdirmək,
onlara elmin əsaslarını yüksək səviyyədə
öyrətmək, fiziki, əqli, intellektual
imkanlarını, maraq, meyil və idrak
qabiliyyətlərini nəzərə alaraq onların
şəxsiyyətini formalaşdırmaq, ümumi mədəniyyətə
malik, milli mənəviyyatlı şəxsiyyətin
yetişdirilməsinə xidmət etmək, müstəqil və
demokratik Azərbaycan Respublikasının inkişafı
naminə fədakarlıqla çalışan ləyaqətli vətəndaş
tərbiyə etməkdən ibarətdir.
Liseyin
pedaqoji kollektivi öz işində şagirdlərə
müstəqil düşünmək, müəyyən məsələlərə dair
sərbəst mühakimə yürütmək, nəticə çıxarmaq,
bacarıq və vərdişlərin formalaşdırılmasını əsas
tutur.
Liseydə şagirdlərin Azərbaycan Respublikasının
"Təhsil haqqında" Qanununda nəzərdə tutulmuş
demokratikləşdirmə, humanistləşdirmə,
inteqrasiya, diferensiallaşdırma, fərdiləşmə,
humanitarlaşdırma prinsiplərini əsas tutur.
Liseydə təhsil dünyəvi xarakter daşıyır, milli
zəminə, Azərbaycanın azadlıq və demokratiya
ənənələrinə, ümumbəşəri dəyərlərə əsaslanmaqla
şəxsiyyətin hərtərəfli formalaşmasına xidmət
edir, onun təlim-tərbiyə prosesinin
bərabərhüquqlu subyektinə çevrilməsini başlıca
vəzifə hesab edir.
Maddi-texniki bazası
Liseyin müasir standartlara cavab verən
maddi-texniki bazasında şagirdlərin mükəmməl
təhsil almaları üçün tam şərait yaradılmışdır.
Liseydə geniş və işıqlı 45 sinif otağı, bundan
başqa ən müasir avadanlıqlarla təchiz edilmiş
laboratoriyaları olan fizika, kimya və biologiya
kabinetləri, 2 kompüter zalı, linqafon kabineti,
bütün lazımi avadanlıqlarla təmin olunmuş bufet,
ən müasir işıqlandırma sistemi və proyektorla
təchiz olunmuş 150 oturacaq yeri olan akt zalı,
30 yerlik kiçik konfrans zalı vardır.
Liseydə ulu öndərimiz Heydər Əliyevin həyat və
fəaliyyətini əks etdirən fotoşəkillərdən və
kitablardan ibarət Heydər Əliyev guşəsi
yaradılmışdır ki, bu da şagirdlərə ümummilli
liderin siyasi kursunu öyrənməyə kömək edir.
Liseydə şagirdlərin sağlam böyüməsi üçün hər cür
şərait yaradılmışdır. Belə ki, lisey bütün
lazımi idman avadanlıqları ilə təchiz olunmuş,
örtülü gimnastika zalı və əl oyunları zalı, 250
oturacaq yeri olan süni örtüklü futbol
meydançası, voleybol və basketbol meydançaları
şagirdlərin ixtiyarına verilmişdir.
"2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində "Elektron məktəb" pilot
layihəsində iştirak edən 20 məktəb sırasında
Heydər Əliyev adına lisey də vardır. Bununla
əlaqədar olaraq liseyə yüksək optik ötürücülüyə
malik kabellə sürətli İnternet xətti çəkilmişdir
və 28 sinif otağı, 2 kompüter zalı, direktor və
müavinlərin otaqları, qəbul otağı və
mühasibatlıq İnternet xəttinə qoşulmuşdur.
"Elektron məktəb" sisteminin tam tətbiqi üçün
liseyin müəllimləri ilə xüsusi treninqlər
keçirilmişdir. Kabinet və laboratoriyaların
qarşısında həmin fənnə aid stendlər asılmışdır
ki, bu da şagirdlərin bu fənnə əlavə məlumatlar
almasına kömək edir.
Liseyin kitabxanasında 38463 kitab var ki,
bunlardan 35099-u dərsliklərdir. Bununla bərabər
liseydə geniş qiraət zalı da mövcuddur.
Liseydə tədris zamanı istifadə olunan 40 ədəd
kompüter, 27 ədəd noutbuk, 13 ədəd proyektor, 13
ədəd printer, 3 ədəd kseroks aparatı və 1 ədəd
skayner vardır.
