| 
								
								Dekabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində 
								"İnkişafın Azərbaycan modeli" kitabının 
								təqdimatı keçirilmişdir.  
								
								 Dövlət 
								və hökumət rəsmilərinin, Milli Məclis 
								deputatlarının, müxtəlif siyasi partiyaların 
								təmsilçilərinin, elm xadimləri və ictimaiyyət 
								nümayəndələrinin iştirak etdikləri tədbiri Milli 
								Məclisin İqtisadi siyasət komitəsinin sədri, 
								akademik Ziyad Səmədzadə açaraq bildirmişdir ki, 
								bu günlərdə "Azərbaycan" qəzeti tərəfindən ideya 
								və ön sözün müəllifi Azərbaycan Respublikası 
								Prezidenti Administrasiyasının rəhbəri, həqiqi 
								dövlət müşaviri, Azərbaycan Milli Elmlər 
								Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyev olan 
								"İnkişafın Azərbaycan modeli" kitabı nəşr 
								olunmuşdur. Kitabın redaktoru tarix elmləri 
								doktoru, professor Əli Həsənov, buraxılışa məsul 
								"Azərbaycan" qəzetinin baş redaktoru, Milli 
								Məclisin deputatı, əməkdar jurnalist Bəxtiyar 
								Sadıqovdur. 
								
								Kitabın məziyyətlərindən danışan akademik 
								Z.Səmədzadə bildirmişdir ki, silsilə məqalələr 
								toplusundan ibarət olan kitab iqtisadi sahədə 
								keçid dövrünün strateji istiqamətlərini, milli 
								inkişaf strategiyasının əsas nəticələrini 
								müfəssəl şəkildə əks etdirir.  
								
								Xalqımızın ümummilli lideri Heydər Əliyevin 
								əbədiyaşar xatirəsinə ithaf olunan, "Oskar" 
								nəşriyyat-poliqrafiya mərkəzində nəfis 
								tərtibatda, yüksək zövqlə hazırlanan kitab ön 
								söz və üç fəsildən ibarətdir. Burada son 17 ildə 
								Azərbaycanda elmi əsaslarla hazırlanıb həyata 
								keçirilən sosial-iqtisadi siyasət, 
								reallaşdırılan islahatlar milli inkişaf modelini 
								səciyyələndirən məsələlər kimi önə çəkilir.
								 
								
								Akademik Z.Səmədzadə qeyd etmişdir ki, kitabda 
								1994-2009-cu illərdə iqtisadi sahədə keçid dövrü 
								ilə bağlı əsas sosial-iqtisadi hadisələrə, ulu 
								öndər Heydər Əliyev və onun layiqli davamçısı 
								İlham Əliyev tərəfindən verilən sərəncam və 
								fərmanlara, təsdiq olunan dövlət proqramlarına, 
								digər qanunvericilik aktlarına nəzər salınır, 
								əldə olunan nailiyyətlərin xronologiyasına 
								diqqət yetirilir. İqtisadi sahədə keçid dövrünü 
								başa vuran Azərbaycanda əvvəlki sosial-iqtisadi 
								münasibətlərin, institutların bazar 
								iqtisadiyyatına uyğun olaraq transformasiyası, 
								islah olunması, yenilərinin formalaşması 
								prosesinə nəzər salınır.  
								
								 Kitabda 
								sürətlə qloballaşmaqda olan dünyada həlli 
								getdikcə daha böyük zərurətə çevrilən enerji 
								təhlükəsizliyində Azərbaycanın rolu, yeni neft 
								strategiyası, neft-qaz gəlirlərindən məqsədyönlü 
								istifadə, dünya iqtisadiyyatına çevik 
								inteqrasiya məsələləri təhlil edilir, 
								tarixi-faktoloji əsasda oxucuların diqqətinə 
								çatdırılır. Həmçinin iqtisadiyyatın dövlət 
								inhisarından çıxarılması və özəlləşdirilməsi, bu 
								əsasda sahibkarlığın, rəqabət mühitinin inkişaf 
								etdirilməsi, qiymətlərin liberallaşdırılması, 
								bazar infrastrukturlarının formalaşdırılması, 
								əhalinin güclü sosial müdafiəsinin yaradılması, 
								fəal investisiya siyasəti və digər 
								istiqamətlərdə Azərbaycanın əldə etdiyi 
								nailiyyətlərə nəzər salınır. 
								
