Dekabrın 15-də Təhsil Nazirliyində mədəniyyət və
incəsənət ixtisasları üzrə mütəxəssis hazırlayan
ali məktəb rəhbərlərinin iştirakı ilə iclas
keçirilib.
Müvafiq ali məktəblərin xüsusiyyətləri nəzərə
alınaraq tədrisin təşkilinin yaxşılaşdırılması
ilə bağlı təkliflərin müzakirəsinə həsr olunmuş
iclasda təhsil naziri Misir Mərdanov, Azərbaycan
Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov,
Bakı Musiqi Akademiyasının rektoru Fərhad
Bədəlbəyli, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin rektoru Timuçin
Əfəndiyev, Azərbaycan Memarlıq və İnşaat
Universitetinin prorektoru Fərhad Cəfərov,
Azərbaycan Milli Konservatoriyasının prorektoru
Akif Quliyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir
Mərdanov mədəniyyət və incəsənət ixtisasları
üzrə mütəxəssis hazırlayan ali məktəblərdən
verilmiş bir sıra təkliflərə Təhsil Nazirliyində
baxıldığını bildirib. Təhsil naziri müzakirəyə
çıxarılan təklifləri nəzərə çatdırıb. Bununla
bağlı ali məktəb rəhbərləri ilə birgə
müzakirələrin əhəmiyyətli olacağına əminliyini
ifadə edən nazir müəyyən məsələlərlə bağlı fikir
və mülahizələrini söyləyib.
Sonra kulturologiya ixtisasının ixtisas
təsnifatına daxil edilməsi, qabiliyyət tələb
edən ixtisaslar üzrə bakalavr təhsili almış
məzunlara ali məktəbdə pedaqoji fəaliyyət hüququ
verəcək müvafiq peşəyönümlü kursun açılması,
qabiliyyət tələb edən ixtisaslara qəbul zamanı
elanlarda ixtisaslaşmaların adlarının da qeyd
olunması, ehtiyac olan ali məktəblərə əlavə
tyutor ştatlarının verilməsi, təhsil üzrə dövlət
standartlarında ixtisaslaşma peşə hazırlığı və
ixtisaslaşmalar üzrə seçmə fənlərə ayrılmış
saatların miqdarının artırılması, ixtisasların
özünəməxsusluğu nəzərə alınaraq ixtisas
imtahanlarının müxtəlif formalarda təşkili və
digər təkliflər ətraflı müzakirə edilib.
Sonda Təhsil Nazirliyinin səlahiyyətləri
çərçivəsində olan bir sıra məsələlərin müsbət
həlli, digərləri ilə bağlı isə aidiyyəti
qurumlar qarşısında məsələ qaldırılması qərara
alınıb.
Y.ƏLİYEV |