Ölkə Prezidenti cənab İlham Əliyev Heydər Əliyev
adına liseydə
Ölkə Prezidenti cənab İlham Əliyev 2005-ci ildə
15 sentyabr "Bilik günü" və yeni dərs ilinin
başlanması ilə əlaqədar olaraq Heydər Əliyev
adına liseydə olmuşdur. Cənab Prezident liseyin
qarşısında yerləşən ümummilli lider Heydər
Əliyevin büstü qarşısına gül dəstələri qoymuş,
sonra isə müəllim kollektivi, şagirdlər və
valideynlərlə görüşmüş, onların qarşısında çıxış
etmişdir.
Prezident
İlham Əliyev belə möhtəşəm təhsil ocaqlarının
tikilib istifadəyə verilməsini, əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş
Azərbaycan təhsilinə göstərilən dövlət
qayğısının nəticəsi kimi qiymətləndirmişdir.
Ölkə Prezidenti liseyin fənn kabinetləri və
laboratoriyalarını gəzmiş, kompüter zalı və
linqafon kabineti ilə yaxından tanış olmuş və
lisey haqqında xoş fikirlər söyləmişdir.
Görüşün sonunda liseyin direktoru Fikrət Xəlilov
ölkə Prezidentinə təhsilə göstərdiyi diqqət və
qayğısına görə müəllim və şagird kollektivinin
adından dərin minnətdarlığını bildirmişdir. Ölkə
Prezidenti liseyin müəllim kollektivi ilə xatirə
şəkli çəkdirmişdir.
Qəbul qaydaları və tədrisin təşkili
"Təhsil haqqında" Qanuna uyğun olaraq, liseydə
təhsil üç pillədən ibarətdir:
İbtidai təhsil pilləsi- I-IV siniflər
Ümumi orta təhsil pilləsi- V-IX siniflər
Tam orta təhsil pilləsi- X-XI siniflər.
Liseyin I sinfinə şagird qəbulu müsahibə (şifahi
sorğu) yolu ilə, II-X siniflərə isə müsabiqə
(yazılı test sorğusu) əsasında aparılır. Bu
məqsədlə "Şagird qəbulu üzrə müsabiqə
komissiyası" yaradılır və bir tədris ili
müddətində fəaliyyət göstərir. Müsabiqə Təhsil
Nazirliyinin müəyyən etdiyi müddətdə keçirilir.
Liseyə
şagird qəbulu elanla bildirilir. Elanda qəbul
qaydaları şərh edilir.
Zərurət olduqda müsabiqə komissiyasının işinə
liseyin digər fənn müəllimləri cəlb edilə bilər.
Lisey istedadlı şagirdlərin hərtərəfli
inkişafını fəaliyyətinin əsası saydığından,
xüsusi istedadlı şagirdlər, müxtəlif fənn
olimpiadalarının və bilik yarışlarının qalibləri
tədris ili ərzində müsabiqə komissiyasının
rəyinə əsasən liseyə qəbul edilə bilər.
Müsabiqənin nəticələrinə əsasən liseyə qəbul
ediləcək şagirdlər "Şagird qəbulu üzrə müsabiqə
komissiyası"nın qərarı ilə müəyyən edilir və
lisey direktorunun əmri ilə rəsmiləşdirilir.
I sinfə cari dərs ilinin 1 noyabrınadək 6 yaşı
tamam olan uşaqlar qəbul edilirlər. Xüsusi
istedadlı 6 yaşı tamam olmayan uşaqlar müstəsna
hal kimi Təhsil Nazirliyinin razılığı ilə
müsabiqədə iştirak edə bilərlər.
Təhsilin hər üç pilləsində şagird şəxsiyyətinin
formalaşdırılması "Azərbaycan Respublikasının
ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi"nə
uyğun aparılır.
Liseyin I-VII siniflərində tədris prosesi ümumi
əsaslarla, VIII-XI siniflərdə isə təmayüllü
siniflərdə aparılır.
Şagirdlərin istedadının aşkara çıxarılması, onun
gələcək inkişafının düzgün
istiqamətləndirilməsinin təmin edilməsi məqsədi
ilə liseydə VIII siniflərdən başlayaraq
şagirdlərin maraq, meyil, qabiliyyətlərinə və
valideynlərin arzularına uyğun olaraq aşağıdakı
təmayüllü siniflər yaradılır:
1.