								Bu kitabın ərsəyə gəlməsinin Azərbaycanda 
								dövlətçiliyin yüksək səviyyədə təşkilini 
								təsdiqlədiyini vurğulayan akademik Z.Səmədzadə 
								onun müxtəlif dillərə tərcüməsinin zəruriliyini 
								də qeyd etmişdir.  
								
								Tədbirdə çıxış edən akademik Asəf Nadirov hələ 
								bir qədər əvvəl Prezident Administrasiyasının 
								rəhbəri akademik Ramiz Mehdiyevin ictimaiyyət 
								tərəfindən böyük rəğbətlə qarşılanan "İctimai və 
								humanitar elmlər: zaman kontekstində baxış" adlı 
								məqaləsini xatırlatmış, bildirmişdir ki, müəllif 
								çox haqlı olaraq bu sahədə qarşıda duran böyük 
								problemlərlə yanaşı, həm də cəmiyyətin diqqətini 
								indiyə qədər Azərbaycanın milli iqtisadi 
								modelinin nəzəri və elmi cəhətdən lazımi 
								səviyyədə araşdırılmamasına yönəltmişdir. Həmin 
								məqalədə, eyni zamanda göstərilmişdir ki, 
								Azərbaycanın sürətli və güclü inkişafının 
								doğurduğu problemlər, bu elm sahələrində 
								tədqiqatların yeni şəraitdə genişləndirilməsi 
								zəruriliyi diqqətdən bir qədər kənarda 
								qalmışdır.  
								
								Akademik qeyd etmişdir ki, Azərbaycan modelinin 
								ayrı-ayrı tərəfləri barədə iqtisadçılarımızın 
								elmi fikirləri ancaq son zamanlar, xüsusən 
								akademik Ramiz Mehdiyevin göstərilən 
								məqaləsindən sonra güclənməyə başlamışdır. 
								İqtisadçılarımız ümummilli lider Heydər Əliyevin 
								ərsəyə gətirdiyi beynəlxalq əhəmiyyətli neft 
								strategiyasının milli qurtuluş siyasəti kimi 
								tədqiqi, ölkədə həyata keçirilən köklü və 
								genişmiqyaslı islahatların Azərbaycanın yeni 
								ictimai-siyasi və sosial-iqtisadi həyatındakı 
								əhəmiyyəti, nəhayət gənc müstəqil dövlətimizin 
								beynəlxalq aləmə inteqrasiyası və nüfuzunun 
								artırılması, digər taleyüklü hadisələrin 
								tədqiqi, habelə onlardan gözlənilən nəticələrin 
								elmi qiymətləndirilməsi ilə məşğul olmuşlar. 
								Ölkənin keçdiyi bu şərəfli yol yeni fundamental 
								əsərdə əsaslı şəkildə elmi cəhətdən tədqiq 
								olunur və respublika iqtisadiyyatının gələcək 
								geniş problemlərinin işlənməsinin aktuallığı 
								gündəliyə gətirilir. Kitabda çox yığcam və 
								bir-birini məntiqi surətdə tamamlayan üç fəsildə 
								müstəqillik dövründə uğurlu inkişaf 
								mərhələlərini keçmiş Azərbaycan iqtisadiyyatının 
								özünəməxsus zəngin təcrübəsi təhlil edilir.
								 
								
								A.Nadirov bu qiymətli əsərin nəşrində onun 
								redaktoru, tarix elmləri doktoru, professor Əli 
								Həsənovun və buraxılışa məsul, Milli Məclisin 
								deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru 
								Bəxtiyar Sadıqovun əməyini xüsusi qeyd etmişdir. 
								Əsərin məzmununa toxunan natiq bildirmişdir ki, 
								müstəqilliyin ilk dövrlərində son dərəcə ağır 
								tənəzzülə uğrayan Azərbaycan iqtisadiyyatı ulu 
								öndər Heydər Əliyevin ümumxalq həmrəyliyi ilə 
								hakimiyyətə qayıtması, böyük elmi düşüncə və 
								cəsarətlə həyata keçirilən müstəqil dövlət 
								quruculuğu, bu sarsılmaz siyasətin layiqli 
								davamçısı İlham Əliyevin yorulmaz fəaliyyəti 
								nəticəsində çox möhtəşəm inkişaf yolu keçmiş və 
								milli dirçəlişimizin sarsılmaz əsası 
								yaradılmışdır. Bu böyük yüksəlişin ən 
								təqdirəlayiq ümumi yekunlarından biri ondan 
								ibarətdir ki, Azərbaycan iqtisadi sahədə keçid 
								mərhələsini uğurla başa çatdıraraq bölgənin 
								lider dövlətinə çevrilmişdir.  
								
