Dekabrın 9-da Bakı Dövlət Universitetində
doktorant və gənc tədqiqatçıların XV Respublika
elmi konfransının yekununa həsr olunmuş yığıncaq
keçirildi. Tədbirdə Təhsil Nazirliyinin
nümayəndələri, ali məktəb rektorları,
professor-müəllim heyətlərinin üzvləri,
tədqiqatçılar iştirak edirdilər.
Konfransın yekun iclasını giriş sözü ilə təhsil
nazirinin müavini İradə Hüseynova açaraq tədbir
iştirakçılarını salamladı, doktorant və gənc
tədqiqatçıların XV Respublika elmi konfransının
yekunu barədə məlumat verdi. Bildirildi ki,
plenar iclasdan sonra müxtəlif elm sahələrini
əhatə edən 21 bölmədə iclaslar keçirilib və 20
ali məktəbdən 401 tezislə gənc tədqiqatçıların
çıxışları dinlənilib.
Sonra bölmə sədrlərinin çıxışları dinlənildi
və müxtəlif təkliflər irəli sürüldü.
Təhsil nazirinin müavini İradə Hüseynova elm
şöbəsinin əməkdaşları ilə birlikdə bölmə
iclaslarında fəal iştirak edən bir qrup
tədqiqatçıya Təhsil Nazirliyinin
sertifikatlarını təqdim etdi, onlara və elmi
işlə məşğul olan bütün tədqiqatçılara uğurlar
arzuladı.
Nazir müavini həm də konfransın keçirilməsində
əməyi olan bütün insanlara, o cümlədən BDU-nun
rektoru, millət vəkili Abel Məhərrəmova və
universitetin professor-müəllim heyətinə Təhsil
Nazirliyi adından təşəkkürünü bildirdi.
Konfransda gənc tədqiqatçılardan bir qrupu çıxış
edib, yaradılan şəraitə görə Təhsil Nazirliyinə
və bölmə sədrlərinə öz minnətdarlıqlarını
bildirdilər.
Ş.CƏFƏROV |