Riyaziyyat-iqtisadiyyat təmayüllü siniflər;
2. Riyaziyyat-təbiət təmayüllü siniflər;
3. Təbiət təmayüllü siniflər;
4. Humanitar təmayüllü siniflər.
Lisey ümumtəhsil məktəbləri üçün bazis tədris
planına uyğunlaşdırılmış, fərdi "Tədris planı"
əsasında fəaliyyət göstərir. Həmin tədris planı
liseyin təcrübəli və bu sahədə səriştəsi olan
yüksək elmi, metodiki və pedaqoji hazırlığa
malik fənn müəllimləri tərəfindən və fənn
metodbirləşməsi rəhbərlərinin iştirakı ilə
tərtib edilir, lisey Pedaqoji şurasında müzakirə
edilərək Təhsil Nazirliyində təsdiq olunur və
bir tədris ili üçün qüvvədə olur.
Ümumtəhsil məktəblərindən fərqli olaraq yuxarı
siniflərdə siniflərin təmayüllülüyünə uyğun
olaraq riyaziyyat təmayüllü siniflərdə "Riyazi
məntiqin əsasları", "Çoxluqlar nəzəriyyəsi",
təbiət təmayüllü siniflərdə "Biofizika",
"Analitik kimya", humanitar təmayüllü siniflərdə
"Nitq mədəniyyəti" fənləri tədris olunur.
Şagird Elmi Cəmiyyəti (ŞEC)
Liseydə
xüsusi istedada malik şagirdləri aşkara
çıxarmaq, onlarda sadə tədqiqatçılıq bacarıq və
vərdişləri formalaşdırmaqla istedadlarının
imkanlarını düzgün istiqamətləndirmək məqsədi
ilə Şagird Elmi Cəmiyyəti (ŞEC) fəaliyyət
göstərir. ŞEC-ə liseyin təmayül üzrə direktor
müavini Almaz Əzizova rəhbərlik edir. Fənn
metodbirləşmə rəhbərləri ŞEC-in münsiflər
heyətinin üzvləridirlər. Liseyin psixoloqu və
uşaq birliyi rəhbəri ŞEC-in işinin düzgün
təşkilində ona köməklik göstərir. Mövzular fənn
metodbirləşmə rəhbərləri tərəfindən seçilir və
ayrı-ayrı fənlər üzrə mövzuların siyahısı
oktyabr ayında elan guşəsindən asılır.
Şagirdlər, üzərində daha ətraflı işləmək
arzusunda olduqları mövzunu sərbəst seçir həmin
mövzunu daha geniş və əhatəli araşdırmaq üçün
fənn metodbirləşmə rəhbərlərindən məsləhət və
tövsiyələr aldıqdan sonra müxtəlif elmi
ədəbiyyatlardan və İnternet səhifələrindən
istifadə edərək, həmin mövzular üzərində xırda
tədqiqat işləri aparırlar. Fənn metodbirləşmə
rəhbərləri isə öz fənninə aid mövzuları işləmək
üçün şagirdlərə elmi rəhbər kimi müxtəlif elmi
və metodiki köməkliklər göstərirlər. Şagirdlər
ayrı-ayrı fənlər üzrə referatlar və məruzələr
hazırlayır və ŞEC-də münsiflər heyəti qarşısında
məruzələrlə çıxış edirlər.
Şagird Elmi Cəmiyyətinin yekun iclası may ayının
ilk ongünlüyündə keçirilir. Təcrübə göstərir ki,
şagirdlər bu işə çox böyük həvəslə yanaşır və bu
iş şagirdlərə gələcəkdə ilkin tədqiqatçılıq
bacarıq və vərdişlərinin formalaşmasında
köməklik göstərir.
Ən yaxşı referat və ən yaxşı məruzələr ŞEC
rəhbərinin təqdimatı ilə liseyin direktoru
tərəfindən fəxri fərmanla və qiymətli
hədiyyələrlə mükafatlandırılır. Bu isə
şagirdlərdə ŞEC-in xətti ilə daha məzmunlu və
yaradıcılıqla işlənmiş referatlar hazırlamaq
üçün bir stimul yaradır.
Nailiyyətlər
Aparılan islahatlar və yeniliklər sayəsində
liseyin nailiyyətləri durmadan artır. Bu gün
əminliklə deyə bilərik ki, lisey nəinki
respublikamızda, dünyanın bir çox inkişaf etmiş
ölkələrində yerləşən təhsil müəssisələrilə
ayaqlaşmağa və rəqabət aparmağa qadirdir.