								Asəf Nadirov əmin olduğunu bildirmişdir ki, 
								akademik Ramiz Mehdiyevin ictimai və humanitar 
								elmlərin inkişafına yeni baxışı müəyyən edən 
								məqaləsindən sonra bu son əsər iqtisadçılarımızı 
								inkişafın Azərbaycan modelinin elmi araşdırması 
								istiqamətində daha da səfərbər edəcəkdir. 
								Mövzunun elmi anlayışımızda həm yeni, həm də öz 
								mahiyyətinə görə xeyli mürəkkəb tədqiqat 
								istiqaməti olduğunu qeyd edən natiq 
								vurğulamışdır ki, biz onu bütün təzahürləri və 
								daxili məntiqi ilə dərindən öyrənməliyik. Çünki 
								bu, ölkəmizin dünya iqtisad elminə 
								inteqrasiyasını təmin edən mühüm yollardan 
								biridir. Ümumiyyətlə, nəzərinizə çatdırıram ki, 
								model məfhumu adətən böyük iqtisadi inkişaf yolu 
								ilə irəliləyən ölkələrə şamil edilir. Azərbaycan 
								məhz bu gün dünyada belə inkişafın ön 
								sıralarındadır. Bu baxımdan Azərbaycan iqtisadi 
								modelinin özünəməxsus cəhətlərinin 
								öyrənilməsinin çox böyük beynəlxalq əhəmiyyəti 
								vardır. Unutmamalıyıq ki, indi iqtisadi 
								inkişafın meyilləri və meyarları Azərbaycanın 
								xeyrinə xeyli dəyişmişdir.  
								
								Müstəqilliyin ilk dövründə dünyanın bir çox 
								iqtisadi qurumları və ölkələri tərəfindən 
								Azərbaycana çoxlu tövsiyə və məsləhətlər 
								verildiyini xatırladan Asəf Nadirov diqqətə 
								çatdırmışdır ki, ölkəmiz yerli şəraiti və 
								imkanları nəzərə alaraq, əsasən özünün müəyyən 
								etdiyi mükəmməl elmi prinsiplərə söykənmiş, 
								milli mənafelərə uyğun inkişaf yolunda 
								büdrəmədən yüksək iqtisadi tərəqqi istiqamətini 
								seçmişdir. Təsadüfi deyildir ki, son zamanlar 
								dünyada tüğyan edən maliyyə-iqtisadi böhrandan 
								çox az zərərlə çıxan respublikamız əksər 
								ölkələrin ciddi marağına səbəb olmuşdur. Bu gün 
								Azərbaycanın təcrübəsindən dünyanın bir çox 
								ölkələri bəhrələnmək arzusundadırlar. Ona görə 
								də Azərbaycan həqiqətlərini dünyada geniş yaymaq 
								və onun beynəlxalq nüfuzunu daha da artırmaq 
								başlıca vəzifəmiz olmalıdır.  
								
								Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri, 
								Azərbaycan Dövlət İqtisad Universitetinin 
								rektoru Şəmsəddin Hacıyev kitabda müstəqillik 
								dövründə Azərbaycanın keçdiyi inkişaf yolunun 
								tutarlı arqumentlərlə təhlil olunduğunu 
								bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycanın 
								milli inkişaf modeli ulu öndər Heydər Əliyevin 
								adı ilə bağlıdır və bu, kitabda ardıcıl surətdə, 
								sistemli şəkildə açıqlanmışdır. Ölkəmizin 
								iqtisadi uğurlarının əsasında ümummilli lider 
								Heydər Əliyevin islahatlar modelinin dayandığını 
								vurğulayan rektor Azərbaycanın əksər 
								makroiqtisadi göstəricilərinin qonşu Ermənistan 
								və Gürcüstanın birgə göstəricilərindən 4-5 dəfə 
								yüksək olduğunu qeyd etmişdir.  
								
