Bu günlərdə Tbilisi şəhərində Gürcüstanın Elm
və Təhsil Nazirliyi tərəfindən "Milli kurikulum
və qiymətləndirmə fəaliyyəti - 2010" mövzusunda
beynəlxalq konfrans keçirilib.
Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkin
konfrans iştirakçılarını salamladı və konfransın
işinə uğurlar arzuladı. Gürcüstan Milli
Kurikulum və Qiymətləndirmə Mərkəzinin direktoru
Natiya Cokadze rəhbərlik etdiyi təşkilatın
strukturu və fəaliyyət istiqamətləri haqqında
ətraflı məlumat verdi. Bildirildi ki, Milli
Kurikulum və Qiymətləndirmə Mərkəzi Elm və
Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən
altı böyük mərkəzdən biridir. Mərkəzin fəaliyyət
dairəsinə kurikulumların hazırlanması, sınaqdan
keçirilməsi və tətbiqi, eləcə də ümumtəhsil
məktəblərində tədris-təlimin qiymətləndirilməsi
sisteminin yaradılması, tətbiqi, milli və digər
səviyyələrdə qiymətləndirmələrin həyata
keçirilməsi daxildir.
Natiya Cokadze "Milli kurikulumun hazırlanması,
sınaqdan keçirilməsi, tətbiqinin dəstəklənməsi
və fasiləsiz inkişaf" mövzusunda geniş hesabat
da təqdim etdi. O, orta ümumi təhsil pilləsində
tədris edilən fənlər, onlara ayrılmış saatlar,
ayrı-ayrı fənlərin tədrisinin keyfiyyətinin
yüksəldilməsi üçün görülmüş işlər haqqında
ətraflı məlumat verdi. N.Cokadze məktəbəqədər
tərbiyə və inklüziv təhsil üzrə aparılmış işlər
haqqında da danışdı, xarici ölkələrdə yaşayan və
təhsil alan, öz xalqının tarixi, mədəniyyəti
haqqında kifayət qədər məlumatı olmayan və öz
ana dilində sərbəst danışa bilməyən uşaqlar üçün
nəzərdə tutulmuş "Şənbə məktəbləri"nin
fəaliyyəti haqqında ətraflı məlumat verildi.
Dərsliklərin tərtibinə verilən yeni tələblər və
müəllim hazırlığı istiqamətində görülmüş işlər
də konfrans iştirakçılarının diqqətinə
çatdırıldı.
Sonra Milli Kurikulum və Qiymətləndirmə
Mərkəzinin direktor müavini Zea Paiçatdze
Gürcüstanda orta ümumi təhsil səviyyəsində
tədris edilən yeni fənlər haqqında məlumat
verdi. "Milli Kurikulum və Qiymətləndirmə
Mərkəzində layihələr və proqramlar" mövzusunda
məruzəsində natiq göstərdi ki, Orta Mülki
müdafiə və təhlükəsizlik, İnformasiya və
kommunikasiya texnologiyaları, Dünya mədəniyyəti
və Rəqs dərsi kimi fənlərin tədrisini uşaqların
hərtərəfli formalaşmasında əhəmiyyətli hesab
edirlər. Müqayisə üçün bildirək ki, İnformasiya
və kommunikasiya texnologiyaları fənni
Azərbaycanda da ümumtəhsil səviyyəsində birinci
sinifdən başlayaraq müstəqil fənn kimi tədris
edilir. Mülki müdafiə və təhlükəsizlik fənnində
əhatə edilən məsələlərin tədrisi isə
Azərbaycanda Həyat bilgisi fənn kurikulumunda
"Sağlamlıq və təhlükəsizlik" məzmun xəttində
nəzərdə tutulmuşdur. Bununla yanaşı təbiət
fənlərinin tədrisi imkanları daha da
genişləndirilmiş, fiziki tərbiyə fənni idman
fənni ilə əvəz edilmiş, ingilis dili fənni
birinci sinifdən başlayaraq tədris edilmişdir.
Dünya mədəniyyəti fənni üzrə tədrisi nəzərdə
tutulan məsələlər dünyada qloballaşma getdiyi
bir zamanda cəmiyyətin və öyrənənin
ehtiyaclarının təmin olunması baxımından çox
əhəmiyyətlidir.
Riyaziyyat, elm və texnologiyalar şöbəsinin
müdiri Yekaterina Slavinskaya "Riyaziyyat,
təbiət fənləri və İKT-nin məzmununda
dəyişikliklər", Humanitar və ictimai elmlər
şöbəsinin müdiri Tamar Cakeli "Çoxdilli təhsil"
mövzularında məruzə etdilər.
Konfransda milli qiymətləndirmə və onun həyata
keçirilməsi istiqamətində görülmüş işlər
müzakirə olundu.
Gürcüstan Milli Kurikulum və Qiymətləndirmə
Mərkəzinin direktoru Natiya Cokadze "Milli
qiymətləndirmə (məsələyə ümumi baxış)", Milli
qiymətləndirmənin keçirilməsi üzrə beynəlxalq
məsləhətçi, Niderlandın təhsilin
qiymətləndirilməsi üzrə CİTO Beynəlxalq
İnstitutunun rəhbəri Henk Moelands "Milli
qiymətləndirmə və kurikulum, Milli
qiymətləndirmə nümunə kimi", həmin institutun
əməkdaşı Frans Kleyntces isə "Gürcüstan Milli
Kurikulum və Qiymətləndirmə Mərkəzi və
Niderlandın CİTO qrupu" mövzularında təqdimat
etdilər.
Konfransda Gürcüstan Milli Kurikulum və
Qiymətləndirmə Mərkəzinin şöbə müdirləri ana
dili və ədəbiyyat, riyaziyyat, təbiət fənləri
üzrə milli qiymətləndirmənin nəticələri haqqında
ətraflı məlumat verdilər.
Sonda əldə edilən nəticələr ətrafında
müzakirələr aparıldı və konfrans öz işini
yekunlaşdırdı.
Konfrans başa çatdıqdan sonra Gürcüstan
televiziyasına müsahibə verdim. Gürcüstanlı
həmkarlarımızın kurikulum islahatı sahəsində
əldə etdikləri təcrübəni bu şəkildə dost
ölkələrin təhsil işçiləri ilə mübadilə
etmələrini yüksək dəyərləndirdiyimizi və bu
baxımdan keçirilən beynəlxalq konfransın böyük
əhəmiyyət daşıdığını bildirdim.
Gürcüstan Milli Kurikulum və Qiymətləndirmə
Mərkəzinin direktoru Natiya Cokadze azərbaycanlı
həmkarları ilə yaxından əməkdaşlıq etmək
arzusunda olduğunu bildirdi.
A.SÜLEYMANOVA,
Təhsil Nazirliyinin Kənd rayonları üzrə
ümumi təhsil şöbəsinin aparıcı məsləhətçisi
|