Məktəb-lisey məzunlarını dünyanın tanınmış
mötəbər təhsil ocaqlarında təhsil almağa, öz
biliklərini artırmağa, Azərbaycanda aldıqları
təhsili xaricdə təkmilləşdirməyə çalışır. Lisey
rəhbərliyinin və pedaqoji kollektivin gərgin
əməyi nəticəsində lisey bir çox nailiyyətlər
əldə etmişdir. Yüksək idarəçilik bacarığı olan
və uzun müddət təhsil müəssisələrinə rəhbərlik
edən liseyin direktoru F.Xəlilovun təcrübəsi və
gərgin əməyi nəticəsində lisey az müddətdə böyük
uğurlar qazanmışdır. Belə ki, lisey 2008-ci ildə
ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına
əsasən keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi olmuşdur. Müəllimlərdən 6
nəfəri isə "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi olmuş və mükafatlandırılmışlar. Ölkə
Prezidenti cənab İlham Əliyevin sərəncamına
əsasən liseyin müəllimlərindən 5 nəfəri
"Azərbaycan Respublikasının əməkdar müəllimi"
fəxri adına layiq görülmüş, 1 nəfəri isə
"Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Liseyin şagirdləri beynəlxalq miqyasda keçirilən
olimpiadalarda da uğurlu nəticələr əldə
etmişlər. Belə ki, Əsmər Əzizova 2005-ci ildə
kimya fənni üzrə Tacikistanda keçirilən 39-cu
Beynəlxalq Mendeleyev olimpiadasının, Zakir
Tağızadə isə Bakı şəhərində keçirilən 44-cü
Beynəlxalq Mendeleyev olimpiadasının iştirakçısı
olmuş və həmin olimpiadaların xüsusi
sertifikatları ilə təltif olunmuşlar.
2-10 dekabr 2009-cu il tarixində Bakı şəhərində
təbiət fənləri (fizika, biologiya, kimya) üzrə
yeniyetmələrin (15 yaşınadək məktəblilərin) VI
Beynəlxalq Elm Olimpiadası keçirilmişdir. Bu
mötəbər bilik yarışında dünyanın 49 ölkəsindən
600-dən çox gənc iştirak etmişdir.
Respublikamızı bu yarışda təmsil edən 15 nəfər
şagirddən 3 nəfəri - liseyin IX sinif şagirdləri
Vəfa Əhmədova, Sevinc Əliyeva, Aynur Paşayeva
olimpiadanın xüsusi sertifikatları ilə təltif
olunmuşlar.
Azərbaycan Respublikası Prezidentinin müvafiq
Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada
malik olan uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət Proqramı"na
əsasən 2009-cu ildə Bakı şəhərində keçirilmiş
seçimin nəticəsinə görə liseyin 6 nəfər şagirdi
fərqlənmişdir.
Lisey respublikamızda artıq ənənə halı alan və
Bakı şəhərində keçirilən, Azərbaycan
Respublikası Təhsil Nazirliyi, ARDNŞ, Ekologiya
və Təbii Sərvətlər Nazirliyi, İTV, "Çağ" Öyrətim
İşlətmələti Şirkətinin birgə "Xoşbəxt bir dünya
naminə əl-ələ" şüarı altında təşkil etdiyi İNEPO
EUROASİYA Beynəlxalq Ətraf Mühitin Mühafizəsi
Layihə olimpiadasında iştirak edir. Həmin
olimpiadada dünyanın bir çox ölkələrindən
120-dən çox şagird iştirak etmişdir. Hər il
liseyin şagirdləri bu beynəlxalq olimpiadalarda
layihələr ilə iştirak etmiş və mükafata layiq
görülmüşlər.
Olimpiada keçirilən müddətdə liseyin şagirdləri
2 qızıl, 1 gümüş, 1 bürünc medallar qazanmışlar.
2005-ci ildən 2010-cu ilədək fənn
olimpiadalarının respublika turunda liseyin
şagirdlərindən 6 nəfər I yeri, 9 nəfər II
yeri, 12 nəfər III yeri və 3 nəfər IV yeri
tutmuşdur.
Liseyin şagirdləri idman sahəsində də
nailiyyətlər qazanmışlar. 2007-ci ildə Maştağa
olimpiya kompleksində Bakı məktəbləri arasında
keçirilən "Çempion" əyləncəli idman yarışında
liseyin 6 nəfərdən ibarət komandası 32 məktəb
arasında 1 yeri tutmuş və komanda üzvlərinin hər
biri təşkilat komitəsi tərəfindən
mükafatlandırılmışlar.
