Təhsil Nazirliyinin 24 noyabr 2010-cu il tarixli
əmrinə əsasən gələn ilin yanvar-mart aylarında
uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq
müsabiqəsi keçiriləcək. Müsabiqədə məqsəd uşaq
və yeniyetmələrin elmi-texniki potensialının üzə
çıxarılması və inkişaf etdirilməsi üçün
stimulların yaradılması, onların yaradıcılıq
dərnəklərinə daha geniş cəlb olunması, texniki
yaradıcılıq dərnəklərinin üzvləri arasında
təcrübə mübadiləsinin təşkilidir.
Müsabiqənin Əsasnaməsinə görə, yarışma texniki
yaradıcılığın aviamodel, kosmik raket modeli,
avtomodel, gəmi modeli və radiotexnika növləri
üzrə keçiriləcək. Müsabiqə bütövlükdə 5 növ üzrə
15 nominasiyanı əhatə edəcək.
Üç mərhələdə təşkil olunması planlaşdırılmış
müsabiqənin I - rayon, şəhər mərhələsi gələn
ilin yanvarında, II - zona mərhələsi fevralda,
sonuncu - respublika mərhələsi isə martın 11-də
paytaxtda olacaq.
Müsabiqənin rayon və zona mərhələlərində hər növ
üzrə I, II və III yerləri tutan iştirakçılar
rayon, şəhər təhsil şöbələri və idarələri,
respublika mərhələsində hər növ üzrə müvafiq
yerləri tutanlar isə Təhsil Nazirliyi tərəfindən
diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Yusif ƏLİYEV |