Dekabrın
15-də Azərbaycan Dillər Universitetində Milli
TEMPUS İnformasiya Gününə həsr olunmuş konfrans
keçirildi. Avropa Birliyinin TEMPUS proqramının
Bakı ofisinin və ADU-nin təşkilatçılığı ilə
keçirilən tədbirdə təhsil naziri Misir
Mərdanov, ADU-nun rektoru, millət vəkili,
professor Səməd Seyidov, təhsil nazirinin
müavini Elmar Qasımov, Avropa Birliyinin
Bakıdakı xüsusi nümayəndəsi səfir Rolan Kobia,
Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə
İcraçı Agentliyinin (Eacea) rəsmisi, TEMPUS
proqramı üzrə məsul şəxs Franz Steidele, eləcə
də ali təhsil müəssisələrinin nümayəndələri
iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan
professor Səməd Seyidov konfrans iştirakçılarını
salamlayaraq TEMPUS proqramının təhsil sahəsində
mühüm əhəmiyyət kəsb etdiyini bildirdi və
ADU-nun Avropa ölkələrinin qabaqcıl
universitetləri ilə yalnız TEMPUS proqramı
çərçivəsində deyil, uzun illərdən bəri səmərəli
əməkdaşlığa malik olduğunu qeyd etdi. S.Seyidov
TEMPUS proqramı çərçivəsində Azərbaycandan olan
universitetin Avropa Birliyi layihəsində ilk
idarəçiliyi və Avropa universitetlərinin
Azərbaycan tərəfindən ilk koordinasiyasını
aparmasını Azərbaycan təhsilinin böyük uğuru
kimi qiymətləndirdi. O, bu layihənin
Azərbaycanın təhsil idarəçiliyində zəngin
beynəlxalq təcrübə əldə edilməsinə və təhsil
sahəsində islahatların daha da inkişafına təkan
verəcəyinə əminliyini ifadə etdi. Bildirildi ki,
layihənin büdcəsi 1 milyon 100 min avro təşkil
edir.
Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanov Avropa İttifaqının TEMPUS proqramında
ölkəmizin iştirakından danışdı. TEMPUS
proqramının fəaliyyət tarixinə toxunan təhsil
naziri bildirdi ki, Azərbaycan bu proqrama
1995-ci ildən qoşulub və 22 layihədə iştirak
edib. Misir Mərdanov ADU-nun TEMPUS proqramının
layihə koordinatoru seçilməsini yüksək
qiymətləndirdi. " İndiyədək həyata keçirilən 22
layihənin idarəçiliyini Avropa universitetləri
həyata keçiriblər. ADU-nun layihənin
koordinatoru seçilməsi Azərbaycan təhsilinin
uğurudur. Bu, bir daha onu göstərir ki,
Azərbaycan Dillər Universiteti Avropaya
inteqrasiyada, eləcə də digər məsələlərdə
ölkənin aparıcı ali təhsil ocağıdır". Təhsi
naziri həyata keçirilən layihənin Azərbaycan
təhsil sisteminin dünya təhsil sisteminə
inteqrasiyasına təkan verəcəyini dedi. Misir
Mərdanov Avropa İttifaqının Təhsil Komissarlığı
ilə birbaşa təmasların qurulmasının vacibliyini
də bildirdi.
Sonra çıxış edən Avropa İttifaqının Bakıdakı
xüsusi nümayəndəsi səfir Rolan Kobia
Azərbaycanla təmsil etdiyi qurumun əlaqələrindən
söhbət açdı. Proqramın əhəmiyyətindən danışan
R.Kobia Azərbaycanın bu layihədə iştirakını
yüksək dəyərləndirdi. Onun sözlərinə görə,
proqram Azərbaycan və Avropa təhsil müəssisələri
arasında mövcud əlaqələrin daha da inkişaf
etməsinə təkan verəcəkdir.
Tədbirdə Milli TEMPUS Ofisinin rəhbəri Pərviz
Bağırovun "Azərbaycanda TEMPUS və Milli TEMPUS
Ofisinin rolu" və "Avropa Birliyinin digər
proqramlarında Azərbaycan universitetləri üçün
imkanlar" mövzularında məruzələri dinlənildi.
2010-cu ildə TEMPUS IV-nün xüsusiyyətləri və III
təkliflərin nəticələri, eləcə də "TEMPUS
proqramına müraciət etmək üçün yeni elektron
qaydaları" haqqında TEMPUS proqramı üzrə məsul
şəxs, Avropa Komissiyasının Təhsil və Mədəniyyət
üzrə İcraçı Agentliyinin (Eacea) rəsmisi Franz
Steidele konfrans iştirakçılarına məlumat
verdi.
ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə
Qəribova isə çıxışında "Azərbaycan Dillər
Universitetində TEMPUS layihələri"ndən danışdı.
O bildirdi ki, layihə 3 il müddətində həyata
keçiriləcəkdir. Prorektor Azərbaycan
Respublikası Təhsil Nazirliyi, Naxçıvan Dövlət
Universiteti, Gəncə Dövlət Universiteti,
Lənkəran Dövlət Universiteti və Azərbaycan
Müəllimlər İnstitutunun layihədə iştirak
etdiklərini konfrans iştirakçılarının nəzərinə
çatdırdı.
Konfrans dinlənilən məruzələr ətrafında
müzakirələrlə yekunlaşdı.
Şakir CƏFƏROV |