Liseyin şagirdi Çingiz Qasımov idmanın şahmat
növü üzrə keçirilən beynəlxalq yarışlarda yüksək
nəticə göstərərək 2007-ci ildə Türkiyə
Respublikasının Antalya şəhərində 8 yaşınadək
oğlanlar arasında şahmat üzrə dünya
çempionatının və 2008-ci ildə Yunanıstanda
keçirilən məktəblilərin şahmat üzrə Avropa
çempionatının mükafatçısı olaraq II yeri tutmuş,
gümüş medallar qazanmışdır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının
85 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycan
Heydər Əliyevin şah əsəridir" mövzusunda inşa
yazı müsabiqəsinin respublika mərhələsi 2008-ci
il aprelin 10-da liseydə keçirilmişdir və bu
müsabiqədə liseyin şagirdləri Aysev Cavadova,
növbəti illərdə isə Ayşən Yüzbaşıyeva III
yerləri tutmuşlar.
2010-cu ildə liseyin X sinif şagirdi Nərgiz
Əkbərli "Heydər Əliyev məktəblilərin gözü ilə"
mövzusunda keçirilən inşa yazı müsabiqəsində III
yeri tutmuş, Təhsil Nazirliyinin qiymətli
hədiyyələri və pul mükafatı ilə təltif
olunmuşdur.
Liseyin müəllimlərindən Hafiz Cabbarov XI
siniflər üçün tarix dərsliklərinin
müəlliflərindən biri, coğrafiya müəllimi,
coğrafiya elmləri namizədi Akif Hüseynli bir
neçə coğrafiya dərsliyinin rəyçisi və dərs
vəsaitlərinin müəlliflərindən biridir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali və
orta ixtisas məktəblərinə tələbə qəbulunun elmi
statistik təhlilinə görə liseyin məzunlarının
nəticələri yüksək qiymətləndirilmişdir.
TQDK-nın məzunların qəbul imtahanlarındakı
nəticələrinə dair statistik təhlilinə əsasən
liseyin məzunlarının nəticəsi fəaliyyət
göstərdiyi dövrdən indiyədək Təhsil Nazirliyinin
tabeliyində olan məktəb və liseylər arasında ən
yüksək nəticə göstərən məktəblər sırasında
olmuşdur.
2007-ci ildə ali və orta ixtisas məktəblərinə
tələbə qəbulu imtahanlarında son 15 ildə 700 bal
toplayaraq respublikada ilk dəfə ən yüksək
nəticə əldə etmiş 3 məzundan biri liseyin
yetirməsi Emin Abbasov olmuşdur. E.Abbasov I
ixtisas qrupu üzrə 700 bal toplayaraq BDU-nun
İnformatika fakültəsinə qəbul olmuşdur. O,
hazırda Cənubi Koreya Respublikasında təhsilini
davam etdirir.
Son iki ildə məzunlardan 23 nəfəri 650-dən
çox, 20 nəfəri isə 600-dən artıq bal
toplamışlar.
2009-2010-cu illərdə 22 nəfər şagird "Orta
təhsil haqqında fərqlənmə attestatı" almış və
həmin şagirdlərin 15 nəfəri 600-dən yuxarı və 7
nəfəri 550-600 arası bal toplayaraq hər biri
müxtəlif ali məktəblərə qəbul olmuşlar.
2006-2010-cu ilədək müddətdə liseyin
məzunlarından 9 nəfəri Prezident təqaüdünə layiq
görülmüşdür.
2010-cu ildə liseyi bitirən məzunlardan 8 nəfəri
orta təhsil haqqında fərqlənmə attestatı
almışdır. Məzunlardan 141 nəfər ali məktəblərə
qəbul olmaq üçün sənəd vermiş, 106 nəfəri ali
məktəblərə, 3 nəfəri isə orta ixtisas
məktəblərinə daxil olmuşdur. Məzunlardan 31
nəfər 500-600 bal arası, 20 nəfər 600-dən yuxarı
bal toplamışdır. Bunlardan 11 nəfər isə 650-dən
yuxarı bal toplamışdır.
Sonda liseyin rəhbərliyi və pedaqoji kollektivi
belə bir tədris müəssisəsində çalışmalarından
qürur duyduqlarını və gələcəkdə liseyin
uğurlarının artması üçün var gücləri ilə
çalışacaqlarını bildirdilər.
Liseyin uğurları
* Lisey 2008-ci ildə "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin qalibi olmuşdur.
* Liseyin 6 nəfər müəllimi "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibləridir.
* Liseyin 9 nəfər məzunu Prezident
təqaüdçüsüdür.
* Respublikamızda ilk dəfə 700 bal toplayan 3
nəfər abituriyentdən biri liseyin məzunu Emin
Abbasov olmuşdur.
* Liseyin müəllimlərindən 5 nəfəri "Əməkdar
müəllim" adına layiq görülmüş, 1 nəfəri isə
"Tərəqqi" medalı ilə təltif edilmişdir.
Niyazi RƏHİMOV |