Dekabrın 9-da Bakıdakı 147 nömrəli texniki
humanitar liseydə Azərbaycanın vətənpərvər
oğlu, Milli Qəhrəman Mübariz İbrahimova həsr
olunmuş "Vətən mənə oğul desə... "adlı tədbir
keçirildi. Liseyin şagirdlərinin ifasında Dövlət
himninin oxunması ilə başlayan gecədə təhsil
ocağının direktoru Həlimə Mehdiyeva
vətənpərvərlik mövzusuna həsr olunmuş tədbirin
mahiyyəti haqqında iştirakçılara məlumat verdi.
Gecənin aparıcıları liseyin IX sinif şagirdləri
düşmənlə döyüşdə igidlik göstərmiş, xalqımızın
fəxri Mübariz İbrahimovun həyatından və
qəhrəmanlığından danışdılar. Bildirdilər ki, bu
gün adı dillər əzbəri olan, haqqında kitablar,
şeirlər, mahnılar yazılan, filmlər çəkilən
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun
xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.
Liseyin şagirdləri Mübariz İbrahimova həsr
olunan şeirlər söylədilər.
Tədbirdə iştirak edən Xətai Rayon İcra
Hakimiyyəti başçısının müavini İ.Əliyev belə
tədbirlərin təhsil ocaqlarında keçirilməsini
təqdirəlayiq hal kimi qiymətləndirdi, gecənin
yüksək səviyyədə hazırlanmasından məmnun
qaldığını bildirdi.
Tədbir Milli Qəhrəman Mübariz İbrahimova həsr
olunmuş filmin nümayişi ilə başa çatdı.
Rəşad ZİYADOV |