								Azərbaycanda həyata keçirilən islahatlar 
								modelinin əsas xüsusiyyətlərindən bəhs edən 
								Ş.Hacıyev demişdir ki, kitabın birinci 
								hissəsində iqtisadi inkişafdan bəhs olunur. 
								Azərbaycanın son 5 ildə keçdiyi iqtisadi inkişaf 
								yolu dünyanın inkişaf etmiş ölkələrinin 10 ildə 
								keçdiyi yola bərabərdir. Bu, düşünülmüş və elmi 
								cəhətdən əsaslandırılmış strategiyanın 
								nəticəsidir.  
								
								Ş.Hacıyev vurğulamışdır ki, kitabın ön sözü ilə 
								tanışlıq zamanı Azərbaycanın inkişaf yolu, 
								aparılan siyasət və onun nəticələri barədə tam 
								təsəvvür yaranır. Azərbaycanda bu gün dayanıqlı, 
								davamlı inkişafın formalaşdığını vurğulayan 
								natiq, ulu öndər Heydər Əliyevin yaradıcısı 
								olduğu neft strategiyasının hələ uzun müddət 
								xalqımıza xidmət edəcəyini qeyd etmişdir. Yeni 
								kitabı iqtisadçılar üçün mühüm töhfə kimi yüksək 
								qiymətləndirən Ş.Hacıyev onun Azərbaycanın 
								inkişaf modelinin fəlsəfi dərkində və təbliğində 
								mühüm rol oynayacağına əminliyini bildirmişdir.
								 
								
								Təqdimatda çıxış edən Yeni Azərbaycan Partiyası 
								sədrinin müavini-icra katibi, Milli Məclisin 
								deputatı Əli Əhmədov qeyd etmişdir ki, akademik 
								Ramiz Mehdiyevin və yaradıcı qrupun Azərbaycanın 
								iqtisadi inkişafının təhlilini aparıb 
								ictimaiyyətə təqdim etmək təşəbbüsü mühüm 
								əhəmiyyətə malikdir. Mövzu artıq bir neçə ildir 
								ki, ölkənin elm ictimaiyyətini dərindən 
								düşündürür. Azərbaycanın inkişaf modelinin 
								bazasında, ilk növbədə, ölkədəki sabitlik 
								dayanır. Ölkədə ulu öndər Heydər Əliyev 
								tərəfindən təmin olunmuş ictimai-siyasi 
								sabitlik, milli həmrəylik müasir inkişafın 
								platforması rolunda çıxış edir. Ümummilli lider 
								Heydər Əliyevin neft strategiyası ölkəmizin 
								inkişaf modelinin ikinci baza prinsipidir. Əsası 
								ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu 
								gün Prezident İlham Əliyev tərəfindən uğurla 
								davam etdirilən islahatlar inkişafımızın təmin 
								olunmasının növbəti prinsipidir. Bunlardan 
								əlavə, müvəffəqiyyətlə reallaşdırılan iqtisadi 
								inteqrasiya və modernləşmə Azərbaycanın inkişaf 
								modelinin əsas komponentləridir və uğurların 
								əldə edilməsində mühüm rol oynamışdır. 
								 
								
								Bugünkü Azərbaycanın iqtisadi inkişafının mühüm 
								komponentlərindən birinin də sosial baza 
								prinsipi olduğunu vurğulayan Əli Əhmədov bir 
								daha qeyd etmişdir ki, ölkəmizin sürətli 
								inkişafı üçün çox etibarlı baza yaradılmışdır. 
								Bu baza bundan sonra uzun illər davam edəcək 
								inkişafa xidmət göstərəcəkdir.  
								
								Kitabı həm nəzəri mənbə, həm də praktiki vəsait 
								kimi yüksək qiymətləndirən YAP sədrinin müavini 
								yaradıcı qrupu təbrik etmiş, ona uğurlar 
								arzulamışdır.  
								
								Milli Məclisin deputatları Əli Məsimli və Fazil 
								Mustafayev tədbirdə çıxış edərək kitabın 
								əhəmiyyətini yüksək qiymətləndirmiş, onun ideya 
								müəllifinə və yaradıcı heyətinə təşəkkürlərini 
								bildirmişlər. Qeyd olunmuşdur ki, kitab 
								Azərbaycanın iqtisad elmində irəliyə doğru 
								addımdır və həm fəlsəfi, həm nəzəri, həm də 
								praktiki nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb 
								edir.  
								
								Kitabın redaktoru, Prezident Administrasiyasının 
								İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli 
								Həsənov çıxışında ideya rəhbəri akademik Ramiz 
								Mehdiyevə və nəşrin hazırlanmasında iştirak edən 
								digər şəxslərə təşəkkürünü bildirmişdir. 
								 
								
								Əli Həsənov qeyd etmişdir ki, bu kitaba 
								"Azərbaycanın inkişaf modeli" adının qoyulması 
								heç də o demək deyildir ki, ölkəmizin inkişaf 
								modelinin bütün xarakteristikası, mahiyyəti 
								burada öz əksini tapmışdır. İstər kitabın ideya 
								rəhbəri, istərsə də onun tərtibçiləri bu 
								vəzifəni öz qarşılarına məqsəd qoymamışlar. 
								Əsasən elm xadimləri, mütəxəssislər və 
								tədqiqatçılar üçün nəzərdə tutulan bu kitab 
								təhlillər, araşdırmalar və "dəyirmi masa"lar 
								üçün əsas yaradır. Kitabın nəşrindən də əsas 
								məqsəd ondan ibarətdir ki, ulu öndər Heydər 
								Əliyev tərəfindən yaradılan, Prezident İlham 
								Əliyevin uğurla davam etdirdiyi modelin fərqli 
								xüsusiyyətləri təhlil olunsun, onun 
								dayanıqlılığı müzakirə edilsin və bu barədə 
								araşdırmalar aparılsın, müvafiq dövlət 
								qurumlarına tövsiyələr, təkliflər təqdim 
								edilsin. Azərbaycan heç bir dövlətdən asılı 
								olmayaraq, öz inkişaf yolunu müəyyənləşdirmişdir 
								və ölkəmizin inkişaf modelinin təməlini 
								ümummilli lider Heydər Əliyev qoymuşdur. Bu 
								inkişafın təməl prinsipləri ulu öndər Heydər 
								Əliyevin müəllifi olduğu Azərbaycan 
								Respublikasının Konstitusiyasında öz əksini 
								tapmışdır.  
								
								Dünyada tətbiq edilən iqtisadi modellərin 
								çoxsaylılığına diqqət çəkən Əli Həsənov hər bir 
								ölkədə inkişafın özünəməxsus xüsusiyyətlərinin 
								mövcudluğunu qeyd etmişdir. Azərbaycan dövləti 
								də heç bir dövlətdən asılı olmadan öz inkişaf 
								yolunu müəyyənləşdirmişdir və son hadisələr bu 
								yolun çox düzgün olduğunu təsdiq etmişdir. 
								Təsadüfi deyil ki, dünyadakı son 
								maliyyə-iqtisadi böhrandan böyük zərərlə çıxmış 
								ölkələr bu gün Azərbaycan təcrübəsindən 
								bəhrələnmək istəyirlər.  
								
								Dövlətin inkişafının təkcə iqtisadiyyat üzərində 
								qurulmadığını qeyd edən şöbə müdiri, 
								iqtisadiyyatın ölkənin ümumi ictimai-siyasi, 
								sosial mədəni, mənəvi həyatının əsasını təşkil 
								etdiyini demişdir. Əsas məsələ ondan ibarətdir 
								ki, mütəxəssislər ümummilli liderimiz Heydər 
								Əliyevin yaratdığı, bu gün Prezident İlham 
								Əliyevin davam etdirdiyi bu inkişaf modelini 
								xarakterizə etsin, onun xüsusiyyətlərinin 
								təhlilini versin, dünyada mövcud modellərdən 
								fərqli cəhətlərini ortaya qoysun, Azərbaycanın 
								inkişafının dayanıqlılığının səbəblərini 
								müzakirə etsinlər.  
								
								Şöbə müdiri əmin olduğunu bildirmişdir ki, 
								gələcəkdə ayrı-ayrı tədris müəssisələri, alimlər 
								kitabdakı məsələlərlə bağlı müzakirələri davam 
								etdirəcəklər.   
								
								
								AzərTAc |